"Müxalifətin
bütün yerlərə
namizəd irəli sürməyə potensialı
yoxdur"
Siyavuş
Novruzov: "YAP bələdiyyələrin
sayının kifayət qədər azaldılmasının tərəfdarıdır"
Yeni Azərbaycan
Partiyası (
- Bugünlərdə
Qazaxıstanın hakim "Nur Otan" Partiyasının
qurultayında iştirak etmisiniz. Bu ölkəyə səfərinizin
nəticələri haqqında məlumat vermənizi xahiş
edirik.
- Qazaxıstanın iqtidar
partiyası olan "Nur Otan" Partiyası ilə YAP
arasında çox sıx əlaqələr mövcuddur.
Partiyalarımız arasında münasibətlər yüksək
səviyyədədir. Qazaxıstanın hakim
partiyasının nümayəndələri də ikitərəfli
əməkdaşlıq müstəvisində
vaxtaşırı olaraq ölkəmizə səfərlər
edir. Qazaxıstana son səfərimizin məqsədi "Nur
Otan" Partiyasının XII qurultayı və bu partiyanın
10 illik yubileyi ilə bağlı idi. YAP-ın nümayəndə
heyəti olaraq mən və Milli Məclisin deputatı Ərəstun
Cavadov bu partiyanın qurultayında iştirak etdik. Ayın 13-dən
17-dək Almatı və Astana şəhərlərində
olduq. Öncə mayın 14-də "Nur Otan"
Partiyasının təşkilatçılığı ilə
ayrı-ayrı dövlətlərdən olan 14 siyasi
partiyanın nümayəndələrinin qatıldığı
Dəyirmi masa keçirildi. Dəyirma masanın mövzusu
dünyada baş verən iqtisadi böhranın aradan
qaldırılmasında siyasi partiyaların roluna həsr
olunmuşdu. Çin, Rusiya, Malayziya, İndoneziya, Hindistan,
Qırğızıstan, Monqolustan, Fransa, İtaliya,
İspaniya və s. ölkələrdən olan nümayəndələr
bu mövzuda fikir mübadiləsi apardılar. Ümumilikdə
belə rəy oldu ki, böhranın aradan
qaldırılması prosesində siyasi partiyaların
qarşılıqlı əlaqələri öz töhfəsini
verə bilər. Asiya Ölkələrinin Siyasi
Partiyalarının Forumunun sentyabr ayında növbəti
toplantısı olacaq. Belə bir tövsiyə oldu ki, 50-dən
çox ölkə və 200-dən artıq siyasi
partiyanın iştirakı ilə Forumda bu məsələ
gündəliyə salınsın və geniş müzakirələr
aparılsın. Mayın 15-də isə "Nur Otan"
Partiyasının qurultayı öz işinə
başladı. Qurultayda həm partiyanın, həm də
Qazaxıstanın həyatı üçün vacib olan qərarlar
qəbul olundu. Partiyanın sədri, Qazaxıstan prezidenti
Nursultan Nazarbayev qurultayda görülən işlər və
qarşıda duran vəzifələr haqqında
çıxış etdi. Nümayəndə heyəti olaraq
biz YAP adından təbriklərimizi çatdırdıq.
- Səfər çərçivəsində
digər ölkələrin partiya nümayəndələri
ilə ikitərəfli görüşləriniz oldumu?
- Bəli, bir sıra partiya
nümayəndələri ilə görüşdük.
Qırğızıstanın "Ağ Yol" Partiyası,
Rusiyanın "Yedinaya Rossiya" Partiyası, Türkiyənin
"Ədalət və İnkişaf" Partiyası,
Monqolustan, Malayziyadan olan partiyaların nümayəndələri
ilə ikitərəfli görüşlərimiz olub.
Görüşlər zamanı əlaqələrimizin daha da
genişləndirilməsi haqqında ətraflı fikir
mübadiləsi apardıq.
- YAP dünyanın bir çox
nüfuzlu siyasi partiyası ilə sıx əməkdaşlıq
edir. Bu istiqamətdə daha hansı layihələr həyata
keçiriləcək?
