3 neft sazişi ratifikasiya olundu

 

Birinci mərhələdə "Total" ARDNŞ-nin xərclərini maliyyələşdirəcək

 

Milli Məclisin dünənki iclasında üç neft sazişinin ratifikasiyası müzakirə edildi. Bu barədə deputatlara məlumat verən parlamentin Təbii Ehtiyatlar, Energetika Ekologiya Məsələləri Komitəsinin sədri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirdi ki, birinci saziş Xəzərin Azərbaycan sektorundakı "Abşeron" yatağının işlənməsini nəzərdə tutur.

ARDNŞ, Niderland Krallığında qeydiyyatdan keçən "Total" və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında imzalanmış saziş yataqda kəşfiyyat quyusunun qazılmasını nəzərdə tutur. Komitə sədri dedi ki, 4 il əvvəl "Abşeron" yatağının işlənməsi ilə bağlı Azərbaycan "Total" və ABŞ-ın "Şevron" şirkətləri ilə saziş imzalayıb. Sazişə görə, yataqda 2 kəşfiyyat quyusunun qatılması planlaşdırılıb. Şirkətlər yataqda 1 quyu qazdıqdan sonra belə qənaətə gəliblər ki, burada yetərincə neft ehtiyatı yoxdur. Ona görə də ikinci kəşfiyyat quyusunun qazılmasından imtina ediblər. Həmin vaxt "Total" və "Şevron" Azərbaycan tərəfinə bonus və digər formada 14 milyon dollar, ikinci kəşfiyyat quyusunun qazılmamasına görə isə 39 milyon dollar ödəyiblər. Lakin sonradan "Total" birinci kəşfiyyat quyusu qazılan zaman əldə edilən məlumatları təhlil edib və mövqeyini dəyişib. Bundan sonra şirkət Azərbaycan hökumətinə müraciət edərək yeni müqavilənin imzalanması təklifi ilə çıxış edib. Layihədə "Total"ın iştirak payı 60, ARDNŞ-nin payı isə 40 faizdir. Hasilatın pay bölgüsündə ARDNŞ-in və onun ortaq neft şirkətinin payı ümumilikdə 67 faiz olacaq. Birinci mərhələdə "Total" ARDNŞ-nin də xərclərini maliyyələşdirəcək. Əldə olunacaq səmt qazı sahildə bütünlüklə əvəzi ödənilmədən Azərbaycan tərəfinə təqdim olunacaq. Layihə çərçivəsində görüləcək işlərdə əsasən azərbaycanlı işçi qüvvəsindən istifadə olunacaq. Nəzərdə tutulur ki, layihə tam işə düşdükdən sonra mühəndis texniki işçilərin 90 faizi, fəhlələrin isə 95 faizi Azərbaycan vətəndaşları olacaq. Saziş 30 il müddətinə imzalanır.

Müzakirələrdə çıxış edən millət vəkili Vahid Əhmədov blokdan təxminən nə qədər neft hasil olunacağını soruşdu.

Millət vəkili Pənah Hüseyn layihənin kifayət qədər sərfəli şərtlərlə imzalandığını bildirdi. Bununla belə, millət vəkili layihənin parlamentə qanun layihəsi şəklində daxil olunmasına etirazını bildirdi. Onun sözlərinə görə, layihənin preambulasında da qeyd olunur ki, buna səbəb Azərbaycanda "Karbohidrogen ehtiyatları haqqında" qanunun olmamasıdır. Millət vəkili dedi ki, Müsavat deputat qrupu öz imkanları daxilində "Neft haqqında" qanun layihəsi hazırlayıb Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinə təqdim etsə də, məlum olub ki, komitənin sədri V.Ələsgərov belə bir qanunun qəbul olunmasını konseptual baxımdan düzgün hesab etmir.

Millət vəkili Əli Məsimli yatağın işlənməsi nəticəsində Azərbaycanın nə qədər gəlir götürəcəyini soruşdu. Onun sözlərinə görə, Azərbaycan Avropaya neft və qaz ixrac etməklə qitənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Enerji təhlükəsizliyi isə Avropa ölkələrinin milli təhlükəsizliyinə çevrilib. Belə olan halda Azərbaycanda iş aparan xarici neft şirkətləri də Azərbaycanın milli təhlükəsizliyinin qorunmasında rol oynamalıdırlar.

