Regionlara ayrılan dotasiyalar getdikcə azalır

 

Samir Şərifovun sözlərinə görə, bəzi rayonlar xərclərini öz hesablarına maliyyələşdirməyə başlayıblar

 

"Büdcə sistemi haqqında" qanuna əlavə dəyişikliklər ediləcək. Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verdi. O qeyd etdi ki, dəyişikliklərin əsas məqsədi büdcə qanunvericiliyinin daha da təkmilləşdirilməsidir.

 

 Dəyişikliklər Milli Məclisin ölkə ictimaiyyətinin büdcə vəsaitlərinin xərclənməsinə nəzarətinin daha da genişləndirilməsini nəzərdə tutur. Artıq bununla bağlı qanun layihəsi hazırlanıb yaxın vaxtlarda Milli Məclisə təqdim edilməlidir. S.Şərifov dedi ki, büdcə vəsaitlərinin xərclənməsinə nəzarətdə hökumət Milli Məclis, xüsusilə Hesablama Palatası arasındakı konstruktiv əməkdaşlıq gələcəkdə davam etdirilməlidir. Nazir onu da bildirdi ki, büdcə vəsaitlərinin xərclənməsinə nəzarətin artırılması məqsədilə Maliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib. Əvvəllər nazirliyin nəzarətlə məşğul olan əməkdaşları şöbə statusu ilə fəaliyyət göstərirdisə, ölkə prezidentinin sərəncamı ilə nazirliyin strukturunda ayrıca Maliyyə Nəzarəti Xidməti yaradılıb. Xidmətin respublikanın müxtəlif bölgələrində zona idarələri formalaşdırılıb.

Nazir etiraf etdi ki, büdcə vəsaitlərinin xərclənməsində müəyyən çatışmazlıqlar var. Amma Maliyyə Nazirliyi bu çatışmazlıqların aradan qaldırılması üçün aparır. S.Şərifovun sözlərinə görə, nazirlik maliyyə nəzarətinin təmin edilməsi məqsədi ilə Hesablama Palatası ilə mütəmadi məsləhətləşmələr aparır. Tərəflər maliyyə nəzarəti məsələsində funksiya səlahiyyətlərin bölgüsünü aparmağa çalışırlar: "Çünki yoxlamalarda təkrarçılığa yol verilməməlidir. Hesab edirəm ki, biz bu məsələdə müəyyən ortaq məxrəcə gələ biləcəyik".

S.Şərifov dövlət büdcəsindən regionlara ayrılan dotasiyaların getdikcə azaldığını da bildirdi. Onun sözlərinə görə, 2008-ci ildə büdcədən regionlara verilən dotasiya 521 milyon manat olub. Bu, 2007-ci illə müqayisədə cəmi 6 milyon manat çoxdur. Amma yerli xərclərin artması şəraitində mərkəzdən ayrılan dotasiyaların xüsusi çəkisi azalmaqdadır. Əgər 2007-ci ildə regionların büdcəsinin formalaşmasında ayrılan dotasiyaların xüsusi çəkisi 72,3 faiz idisə, 2008-ci ildə bu göstərici 58,9 faizə düşüb. "Yəni xüsusi çəkidə təqribən 15 faiz azalma var. Bu isə onu göstərir ki, dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verir" - deyə S.Şərifov vurğuladı. O əlavə etdi ki, artıq bəzi rayonların yerli gəlirləri sürətlə artmağa başlayıb. Bəzi rayonlar artıq öz xərclərini öz hesablarına maliyyələşdirməyə başlayıblar. Hökumət regionların imkan daxilində özünümaliyyələşdirməyə keçməsinə çalışır. Amma bəzi regionlarda bu məqsədə nail olmaq mümkün olmayacaq. Çünki həmin rayonların imkanları xeyli məhduddur. Ona görə dövlət büdcəsindən həmin rayonlara dotasiyaların ayrılması gələcək illərdə davam etdiriləcək.

