İnsan hüquqlarının
təmin olunması üçün bütün
addımlar atılır
Deputatların fikrincə, bəzi təşkilatlar bu sahədə görülən işləri
qaralamağa çalışırlar
Məlum olduğu kimi, mayın 12-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının İnsan Haqları Şurasına növbəti seçkilər keçirilib və şuraya 18 yeni üzv seçilib. Azərbaycan Şərqi Avropa ölkələri qrupundan öz namizədliyini irəli sürsə də, kifayət qədər səs toplaya bilməyib. Bəs, görəsən, Azərbaycan siyasiləri ölkəmizin BMT Baş Assambleyasının İnsan Haqları Şurasına seçilə bilməməsi barədə nə düşünürlər?
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı jurnalistlərlə söhbətində bildirib ki, Azərbaycanın BMT Baş Assambleyasının İnsan Haqları Şurasına üzv seçilməməsini faciə kimi qiymətləndirmək düzgün deyil. Onun fikrincə, Azərbaycanın sözügedən quruma seçilməməsi ilə bağlı deyilənlər o qədər də düzgün deyil: "Sadəcə, pərdəarxası bir cemtlemen razılaşması var. Yəni bir dövlətin dalbadal BMT Baş Assambleyasının İnsan Haqları Şurasına üzv seçilməsi o qədər də məqbul sayılmır. Düzdür, bəzi ölkələr bu quruma dalbadal seçiliblər. Azərbaycanın budəfəki seçkilərdə iştirak edərək müəyyən qədər səs yığmaması ölkəmizdə insan haqları ilə bağlı olan məsələ deyil. Bəzi ölkələr sadəcə, rotasiyanı məqbul saydıqlarından məhz bu cür addım atıblar. Ona görə indi bu məsələ ətrafında hansısa ayiotay yaratmağa, spekulyasiyalara yol verməyə ehtiyac yoxdur". Millət vəkili bir daha Azərbaycanda insan hüquqlarının vəziyyətinə diqqət çəkərək burada hansısa problemin olmadığını qeyd edib: "Azərbaycanda insan hüquqlarının təmin edilməsi ilə bağlı lazım olan bütün addımlar atılıb və atılır. Buna heç bir şübhə olmasın".
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova da hesab edir ki, Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı deyilənlər obyektivlikdən çox uzaqdır. Onun fikrincə, "Freedom House" təşkilatı həmişə Azərbaycanda insan hüquqlarının qorunması sahəsində görülən işləri qaralamağa çalışıb. Bu təşkilatın bütün hesabatları qeyri-obyektiv olub.
R.Aslanova vurğulayıb ki, bu gün Azərbaycan vətəndaşları, beynəlxalq ekspertlər, təşkilatlar ölkədə insan hüquqları sahəsində nə qədər böyük işlərin görüldüyünü bilirlər. Onun sözlərinə görə, hazırda dövlət insan hüquqlarının qorunması üçün böyük Milli Fəaliyyət Planı qəbul edib. Planın hər müddəası Azərbaycan vətəndaşlarının iqtisadi, siyasi, sosial, mədəni hüquqlarının həyata keçirilməsinə xidmət edir. Azərbaycanda vətəndaşların rifah halının yaxşılaşdırılması, sosial durumunun yüksəldilməsi Konstitusiyanın əsas müddəasına çevrilib. "İnsan hüquqlarının qorunması üçün bundan artıq nə etmək olar" - deyə komitə sədri sual edib. Onun sözlərinə görə, Azərbaycanda bəzi müxalifət təmsilçiləri, ayrı-ayrı jurnalistlər, müxalifətyönlü qeyri-hökumət təşkilatları müxtəlif qurumlara müraciət edərək Azərbaycanın İnsan Haqları Şurasına qəbul olunmamasını gündəmə gətiriblər: "Bu, çox xoşagəlməz haldır". R.Aslanova hesab edir ki, bu gün insan hüquqlarının qorunmasını qiymətləndirmək üçün əsas göstərici ölkənin beynəlxalq konvensiyalara sadiqliyi, milli qanunvericilikdə beynəlxalq müddəaların əks olunması, insan haqlarını qoruyan qanunların reallıqda həyata keçirilməsi, insan hüquqları üzrə yaranmış demokratik təsisatların fəaliyyətinin təmin edilməsi, ombudsman institutunun fəaliyyət göstərməsi olmalıdır: "Necə ola bilər ki, bütün bunlara rəğmən Azərbaycan BMT-nin İnsan Haqları Şurasına qəbul olunmasın? Azərbaycanda əsas prioritet sahə insan hüquqlarının təmin olunmasıdır və bu, dövlətin əsas amalı və məqsədi kimi qəbul olunub. Belə bir ölkədə necə ola bilər ki, insan haqları qorunmasın və bu sahədə vəziyyət pis olsun? Belə bir vəziyyətdə Azərbaycanın şuraya seçilməməsini çox xoşagəlməyən bir məqam və ölkəmizə qarşı qərzli mövqe kimi qiymətləndirirəm. Bu qərəzli mövqeni dəstəkləyən müxalifət nümayəndələrinə isə öz mövqelərinə yenidən baxmağı arzulayıram. Çünki bir vətəndaşlıq təəssübkeşliyi, dövlətə sədaqət hissi var. Amma Azərbaycanın nüfuzuna xələl gətirmək istəyən insanlar hələ də bunu sona qədər dərk etməyiblər".
R.Aslanova hesab edir ki, Azərbaycanın dünyada çox yaxşı nüfuzu və gözəl imici var. Eyni zamanda, Azərbaycanda baş verən prosesləri çox diqqətlə izləyən dövlətlər, ekspertlər ölkəmizdəki duruma obyektiv qiymət vermək iqtidarındadırlar: "Hesab edirəm ki, çox az vaxtdan sonra Azərbaycana belə bir qeyri-obyektiv münasibət göstərənlər bunun öz mənfi nəticələrini görəcəklər. Necə ki, İnsan Haqları Komissiyası yavaş-yavaş iflasa uğradı, İnsan Haqları Şurası da belə qərəzli münasibətlə çox da uzağa gedə bilməz".
İ.QULİYEV
Kaspi.-2009.-16-18 may.-S.5.