"Nizamlama prosesi
fəal fazadadır"
Bahar Muradova: "Ədalət naminə işğalçı dövlət
sanksiyalara məruz qalmalıdır"
"Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların mühüm fazaya qədəm qoyduğunu deyə bilərik. Qarşıdakı ildə isə ATƏT-ə sədrliyin Qazaxıstana keçəcəyini və Türkiyənin xüsusi fəallığını qeyd edərək problemin həlli istiqamətində müsbət nəticələrin əldə olunacağına ümid etmək olar". Bunu Milli Məclisin sədrinin müavini Bahar Muradova YAP-ın saytına müsahibəsində deyib. Vitse-spiker bildirib ki, Azərbaycanın dinamik, stabil inkişafı, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi, hüquqi və diplomatik müstəvidə uğurlar qazanması Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırır:
- Təkcə bu il Azərbaycan
və Ermənistan prezidentlərinin digər illərə nisbətən,
daha çox görüşlər keçirməsini nəzərə
alsaq deyə bilərik ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
aparılan nizamlama prosesi fəal fazadadır. Yəni prezidentlərin
tez-tez görüşməsi, münaqişənin birbaşa
tənzimlənməsilə məşğul olan ATƏT-in
Minsk qrupunun həmsədrlərinin regiona daha çox səfər
etməsi və bu problemin beynəlxalq təşkilatlarda daha
çox müzakirə olunması bir növ canlanma yaradıb.
Məhz bu fazada artıq ATƏT-in Minsk qrupunun
patronaylığı altında hər iki ölkənin millət
vəkilləri arasında görüşlər
keçirilir. Buraya Türkiyənin Cənubi Qafqazda
sülhyaratma missiyası çərçivəsində
atdığı addımları da əlavə etsək, o
zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində aparılan danışıqların
mühüm fazaya qədəm qoyduğunu deyə bilərik. Qarşıdakı
ildə isə ATƏT-ə sədrliyin Qazaxıstana keçəcəyini
və Türkiyənin xüsusi fəallığını
qeyd edərək problemin həlli istiqamətində müsbət
nəticələrin əldə olunacağına ümid etmək
olar. Amma yaranmış fəallığın nəticələri
ilə bağlı əvvəlcədən proqnoz vermək istəməzdim.
Münaqişənin həlli ilə bilavasitə məşğul olan dövlətlər, beynəlxalq təşkilatlar artıq problemin həllinin yetişdiyini daha tez-tez söyləməyə başlayıblar. Lakin bu, müxtəlif rakurslardan başa düşülə bilər. Yəni ATƏT bir beynəlxalq təşkilat kimi, nəticədən asılı olmayaraq fəaliyyətini davam etdirməyi, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri isə ilk növbədə bölgədəki maraqlarını reallaşdırmağı qarşılarına məqsəd qoyurlar. Digər tərəfdən, Ermənistan qeyri-konstruktiv mövqeyini müxtəlif pərdələr altında qoruyub saxladığı bir zamanda Azərbaycan bütün potensialını - həm siyasi, həm iqtisadi, həm də diplomatik resurslarını işə salaraq ərazi bütövlüyünü bərpa etmək istəyir. Burada üst-üstə düşən məqamlar olsa da, ziddiyyətli məsələlər üstünlük təşkil edir. Çünki münaqişənin həlli prosesinə tərəflərin yanaşma prizması da fərqlənir...
- Prezident İlham Əliyev çıxışında söyləyib ki, Ermənistan rəhbərliyi razılaşdırılmış məsələləri yenidən gündəmə gətirərək vaxtı uzatmağa çalışır. Bu ona dəlalət etmirmi ki, beynəlxalq münasibətlər sisteminin mühüm aktorları işğalçı dövlətin qeyri-konstruktiv mövqedən çıxış etməsinə şərait yaradır?
