Təhsil qanunu ilə bağlı ciddi problemlər qalmayıb
Siyasi partiyalar haqqında isə yeni qanun
layihəsi yoxdur
Azərbaycan beynəlxalq təşkilatların işində fəal iştirak edir. O cümlədən ölkəmizin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti də qurumun toplantılarda ölkənin maraqlarının qorunmasına çalışır. Nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova həm qurumun qarşıdan gələn toplantısı, həm də parlamentin gündəmində olan məsələlərlə bağlı jurnalistlərin suallarını cavalandırıb:
- Mayın 27-dən
29-dək İrlandiyanın
paytaxtın Dublin şəhərində ATƏT Parlament
Assambleyasının (PA) növbəti
yaz konfransı keçiriləcək və
təbii ki, biz də bir
nümayəndə heyəti
olaraq, ancaq məhdud tərkibdə bu toplantının işinə qatılacağıq. Qeyd edim ki, konfransda
son vaxtlar dünyada yaşanan maliyyə böhranı müzakirə olunacaq. Eyni zamanda, qeyd
edim ki, biz də bu
məsələnin müzakirəsində
yaxından iştirak edəcəyik. Çox güman ki, iqtisadi böhranla əlaqədar Azərbaycanın
özünəməxsus vəziyyəti
barədə fikirlərimiz
avroparlamentarilər üçün
maraqlı olacaq.
- Bahar xanım, son günlər "Siyasi partiyalar haqqında" qanun layihəsinin parlamentdə müzakirə olunması barədə məlumatlar yayılmaqdadır. Bu məlumatlar
nə dərəcədə
həqiqətəuyğundur?
- Bilirsiniz, bu məsələ ilə bağlı ümumilikdə müzakirələr nəinki parlamentdə, elə ictimaiyyət arasında da gedir. Bu yöndə ictimai müzakirələr
çoxdandır ki, davam edir. Bu
baxımdan, yaxın gələcəkdə parlamentdə
də bu məsələyə baxıla
bilər...
- Ortalıqda konkret bir qanun
layihəsi varmı?
- Bu günə olan vəziyyət belədir ki, hələlik ortada "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi yoxdur. Yəni parlamentin müvafiq komitələrinin və yaxud plenar iclasının müzakirəsinə çıxarılacaq bitkin bir layihə hələ mövcud deyil. Bunlar sadəcə, fikirlər şəklindədir.
- Siyasi partiyalarla bağlı yeni qanun layihəsinin
müzakirələrə yubanmasının
bəs səbəbi nədir?
- Bu barədə fikirlərimizi dəfələrlə bildirmişik. Biz istəyirik ki, "Siyasi partiyalar haqqında" yeni qanunla bağlı daha çox müzakirəyə səbəb olan partiyaların dövlət maliyyələşməsi məsələsi barəsində ən azı yetkil, ümumi bir mövqeyə gələk. Bu isə heç şübhəsiz, mövcud vəziyyətlə bağlı olan məsələdir. Ona görə də düşünürük ki, yalnız bu məsələ və digər həllini gözləyən məsələlər daxil olmaqla parlamentdə sözügedən sənədə baxıla bilər. Ancaq hələlik yaz sessiyasında bu məsələyə baxılacağını da gözləmirik.
- Parlamentdəki çıxışlarında müxalifətçi
millət vəkilləri
bələdiyyə seçkiləri
ərəfəsində Seçki
Məcəlləsinin təkmilləşdirilməsi
təklifini irəli sürüblər. Bəs parlament
rəhbərliyi bu təklifə necə yanaşır?
- Biz işlək vəziyyətdə olan qanunlara, qanun layihələrinə hər zaman baxmışıq, o cümlədən adını çəkdiyiniz Seçki Məcəlləsinə də. Yəni hər seçki ərəfəsində sözügedən Məcəlləyə bu və ya digər dərəcədə dəyişikliklər edilib. Bununla belə, mən indidən bu məcəlləyə hansısa dəyişikliklərin olacağını, ümumiyyətlə, dəyişikliklərin ediləcəyini söyləmək istəməzdim. Çünki bu məsələ hələ müzakirə tələb edir.
- Bahar xanım, aprel ayı da çıxdı,
amma "Təhsil haqqında" qanun layihəsi hələ də yeni variantda
üçüncü oxunuşun
müzakirəsinə çıxarılaraq
bütövlükdə qəbul
olunmadı...
- Yaxın zamanlarda "Təhsil haqqında" qanun layihəsi də üçüncü oxunuşda parlamentin müzakirələrinə çıxarılacaq. Artıq bu qanun layihəsi ilə bağlı ciddi problemlər qalmayıb. Yəni mən düşünürəm ki, həmin sənədin müzakirələrə çıxarılması ilə bağlı hər hansı bir maneə yoxdur.
- Yeri gəlmişkən, Dövlət
Neft Akademiyasında baş vermiş məlum faciəvi olayla bağlı sözügedən qanuna hər hansı əlavələrin və
dəyişikliklərin olması
mümkündürmü?
- Bilirsiniz, təhlükəsizlik məsələsi hər bir təhsil müəssisəsinin və ümumiyyətlə, hər bir müəssisənin özünün səlahiyyətində olan bir məsələdir. Eyni zamanda, təhlükəsizliyin təmin olunmasının əlahiddə bir məsələ kimi sözügedən qanun layihəsinə salınması ilə bağlı da ortalıqda hansısa fikirlər yoxdur. Yəni "Təhsil haqqında" qanun təhsilin istiqamətlərini, formasını, məzmununu, onun təşkili qaydasını müəyyən edir. Amma təhlükəsizlik məsələləri, yenə də qeyd edirəm ki, hər bir müəssisənin səlahiyyətində olan bir məsələdir. Onlar özləri bu məsələni həll etməlidirlər.
- Məlum qanlı olaydan söz düşmüşkən,
böyük əksəriyyət
bu cinayət hadisəsini siyasi terror kimi qiymətləndirsə
də, baş verənləri daha çox kriminal hadisə kimi qiymətləndirmək cəhdləri
də var. Sizcə bu, nə ilə
bağlıdır?
- Əvvəla, bu məsələ ətrafında ciddi istintaq işləri gedir. Hadisə baş verən anda, təbii ki, hərə buna bir cür reaksiya verə bilər. Amma düşünürəm ki, ən ciddi, ən dolğun reaksiya istintaqın nəticələrinə əsaslanmış reaksiya olmalıdır. Ona görə indidən hakimiyyəti nədəsə ittiham etmək və yaxud hüquq-mühafizə orqanlarını nədəsə günahlandırmaq düzgün olmazdı. Sadəcə, istintaqın nəticəsini gözləmək lazımdır.
- Bahar xanım, bir müddət öncə Konstitusiyaya edilən dəyişikliklərdə eks-prezidentlərin
statusu ilə bağlı qanunun qəbulu məsələsi
də öz əksini tapıb. Ona görə bilmək istərdik ki, bu yöndə
hansısa bir qanun layihəsi varmı, varsa, onun müzakirəsi, qəbulu nə vaxta nəzərdə tutulur?
- Bəli, bu məsələ də fikir olaraq var. Eyni zamanda, sizin də qeyd etdiyiniz kimi, bu yaxınlarda Konstitusiyaya dəyişikliklər etmişik və bu sənəd bu məsələni reallaşdırmağı vəzifə olaraq bizim qarşımıza qoyur. Bu baxımdan, qarşıdakı dövrdə yəqin ki, bu məsələyə də baxılacaq.
İlham QULİYEV
Kaspi.-2009.-8 may.-S.9.