Ə.Məsimli onu da qeyd etdi ki, "Əsrin müqaviləsi" çərçivəsində Azərbaycanda iş aparan Böyük Britaniyanın BP şirkəti hər il fəaliyyətinin nəticələri ilə bağlı ictimaiyyətə hesabat verir. Amma "Total" Azərbaycanda bir neçə layihədə payçı olsa da, apardığı işlər barədə ictimaiyyəti məlumatlandırmır. Millət vəkili şirkətin "Abşeron" yatağının işlənməsi ilə bağlı aparacağı işlər barədə ictimaiyyəti məlumatlandırıb-məlumatlandırmayacağı ilə maraqlandı. Ə.Məsimli həmçinin "Total"ın nəzərdə tutulan işlərin maliyyələşdirilməsi üçün böhran dövründə maddi resursları hardan əldə edəcəyini soruşdu.

Millət vəkili İlyas İsmayılov da sazişin ratifikasiyasına səs verəcəyini bildirdi. Onun sözlərinə görə, bu saziş Azərbaycanda indiyədək hasilatın pay bölgüsü prinsipi ilə imzalanan sazişlər arasında ən sərfəlisidir. Sazişdə xüsusilə də Azərbaycan vətəndaşlarının işlə təmin olunması məsələsinə böyük diqqət yetirilib.

Müzakirələrdə qaldırılan məsələlərə münasibət bildirən V.Ələsgərov dedi ki, "Karbohidrogen ehtiyatları haqqında" qanun olsa belə, sazişlər imzalanmalı və parlamentdə müzakirə olunmalıdır. Belə olan halda saziş xüsusi qanun olacaq, "Karbohidrogen ehtiyatları haqqında" qanun isə ümumi. Hüquqda isə xüsusi qanunun qüvvəsi ümumi qanundan üstündür. Digər tərəfdən, qəbul olunan qanuna əsasən, imzalanan neft sazişləri parlamentdə müzakirə olunmasa, müxalifət sazişin ictimaiyyətdən gizlədildiyini iddia edəcək: "Azərbaycan yeganə ölkədir ki, indiyədək imzalanan bütün neft sazişlərini çap edib və kitabxanalara paylayıb".

Bundan sonra deputatlar sazişi ratifikasiya etdilər. İclasda "Kirovdağ" yatağının daxil olduğu blokun işlənməsi hasilatın pay bölgüsü haqqında saziş müzakirə edildi. Saziş ARDNŞ, "Qlobal Enerci Azərbaycan Limited" ARDNŞ-nin ortaq neft şirkəti arasında imzalanır. Parlamentin komitə sədri qeyd etdi ki, indiyədək yatağın işlənməsi "Şirvan Oil" birgə müəssisəsi tərəfindən həyata keçirilib. Şirkətin təsisçiləri ARDNŞ Böyük Britaniyanın şirkəti olub. Birgə müəssisə 1995-ci ildə yaradılıb. Birgə müəssisədə 1100 nəfər işlə təmin olunub. Onlardan cəmi 8-i əcnəbidir. 2008-ci ilin mart ayında Böyük Britaniya şirkətinin payı Azərbaycanın "Qlobal Enerci Azərbaycan Limited" şirkəti tərəfindən alınıb. Qərara gəlinib ki, birgə müəssisə kimi fəaliyyət göstərmək sərfəli deyil. Buna görə bütün tərəflərin razılığı ilə hasilatın pay bölgüsü sazişinin imzalanması qərara alınıb.

Deputatlar Neftçala, Xıllı, Durovdağ-Babazaman neft yataqlarının Muğam mono-klinalın cənub-qərb qanadının daxil olduğu yatağın bərpası, işlənməsi hasilatın pay bölgüsü haqqında sazişi ratifikasiya etdilər. Saziş ARDNŞ, Neftçala "Investments Limited" ARDNŞ-in ortaq şirkəti arasında imzalanıb.

 

 

İlham QULİYEV

 

Kaspi.-2009.-23-25 may.-.S.3.