"Cənubi Qafqazdakı münaqişələrin
həlli üçün münbit geosiyasi şərait
formalaşmayıb"
Gültəkin
Hacıbəyli: "Azərbaycanın
hər bir addımı
balanslaşdırılmış olmalıdır"
Müsahibimiz
Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədr
müavini Gültəkin Hacıbəylidir.
-
Gültəkin xanım, bildiyiniz kimi, bir müddət öncə
Azərbaycan və Ermənistan prezidentlərinin Praqa
görüşü oldu və bu görüş bəzi
gözləntilərə baxmayaraq, nəticəsiz başa
çatdı. İndi isə hər iki dövlət
başçısının Sankt-Peterburqda bir araya gələcəkləri
gözlənilir. Bu görüşdə Qarabağ
münaqişəsi ilə bağlı tərəflər
arasında heç olmasa baza prinsipləri üzrə
razılaşma əldə oluna bilərmi?
-
Mənim Praqa görüşü ilə bağlı
hansısa nikbin bir gözləntim yox idi. Eyni zamanda, Praqa
görüşünün uğursuzluğunu bir
çoxları bu görüşün Praqadakı
ABŞ-ın səfirliyində baş tutması ilə əlaqələndirir.
Bu mövqedə olanlar düşünürlər ki,
görüş ABŞ-ın təşəbbüsü ilə
reallaşdığından Rusiya sülhlə bağlı
hansısa razılaşmanın əldə olunmasına
razılığını verə bilməzdi. İndi isə
bir qrup insan qarşıdan gələn Sankt-Peterburq
görüşünə hansısa ümidlər bəsləyir.
Onlar bildirirlər ki, sözügedən görüşdə
Rusiya tərəfi hansısa ciddi addımların
atılması ilə bağlı Serj Sərkisyana öz ənənəvi
tapşırıqlarını verəcək. Beləliklə
də təlimat almış Ermənistan prezidenti
özünün daha çox danışıqlara, kompromisə
meyilli olduğunu nümayiş etdirəcək...
-
Siz bu iddiaları nə dərəcədə əsaslı
hesab edirsiniz?
-
Mən bu iddiaları da reallıqdan uzaq və sadəlövh
gözləntilər hesab edirəm. Bu mənim şəxsi
mövqeyimdir. Düşünürəm ki, Praqada olduğu
kimi Sankt-Peterburq görüşündə də heç bir
ciddi irəliləyişdən söhbət gedə bilməz.
Tərəflər bu danışıqlarda da münaqişənin
həllinə bir addım olsun belə yaxınlaşmayacaqlar. Bu
günə qədər davam edən danışıqlar
prosesi də göstərir ki, son 17-18 ildə proses ölü
nöqtədən tərpənməyib. Bu illər ərzində,
sadəcə, dəfələrlə müxtəlif tənzimlənmə
variantları ortaya atılıb, münaqişənin gah mərhələli,
gah paket həlli variantları müzakirəyə
çıxarılıb. Lakin bunlar təşəbbüs
olmaqdan o yana keçməyib. Bu da təbiidir. Çünki
Dağlıq Qarabağ münaqişəsini yaradanların
müəyyən məqsədləri var.
-
Sizcə hədəf alınan həmin məqsədlər
öz aktuallığını itirib, yoxsa itirməyib?
-
Xeyr, itirməyib. Hədəf alınan həmin məqsədlər
öz aktuallığını bu gün də
saxlamaqdadır. Bölgədəki münaqişə Azərbaycanın
Avropaya inteqrasiya meyillərinin qarşısını almaq
istiqamətində bir əngəl kimi
yaradılmışdı və bu günə qədər də
Qarabağ münaqişəsinin həll olunmamasında əsas
səbəb odur ki, Cənubi Qafqazın geosiyasi perspektivləri
ilə bağlı hələ vahid bir mövqe
formalaşmayıb. Cənubi Qafqazda fərqli trayektoriya istiqamətində
geosiyasi fəaliyyətlər sərgilənməkdədir. Belə
ki, Gürcüstan birmənalı olaraq Qərbə istiqamətlənərək
Avroatlantik məkana inteqrasiya siyasətini gerçəkləşdirir,
Ermənistan Rusiyanın vassalı və forpostu kimi Rusiyaya,
Kollektiv Təhlükəsizlik Müqaviləsinə inteqrasiya
siyasətini həyata keçirir, Azərbaycan isə hələ
ki, öz milli maraqlarını, təhlükəsizlik
maraqlarını çətin mübarizədən salamat
çıxarmaq iqtiqamətində çabalar göstərir.
Mənzərənin kifayət qədər qeyri-müəyyən
olduğu belə bir vaxtda Qarabağ münaqişəsinin həllindən
danışmaq nəinki yersizdir, mənə elə gəlir
ki, bu, sadəlövhlük olardı. Bu münaqişənin həlli
nəticə etibarilə gələcəkdə Cənubi Qafqazın
geosiyasi oriyentasiyasının müəyyənləşdiyi
anlamına gələ bilər ki, bu da hələ ki, real
görünmür...
