Son görüş...
Azərbaycanın
incisi sayılan Şuşa şəhərinin
işğalından 17 il ötür
Lap
sonralar mənə aydın olacaqdı ki, ilbəil, aybaay,
günbəgün bu görüşə
yaxınlaşırmışam. 1988-ci ilin ilk payız günlərində
Şuşaya qalxanda heç ağlıma gəlməzdi ki,
doğma və əziz yerlərə bu gəlişim sonuncu
olacaq. Doğrudur, 91-ci ilin yazında bir qrup yurnalist həmkarımla,
əsgərlərin müşayiəti ilə zirehli
maşında Xankəndinə, Kərkicahana, oradan da bir
neçə saatlığa Şuşa şəhərinə
səfər edəcəkdim. Amma o səfər tamam ayrı məqsəd
daşıdığından ayrı da yazının
mövzusu olacaqdı...
Tək
deyildim. Fizika professoru, İnşaat Mühəndisləri
İnstitutunun müəllimi Vidadi Əliyev, təhlükəsizlik
xidmətində çalışan, xalq ədəbiyyatımızın
vurğunu olan polkovnik Fuad Mahmudov və həyat
yoldaşlarımız bu səfərin
iştirakçıları idilər. Dostluq telləri ilə
bağlanan bu insanların "həmrəylik"
nümayiş etdirərək, birlikdə belə bir səfərə
çıxmaları təsadüfi deyildi. O zaman
Qarabağın ağır günləri təzə
başlamışdı. Hər gün bu diyardan həyəcanlı
xəbərlər yayılırdı. Erməni xəyanəti
yenidən baş qaldırmışdı və gündən-günə
tüğyan edirdi...
Odur ki, hər
birimizin ürəyindən Yuxarı Qarabağa qalxmaq, orada
baş verən hadisələri öz gözlərimizlə
görmək, gözəl Şuşanın havasını
udmaq, müqəddəs sənət ocaqlarını ziyarət
etmək istəyi keçirdi. Amma bundan əlavə, hər kəsin
bir "iç məqsədi" də var idi. Vidadi müəllim
Xankəndi ata yurduna baş çəkmək, orada müəllim
işləyən anasının vəziyyətini öyrənmək
istəyirdi. Fuad müəllim Şuşadan enərkən
Füzuliyə dönməyi, doğma Sarıca kəndində
uyuyan anasının məzarını ziyarət etməyi
"planlaşdırmışdi". Mən isə...
Səkkizinci
il idi ki, "Azərbaycan gəncləri" qəzetinin
redaktoru vəzifəsində çalışırdım
(daha səkkiz il bu işin başında və Qarabağ faciəsinin
fəal şahidlərindən biri olacaqdım). Həmin vəzifəyə
başladığım gündən Dağlıq Qarabağ
Muxtar Vilayəti, onun baş təşkilatları və rəhbərləri
ilə sıx ünsiyyət yaratmağa
çalışırdım. Bunu adi maraq və "peşəkar
qəzetçilik vəzifəsi" xatirinə etmirdim. Mən
Aşağı Qarabağda (Bərdə şəhərində)
doğulub-böyüsəm də, uşaqlıq və gənclik
illərimin bir sıra yaddaqalan hadisələri Yuxarı
Qarabağla, onun tacı olan Şuşa ilə bağlı
idi. Ailəmizin daimi yaylaq yeri olan həmin diyar mənim
üçün doğmalaşmış, sevinci və
qüssəsi qanıma hopmuşdu. Ən vacibi də o idi ki,
lap uşaqlıqdan həmin yerlərdə erməni xəyanəti
ilə üzləşmiş, bu millətin naqis siqlətinə
bələd ola bilmişdim...
"Azərbaycan
gəncləri" qəzeti çoxillik fəaliyyətinin
bütün mərhələlərində Dağlıq
Qarabağı diqqət mərkəzində
saxlamışdı. Bu ənənə mənim
redaktorluğum dövründə də qorunub
saxlanırdı. Vilayətin uğurlarından fərəhlə
yazmaqla bərabər, nöqsanlarını da kəskin tənqid
edirdik. Azərbaycanın bu bölgəsində zaman-zaman
pozulan "milli tarazlıq" halları daimi
mövzularımızdan idi. Vilayətin erməni rəhbərlərinin
ikili siyasət yürütməsi bölgədə
köklü sakinlərin - azərbaycanlıların
hüquqlarının pozulmasına, onların
sıxışdırılmasına və sayca azalmasına zəmin
yaradırdı. Digər tərəfdən, Muxtar Vilayətin
ayrı-ayrı obyektlərində, idarə və müəssisələrində
separatçılıq (Azərbaycan dövlətinə itaətsizlik)
elementləri üzə çıxırdı. DQMV-nin 60 illik
yubileyi (1983-cü il) ərəfəsində mən
"Oqonyok" jurnalının əməkdaşı
ilə birlikdə vilayətin əksər müəssisələrində,
təsərrüfatlarında olmuşdum. Gördüyüm mənzərə
olduqca ürəksıxıcı idi. Mindən çox
işçisi olan Xankəndi lampa zavodunda cəmi on dörd azərbaycanlı
çalışırdı. Daş-mərmər
kombinatında isə "azərbaycanlıdan daşyonan
olmaz" şüarını tətbiq edərək,
köklü sakinləri işə götürmürdülər.
