"Müxalifət reallıqlara uyğun gəlməyən yol tutur"
Sabir Rüstəmxanlı: "Əsas,
aparıcı müxalifətçilik"
iddiaları ortada qalmaqdadır"
Azərbaycan müxalifətinin əsas
problemi kimi daxili zidiyyətlər göstərilir. Bundan başqa, müxalif düşərgədə iddiası
imkanları ilə ziddiyyət təşkil edən partiyalar da ümumi birliyə
maneə yaradırlar.
Bu cür yanaşma uzun illərdir Azərbaycan müxalifətinin dağınıq
halda fəaliyyət göstərməsinə səbəb
olur. Vətəndaş
Həmrəyliyi Partiyasının
sədri, millət vəkili Sabir Rüstəmxanlı hesab edir ki, müxalifət
qarşıdan gələn
bələdiyyə seçkilərində
birgə iştirakla bu problemi aradan
qaldıra bilər. Onun fikrincə, artıq müxalifət partiyalarının vahid bir hərəkatda və ya partiyada
birləşməsinin vaxtı
çatıb.
- Sabir bəy, qarşıdan bələdiyyə
və 2010-cu il parlament seçkiləri gəlir. Partiyanız bu seçkilərdə necə iştirak edəcək? Eyni zamanda, partiyanız seçkilərə təkbaşına,
yoxsa müxalifət düşərgəsində təmsil
olunan digər qüvvələrlə bir
yerdə getməyi düşünür?
- Əvvəla qeyd edim ki, biz artıq bələdiyyə seçkilərinə hazırlıq işlərinə bir neçə gün bundan əvvəl başlamışıq. Yəni artıq bir növ seçkilərə
hazırlığa start
vermişik. Eyni zamanda, partiyamızda
son illər keçirilən seçkilərin
nəticələri ilə
bağlı geniş müzakirələr aparmışıq,
bu nəticələri
diqqətlə nəzərdən
keçirmişik və
belə bir ümumi nəticə hasil etmişik ki, müxalifətdə təmsil olunan ayrı-ayrı siyasi qüvvələrin seçkilərə ayrılıqda getməsi prinsip etibarilə bu düşərgə üçün sonuncda uğurlu bir nəticə qazandırmır.
Əksinə, yeni-yeni
problemlər yaradır,
getdikcə müxalifət
düşərgəsi zəifləyir,
müxalif partiyalar arasında ziddiyyətlər
artır və sair. Bunun bir hissəsi hakimiyyətlə bağlıdırsa,
bir hissəsi də müxalifətin özü ilə bağlıdır. Bilirsiniz,
müxalifət partiyaları
bir-birinə münasibətdə, ümumiyyətlə,
seçkilərdə ziddiyyətli
və ölkədəki
reallıqlara uyğun
gəlməyən yol
tuturlar, nəticə isə yaxşı olmur. Hesab edirik
ki, əvvəl-axır reallıqlarla hesablaşmaq lazımdır
və eyni zamanda, düşünmək
gərəkdir ki, indiyə qədər etdiyimiz səhvlər bizi hara gətirib
çıxarıb və
bundan sonra nə etməliyik...
- Sizcə bu, nə dərəcədə ehtimal olunandır?
- Hər halda istəsək də, istəməsək də, bu addımı atmalıyıq. Yəni belə demək
mümkünsə, müxalifət
düşərgəsində təmsil olunan partiyalar ciddi, səmimi şəkildə
başqa ehtirasları,
iddiaları bir kənara qoyaraq, nəhayət ki, səhvləri müzakirə,
etiraf etməli və bundan özləri üçün
ciddi nəticələr
çıxarmalıdır. Kim birincidir, kim ikincidir, kim ana müxalifətdir, kim ata müxalifətdir
kimi söhbətlər,
fikirlər bir kənara qoyulub, sakit tərzlə, soyuq düşüncəylə,
məsuliyyətlə ölkənin
gələcəyinə yönəlik
müzakirələr aparılmalıdır.
Obrazlı şəkildə
qeyd etməli olsaq, müxalifət partiyalarının eniş
sürəti artıq
bitib, gəlib dibə dayanmışıq.
Artıq bundan o yanası yoxdur.
Ona görə də müxalifət düşərgəsində yenidən
yüksəliş dövrü
başlanmalıdır...
- Siz bunun formulunu necə görürsünüz?
- Artıq müxalifət partiyalarının birləşib bir hərəkata və yaxud böyük bir partiyaya çevrilməsinin vaxtı çatıb. Mən bu təklifi vaxtilə də irəli sürmüşdüm.
İndi bu təklifimin üzərində
qalıram və israr edirəm. Yeri gəlmişkən, bələdiyyə seçkiləri
parlament seçkiləri
ərəfəsində bir
növ yeni şansdır. Hesab edirəm ki, bu şansı ciddi dəyərləndirmək
lazımdır. Müşahidələrimə əsasən onu
deyə bilərəm
ki, nəinki seçkilərdə, hətta
seçkilərdən sonra
seçilmiş bələdiyyə
üzvlərinin fəaliyyətində
müxalifətçilərin bir yerdə olmaması bu düşərgə üçün
çox böyük problemlər törədir.