-
Sözlərinizdən belə çıxır ki, əslində,
Cənubi Qafqazın bugünkü reallığı bunun
tamamilə əksini bəyan edir...
-
Bəli. Tamamilə doğrudur. Bu gün Cənubi Qafqazın
Avropaya inteqrasiya istiqamətində flaqmanı sayılan
Gürcüstanda çox gərgin bir vəziyyət var. Keçən
ilin avqustunda başlanan olayların nəticəsi olaraq Abxaziya
və Cənubi Osetiyada Rusiyanın günü-gündən
artan hərbi təsiri çox ciddi mətləblərdən
xəbər verir. Belə bir vaxtda Sankt-Peterburq
görüşündən də nəsə gözləmək
düzgün deyil. Digər bir tərəfdən, Rusiyanın
Gürcüstana, Azərbaycana qayıtmaq istiqamətində
çox ciddi səyləri ortadadır. Məsələn, bu
yaxınlarda MDB-nin Kollektiv Təhlükəsizlik
Şurasına üzv olan ölkələrə Rusiya güzəştli
şərtlərlə silah satacağı ilə bağlı
bəyanat verdi. Bununla ruslar Ermənistana bundan sonra da hərbi
yardım göstərəcəklərini nümayiş
etdirdilər. Bununla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrlərinin
heç bir məntiqə sığmayan və heç bir məntiqi
ardıcıllığı olmayan bəyanatları da məlum
mənzərəni bir daha çılpaqlığı ilə
ortaya qoyur.
-
Minsk qrupunun həmsədrlərindən söhbət
düşmüşkən, ötən həftə bölgəyə
növbəti səfərini reallaşdıran Fransanın
Minsk qrupundakı həmsədri Bernar Fasye Qarabağ
münaqişəsini uzun filmə bənzətdi və qeyd
etdi ki, bu, hələ filmin başlanğıcıdır. O,
eyni zamanda bəyan etdi ki, Qarabağ münaqişəsinin həlli
Yaxın Şərq münaqişəsinin həllindən tez
ola bilər...
-
Mən Bernar Fasyenin söylədiklərinə
qatılıram. Onun söylədikləri, əslində,
Dağlıq Qarabağ münaqişəsinin bugünkü həlli
perspektivlərini kifayət qədər çox açıq
şəkildə ortaya qoyur. Yəni onun bu bəyanatı
simptomatik bəyanatdır. O, sizin də qeyd etdiyiniz kimi, deyir
ki, Qarabağ münaqişəsinin həlli Yaxın Şərq
münaqişəsinin həllindən tez olacaq. Siz də
bilirsiniz ki, Yaxın Şərq münaqişəsinin həlli,
ümumiyyətlə, görünmür. Bu gün heç kim
deyə bilməz ki, 30 ildən, 40 ildən, yaxud 100 ildən
sonra Yaxın Şərq münaqişəsi öz həllini
tapacaq. Düşünürəm ki, bu münaqişə
dünyanın ən çətin həll oluna bilən
münaqişələrindəndir. Bu münaqişənin həlli
perspektivləri çox qaranlıq görünür. Bu
baxımdan, Qarabağ münaqişəsinin həlli perspektivlərinin
Yaxın Şərq münaqişəsinin nizamlanması
şansları ilə müqayisəsi artıq Bernar Fasyenin
özünün də həyata keçirdiyi işə nə
dərəcədə qeyri-ciddi yanaşmasından və bu
işin qeyri-ciddiliyinin fərqində olmasından xəbər
verir. Bu bəyanat əslində o deməkdir ki, Qarabağ
münaqişəsinin həlli istiqamətində bu gün vəziyyət
sıfır nöqtəsindədir. Son dövrlər Türkiyənin
Ermənistanı Rusiya orbitindən çıxararaq
özünə doğru meyilləndirmək istiqamətində
atdığı addımlara baxmayaraq, Qarabağ, Cənubi
Osetiya, Abxaziya münaqişələrinin həlli perspektivləri
çox qaranlıq və müəmmalıdır. Bu
münaqişələrin həlli üçün münbit
geosiyasi şərait hələ formalaşmayıb.
-
Gültəkin xanım, bayaq inteqrasiya məsələsinə
toxunaraq qeyd etdiniz ki, bu gün Gürcüstan daha çox
Avroatlantik məkana, Rusiyanın vassalı kimi Ermənistan daha
çox MDB-yə inteqrasiya edir, Azərbaycan isə belə demək
mümkünsə, bir növ aralıq mövqe tutur. Belə
olan halda həm Rusiyadakı, həm Qərbdəki maraqlı
qüvvələr Azərbaycanı öz tərəflərinə
çəkmək üçün burada daxili
çaxnaşmaların yaradılmasına növbəti cəhdlərini
edə bilərlərmi? Ən azı Gürcüstanda
yaşanan gərgin hadisələrin Azərbaycanda da
yaşadılması cəhdləri gözləniləndirmi?