- Əlbəttə ki, bu bir həqiqətdir. Az öncə mövqelərdəki fərqliliyi söyləyərkən, məhz bu məqamı da nəzərdə tuturdum. Yəni işğalçı dövlətin tənqidlərə, sanksiyalara məruz qalmadan müstəqil şəkildə yenidən öz "işinə" davam etməsi əlbəttə ki, onu daha "cəsarətli" addımlar atmağa həvəsləndirir. Bilirsiniz, təcavüzkarlıq Ermənistanın yürütdüyü bugünkü siyasətin mahiyyətindədir. Ədalət naminə işğalçı dövlət qınanmalıdır, sanksiyalara məruz qalmalıdır, ən azından cilovları dartılmalıdır ki, həmin dövlət bir daha bu yola əl atmasın. Eyni zamanda, işğalçı dövlətin nəzərinə çatdırılmalıdır ki, İkinci Dünya müharibəsindən dünya nizamını müəyyənləşdirmiş beynəlxalq hüquq normalarını pozur. Mövcud beynəlxalq qanunlara görə, hər bir dövlət digər ölkənin ərazi bütövlüyünə, suverenliyinə hörmət etməlidir. Amma Ermənistan nədənsə, bu qaydaları qəbul etmir və ya etmək istəmir... Və Azərbaycanın torpaqlarını bu günə qədər işğal altında saxlayır.
Bu səbəbdən də Ermənistan Azərbaycanın yürütdüyü düşünülmüş siyasət nəticəsində hərtərəfli blokadaya düşüb. Təbii ki, Azərbaycan bunu torpaqları işğal altında saxlanıldığı üçün edir. Bu, diplomatik müstəvidə işğalçı dövlətə qarşı işlədilən təzyiq mexanizmidir ki, Azərbaycan onu həyata keçirir. Biz bununla çalışırıq ki, həm Ermənistanı torpaqlarımızından çıxmağa məcbur edək, həm də beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ problemi həll olunmadan Cənubi Qafqazda sabitlik olmayacağına inandıraq. Amma təəssüflər olsun ki, sözdə dəstəklər olsa da, bunlar hələ də əməldə görünmür. Bunun nəticəsidir ki, Ermənistan qeyri-konstruktiv mövqeyini açıq şəkildə ortaya qoyur və münaqişənin həllini gecikdirir.
Bəzən Cənubi Qafqaza hansısa birlik modelini tətbiq etmək istəyirlər və ya Avropa təcrübəsini irəli sürürlər. Amma anlamaq lazımdır ki, Cənubi Qafqazda həllini gözləyən "dondurulmuş münaqişələr" mövcuddur. Burada Ermənistan region dövlətlərinə qarşı ərazi iddiaları ilə çıxış edir, təxribatlar törədir. Məgər bu şərtlər daxilində hər hansısa bir birlik modelini formalaşdırmaq olarmı? Məgər Avropa Birliyinə daxil olan ölkələr bir-birlərinin ərazi bütövlüklərinə hörmət etmirlərmi? Əlbəttə ki, edirlər. Avropa məkanında beynəlxalq hüququn normaları işlədiyi təqdirdə Cənubi Qafqazda vəziyyət tamamilə başqadır. Burada təcavüzkar dövlət bilvasitə dəstəklənir. Azərbaycana mövqeyinə görə sözlə dəstək verilir, amma əməllə işğalçılıq iştahasını daha da genişləndirmək üçün Ermənistana şərait yaradılır. Məhz bu nöqtədə ədaləti tapmaq olmur... Bunu eyni zamanda, Azərbaycana qarşı aparılan ikili standartlı siyasət də adlandırmaq olar...
Bir sözlə, beynəlxalq təşkilatların, söz sahibi olan aktorların maraqları fonunda qəbul edilmiş qərarlar işləmir və sonda da sülh prosesi dalana dirənir. Amma düşünürəm ki, Azərbaycanın dinamik, stabil inkişafı, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi, hüquqi və diplomatik müstəvidə uğurlar qazanması Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırır.
- Bahar xanım, istərdik qarşıdan gələn bələdiyyə seçkiləri barədə də danışaq...