Məsələn, hansısa
partiyanın real bir namizədi var ki, bələdiyyədə
yüksək vəzifə
tutsun və yaxud tuta bilər,
ancaq həmin bələdiyyədəki digər
müxalifətçilər onu müdafiə etmirlər. Hərə ancaq özünü düşünür. Demək
istəyirəm ki, bunun acı nəticəsi göz qabağındadır. Yenə əvvəlki
fikrimə qayıdaraq
demək istəyirəm
ki, növbəti bələdiyyə seçkiləri
2010-cu il parlament seçkiləri üçün
bir sınaq ola bilər və müxalifət partiyaları yığışıb
bir yerdə bütün ölkə üzrə real gücləri, real imkanları nəzərə
alaraq vahid çıxış
etməyi bacarmalıdır.
Burada bir uzlaşdırma mümkündür
və yalnız bu uzlaşdırma nəticəsində də
bələdiyyə seçkilərində
bir mövqedən çıxış etmək
olar. Eyni zamanda, bu ənənəni
qarşıdan gələn
parlament seçkilərində
də davam etdirmək mümkündür.
- Necə fikirləşirsiniz, bəzi müxalifət partiyalarında hələ də mövcud olan "mənəm-mənəmlik" hissi, şəxsi ambisiyalar, iddialar buna imkan verəcəkmi?
- Bilirsiniz, sonuncu prezident seçkiləri və mart referendumu bir daha göstərdi ki, çox təəssüflər olsun ki, müxalifət düşərgəsindəki bəzi qüvvələr yenə də özlərinə yaxın olan qrupları əsas qüvvə kimi göstərməyə cəhd edirlər. Yenə də "əsas, aparıcı müxalifətçilik"
iddiaları ortada qalmaqdadır. Bunlar isə nəticə etibarilə müxalifət
düşərgəsində neçə illərdən
bəri arzuolunan birliyə mane olur. Odur ki,
bunların hamısını
bir kənara qoymalı, doğrudan da, real bir
iş görmək istəyiriksə, buna uyğun da müvafiq
addımlar atmalıyıq.
Yalnız bu şərtlər daxilində
arzuolunan müxalifətdaxili
birlik mövcud ola bilər. Bunun da nəticəsində seçkilərə birgə
qatılmaq mümkündür.
Əgər bunlar mümkün olmasa, biz Vətəndaş Həmrəyliyi Partiyası
kimi yenə əvvəlki qaydada bələdiyyə seçkilərinə
tək gedəcəyik,
imkanlarımız daxilində
mübarizə aparacağıq.
Çalışacağıq ki, layiq bildiyimiz
insanlar yerlərdə,
yerli özünüidarəetmə
orqanlarında partiyamızı
təmsil etsinlər. Hətta elə adamlar ola bilər
ki, partiyamızın rəsmi üzvü olmasın, ancaq siyasətimizi, mövqeyimizi
dəstəkləsinlər, biz onları da müdafiə etməklə seçkilərə
gedəcəyik.
- Yeri gəlmişkən,
partiyaların bir hərəkatda və yaxud vahid bir
partiyada birləşməsi
ilə bağlı məlum təklifinizi rəsmi şəkildə
digər siyasi qüvvələrə çatdırmısınızmı,
onlarla bu yöndə müzakirələr
aparmısınızmı?
-
Xeyr. Açığını deyim ki, digər siyasi qüvvələrlə
bu yöndə rəsmi müzakirələrimiz olmayıb. Sadəcə,
ara-sıra epizodik danışıqlarımız olub. Qeyd edim
ki, sonuncu 18 mart referendum ərəfəsində biz müxalifətin
ümumi mövqeyinə - xırda nüanslar nəzərə
alınmaqla - yaxın mövqedən çıxış
etmişdik. Bundan sonra o zaman hətta bizə müraciətlər
olmuşdu ki, proseslərdə birgə iştirak edək və
sair. Ancaq təəssüflər olsun ki, həmin vaxt işin
elə bir mərhələsi idi ki, artıq bu prosesdə birgə
iştirakla bağlı mexanizmlər mövcud deyildi. Ona
görə o iş yarımçıq qaldı və həmin
ərəfədə də mən Dünya Azərbaycanlıları
Konqresinin xətti ilə uzun müddət xaricdə səfərlərdə
oldum, bir sözlə, vahid mövqedən
çıxış etmək arzusu baş tutmadı. Amma indi
kifayət qədər vaxt var və düşünürəm
ki, nəhayət, indi bu işi həyata keçirmək olar.
İlham
QULİYEV
Kaspi.-2009.-13 may.-S.6.