"Partiyaları maliyyə hesabatlarını
açıqlamağa çağırıram"
Əli Əhmədovun fikrincə,
büdcədən maliyyələşdirmə
partiyaların parlamentdə
təmsilçiliyi ilə
əlaqələndirilməlidir
"Partiyaların
dövlət büdcəsindən
maliyyələşdirilməsi məsələsi ətrafında
ciddi müzakirələr
aparılmasına və
düzgün qərarlar
çıxarılmasına ehtiyac var. İlk
növbədə hansı
meyarlar əsasında
partiyaların maliyyələşdirilməsinə
aydınlıq gətirilməlidir. Mütləq şəkildə
nəzərə alınmalıdır
ki, əsas etibarilə siyasi partiyaların dövlət
tərəfindən maliyyələşdirilməsi
parlament tipli ölkələrə xasdır.
Azərbaycan isə parlament tipli ölkə deyil. Buna baxmayaraq, biz siyasi partiyaların
dövlət büdcəsindən
maliyyələşdirilməsini təqdirəlayiq hal hesab edirik". Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr
müavini və icra katibi Əli
Əhmədov Trend-ə müsahibəsində
deyib.
O bildirib ki, ən optimal variant kimi
parlamentdə təmsilolunma dərəcəsi ilə
partiyaların maliyyələşdirilməsi əlaqələndirilməlidir.
Çünki digər parametrlərlə partiyaların maliyyələşdirilməsi
çox ciddi suallar ortaya çıxaracaq və məsələni
xeyli çətinləşdirəcək.
YAP-ın
sədr müavini hazırda əksər siyasi partiyaların
özlərinin maliyyə mənbələrini gizlətməsinə
də toxunub. "İlk növbədə partiyaların bu
gün necə maliyyələşdirilməsini
araşdırmaq lazımdır" - deyən Ə.Əhmədov
xatırladıb ki, hakim partiya hər il maliyyə
hesabatını açıqlayır. Azərbaycan ictimaiyyəti
YAP-ın hansı maliyyə qaynaqlarına malik olması barədə
məlumatlandırılır: "Bizim yeganə maliyyə
qaynağımız YAP üzvlərinin ödədiyi partiya
üzvlük haqlarıdır. Bu haqlarla partiya bütün xərclərini
ödəyir və fəaliyyəti təmin edilir. Biz maliyyə
hesabatı verməklə Azərbaycan qanunvericiliyinə kifayət
qədər uyğun fəaliyyət göstərdiyimizi
nümayiş etdiririk. Bunu yest olaraq yox, borc olaraq edirik. Digər
tərəfdən, bunun başqa partiyalar üçün
nümunə elementləri var ki, digər partiyalar da cəmiyyətə
hansı maliyyə resursları əsasında fəaliyyət
göstərdiklərini nümayiş etdirməlidir. Maliyyəsiz
partiya fəaliyyət göstərə bilməz, bu, birmənalıdır.
Əgər hər hansı bir partiya üzvlərinin
könüllülük prinsipi əsasında fəaliyyət
göstərdiyini açıqlayırsa, bu bəyanatlar
onların özlərinin malik olduğu maliyyə
resurslarını gizlətməyə xidmət edir. Ona görə
də digər partiyaları maliyyə hesabatlarını
açıqlamağa çağırıram".
İcra
katibi parlamentdə təmsil olunan müxalifət partiyaları
ilə hakim partiya arasında dialoqun başlanacağı haqda
səslənən fikirlərə də münasibətini
açıqlayıb: "İqtidar-müxalifət dialoqunun
başlanması istiqamətində irəliləyişlər əldə
olunub. Hesab edirəm ki, dialoq təşəbbüsü irəliləməkdədir,
çünki parlamentdə təmsil olunan partiyalar, o cümlədən
çoxluq təşkil edən YAP bir neçə
müştərək tədbir keçiriblər. Güman
edirəm ki, bu tədbirlərin keçirilməsi
iqtidar-müxalifət dialoqunun başlanğıcıdır. Dialoq
təşəbbüslərinin davam etdirilməsi, Azərbaycanın
milli maraqları ilə əlaqədar birgə müzakirələrin
təşkil edilməsinin partiyaların
yaxınlaşmasına təkan verəcəyinə
inanıram. Müştərək tədbirlər dialoq
mühitinin möhkəmlənməsinə kömək edəcək".
O əlavə edib ki, partiyalar və yaxud ayrı-ayrı tərəflər
arasında dialoq ab-havası olmalıdır: "Ancaq bəzən
əvvəllər də müşahidə edirdik ki,
bütövlükdə dialoqa qeyri-adi hadisə kimi
yanaşanlar olurdu. Hesab edirəm ki, dialoqun özü
partiyaların müəyyən mövzu ilə bağlı
fikir mübadiləsi aparmaq istəyidir və bu istəyə
uyğun addımlar atması deməkdir. Dialoqun
başlanğıcı kimi partiyaların müştərək
tədbirlər keçirməsi yaxşı prosesdir.
Çalışmaq lazımdır ki, proses bu prinsiplərə
uyğun inkişaf etsin".
Ə.Əhmədov
müsahibəsində Dövlət Neft Akademiyasında baş
verən hadisəyə də hakim partiyanın mövqeyini
açıqlayıb: "Bu hadisə bizim hamımızı
sarsıdıb. Tələbələrin qətlə yetirilməsi
hər bir valideyn üçün faciədir. Bu hadisənin
baş verməsi çox təəssüfləndirici
haldır və bunun qarşısını almaq mümkün
olmayıb. Görünür, bunu törədən insan elə
şəkildə buna hazırlaşıb ki, kiminsə baş
verə biləcək faciədən qabaqcadan xəbəri
olmayıb. Təəssüf edirəm ki, bu cür hadisələr
bütün dünyada baş verir. Ancaq bu fakt bizim cavan
insanların qətlə yetirilməsi ilə bağlı yaşadığımız
acıları heç də azaltmır. Güman edirəm ki,
Azərbaycanın müvafiq orqanları ali təhsil müəssisəsində
baş verən qanlı hadisədən nəticələr
çıxaracaqlar və təhlükəsizlik tədbirləri
daha da gücləndiriləcək. Cəmiyyət
üçün insandan qiymətli nemət yoxdur. Dövlətin
də bir nömrəli vəzifəsi hər bir ailə və
vətəndaşı üçün bu nemətin
qorunmasını təmin etməkdir. Mümkündür ki, bu
qanlı faciəni törədən psixi xəstə olsun, digər
tərəfdən, hadisənin kimlər tərəfindənsə
hazırlanması olsun. Bunların hamısını sonda istintaq
müəyyənləşdirəcək. İndidən hər
hansı fikrin üstündə dayanmaq istintaq getdiyi bir vaxtda
düzgün olmazdı. İstənilən halda bu hadisə
ölkədə ictimai-siyasi sabitliyin pozulmasına görə
törədilibsə, biz bunu da qətiyyətlə pisləyirik.
Bu cür çirkin əməllərlə Azərbaycanın
ictimai-siyasi sabitliyini pozmaq mümkün deyil".
K.HACIYEV
Kaspi.-2009.-14 may.-S.4.