- Bələdiyyələr Azərbaycanda yaranmış gənc özünüidarəetmə strukturudur. Bu sahədə təkmilləşdirmələrin aparılması təbii proses sayılmalıdır. Bu baxımdan Milli Məclisdə bələdiyyələr haqqında qəbul edilmiş qanun bu strukturun effektiv, səmərəli fəaliyyət göstərməsinə əlverişli zəmin yaradacaq. Belə ki, bu qanunla bələdiyyələrin sayı 1700-dək azaldıldı. Məhz bu təkmilləşmə həm bələdiyyələrin büdcəsinin formalaşmasına, ayrılan subsidiyaların məqsədli istifadəsinə, bələdiyyələrin üzərinə düşən vəzifələrin maksimum şəkildə yerinə yetirilməsinə imkan verəcək...
Artıq bu gün bələdiyyələrin qarşısında bir məqsəd durur: vətəndaşlara yerlərdə layiqli xidmət göstərmək. Məhz hazırda aktual məsələ kimi, siyasi partiyalar yerli problemləri öyrənməklə, insanlarla mütəmadi əlaqələr saxlamaqla yuxarıda göstərilən məqsədə doğru addımlayırlar. Ən azından Yeni Azərbaycan Partiyası artıq bu işləri görüb...
Mən qəti əminəm ki, Yeni Azərbaycan Partiyasının namizədlərinin çoxu bələdiyyələrə seçiləcək. Çünki həm bələdiyyə seçkilərinə irəli sürülmüş namizədlərin çoxu YAP-dandır, həm də partiyamızın kifayət qədər mükəmməl seçki texnologiyası və təcrübəsi var...
- Əlbəttə ki, seçkilərdən danışarkən, müxalifətin "fəaliyyətinə" də toxunmaq istərdik. Sizcə nə üçün müxalifət bələdiyyə seçkilərinə marağın az olmasından söz açır və namizəd irəli sürmür?
- Bəli, müxalifətin özünəməxsus səbəblərilə bələdiyyə seçkilərinə marağı azdır. Məhz müxalifətin qarşıdan gələn seçkilərə marağının az olması barədə onlara haqq qazandırmaq olar. Çünki seçkilər içərisində mürəkkəb olan və say etibarilə çoxluq tələb edən bələdiyyə seçkilərində müxalifətin acizliyi, zəifliyi üzə çıxacaq. Bu zəifliyi isə bir neçə amil şərtləndirəcək: birincisi, bələdiyyə seçkilərində iştirak etmək üçün 1700 bələdiyyə üzrə ən azı 20 min, 30 min namizəd irəli sürmək lazımdır. İkincisi, seçkilərdə layiqli namizədlər irəli sürmək lazımdır ki, onlar həm yelərdə insanların hörmətinə sahib olsunlar, həm də seçkilərdən sonra verdiyi vədlərə əməl etməyi bacarsınlar. Üçüncüsü, müxalifət seçkilərdən sonra insanların tənqidindən, qınağından qorxur. Dördüncüsü, müxalifətin hakimiyyətdə olduğu illər insanların yaddaşlarından silinməyib. Bu baxımdan da onların insanlar qarşısına çıxmağa səbəbləri qalmayıb və s.
Bir sözlə, bu səbəbləri ardıcıl olaraq sadalamaq olar. Amma fakt faktlığında qalır. Müxalifət cəmiyyətdə sosial bazaya, dəstəyə, nüfuza malik olmayan passiv "qüvvə"yə çevrilib. Yeni Azərbaycan Partiyası isə sürətlə inteqrasiya edən, dəyişən cəmiyyətin yeni tələblərinə uyğun proqramlar ortaya qoyan, novatorluğu ilə xalqın böyük əksəriyyətinin dəstəyini qazanan ümummilli partiyaya çevrilib. Bu mənada bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının şəksiz qalib gələcəyinə əminəm.
Hacıyev K.
Kaspi.-2009.-7-9 noyabr.-S.5.