"Münaqişənin həll variantlarının heç birindən imtina etməmişik"

 

Aydın Mirzəzadə: "Təcavüzkarı ömürlük bağışlamaq fikri cəmiyyətdə yoxdur"

 

Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi intensivləşməkdədir. Amma Azərbaycan və Ermənistan prezidentləri arasında mayın əvvəlində Praqada keçirilən və böyük önəm verilən görüş də istənilən nəticəni vermədi. İndi prezidentlərin gələn ay Sankt-Peterburqda görüşməsi planlaşdırılır. Bütün bunlar ikili təəssürat yaradır. Birincisi, danışıqların intensivləşməsi gələcəyə ümid yaradır. Amma ikinci tərəfdən, prezidentlər arasındakı görüşlərdə nəticə əldə olunmaması prosesin gələcəyinə olan inamı azaldır. Bu isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə olan ümidləri öldürür. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə ilə söhbətimizi də bu mövzu üzərində qurduq.

 

- Aydın müəllim, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən nə gözləyirsiniz? Bu görüş də Praqa görüşü kimi nəticəsiz sonuclanmayacaq ki?

- Əvvəla qeyd edim ki, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi yönündə aparılan məlum danışıqlar prosesində hansısa görüşü problemin ümumi həlledilmə prosesindən ayırmaq düzgün deyil. Çünki danışıqlar prosesində reallaşdırılan hər hansı bir görüş birdəfəlik görüş sayıla bilməz. Prosesdə görüşlər silsiləsi var. Bunun yekununda da münaqişənin həlli ehtimal olunur. Eyni zamanda, hansısa bir görüşdə nəticənin alınmamasının özü də faciə deyil. Düzdür, hər birimiz istərdik ki, Dağlıq Qarabağ problemi tez həll olunsun, Ermənistan işğalçılıq siyasətinin tək Azərbaycana deyil, ondan daha çox özünə ziyan vurduğunu gec də olsa dərk etsin. Amma çox təəssüflər olsun, bu, hələ ki, arzu olaraq qalır. Həm də görünür, proses ağır gedir, müəyyən vaxt tələb edir. Bununla belə, hiss olunur ki, hazırda problemin həlli üzərində ciddi işlənilir. Elə son vaxtlar danışıqlara vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona tez-tez səfərlər etməsini, prezidentlərin təkbətək görüşlərinin intensivləşməsini də bununla əlaqələndirmək olar. Onu da nəzərinizə çatdırmaq istərdim ki, danışıqlar prosesində hansı detalların həll edildiyi barədə bizim heç birimizin müfəssəl məlumatımız yoxdur. Lakin bununla yanaşı, cənab prezident İlham Əliyev danışıqlar prosesi barədə bir neçə dəfə müəyyən informasiya verib. O, danışıqların ümumən Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində getdiyini bəyan edib. Ermənistan tərəfi isə vaxtaşırı danışıqlar prosesini təhrif etməyə və yaxud müzakirələri öz baxış bucağı altında verməyə cəhd edir. Ancaq problemi Ermənistanın arzusu deyil, Azərbaycanın ədalətli tələbləri həll edəcək. Bir daha qeyd edirəm ki, problemin həlli istiqamətində vaxtaşırı görüşlərin keçirilməsi, danışıqların aparılması müsbət haldır. Danışıqlarda istədiyimiz nəticə hələ əldə edilməsə də, hər halda azacıq da olsa, irəliyə doğru bir nəticə var. Həmçinin hər görüşdə Azərbaycan tərəfi artıq daha inamlı, daha qətiyyətli şəkildə hərəkət edir. Rusiyanın da həmsədrlərdən biri kimi təşəbbüs göstərməsi alqışlanandır. Sirr deyil ki, Rusiyanın Cənubi Qafqazda böyük təsiri və eyni zamanda, Ermənistanla xüsusi münasibətləri var. Konkret olaraq, Rusiya prezidenti Dmitri Medvedyevin iki dəfə özünün iştirakı ilə görüş təşkil etməsi də münaqişə tərəflərini problemin həllinə doğru aparır. Burada diqqəti cəlb edən iki görüş arasında vaxtın bir ay çəkməsidir. İndiyə qədər - 1992-94-cü illərdən bəri davam edən danışıqlarda hələ bir dəfə də olsun görüşlər belə qısa intervalla keçirilməyib. Bir sözlə, biz istərdik ki, prezidentlərin Sankt-Peterburq görüşündə heç olmasa münaqişənin həlli ilə bağlı baza prinsipləri razılaşdırılsın.

- Belə bir fikir var ki, Dağlıq Qarabağ münaqişəsini yaradan və alovlandıran keçmiş SSRİ-nin varisi olan indiki Rusiyadır. Bu baxımdan, sizcə Rusiya bu münaqişənin həll edilməsində ədalətli mövqe nümayiş etdirəcəkmi? Daha doğrusu, yaxın gələcəkdə Rusiyanın belə bir mövqe nümayiş etdirəcəyi gözləniləndirmi?

