Mən Allaha qorxudan yox, eşqdən yaxınlaşmağın yollarını axtarıram"

 

Vüqar Məmmədov, xəttat: "Üzərimə bu qədər yük götürmüşəm, ancaq mənə heç bir köməklik yoxdur"

 

O, ağac üzərində "Quran" ayələrini yazaraq oyulması bədii xəttatlıqla məşğul olur. Başladığı işlə ölkəmizdə yeni, oriyinal bir sənətin əsasını qoyub. Könlünün arzularını, pünhan duyğularını ağaclara, cansız vərəqlərə danışır. Ağaclara yenidən həyat verir. Ağaclarla dil tapıb, onlara öz sirrini söyləyir, onlardan öz sirrini alır. bu sirlərdən zaman-zaman insanları heyrətdə qoyacaq əsl sənət nümunələri doğulur. Yaratdıqlarına görə isə özünü ömrü boyu narahat edən hisslərə borclu sayır.

Bu möcüzələrin yaradıcısı xəttat oyma ustası Vüqar Məmmədovdur.

- Ağac üzərində oyma işlərinə 2005-ci ildən başlamışam. Bundan əvvəl bədii kolliqrafiya ilə məşğul olmuşam. Bu xətti bilmədən birdəfəlik işləməyə başlamışam. Mən bu işi kağız üzərində görmüşəm. Bədii kolliqrafiya rəmzi olaraq fəlsəfi bir fikrin şəklini yaratmaq kağız üzərində yerləşdirməkdir. Xəttatlıq təkcə kağız üzərində yazı yazmaq deyil. Bu sənətlə məşğul olan adamın daxilində bir proses gedir. Bu, həmin sənətkarın ruhunun sanki həndəsi cizgisidir. Sadəcə bunu bir xəttə salır. Daha sonra ağac üzərində məşğul olmuşam. Ağac üzərindəki işlərimin mövzusu Quran ayələri hədislər, kağız üzərindəki işlərin mövzusu İslam tasavvufudur (İrfan). Hal-hazırda qoz ağacı üzərində 17 kağız üzərində 30 işim var.

- Əsərləriniz sərgilərdə iştirak edibmi?

- 2004 2007-ci illərdə Təbriz şəhərində keçirilən sərgidə bir neçə işim nümayiş etdirilib. 2006- ilin oktyabr ayında Tehranda keçirilən 14-cü Beynəlxalq Quran Sərgisində Azərbaycanı təmsil etmişəm. Kağız üzərindəki işlərim dəfələrlə Təbrizdə nümayiş olunub.

- Əsərlərinizi necə qarşıladılar? Hər halda, Azərbaycan ilk dəfə idi ki, belə bir sərgidə təmsil olunurdu.

- Çox gözəl qarşılandı. Həmin sərgidə qalib elan olunmurdu, sadəcə əsərlər nümayiş etdirilirdi. İslam dövlətləri arasında Azərbaycanın da xəttatlıq sənəti üzrə təmsil olunması gözəl bir hadisə idi. Əksər sənətkarlar öz işlərini kağız üzərində gətirmişdilər. Ağac üzərində təqdim olunan əsərlər isə yalnız mənim işlərim idi. Sərgidə İslam dünyasının təmsil edən bir çox sənətkarlar iştirak edirdi. Həmin sərgi hər 3 ildən bir keçirilir. Mən bu il həmin sərgidə iştirak edəcəyəm.

- Bəs öz ölkəmizdə necə, əsərlərinizi tanıyırlarmı?

- Ölkəmizdə ilk dəfə olaraq "İslam Mədəniyyəti Paytaxtı" çərçivəsində Qobustan qoruğunda Qala qoruğunda 16 işim nümayiş etdirildi. Eləcə bu ay Turizm İnstitutunda 17 işim nümayiş olundu. Bu sərgilər "İlahi lütfün təcəllisi" adı ilə keçirilir. Mən işlərimi satmıram. Satsam da, onun bir qiyməti olmayacaq. Amma bu əsərlərdə böyük bir fikir, insanın mənəviyyatını formalaşdıran çox şeylər var. Ən böyük arzum Bakı şəhərində "Quran" muzeyini yaradaraq Azərbaycanda İslam mədəniyyətinin daha da inkişaf etdirilməsində xidmət göstərməkdir. Məqsədim dünyada İslamın mənəviyyatını, gözəlliyini sübuta yetirməkdir. Mən Allaha qorxudan yox, eşqdən yaxınlaşmağın yollarını axtarıram.

- Siz bu mövzuda Azərbaycanda işləyən yeganə sənətkarsınız?

- Məndən əvvəl bu işlə usta Seyfəddin Məsimoğlu məşğul olub indi məşğuldur. O, bu sənəti mənə sözlə öyrədib. Həmişə məni özünün qiyabi şagirdi adlandırıb. İlk müəllimim o olub. İşlərimi görəndən sonra xoşlayıb. Tehranda Mehdi Tusi adlı daha bir müəllimim var. O, dünyaca məşhur bir sənətkardır. Beynəlxalq sərgilərdə iştirak etmək adama çox şey verir. Yaradıcılıq imkanlarını, tanışlıqları genişləndirir.