- Partiyamızın çox
geniş beynəlxalq əlaqələri mövcuddur. Həm
Asiya, həm Avropa ölkələrinin siyasi partiyaları ilə
əməkdaşlıq edirik. Bir il öncə Bakıda
YAP-ın təşəbbüsü ilə
"Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu"
mövzusunda beynəlxalq konfrans keçirildi. Həmin
konfransda dünyanın aparıcı dövlətlərini təmsil
edən 30-dan artıq siyasi partiyanın nümayəndələri
iştirak edirdi. Bütövlükdə həmin
partiyaların hər biri ilə çox sıx əlaqələrimiz
var.
- YAP-ın uğurlarının əsasında
duran amillərdən biri də dünyanın müasir
seçki texnologiyalarından səmərəli istifadə etməsidir.
Son seçkiləri böyük qələbələrlə
başa vuran YAP-ı qarşıda bələdiyyə
seçkiləri də gözləyir. Partiyanın bələdiyyə
seçkilərinə hazırlığı barədə nə
deyə bilərsiniz?
- Referendumun nəticələrini
dairə və məntəqələr üzrə müzakirə
etdik və təhlillərimizi apardıq. Bizim hər bir məntəqədə
müşahidəçilərimiz var idi ki, seçkinin
gedişi haqqında mütəmadi olaraq məlumat verirdilər.
Seçkidən sonra isə onlara blanklar vermişdik ki, oraya
öz fikir və rəylərini bildirməklə, hər məntəqə
üzrə fikirlərini çatdırsınlar. Biz
bütün bunların geniş təhlilini apardıq.
Partiyamızda bələdiyyə seçkiləri ilə
bağlı ciddi hazırlıq işləri gedir. Artıq bu
ayın sonundan başlayaraq bələdiyyə seçkilərinə
hazırlıqla əlaqədar zona müşavirələri
keçirilməsinə başlanacaq. Rayon və şəhər
təşkilatları üçün həm qanunvericiliyin tam
öyrənilməsi və tətbiqi, həm də namizədlərin
seçilməsi, onların müəyyənləşdirilməsi
məsələləri gündəmdə durur. Bu barədə
seçki planımıza uyğun olaraq seçkilərə
hazırlıq məqsədi ilə rayon və şəhər
təşkilatlarında tədbirlər keçiriləcək.
Onların iş planı təsdiq olunacaq və buna uyğun fəaliyyət
göstərəcəklər. Prezident seçkilərində
və referendumda fəal iştirak edən gənclərin və
qadınların potensialından istifadə etməyi
düşünürük. Çünki son seçkilərin
hazırlanmasında, təbliğat-təşviqat işlərində
gənclərin və qadınların potensialından səmərəli
istifadə etdik.
- Bələdiyyə seçkiləri
ilə əlaqədar Seçki Məcəlləsinə dəyişikliklərin
edilməsi təklifinə münasibətiniz necədir?
- Yeni Azərbaycan Partiyası tərəfindən
Seçki Məcəlləsinə bələdiyyələrlə
əlaqədar müəyyən təkliflər irəli
sürülüb. Ölkədə iki dəfə bələdiyyə
seçkiləri keçirilib və həyat göstərdi
ki, respublikamızda bələdiyyələrimizin sayı həddindən
artıq çoxdur. Bələdiyyələrin sayının
azaldılması məsələsi aktual mövzudur. Bu bizim təklifimizdir.
Bu gün böyük rayonlarda elə yerlər var ki, 19 nəfər,
17 nəfər, 15 nəfər və 3 nəfərə qədər
bələdiyyələr mövcuddur. Bu da həddindən
artıq çoxdur. Biz bu sayın kifayət qədər
azaldılmasının tərəfdarıyıq. Bu amil bələdiyyələrin
işinin keyfiyyətli olmasına, idarəçilik sisteminin təkmilləşməsinə
böyük kömək göstərə bilər.
- 2004-cü ildə bələdiyyə
seçkilərini boykot edən müxalifət partiyaları
bu dəfə seçkilərdə iştirak etmək istəklərini
bəyan ediblər. Amma bunun üçün bəzi şərtlər
irəli sürməkdədirlər...
