Yalçın Rzazadə SMS-li müsabiqələri ciddi qəbul etmir

 

Müğənni ürəyindən əməliyyat olunacaq

 

Xalq artisti Yalçın Rzazadə SMS- keçirilən müsabiqələri ciddi qəbul etmir. "Eurovision-2009"-da Azərbaycanı təmsil edən Aysellə Araşın səs imkanları səhnə göstəricilərinin vəhdət təşkil etdiyini deyən müğənni onları hətta birinci yerə layiq görürdü.

Lakin sözügedən müsabiqədə siyasi amillərin də rol oynadığını nəzərə alan müğənni 3-cü yerin zəif olmadığını bildirdi: "Əsas odur ki, Azərbaycanın adı bir sıra qabaqcıl ölkələrdən öndə çəkildi. Hətta mən bəzi ölkələrin bizə səs verəcəyinə ümid etmirdim. Amma hadisələr mənim gözlədiyimdən uğurlu oldu. Lakin buna baxmayaraq, SMS-li yarışların əleyhinəyəm. Sözügedən müsabiqədə bir-biri ilə yaxın olan ölkələrin münasibəti açıq şəkildə özünü göstərirdi. Bir məsələni qeyd edim ki, ötən il həmin müsabiqədə Dima Bilan birinci yerə çıxdı. Lakin mən həmin ifaçının səhnə hərəkətlərini, səs imkanlarını qəbul edə bilirdim".

Söhbətinin davamında müğənni qəzetimizə özü haqqında da söz açdı. Bildirdi ki, mayın son günlərində İstanbula səfər edəcək. Lakin bu səfər yaradıcılıq xarakteri daşımır. Səhhətində narahatlıq olduğunu dilə gətirən müğənni həmin ərəfədə əməliyyat olunacağını söylədi: "Uzun zamandır ürəyimdə ağrılar var. Bu məni çox narahat edir. Hətta son aylar efirə, konsertlərə çıxa bilmirəm. Bir neçə dəfə həkim müayinəsində olmuşam. Lakin hər biri mənə ayrı-ayrı diaqnozlar qoyublar. Dostlarımızın təkidi ilə bir müddət əvvəl İstanbulda oldum mənə dəqiq diaqnoz qoyuldu. Həkim bildirdi ki, yaxın bir ay ərzində əməliyyat olunmalıyam. Bu işdə dostlarım maddi dəstəklərini məndən əsirgəməyəcəklər".

Əməliyyatdan sonra müğənninin yeni diskinin hazırlıq işləri başlayacaq. Yalçın Rzazadə bildirdi ki, bura onun retro bir neçə yeni bəstəkar mahnısı daxil ediləcək.

 

 

S.İBRAHİMOVA

 

Kaspi.-2009.-22 may.-S.15.