- Əsərlərinizi yaratmaq üçün lazım olan materialları necə əldə edirsiniz?

- Əsasən qoz ağacından istifadə edirəm. Bir qədər çətin tapılır. Ancaq bununla belə əldə edə bilirəm. Təbii ki, öz imkanlarım hesabına bunları həyata keçirirəm.

- Sizə işlərinizdə dəstək verən varmı?

- Mənə əsasən Gəncliyə Yardım Fondu dəstək verir. Onlar bilirlər ki, mənim məqsədim İslam mənəviyyatını inkişaf etdirməkdir. Ona görə mənə köməklik edirlər. Ancaq mənim sərgidən daha çox təhsilə ehtiyacım var. Çünki xəttatlıq sənəti elə bir sənətdir ki, burada qaydaları pozmaq olmaz. Təhsil üçün Türkiyədən kömək etmək istəyənlər var, buradan dəstək lazımdır. Amma burada heç kəs yardım etmək istəmir. Həyat yoldaşım da ebru sənəti ilə məşğuldur. O da burada kurslar keçir. Bu baxımdan Gəncliyə Yardım Fondu bizə çox böyük dəstək verir.

- Çin döyüş sənəti "UŞU" Yapon döyüş sənəti "CİU-CİTSU" üzrə məşqçi müəllimsiz. Hal-hazırda bu işlərin hamısı ilə birgə məşğul olmağa necə vaxt çatıdırırsınız?

- Bütün bu işlərlə eyni zamanda məşğul olmağa vaxtım yoxdur. Daha çox musiqi məktəbindəki işlərimə vaxt sərf edirəm. Çin döyüş növləri üzrə 1992-ci ildən məşğul olmağa başlamışam. Pekin Akademiyasının professorları Moskvada bir çox başqa şəhərlərdə seminarlar keçirirdi. Azərbaycandan 2 nəfər həmin seminarlara dəvət olunmuşduq. Bizim hərəkətlərimizdə, qavrama qabiliyyətimizdə fərqlilik olduğuna görə onları maraqlandırmışdıq dərs keçmək üçün Pekinə dəvət almışdıq. Ancaq Qarabağ müharibəsi dövrünə təsadüf etdiyindən bu addımı ata bilmədik. Mən ondan sonra Qarabağ uğrunda döyüşlərdə iştirak etdim. Qarabağ müharibəsi veteranıyam. Onu da qeyd edim ki, Çin döyüş sənəti böyük bir fəlsəfədir. Çin döyüş növü ilə məşğul olan həkimliyi, rəssamlığı, musiqini bilməlidir. Əgər bu sənətlər səndə cəmləşməyibsə, deməli, bu döyüş növü ilə düzgün məşğul olmursan. Məşğul olsan da, heç bir faydası olmayacaq. Bu klubu Azərbaycanda ilk dəfə olaraq Rahid Vəliyevlə mən yaratmışıq. "Uşu"dan başqa yapon döyüş sənəti "CİU-CİTSU" üzrə müəllimlik etmişəm. Tələbələrimiz çoxdur. Ancaq bu işlərlə eyni zamanda məşğul olmağa zamanım çatmır. Həm fikirləşdim ki, bu döyüş növləri üzrə müəllimlər çoxdur, işləyib tələbə yetişdirə bilərlər. Ancaq xəttatlıq ağac üzərində oyma ilə məşğul olan sənətkarlar yoxdur. Bu sənəti inkişaf etdirmək lazımdır. Ona görə mən bu sənətə üstünlük verdim. Azərbaycanda demək olar ki, xəttatlığın izi itib. Varsa da, çox qüsurlu yazırlar. Bu sənətin inkişafı bu gün bizdə çox zəifdir. Biz inkişaf etdirmək istəyirik, amma kömək əvəzinə maneçiliklərlə qarşılaşırıq.

- Bu maneələr əsasən nəylə bağlıdır?

- Mən Bakı Musiqi Texnikumunu Musiqi Akademiyasını bitirmişəm. Hal-hazırda 28 saylı Uşaq Musiqi Məktəbində tədris işləri üzrə müdir müavini vəzifəsində çalışıram. Həmin məktəbdə "Mövlanə" tasavvuf musiqi qrupu yaratmışdım. Yunis İmrədən, Məhəmməd Füzulidən, Mövlanədən oxuyuruq. Bu şairlər öz şeirlərini xalq üçün yazıblar. Biz bunları qavramalıyıq. İnsanı kamilliyə aparan söhbətlər edirdik. Bizə qüsur tuturdular ki, niyə türkcə oxuyursunuz? Axı bu musiqinin beşiyi Türkiyədir. Bu musiqi 75 milyonluq bir xalqa layla çalır. Bu uşaqlardan ibarət bir qrup idi. Ancaq qrupun fəaliyyətinə maneçilik oldu. Mən eyni zamanda Türkiyəyə kurslara gedib ney aləti üzrə öyrənirəm. Həmçinin bizdə udun da tədrisi yoxdur. Mən onu da öyrənməyə çalışıram. Üzərimə bu qədər yük götürmüşəm, ancaq mənə heç bir köməklik yoxdur.

 

 

Məhərrəmova  Təranə

 

Kaspi.-2009.-15 may.-S.11.