Bu müəssisə Azərbaycanın zərbəçi
tikintilərini mərmər məhsulları ilə təmin etmək
öhdəliyini pozaraq, itaətsizlik nümunəsi göstərirdi.
Qarabağın daş-mərmər sərvəti gizli yollarla
Ermənistana, Rusiyanın şəhərlərinə
axırdı. Ən acınacaqlı vəziyyət maddi-mədəniyyət
abidələrinə münasibətdə özünü
göstərirdi. O zaman vilayətdə 470 abidə qeydə
alınmışdı. Onların səksən faizi sırf Azərbaycan
tarixi və mədəniyyəti ilə bağlı idi. Qalan
abidələrin isə bir qismi qədim alban mədəniyyətindən
yadigar qalmışdı. Azərbaycan hökuməti vilayətdəki
maddi-mədəniyyət abidələrinin təmiri və
yenidən qurulması üçün hər il xeyli vəsait
ayırırdı. Son illərdə bu vəsaitin doxsan faizdən
çoxu yalnız bir abidəyə sərf edilmişdi. Erməni
rəhbərləri Şuşadakı Qazançılar alban
kilsəsini yenidən qurmaq, daha doğrusu, onu Qriqoryan kilsəsinə
çevirərək, "erməniləşdirmək"
üçün çox canfəşanlıq göstərirdilər...
"Azərbaycan
gəncləri" qəzeti deyilən mövzularda çox
yazırdı, özü də kəskin yazırdı. Bununla
da vilayətin rəhbərləri arasında özünə
"düşmən" qazanırdı. Bizdən
respublikanın və İttifaqın yuxarı təşkilatlarına
"donoslar" yazırdılar, bizi məhkəməyə
verirdilər. Budəfəki səfərimin yekununda da DQMV rəhbərləri
ilə münasibətimizi kəskinləşdirəcək
yazıların meydana gələcəyinə şübhə
etmirdim. Lakin heç ağlıma gəlməzdi ki, Yuxarı
Qarabağda baş verməkdə olan hadisələr bir qəzet
mövzusundan çıxaraq, ümummilli faciəmizə səbəb
olacaq.
... Bizi
Xankəndinə buraxmadılar. Milis işçiləri bunun səbəbini
şəhərdəki növbəti
"qarışıqlıq"la izah etdilər. Bu, o vaxtlar
idi ki, millətçi-şovinist qüvvələrin təhriki
ilə paytaxtın erməni əhalisi tez-tez meydanlara
axışır, "miatsun" şüarı altında
ekstremist aktlara qoşulurdular.
Şuşada
sakitlik idi. Lakin onun da simasında qüssə dumanı
görünürdü. Bu qüssə payızın gətirdiyi
duman örtüyündən doğmurdu. Qabaqkı illərdə
bu vaxtlar Şuşa daha şux, daha şən görünərdi.
Adətən aran ellərindən yaylaqlanmağa gələn
ailələr bu vaxtlar yır-yığış edib,
aşağılara köç edərdilər. Ötən
yay isə Şuşanın həndəvərində,
Turşsuyun taxtasında çadır şəhərcikləri
görünməmişdi. Aranlılar
"qızışmış" ermənilərin
hücumuna məruz qalacaqlarından ehtiyatlanaraq, bu tərəflərə
üz tutmamışdılar. Qonaq-qarası əskik olmayan
Şuşa qonaqlarını itirməyə
başlamışdı...
Şuşaya
gəlişimizdən, Cıdır düzündən
Qırxpilləkəni, İbrahim xanın kahasını seyrə
dalmağımızdan, Vaqifin, Nəvvabın məzarlarını,
Natəvanın, Üzeyir bəyin, Bülbülün ev-muzeylərini
ziyarət etməyimizdən məmnun qalsaq da, eşitdiyimiz həyəcanlı
xəbərlər qəlbimizi üşüdürdü.