- Biz Rusiyanı keçmiş SSRİ-nin tam varisi, tam xələfi hesab etmirik. Düzdür, əsas varis Rusiyadır, baza, aparıcı dövlət kimi Rusiya götürülür. Amma bütövlükdə Rusiya SSRİ siyasətinin davamçısı deyil. Belə demək mümkünsə, keçmiş SSRİ-nin törətdiyi əməllərə görə Rusiya tam cavabdehlik daşıya bilməz. Bəli, bəzən Rusiyanın siyasətində keçmiş SSRİ-yə xas olan müəyyən addımları və xüsusiyyətləri görürük. Amma bununla belə, bu gün Dağlıq Qarabağ probleminin həllində Rusiyanın neytral mövqe tutmasının özü də hər halda diqqətçəkən bir amildir. O başqa məsələ ki, biz Rusiyanın daha ciddi, daha fəal rol oynamasını istərdik. Elə cənab İlham Əliyevin Rusiyaya səfərləri zamanı həmin ölkənin keçmiş və indiki prezidentlərini problemin həllində fəal iştiraka çağırışı göz qarşısındadır. Mən çox istərdim ki, problemlərin həlli istiqamətində prezidentlərin görüşünün təşəbbüskarı Rusiya ilə yanaşı, digər həmsədr dövlətlərin - ABŞ və Fransanın prezidenləri də olaydı. Hər halda bunlar da gələcəkdə mümkündür.

- Heç kimə sirr deyil ki, Ermənistan daha çox Rusiyanın dediyi ilə oturub-duran bir ölkədir. Daha doğrusu, Rusiya rəsmilərinin özlərinin dediyi kimi, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı forpostudur. Buna görə əksəriyyət də belə düşünür ki, Qarabağ münaqişəsinin çözülməsi istiqamətində Rusiya tərəfindən təzyiqlər daha çox Ermənistana yönəlməli və Ermənistan ədalətli sülh variantına getməyə, kompromisə vadar olunmalıdır.

- Biz hər halda Rusiya tərəfindən məhz belə bir mövqeni gözləyirik. İnanırıq ki, Rusiya nəhayət, bu münaqişənin həll olunmasında öz ədalətli mövqeyini ortaya qoyacaq, öz ədalətli sözünü deyəcək. Şəxsən mənim belə bir gözləntim var.

- Ümumiyyətlə, yaxın zamanlarda hansısa ilkin sülh razılaşmasının əldə edilməsi mümkündürmü?

- Bu danışıqların sonda sülh sazişinin imzalanması ilə nəticələnəcəyi gözləniləndir. Danışıqlara vasitəçilik edənlər də prosesin bu sonluqla başa çatmasına çalışırlar. Dağlıq Qarabağ münaqişəsi artıq düynanın siyasi gündəminə də fəal şəkildə daxil olub. Bu münaqişənin həlli artıq dünyanın böyük dövlətlərinin liderlərinin görüşlərində əsas məsələlərdən biri kimi nəzərdən keçirilir. Beynəlxalq təşkilatlar da münaqişənin tezliklə həllinin vacibliyini vurğulayırlar. Dünyanın demək olar ki, bütün dövlətləri münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və sülh yolu ilə həllini dəstəkləyirlər. Belə olan şəraitdə sülh danışıqları mütləq nəticə verməlidir. Bu gün münaqişənin həlli ilə bağlı hər iki variant - həm hərb, həm sülh yolu Azərbaycanın gündəmdədir. Biz bu yolların heç birindən imtina etməmişik. Hazırda münaqişənin sülh yolu ilə həlli resursları bitmədiyinə görə hələlik sülh danışıqlarının davam etdirilməsi variantına üstünlük verilir. Bununla belə, bu o demək deyil ki, Azərbaycan münaqişəni yalnız sülh yolu ilə həll etmək əzmindədir. Təcavüzkarı ömürlük bağışlamaq fikri Azərbaycan cəmiyyətində yoxdur. Ancaq danışıqlar prosesində intensivliyin artması, həmsədr ölkələrin bu məsələyə hər dəfə daha ciddi diqqət yetirməsi münaqişənin çox da uzaq olmayan vaxtda həll ediləcəyinə müəyyən qədər işarə vurur...

- 2010-cu ilin ortalarına kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə hansısa ümidləriniz varmı?

- Çox təəssüflər olsun ki, tarixi proseslərdə konkret vaxt, müddət göstərmək mümkün olmur. Ancaq bununla belə, Azərbaycan xalqı ədalətli sülhə həmişə hazırdır.

- Sizcə arzuolunan ədalətli sülh sonucda mümkünləşəcəkmi?

- Həmişə tarixdə ədalət sonda qalib gəlir. Bu baxımdan, Azərbaycanın da öz ərazi bütövlüyünü təmin edəcəyi, Ermənistan işğalçılarını torpaqlarından qovacağı gün kimi aydın bir məsələdir.

 

 

İ.QULİYEV

 

Kaspi.-2009.-20 may.-S.5.