"Dissertasiyalara qoyulan tələblər keçmiş SSRİ-dəkindən daha ağırdır"

 

Qüdrət İsaqov: "Azərbaycanda qeydiyyatdan keçirilmiş patentlər böyük məkana çıxa bilmirlər"

 

Bir neçə gün əvvəl ölkə başçısının sərəncamı ilə "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı təsdiqlənib. Strategiyada və proqramda nəzərdə tutulan islahatların elm üçün müsbət dəyişikliklərə gətirəcəyi gözlənilir. Bəs bu gün Azərbaycanın elm sahəsində hansı problemləri mövcuddur? Bununla bağlı suallarımızı Fizika-riyaziyyat elmləri doktoru, Ali Attestasiya Komissiyasının Fizika üzrə ekspert şurasının üzvü Qüdrət İsaqov cavablandırıb.

 

- Azərbaycanda bu gün alim adını qazanmaq asandır?

- Azərbaycanda bu gün alim olmaq həm çox asan, həm də çox çətindir. Azərbaycanda arxalı insanların alim olması üçün heç bir problem yoxdur. Akademiyanın prezidenti Mahmud Kərimov da müsahibəsində deyib ki, dissertasiyalar pulla yazdırılır. Amma onun tam səlahiyyətləri var ki, dedikləri fikirləri aradan qaldırmaq üçün tədbirlər görsün. O, hansı institut direktorlarına, hansı dissertasiya şuralarının sədrlərinə deyib ki, siz bu insanlara meydan verməyin? Bunun sadəcə mətbuata deyilməsini mən populist addım kimi qiymətləndirirəm. O, öz dediklərini təkliflər şəklində prezidentə çatdırmalıdır. Öz zəhməti ilə alim olmaq istəyən və alim olanlar üçün alimlik hədsiz dərəcədə çətindir. Ona görə ki, bu gün Azərbaycan elminin maddi-texniki bazası olduqca zəifdir, elmdə yüksək vəzifələrdə çoxlu miqdarda arxalı insanlar əyləşiblər, öz zəhməti ilə çalışanlara isə şərait yaratmırlar. Ümumiyyətlə, zəhməti ilə çalışan insanlar onları az maraqlandırır.

- Əgər elmi sahədə maaş azdırsa, niyə elmlər namizədi olmaq istəyənlərin sayı artır? Eləcə də elmə aidiyyəti olmayan insanların pulla dissertasiya yazdırmaqda nə marağı var?

- O insanların heç bir maddi marağı yoxdur. Bir misal var: "Düzəlib hər yarağım, qalıb saqqal darağım". İndi onlar həmin o "saqqal darağı"nı istəyirlər ki, saqqalları bir az sığallı görünsün, əlavə rütbələr alsınlar. Sabah onu deputat seçməyəndə, yaxud seçiləndə desinlər ki, elmlər doktorudur. Burada ancaq şöhrətpərəstlik amili var. Eyni zamanda, həmin məmurlar bəzən işlədikləri idarələrdə ixtisara düşəndə qeyri-qanuni yolla layiq olmadıqları diplomların kölgələrinə sığınmaq istəyirlər. Mahiyyət bundan ibarətdir. Bu insanların elmə heç bir dəxli yoxdur, sadəcə olaraq, onların həmin diplomları qazanması bizim elmimizə pis nümunələr verir. Bu pis nümunələr artıq ənənəyə çevrilir həqiqi mənada öz qabiliyyəti, istedadı ilə irəliləmək istəyən insanlara həyat şəraitini yaxşılaşdırılmasında, vəzifələrdə olmasında maneçiliklər törədir. Elmdə bircə nəfər yüksək vəzifədə olan şəxs öz yerində deyilsə, bu, elmimizin dünyanın inkişaf istiqamətlərindən yayınmasına, kənarlaşmasına nəticədə Azərbaycanın gələcəyinin korlanmasına gətirib çıxaracaq.

- üçün bir çox elmlər namizədi uzun illər keçməsinə baxmayaraq, elmlər namizədi olaraq da yerlərində sayırlar? Qabağa getmələrinə mane olur?

