"Eurovision-2009"-un qalibinin adı
kosmik stansiyadan açıqlana bilər
Müsabiqənin prodüseri bu barədə açıqlama verib
"Eurovision-2009" mahnı müsabiqəsinin final mərasimində Beynəlxalq kosmik stansiyanın heyəti ilə əlaqə yaradılacaq. Rusiya mətbuatının yazdığına görə, bu barədə xəbəri mətbuat konfransında müsabiqənin prodüseri Yuri Aksyuta deyib. Aksyuta yurnalistlərə açıqlamasında finalçının adının indi Beynəlxalq kosmik stansiyada olan rus kosmonavtlarından biri tərəfindən səslənə biləcəyini deyib. O, müsabiqə barədə bütün sirləri indidən açıqlamaq istəmədiyini bildirib.
"Eurovision"dan söz düşmüşkən qeyd edək ki, mayın 12-də keçirilən yarımfinalda finala vəsiqə qazanan iştirakçılar barəsində müxtəlif fikirlər yürüdülür. Finala çıxan ölkələrin adları bəzi insanlarda təəccüb doğursa da, bir çoxları bununla razılaşır. Bizim peşəkar musiqiçilərin də bu barədə öz fikirləri var. Azərbaycanın Xalq artisti Akif İslamzadə müsabiqənin ilk buraxılışını izləməsə də, mövqeyini bildirməkdən çəkinmədi. Onun sözlərinə görə, müsabiqə siyasi xarakter daşıyır və nəticələrin də bununla bağlı olacağını istisna etmir. Müğənni bildirdi ki, ona daha maraqlı olan öz təmsilçilərimizin çıxışıdır.
Azərbaycanın Xalq artisti Flora Kərimova birinci yarımfinalda səsləndirilən mahnılardan bir o qədər razı qalmadığını bildirdi. O, iştirakçıların səs imkanlarına xüsusi diqqət yetirdiyini söylədi: "Bir-iki iştirakçının səsi xoşuma gəldi. Bunlardan xüsusilə Maltadan olan iştirakçını deyə bilərəm".
Ermənistandan olan iştirakçıların çıxışına mövqeyini bildirən müğənni söylədi ki, onların budəfəki çıxışında da oğurluq halları özünü açıq şəkildə göstərirdi: "Düşünürəm ki, hər kəs öz ölkəsini təmsil etdiyi üçün özünəməxsus mahnılar səsləndirməlidir. Onların ifa etdiyi mahnının özbəklərin mahnısından götürüldüyü açıq şəkildə özünü göstərirdi. Həmin mahnıda Azərbaycana xas olan musiqi alətlərindən - klarnet, balabandan istifadə olunmuşdu. Çox maraqlıdır ki, onlar oğurluqlarının fərqinə varmadan, mahnını öz musiqiləri kimi təqdim edirlər".
Lakin bir çox musiqiçidən fərqli olaraq Flora xanım türkiyəli Hadisənin çıxışı haqqında xoş sözlər söyləyə bilmədi. Onun fikrincə, Hadisə səs imkanlarını yetərincə göstərə bilmədi: "Ola bilsin ki, bu, Hadisənin səhhətində baş verən dəyişikliklər səbəbindən yaranıb. Onun səsindəki problemlər diqqətdən qaçmırdı. Bir məqammı qeyd edim ki, ötən il Türkiyəni həmin müsabiqədə təmsil edən "Mor və Ötesi" qrupu bundan yaxşı oxuya bilmişdi. Yəqin ki, Türkiyədə də onun çıxışından razı qalmayan insanlar var. Amma bunu açıq şəkildə söyləmək istəmirlər".
Xatırladaq ki, mayın 16-da müsabiqənin final mərhələsinə start veriləcək.
İbrahimova. S.
Kaspi.-2009.-15may.-S.16.