Mənə yad bir ölkədə yaşamaq
çətin gəldi"
Teleoperator Eldar Məmmədov son illər
kamera ilə az işləsə
də, həvəsdən
düşməyib
50-dən çox tamaşada quruluşçu operatorluq
edən Eldar Məmmədov televiziya tarixinin yaddaşını
"Evləri köndələn
yar", "topal Teymur", "Günahsız
Abdulla", "Göz həkimi",
"Şərqin səhəri",
"Qatarda", "Ordan-burdan",
"Kamança", "Ac həriflər", "Cəza",
"Sən həmişə
mənimləsən", "Yaşıl eynəkli adam", "Fatehlərin
divanı", "Gecən
xeyirə qalsın, ana", "Kökdən
düşmüş piano" və s. tamaşalarla zənginləşdirib.
1998-ci ildə isə Hollivud çəkiliş
qrupunun mərhum Heydər Əliyevin iştirakı ilə
çəkdiyi "Ömür, tale, dövran" sənədli
filminin operatoru məhz E.Məmmədov olub. 45 ildir
özünü televiziyaya sərf edən Əməkdar incəsənət
işçisi hazırda Azərbaycan Televiziyasında
operatorların bədii rəhbəri vəzifəsində
çalışır E.Məmmədov deyir ki,
uşaqlıqda çox gözəl rəsmlər çəkib.
Sonradan ən böyük arzusu fırça ilə yox,
kinokamera ilə çəkmək olub. Verilişin
sonluğunda titrlərdə operatorların adını oxuyanda
onlara qibtə edirmiş. Günlərin bir günündə bəstəkar
Adil Bəbirov arzusunu çin edir və onu Dövlət
Televiziyasına işıqçı vəzifəsinə
işə düzəldir: "Ümumiyyətlə, o zamanlar
operator qrupuna daxil olub işləmək çox çətin
idi. Cəmi bir televiziyamız və barmaqla sayılası qədər
operatorumuz var idi. İndi maşallah, yeddi televiziya və
neçə-neçə operator var.
İşıqçı işləyə-işləyə tədricən
kameranın arxasında dayanmağa başladım. O vaxt hər
adamı kameraya toxunmağa da qoymurdular. O dəqiqə
hansısa nöqsan tapıb, "bu sənin işin deyil, get
öz işinlə məşğul ol" deyirdilər. Məncə,
düz edirdilər. Mən yavaş-yavaş özümü
göstərməyi bacarır və hansısa operator ya xəstələnəndə,
ya da fövqəladə bir hadisə ilə rastlaşanda, həmin
operatoru əvəz edə bilirdim. Yadımdadır, məzuniyyətdə
idim, mənə zəng vurub işə
çağırdılar ki, "sən çoxdan operator
olmaq arzusunda idin, ərizəni yaz, biz səni operatorlar qrupuna
daxil edirik". İşıqçı vəzifəsindən
operatorluğa yalnız öz əməyimin sayəsində
keçdim. Mənim operator kimi
ekranlaşdırdığım ilk işim İsmət Səfərəlibəyovun
reyissorluğu ilə Turgenevin "Mənzum şeirlər"i
olub".
Həmsöhbətim
hesab edir ki, filmin, tamaşanın, verilişin uğuru öncə
quruluşçu rejissordan asılıdır, daha sonra
quruluşçu operatordan, quruluşçu rəssamdan və
b. Ən çox Ramiz Həsənoğlu ilə
çalışan E.Məmmədov bunun səbəbini
açıqladı. Dedi ki, ən uğurlu, özünə
baxanda utanmadığı tamaşaları Ramiz müəllimlə
işləyib: "Onu da bildirim ki, mən fasilələrlə
də olsa, iki il ORT kanalında, o vaxt Mərkəzi Televiziya
adlanan bir məkanda çalışmışam, amma
oranın daimi işçisi olmaq təklifini qəbul etməmişəm.
Bir çoxları bu təklifi arzulayır, buna can
atırdılar. Amma mənə yad bir ölkədə
yaşamaq çətin gəldi. Bir neçə il əvvəl
fransızlarla birgə üç videofilm çəkmişik.
Həmin fransızlar çox ağır bir dövrdə Azərbaycana
gəlmişdilər. 20 Yanvar hadisələrindən sonra.