- Ümumiyyətlə, bu problem bütün dünyada var. Dünyanın inkişaf etmiş ölkələrində hökm deyil ki, hamı professor olsun. Bir çox halda həmin insanların məhz elmi cəhətdən buna gücləri çatmır. Bəzən isə özləri doktor olmaq istəmirlər. Digər tərəfdən, istedadlı elmlər namizədi heç bir elmlər doktorundan geridə deyil. Amma onlar elə şəraitlərdə olurlar ki, öz imkanlarını reallaşdıra bilmirlər. Potensial elmdə inkişafın həddini müəyyənləşdirir.

- Təxmini hesablamalar aparsaq, bu gün Azərbaycanda saxta yolla alim adı qazanmaq neçəyə başa gəlir?

- Konkret bir rəqəm deyə bilmərəm. Kimin pulla yazdırdığını da bilmirəm. Amma respublikadakı dəqiq elmlər sahəsini götürsəniz, oradakı dissertasiyaların əksəriyyəti demək olar ki, müəllifin özünə pulsuz başa gəlib. Hüquq, iqtisadiyyat, humanitar sahələrdə isə çox adam var ki, pulla dissertasiya yazdırıb. Əgər Mahmud Kərimov deyirsə ki, pulla yazdıran insanlar var, hesab edirəm ki, onun informasiyaları mənimkindən daha dərin olmalıdır o, həmin insanların adlarını açıqlayıb, onlara qarşı tədbir görülməsi üçün dissertasiya şuralarına, dövlət müəssisələrinə məlumat verməlidir.

- Niyə fizika, kimya kimi sahələr üzrə alimlərimizin ixtiralarını görə bilmirik? Bu, həqiqətən belədir, yoxsa onların işləri kölgədə qalır?

- Dünya ölkələrinin müxtəlif elmlər üzrə reytinqləri var. Bununla məşğul olan təşkilatların araşdırmalarına görə, fizika elmi Azərbaycanda, dünya ölkələri içərisində digər elmlərə nisbətən daha yüksək reytinqə malikdir. Bunun əsas meyarlarından biri dünyada sitat indeksi yüksək olan elmi yurnallarda çap olunan əsərlərin sayıdır. Bu baxımdan, fizika elmi ilə Azərbaycanda digər heç bir elm müqayisə oluna bilməz. İkinci yerdə təxminən kimya, sonra biologiya, riyaziyyat s. elmlər gəlir. Bizim humanitar elmlərimizə görə isə Azərbaycan o reytinq cədvəllərində digər sahələr üzrə olduğundan qat-qat aşağıda, 100-120-ci yerlərdədir. Bu baxımdan, fizika elmi ən qabaqdadır. Sadəcə olaraq, bugünkü rellıqlar çərçivəsində fizika elmi Azərbaycanda o istiqamətdədir. Azərbaycanda dəqiq elmlər sahəsində çalışan insanların yaşayışının səviyyəsinə isə onun elmi dərəcələri ciddi təsir göstərmir. Baxmayaraq ki, həmin insanın özünün dünyada reytinqi yüksək ola bilər.

- Son illərdə öz ixtiralarına görə patent alan alimlərimiz qədərdir?