- YAP həmişə cəmiyyətdə
dialoqun tərəfdarı kimi çıxış edib. Amma
bu, seçkidir. Kim istəsə iştirak edə və ya etməyə
bilər. Sadəcə olaraq, müxalifətin bütün yerlər
üzrə namizəd irəli sürməsi üçün
potensialı yoxdur. Söhbət bundan gedir. Eyni zamanda,
potensialla yanaşı, elə namizəd olmalıdır ki,
onun seçilmə imkanları mümkün olsun. Parlament
seçkilərindən fərqli olaraq bələdiyyə
seçkiləri daha mürəkkəbdir. Yerlərdə namizədləri
daha yaxşı tanıdıqları üçün
mübarizə də daha gərgin gedir. Biz namizəd irəli
sürərkən, məhz bu amili əsas
götürürük və nəzərə alırıq
ki, həmin namizəd insanlar arasında daha yaxşı
tanınır. Siyasi partiyaların rəhbərlərinə
tövsiyə edirəm ki, öz namizədliklərini versinlər,
görsünlər ki, heç olmasa bələdiyyə
üzvü seçiləcəklər, ya yox. Çünki
onlar böyük iddialarla yaşayırlar. Ona görə də
ilk növbədə güclərini bələdiyyə
seçkilərində sınamalıdırlar.
- Siyavuş müəllim,
Konstitusiya dəyişikliklərində bələdiyyələrlə
də bağlı müəyyən müddəalar var. Bu
baxımdan bələdiyyələr haqqında qanunlara
hansı yeniliklərin edilməsi zəruridir?
- Təbii ki, müəyyən dəyişikliklər
ediləcək. Bələdiyyələrlə bağlı Azərbaycanda
20-yə yaxın qanun var. Bu qanunların hamısı Avropa
standartlarına cavab verir. Lakin Konstitusiya dəyişiklikləri
ilə əlaqədar bələdiyyələrlə
bağlı bir neçə müddəa ortaya
çıxıb ki, bunlar qanunla tənzimlənməlidir. Məsələn,
bələdiyyələrin parlamentdə hesabatı məsələsi.
Bütün bunlar qanunvericiliklə tənzimlənəcək.
- Siz Milli Məclisin deputatı
olaraq NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə
heyətinin üzvüsünüz. Qurumun bu yaxında
keçiriləcək yaz sessiyası haqqında nə deyə
bilərsiniz?
- NATO-Azərbaycan münasibətləri
yüksələn xətlə inkişaf edir. Bilirsiniz ki, hərbçilərimiz
bu yaxınlarda Gürcüstanda keçirilən hərbi təlimlərdə
iştirak etdi. Baxmayaraq ki, NATO üzvü olan və NATO ilə
əməkdaşlıq edən ölkələrin bəziləri
bu təlimlərdə iştirakdan imtina etmişdilər.
Mayın 22-27-də NATO Parlament Assambleyasının yaz sessiyası keçiriləcək. Nümayəndə heyəti sessiyanın gündəliyində duran məsələlər haqqında öz fikirlərini bildirəcək. Həm eneryi təhlükəsizliyi, həm Cənubi Qafqazda baş verən hadisələr, həm də digər məsələlərlə əlaqədar mövqeyimizi ifadə edəcəyik.
- Son olaraq
bir məsələyə
də münasibətinizi
bilmək istərdik. Türkiyənin baş
naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri
nəinki ölkəmizdə, hətta dünyada da geniş
müzakirə mövzusudur. Siz bu səfərin əhəmiyyətini
necə qiymətləndirirsiniz?
- Azərbaycanla Türkiyə
arasında dostluq və qardaşlıq əlaqələri
mövcuddur. Narahatlıq doğuran məsələlərə
gəlincə, Türkiyənin baş nazirinin ölkəmizə
səfəri zamanı bu məqamlara aydınlıq gətirildi.
Görüşlər zamanı prezident İlham Əliyev qeyd
etdi ki, narahatlıq doğuran məqamlar artıq
keçmişdə qaldı. Türkiyənin baş naziri
ölkəsinin mövqeyini açıq şəkildə bəyan
etdi. Bizim aramızda dostluq və qardaşlıq münasibətləri
var. Bu münasibətlərə heç kəs kölgə
salmamalıdır. Hesab edirəm ki, münasibətlərimiz
bundan sonra da yüksələn xətlə inkişaf edəcək.
Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycanla
Türkiyə "bir millət, iki dövlət"dir.
K.HACIYEV
Kaspi.-2009.-20
may.-S.6.