Gövhər Həsənzadə müziklini
Avropaya çıxarır
Bəstəkar Şərq elementlərinə
üstünlük verib
"Eurovision-2009"-un
nəticələrinin Azərbaycanın
xeyrinə olmayacağı
barədə əvvəllər
bir sıra çıxışlar edən
bəstəkar Gövhər
Həsənzadənin indiki
mövqeyi fərqlidir.
O, Aysellə Araşın
mükəmməl ifasının
lazımi səviyyədə
qiymətləndirildiyini deyir.
Bu arada isə öyrəndik ki, "Eurovision-2008"-də
Azərbaycan təmsilçilərinin
ifa etdiyi "Day after day"
mahnısının müəllifi
Gövhər Həsənzadə
yeni ideyasını həyata keçirir.
Bəstəkarla söhbətdən sonra aydın oldu ki, o, ötən il ölkəmizi sözügedən müsabiqədə təmsil edən Elnurla Samiri Avropaya təqdim etmək niyyətindədir. Bəstəkar xanım bir müddət əvvəl vəd etdiyi müziklin hazırlıq ərəfəsində
olduğunu söylədi
və bildirdi ki, onu geniş
kütləyə sərgiləmək
üçün Avropaya
üz tutur: "Müziklin əsas hissələri hazırdır.
Çətin prosesləri
geridə qoymuşuq. Növbəti gərgin mərhələ isə onu təqdim etməkdən ibarətdir.
Amma burada bir məsələ var. Əvvəlcə biz onu geniş
orkestrin müşayiəti
ilə təqdim etmək niyyətində idik. Lakin sonradan
bunun hələlik mümkünsüzlüyünü nəzərə alıb, canlı ifanı əsas mərhələlər
üçün saxladıq.
Hələlik müzikl
texniki formada səsləndiriləcək. Onu
da qeyd edim
ki, layihəni peşəkar musiqiçilərin
ixtiyarına verməzdən
əvvəl mətbuat
işçilərinə təqdim
etməyi düşünürük".
Söhbətdən bəlli oldu ki, musiqili layihədə
Samir və Elnurla yanaşı, bir çox müğənninin ifasına
yer ayrılıb. Gövhər xanım hələlik Röyanın
adını çəkərək
onun iştirakının
tərəddüdsüz olduğunu
söylədi: "Digər
müğənnilərin səs
imkanları layihə ilə uyğunluq təşkil etməlidir. Bu səbəbdən seçim aparmaq məcburiyyətindəyik. Ola
bilsin müğənnilərlə
yanaşı, hansısa
qrupun iştirakını
da nəzərdə tutarıq".
Xatırladaq ki, müzikli yazmaq Gövhər Həsənzadəyə Musiqili
Komediya Teatrının
rəhbərliyi tərəfindən
sifariş olunmuşdu.
Bu səbəbdən layihənin öncə teatrda nümayişi vacibdir. Gövhər Həsənzadə dedi ki, hansısa təşkilat müziklin səhnələşdirilməsini öz üzərinə götürsə, təbliğat
işində o qurumun təklifləri də nəzərə alınacaq. Lakin bəstəkar ifaçılar
arasında dəyişiklik
etməyi düşünmür.
Çünki müzikli
yazanda məhz onların ifasını nəzərə alıb.
Sonda Gövhər xanım bildirdi ki, növbəti
çıxışları ilə Samir və Elnur Avropanı
yenidən təəccübləndirməyi
bacaracaq: "Bəzi ölkələr müziklin
məhz onlar üçün səsləndirilməsinin
marağındadırlar. Artıq
indidən bu tələbatı hiss etməyə başlamışıq.
Bu gün Avropanı peşəkar və bir qədər
də müasir elementlərlə maraqlandırmaq
mümkündür. Müzikli
yazarkən bu tələbləri nəzərə
almışam. Eyni zamanda, musiqini dinləyən hər bir əcnəbi Şərq elementlərini
açıq şəkildə
duya biləcək. Biz musiqi gücümüzü
onlara göstərməliyik.
Çünki avropalıya
öz musiqisini göstərmək artıq
yenilik hesab olunmur".
S.İBRAHİMOVA
Kaspi.-2009.-21 may.-S.16.