"Aşağıdan", yəni Xankəndindən gələn
xəbərlər daha vahiməli idi. Şəhərin azərbaycanlı
əhalisi evlərini tərk edirdilər. Onların bir qismi hələ
də "etibarlı qala" rolunu oynayan Şuşaya
köçürdü.
Köhnə
tanışımız, Şuşa rayon milis şöbəsinin
rəisi Ələmdar Tağıyev axşamdan xeyli
keçmiş mehmanxanaya görüşümüzə gəldi.
Bərk həyəcanlı idi. Gətirdiyi xəbər isə
görkəmindən də betər idi. Sən demə, vilayət
prokuroru İqor Plavski erməni silahlılarının
hücumundan yayınaraq, gecəykən Şuşaya gəlib,
buradan da milis işçilərinin müşayiəti ilə
Qubadlı yoluna çıxaraq, Bakıya yollanıb. Rəis
onu da dedi ki, vilayət prokurorunun ailəsi Xankəndidə
girov vəziyyətində qalıb və onları azad etmək
üçün tədbir görməlidir... Azərbaycanda
doğulub-böyümüş və Azərbaycanın şərəfini
həmişə uca tutmuş istedadlı hüquqşünas
İqor Plavski 1992-ci ilin noyabrında Qarakənd üzərində
erməni silahlıları tərəfindən vurulan vertolyotda
vətənin ən seçmə oğulları ilə birlikdə
şəhidlik zirvəsinə ucalacaqdı.
...
Yaxşı xatırlayıram, sentyabr ayının 16-sı
idi. Vidadi müəllimin dədə-baba yurdu Malıbəyli kəndindən
enib, Xankəndi tərəfə boylana-boylana Əsgəran
yoluna çıxmışdıq. Qəlbimizdə təlaş
dolu təəssüratla Dağlıq Qarabağı tərk
edirdik. Xocalıya təzəcə çatmışdıq
ki, arxadan sürətlə gələn bir "Jiquli" bizi haqladı. Vidadi müəllimin
qardaşı maşından düşüb, hövlənak
bizə yaxınlaşdı. Görkəmindən və səsindən
bərk döyüldüyü və qorxduğu hiss olunurdu.
- Bizi
ağır dəyənəklə döydülər, sonra da
stansiyadan çıxarıb qovdular... - deyib kövrəldi.
Vaqif Xankəndi dəmir yol stansiyasında mühəndis-ekspeditor
işləyirdi. Soruşduq:
- Sizi
döyən kimlər idi?
- Milliyyətcə
erməni idilər, amma yerli adamlara oxşamırdılar,
üzdən heç birini tanımadım...
Bu
sözlərdən aydın olurdu ki, Dağlıq Qarabağa kənardan
silahlı və dəyənəkli dəstələr
axışır. Vaqif ondan təsəlli tapırdı ki, bir
neçə gün əvvəl ailəsini Xankəndindəki
mənzilindən çıxarıb, Ağdama aparıb.
İndi daha bir təhlükə barədə bizi xəbərdar
etdi:
-
Buralarda çox ləngiməyin - dedi. - Silahlanmış dəstələr
Xankəndinin yol ayrıcında yük maşınlarına
doluşurdular. Danışıqlarından başa
düşdüm ki, Xocalıya basqın etmək istəyirlər.
Ayrıldıq.
Vaqif Xocalı camaatını xəbərdar etmək
üçün kənd sovetinə yollandı. Biz isə
qadınlarımızı təhlükədə qoymamaq
üçün yolumuza davam etdik. Ertəsi gün Ağdamda
eşitdik ki, dünən gecə erməni silahlıları
Xocalıya basqın ediblər. Xocalılar da
basqınçıların burnunu yaxşıca əziblər.
Bununla belə, kəndə çoxlu ziyan dəyib. Bir
neçə ev, ictimai tövlə, ot tayaları yanıb. Amma
sonralar aydın olacaqdı ki, bu basqın erməni
muzdlularının Xocalıya "sınaq
yürüşü" imiş. Xocalının əsl
müsibəti qabaqda idi.
... Hə,
Şuşa şəhəri ilə son görüşüm kədərli
notlarla yaddaşımda qaldı. Bununla belə, o zaman
ağlıma gəlməzdi ki, dörd ildən sonra mayın
8-də "alınmaz qala" bildiyimiz gözəl
Şuşamız xain ermənilər və onların
havadarları tərəfindən işğal olunacaq. Lakin
"ümid sonda ölür" deyiblər. İndi mən
Şuşa ilə "ilk görüşə"
hazırlaşıram. Ömür aman versə, əsirlikdən
qurtaran Şuşanın görüşünə tələsənlərdən
biri də mən olacağam.
Yusif Kərimov
Kaspi.-2009.-8 may.-S.14.