- Azərbaycanda qeydiyyatdan keçirilmiş patentlər xeylidir, normaldır. Amma bu patentlər böyük məkana çıxa bilmirlər. Ona görə yerli patentlər beynəlxalq qeydiyyatdan, məsələn, ABŞ, Avropa ölkələrində, Avropa Birliyinin patentləri şəklində keçsə, yaxşı olar. O zaman əgər kifayət qədər kapitalı, pulu olan hər hansı sahibkar ya investor hər hansı sənaye məhsulunun buraxılması üçün həmin patentin əsasında zavod yaradar, məhsul istehsal edə bilər. Beynəlxalq patentin sahibi isə bilər ki, onun patenti var bu patent onda olduğuna görə digər patent sahəsində plagiatlıq edənlər onu təlaşlandırmayacaq. Çünki bu patent tanınmış ölkələrdə, böyük coğrafi məkanda qeydiyyatdan keçirilib patentin müdafiəsi var. Güclü, beynəlxalq qanunlar həmin patentləri müdafiə edirlər. Ola bilsin ki, bu gün Azərbaycanda qeydiyyatdan keçən bir çox patent həmin o beynəlxalq patentlərin səviyyəsindədirlər. Sadəcə olaraq, onlar Azərbaycada, yəni balaca bir məkanda qeydiyyatdan keçdiyinə görə bu patentlərin beynəlxalq müdafiəsi yoxdur onlar hələ iqtisadiyyata bir şey vermirlər. Amma bir şey deyim ki, həmin ölkələrdə beynəlxalq patentləri qeydiyyatdan keçirmək üçün həmin alimin özü sponsorlar tapmalı, ya da patenti qeydiyyatdan keçirmək üçün özünün pulu olmalıdır. Patenti qeydiyyatdan keçirən müəssisə orqandır. Həmin patent sahibindən, yaxud da ki, patentə sponsorluq edən şəxsdən 100 min dollardan çox alır.

- Azərbaycanda patentlərin qeydiyyatdan keçməsi prosesi şəffafdırmı?

- Azərbaycanda həmin patentlərin qeydiyyatdan keçməsi demək olar ki, normal qaydadadır. Normal olaraq hər hansı bir patentin müəllifi çox da böyük çətinlik olmadan, bürokratiya ilə üzləşmədən öz ixtirasını qeydiyyatdan keçirir. Çünki patentlərə qazanc mənbəyi kimi baxılmır. Bunlar məqalə olmasa da, onlara adi bir məqalə kimi baxılır. Sadəcə olaraq, hətta bizdə müəlliflərin məqalələri daha yüksək səviyyəli sayılır. Hər hansı bir dissertasiya işi qiymətləndiriləndə də sitat indeksi yüksək olan yurnallarda çap olunan məqalələr patentlərdən daha yüksək elmi iş sayılır.

- Elmi işlərin plagiatlığı problemləri hansı vəziyyətdədir?

- Azərbaycan elimində plagiatlığın yoxlanılması bir qədər çətindir. Bəzən müəlliflər rus dilində, ingilis dilində və s. olan materialları Azərbaycan dilinə çevirirlər. O zaman plagiatlığı müəyyənləşdirmək də çətin olur. İnkişaf etmiş ölkələrdə texniki cəhətdən onu çox asanlıqla yoxlamaq imkanları var.

- Elmdə gənc alimlərdən ümidverici olanları var?

- Gənclərimizin əksəriyyəti istedadlıdır və ümidvericidir. Amma əfsuslar olsun ki, gənclərimiz elmdə həm yüksək elmi səviyyəsi olan insanlarla çalışırlar, eyni zamanda yüksək vəzifəli və rəhbərlik etdiyi sahədən xəbəri olmayan, hətta ali təhsili, elmi dərəcələri, rəhbərlik etdiyi sahələrə uyğun olmayan insanları da görürlər. Yəni gənclərimiz gələcəyin seçilməsi baxımından istər-istəməz dilemma qarşısında qalırlar. Nə qədər yüksək ideallardan danışsaq da, hər bir gənc gələcəkdə şəxsi həyatını qurmağı, rifahını yaxşılaşdırmağı düşünür. Onlar fikirləşir ki, arxalı adam olmaq, elmin asan yolunu götürmək daha sərfəlidir, nəinki elmin o daşlı-kəsəkli yolları ilə irəliləmək. Eyni zamanda, gənclər yaxşı görürlər ki, öz zəhməti ilə yaşayan insanlara hansı böyük çətinliklər yaradılır, hansı maneələrlə qarşılaşırlar. Bunu görəndə istər-istəməz mənfi tərəfə meyillənirlər. Həmin bu mənfi tərəfə meyillənənlər gələcəyin böyük istedad sahibləri, dahiləri də ola bilərdilər. Amma onların bəziləri çevrilib olurlar elmdə mənfi rollar oynayan bir müqəvva.