-
Bilirsiniz, əslində, Azərbaycanın başqa
çıxış yolu da yoxdur. Azərbaycan çox təhlükəli
coğrafiyada yerləşir. Azərbaycan Şimaldan və Cənubdan
kifayət qədər ciddi iddiaları, niyyətləri olan
dövlətlərlə əhatə olunub. Hətta Azərbaycanın
Şərq və Qərb qonşularının zaman-zaman istər
açıq, istərsə də gizli formada ölkəmizə
qarşı ərazi iddialarını səsləndirməsi
faktları göz önündədir. Belə bir gərgin
qonşuluq mühitində yaşayan Azərbaycanın, təbii
ki, atdığı hər bir addım
ölçülüb-biçilmiş və
balanslaşdırılmış və hesablanmış
olmalıdır. Bu baxımdan, Azərbaycanın tutduğu
mövqeni düzgün mövqe hesab edirəm. Əks
addımlar atmaq, birmənalı olaraq, bir tərəfə həddindən
artıq meyillənmək odla oynamaq effektini verə bilər. Sözsüz
ki, Azərbaycana istər Şərqdən, istər Qərbdən
müdaxilə cəhdləri var. Həm Rusiya, həm Qərb
tərəfdən vaxtaşırı Azərbaycanın
ictimai-siyasi həyatına müdaxilə etmək, Azərbaycan
cəmiyyətində müəyyən bir destabilizasiya faktoru
rolunu oynayaraq müəyyən gərginlik yaratmaq niyyətləri
olub və bu gün də mövcuddur. Ancaq bu günə qədər
Azərbaycan hakimiyyəti tərəfindən bu cəhdlərin
qarşısı həmişə müvəffəqiyyətlə
alınıb. Bilirsiniz, biz əslində yaxın tarixə nəzər
salsaq, ölkəmiz üçün çox müsbət
olan, müstəqillik tarixinə yazıla biləcək müəyyən
məqamları, reallıqları mütləq qeyd etməliyik.
Bu reallıq da ondan ibarətdir ki, Cənubi Qafqaz uğrunda
mücadilənin Azərbaycan uğrunda mücadilə
olmasına baxmayaraq, çünki əsas karbohidrogen
ehtiyatları Azərbaycanda yerləşir, Azərbaycan
dünya bazarına neftini, qazını çıxarmaqla nəinki
özünün milli, hətta Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında ciddi rol oynayır və bu da faktiki olaraq
Rusiyanın maraqlarına heç bir dərəcədə
uyğun gəlmir, - bu gün bu mücadilənin gərginliyi
Azərbaycan üzərindən Gürcüstana yönəldilib.
Azərbaycan bölgənin - istər əhalisinin sayı, istər
ərazisi baxımından aparıcı dövləti olmaqla Cənubi
Qafqazın əsas söz sahibinə çevrilən bir
dövlətdir. Bir faktı da nəzərdən
qaçırmayaq ki, Azərbaycan bu gün türk
dünyasının birləşdirici həlqəsidir. Azərbaycan
bu gün Türkiyə ilə Orta Asiya arasında körpü
rolunu oynayan bir ölkədir. Bundan başqa, Azərbaycan xarici
ölkə əsgərinin Cənubi Qafqazı tərk edən
ilk ölkəsidir. Yəni rus qoşunları 1992-93-cü illərdə
Azərbaycanı tərk etdi. Qarabağ münaqişəsinin
daha gərgin bir fazaya qədəm qoyması, Azərbaycan ərazilərinin
işğalı məhz həmin dövrdən sonra
başladı. Azərbaycanın Cənubi Qafqaz uğrunda
savaşın əsas hədəfi olmasından
yayındırılmasında mərhum dövlət
başçısı Heydər Əliyevin müstəsna xidmətləri
var. Bunlar məhz onun tarixi xidmətləri ilə
bağlıdır. Mənə elə gəlir ki, bu siyasəti
davam etdirmək Azərbaycanın bölgədə
mövcudluğunu, müstəqil inkişafını təmin
etmək üçün yeganə alternativsiz yoldur. Qonşu
dövlətlərin hamısı ilə normal münasibətlər
qurmağa, çoxdan bəri yaranan münasibətləri
davam etdirməyə çalışmalıyıq. Öz
müstəqilliyimizi qorumalıyıq, müstəqil xarici
siyasət kursumuzu həyata keçirməkdə davam etməliyik.
Bütün bunlarla yanaşı, türk dünyasına
inteqrasiya prosesləri də sürətlənməlidir. Mən
belə düşünürəm ki, Azərbaycanın
kökləri ilə, tarixi ilə, qanı ilə, mənəviyyatı
ilə bağlı olduğu türk dünyasına inteqrasiya
meyilləri nə Qərbdə, nə Şərqdə
narahatçılıq doğurmalı, əlavə gərginliyə
səbəb olmalıdır. Əksinə,
barışdırıcı, birləşdirici,
sülhyaradıcı amil olaraq dəstəklənməlidir.
İ.QULİYEV
Kaspi.-2009.-22 may.-S.6.