Maliyyə naziri dövlət zəmanəti ilə alınmış, amma geri qaytarılmamış kreditlərin taleyinin həll edilməsi istiqamətində araşdırmaların aparılacağını bildirdi. Onun sözlərinə görə, bu problem ölkəyə çoxdan miras qalıb. Əvvəlki maliyyə nazirləri bu problemin həllinə girişməyə cəsarət etməyiblər: "Amma biz gec-tez Maliyyə Nazirliyinin balansını təmizləməliyik. Bunun üçün vaxtı keçmiş kreditlərin silinməsi təklifini irəli sürməliyik. Amma bu, o qədər sadə məsələ deyil". Nazir Hesablama Palatasının bu məsələdə Maliyyə Nazirliyinə dəstək verməsini alqışladı. Onun sözlərinə görə, nazirlik bu problemin həlli üçün konkret tədbirlər irəli sürməyə çalışacaq.

Nazir dedi ki, 2008-ci ilin büdcəsinin icrası zamanı fiziki şəxslərin gəlir vergisi büdcədən kənar daxilolmalarda nəzərdə tutulan proqnozlar yerinə yetirilməyib. Hazırda Maliyyə Nazirliyi müvafiq strukturlarla birgə bu məsələni araşdırır. Araşdırmaların ilkin nəticələrinə görə, büdcədən kənar daxilolmaların azalmasının əsas səbəbi keçən il yanvarın 1-dən dövlətə məxsus səhiyyə obyektlərində pullu xidmətin tamamilə ləğv edilməsidir. Bir sıra təşkilatlarda da bu kimi dəyişikliklər olub. Bundan əlavə, Milli Məclis "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edib. Həmin dəyişikliklərə əsasən, əvvəllər büdcədənkənar daxilolma kimi nəzərdə tutulan bir sıra gəlirlər keçən il büdcəyə dövlət rüsumu kimi daxil olub. Bu da büdcədənkənar daxilolmaların azalmasına təsir edib.

Nazir dedi ki, fiziki şəxslərin gəlir vergisinin azalmasının səbəbləri hələ dəqiq müəyyənləşdirilməyib. Hazırda Vergilər Nazirliyi ilə birgə bunun səbəbləri araşdırılır. İlkin ehtimallara görə, səbəblərdən biri keçən il əhalinin nəzərdə tutulan əməkhaqqı artımı üzrə büdcə proqnozunun reallaşmamasıdır. Yəni keçən il əmək haqları proqnozlaşdırılandan az artıb nəticədə fiziki şəxslərin gəlir vergisi azalıb.

S.Şərifov bir sıra dövlət strukturlarında vakansiyaların olmasında Maliyyə Nazirliyinin heç bir rolunun olmadığını bildirdi. Onun sözlərinə görə, nazirlik bununla bağlı heç bir dövlət strukturuna tapşırıq verməyib. Nazirlik yalnız yeni ştatların yaradılmasına qarşı çıxır: "Biz indi vakansiya məsələlərinə ciddi yanaşmağa çalışırıq. Amma mən bu məsələdə mərkəzi icra hakimiyyəti orqanlarını qınamıram. Çünki bu orqanlara işə götürmə prosesi xeyli vaxt aparır. Məsələn, biz Maliyyə Nazirliyinə yeni işçi götürmək istəyiriksə, proses ən azı 6-8 ay davam edir".

S.Şərifov Azərbaycan hökumətinin xarici borclara xüsusi həssaslıqla yanaşdığını da bildirdi. Onun sözlərinə görə, hökumət bu sahədə mühafizəkar borclanma siyasəti həyata keçirir. İlk növbədə dövlət zəmanəti ilə verilən borclar müəyyən tənzimlənən səviyyədə saxlanılır. Böhranla əlaqədar dövlət həmçinin korporativ borcları da nəzarətdə saxlamağa çalışır. Nazir bildirdi ki, böhran başlayandan sonra Qazaxıstan Rusiyanın üzləşdiyi borc problemi dövlət zəmanəti ilə götürülən kreditlərlə deyil, korporativ borclarla bağlı olub. Buna görə Azərbaycanda da korporativ borclara nəzarətin artırılması zərurəti yaranıb: "Amma hesab etmirəm ki, biz xaricdən borc almamalıyıq. Biz həm daxili investisiyaları artırmalıyıq, həm xaricdən borc almalıyıq. Amma burda bir balanslaşdırılmış siyasət həyata keçirməliyik".

 

 

İlham QULİYEV

 

Kaspi.-2009.-22 may.-S.8.