- Ali Atesstasiya Komissiyasından keçən işlərin hamısı elmi dərəcə verilməsi üçün layiqdirmi?

- Ali Attestasiya Komissiyasında kifayət qədər yaxşı işlər təsdiq olunur. Təsdiq üçün ora təqdim olunan namizədlik və doktorluq dissertasiyalarına qoyulan tələblər keçmiş SSRİ-dəkindən daha ağırdır. Bu şərtlər ümumiyyətlə, dissertasiyaların keyfiyyətli olmasına, həmin insanların elmdə inkişafına istiqamət verən yeganə meyardır. Vaxtilə Azərbaycanda 5-10 elmi məqalə ilə doktor olmaq imkanı var idi. Bu gün azərbaycanlı alimin respublika prezidentinin sərəncamı ilə təsdiq edilmiş Ali Atestasiya Komissiyasının Nizamnaməsinə görə elmlər namizədi olmaq üçün 5 elmi məqaləsi olmalı və onlar yurnallarda dərc olunmalıdır. 5 elmi məqalədən biri isə hökmən xaricdə çap olunan nüfuzlu yurnallarda dərc edilməlidir. Elmlər doktoru olmaq istəyən şəxsin yurnallarda dərc edilmiş ən azı 20 məqaləsi olmalıdır. Onun 6-sı isə sitat indeksi yüksək olan beynəlxalq yurnallarda dərc olunmalıdır. Yəni bu gün Azərbaycan Ali Attestasiya Komissiyası dissertasiyalara SSRİ dövründən də ağırlaşdırıcı şərtlər qoyub. Başqa cür mümkün də deyil. Yoxsa hamı gedib divar qəzetlərindəki məqalələri gətirib qoyacaqlar ortalığa, bununla da alimlik istəyəcəklər. Bəzi hallarda şübhə yoxdur ki, işlərin keçməsi üçün müxtəlif təzyiqlər də ola bilir. O qədər də böyük respublika deyilik. Buradakı insanlar hamısı bir-birini tanıyırlar. Müəyyən dərəcədə güzəştlər də olunur. Fikrimcə, bu güzəştlər də olmamalıdır. Dediyim kimi, humanitar elmlərlə dəqiq elmlərin fərqi məhz Ali Attestasiya Komisiyasında görünür. Bütün dissertasiyalar, avtorefaratlar buradadır. Adam məcburdur ki, özünün əsərlərinin elmi surətlərini təqdim etsin. O zaman həmin məqalələrin harada dərc olunmağı da çox yaxşı görünür. Mən Ali Attestasiya Komissiyasında fizika üzrə ekspertəm. Hələ ekspert olmamışdan çox-çox əvvəl Azərbaycan Ali Attestasiya Komissiyasının tarixi dövründə fizika, kimya, riyaziyyat, tibb, humanitar elmlər üzrə avtoreferatları və dissertasiyaları araşdırmışam. Dəqiq elmlərin humanitar elmlərdən müqayisə edilməz dərəcədə qabaqda olduğunu o zamandan müəyyən etmişəm.

- Elm sahəsində olan problemlərin aradan qaldırılması ilə bağlı hansısa təklifləriniz var?

- Hər bir kadr, əsasən də elmə başçılıq edənlər öz yerində olmasa, oturduğu kresloda niyə oturduğunu dərk etməsə, Azərbaycan elminin inkişafında böyük maneələr olacaq. Elmə büdcədən ayrılan vəsaitlər artırılmalıdır. Azərbaycan elminin maddi-texniki, təcrübi bazası yenidən yaradılmalıdır. Elmdə büdcə vəsaitlərinin xərclənməsinə ciddi nəzarət olmalıdır və insanların işə həvəslərini yaradan stimullaşdırıcı qaydalar yaradılmalıdır. Azərbaycanın elm və təhsil qanunu da təcili qəbul edilməlidir.

 

 

HƏQİQƏT

 

Kaspi.-2009.-19 may.-S.9.