Ölkəmizin çətin dövründə, insanların
çörək almaq üçün böyük növbəyə
düzüldüyü zamanda gəlmişdilər. Onlar bizim
milli dəyərlərimizlə, tarixi abidələrimizlə
tanış olmaq üçün gəlsələr də,
fürsətdən istifadə edib siyasi hadisələrlə
bağlı rayonlarımıza da gedirdilər. Məqsədləri
Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri
dünyaya çatdırmaq idi. Çünki biz SSRİ-nin
daxilində olanda Azərbaycanı dünyada bir o qədər
də tanımırdılar. Amma bu filmlər mənim
yaradıcılığımın çox cüzi hissəsini
təşkil edir".
Əsasən bədii
filmlərin, tamaşaların, konsertlərin rejissoru olan Eldar
müəllim deyir ki, müharibə illərində,
Qarabağ hadisələri cərəyan edəndə o da
öz vətəndaş borcunu yerinə yetirmək
üçün Şuşada, Ağdamda, Füzulidə, bir
neçə dəfə Xankəndində, Zəngilanda olub və
çəkiliş aparıb: "Mən onda getməyə də
bilərdim, çünki xəbər operatoru deyildim. Adi bir xəbər
rejissoru bu materialı mənim əvəzimə çəkib
gətirə bilərdi, həmin çəkilişdə bədiiliyə
heç bir ehtiyac yox idi. Sadəcə, mən öz vətəndaş
borcumu yerinə yetirmək istəyirdim. Özü də bunu qəhrəmanlıq
hesab etmirəm. Hər kəs bacardığını edirdi,
operatorun da silahı kameradır, efirimizdir, verilişlərimizdir.
Lentə köçürdüyüm ən acı gerçəklik
də məhz müharibə ilə bağlıdır".
Həmsöhbətimin fəaliyyəti
həm də xarici qastrollarla bağlıdır. Zeynəb
Xanlarovanı Danimarkaya, ABŞ-a, Kanadaya, başqa ölkələrə
qastrol səfərlərində o müşayiət edib:
"80-ci illərin axırı idi. Hələ Sovet
İttifaqının tərkibində idik. Sıradan bir
insanın xaricə səfər etmək şansı az idi. Bizsə
Zeynəb xanımla Danimarkaya getdik, üstündən 5-6 ay
keçəndən sonra ABŞ-a səfər etdik. İndi
maşallah, elə həmvətənlərimiz var ki,
dünyanın hər yerində olurlar, gəzirlər. O vaxtsa
çətin idi. Ən yaddaqalan görüşümüz isə
bizim Zeynəb xanımla Çikaqo qastrolumuzda baş verdi. Həmin
qastrolda konsertdən qabaq və sonra biz orada çoxdan
yaşayan soydaşlarımızla
görüşmüşdük. Əksəriyyətini
yaşlı nəsil təşkil edirdi. Əməlli-başlı
ağlaşma baş verdi. Hətta Zeynəb xanım
sonrakı konsertlərində həmin görüşdən
çəkdiyim kadrları dəfələrlə
nümayiş etdirdi. Bir yaşlı kişi Zeynəb
xanımdan mikrofonu alıb bu sözləri söyləmişdi:
"Sənə qurban olum, Azərbaycanım! Qayıdacağam,
quru çörəyimi bulaq suyuna batırıb yesəm də,
qayıdacağam!" Məncə, bu, ən yaddaqalan
kadrlarımdan idi. Həmin konsertlərdə mən çox
vaxt həm də reyissorluq edirdim. Ümumiyyətlə, xaricdə
yaşayan həmvətənlərimizlə hər
görüşümüz bir hadisəyə çevrilirdi. Amma
son illər kamera ilə az işləyirəm. Bir müddət
əvvəl Ramiz Həsənoğlu ilə "Anarın
anları" adlı sənədli telefilm çəkmişik.
Film Xalq yazıçımız Anara həsr olunub. Amma həvəsdən
düşməmişəm. Yaş ötsə də,
televiziyaya meyilim günü-gündən artır. Bir sıra əsərlərin
lentə köçürülməsi ilə bağlı
hazırda danışıqlar aparırıq".
S.İBRAHİMOVA
Kaspi.-2009.-14 may.-S.16-15.