Orta məktəblərdə buraxılış imtahanlarının vaxtı müəyyənləşdi

 

Mərkəzləşdirilmiş qaydada keçirilən imtahanlar iyunun 3-dən 23-nə qədər davam edəcək

 

Bu il ölkəmizdə orta ümumtəhsil məktəblərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək. İmtahanlar Naxçıvan MR istisna olmaqla, Azərbaycanın bütün ümumtəhsil məktəblərinin və peşə liseylərinin şagirdləri, o cümlədən ötən dərs illərində buraxılış imtahanlarında qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən orta təhsil kursunu bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət etmiş şəxsləri də əhatə edəcək.

 

Artıq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş buraxılış imtahanlarının vaxtı və imtahan götürüləcək fənlər də əvvəlcədən müəyyən edilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın orta ümumtəhsil məktəblərinin IX sinif şagirdləri ana dili və riyaziyyat fənlərindən buraxılış imtahanları verəcəklər. XI sinif şagirdləri üçün isə imtahanlar ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya, xarici dil fənləri üzrə aparılacaq. Təlim gürcü dilində olan məktəblərin XI (XII) sinifləri üçün test imtahan sualları müvafiq rayon təhsil şöbələri tərəfindən Təhsil Nazirliyinin yerlərə göndərdiyi "Test bankı"ndan istifadə edilməklə hazırlanıb təsdiq ediləcək. Orta təhsil kursu üzrə buraxılış imtahanları saat 10.00-da başlamaqla üç saat vaxt ərzində bölgələr üzrə müvafiq qrafik əsasında keçiriləcək. Belə ki, iyunun 3-də Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Ucar, Zaqatala, Saatlı, Sabirabad və Qobustan rayonları üzrə imtahanlara başlanılacaq. İyun 8-də isə imtahanlar Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağdam, Ağstafa, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında keçiriləcək. Şirvan şəhəri, Abşeron, Ağcabədi, Laçın, Astara, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Neftçala, Salyan, Yardımlı və Zərdab rayonları üzrə isə imtahanlara iyunun 12-də start veriləcək. İyunun 16-sı üçün nəzərdə tutulan imtahanlar isə Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil müəssisələrini əhatə edəcək. Bundan başqa, əsas təhsil kursu üzrə buraxılış imtahanları üç saat vaxt verilməklə iyun 5-də reallaşacaq. Eksternat qaydasında əsas və orta təhsil kursu üzrə buraxılış imtahanları isə iyunun 23-də saat 10.00-da Bakı şəhərindəki 202 saylı məktəbdə keçiriləcək. Peşə liseylərində orta təhsil kursu üzrə buraxılış imtahanlarına gəlincə, bu proses artıq aprelin 24-də həyata keçirilib.

Nazirlikdən qeyd edilib ki, 2008-2009-cu tədris ilində ölkənin orta ümumtəhsil məktəblərinin XI sinfini 112.549 şagird bitirəcək. Bu göstərici 2006-cı ildə 116.389, 2007-ci ildə 116.812, ötən il 117.535 nəfər olub. Ümumtəhsil məktəblərinin XII sinfini başa vuran şagirdlər 2006-cı ildə 431, 2007-ci ildə 524, ötən il 311 nəfər olduğu halda 2009-cu ildə onların sayı 637 nəfərə yüksəlib. 2008-2009-cu tədris ilində təhsil ocaqlarının I sinfinə isə 119.600 şagird qəbul olunub. Bu göstərici 2006-cı ildə 116.958, 2007-ci ildə isə 117.921 nəfər təşkil edib. Nazirlikdən o da vurğulanıb ki, 2009-2010-cu dərs ilində isə I sinif şagirdlərinin sayının 125.114 nəfər olacağı proqnozlaşdırılır.

 

 

HƏQİQƏT

 

Kaspi.-2009.-21 may.-S.8.