Türklər Azərinə mükafat verdilər

 

Sənətçinin "TRT-Avaz" kanalındakı verilişi həftədə bir dəfə yayımlanacaq

 

Türkdilli dövlətlərlə mədəni əlaqələr quran "Türkiyə bir dev" şirkəti azərbaycanlı müğənni Azərinə mükafat təqdim edib. Ötən gün Türkiyə səfərindən qayıdan müğənni bildirdi ki, bu mükafat ona türk dünyasına mədəni xidmətlərinə görə verilib:

"Mənim yaradıcılığımın bir qolu Türkiyə ilə bağlıdır. Orada "TRT-Avaz" telekanalında veriliş aparıram. Eyni zamanda, bir çox türk kanalında Azərbaycan musiqilərini təbliğ edirəm və ölkəmizin tarixi, faciələri, adət-ənənələri haqqında tamaşaçıları məlumatlandırıram. Bu fəaliyyətimi nəzərə alan şirkət növbəti mükafatını və diplomunu mənə təqdim etdi. Bu, çox sevindirici haldır. Çünki mənim təbliğatım göz önündədir və türklər bunu qiymətləndirirlər".

Müğənni ilə söhbətdən belə bəlli oldu ki, onun növbəti Türkiyə səfəri yaxın günlərdə gerçəkləşəcək. "TRT-Avaz" kanalında teleaparıcı kimi çalışan sənətçi missiyasının başına dönəcək: "Xatırladım ki, əvvəllər "Azərinlə əsintilər" adlanan veriliş hər gün mənim təqdimatımda Antalyadan canlı yayımlanırdı və İctimai Televiziya da bunu yerli tamaşaçılara sərgiləyirdi. Lakin Antalyadakı məkan yay studiyası olduğundan biz yer dəyişmək məcburiyyətində qaldıq. Hazırda veriliş həftədə bir dəfə efirə gedir. Yaxın aylarda isə bunun canlı və gündəlik olacağı gözlənilir. Telekanal rəhbərliyinin bildirdiyinə görə, veriliş üçün ayrıca qış studiyası tikilir".

Azərinin bildirdiyinə görə, verilişin ömrü əvvəlki aylarla müqayisədə qısaldılsa da, bu, Azərbaycan milli musiqilərinin təbliğinə mane olmayıb. Müğənni bildirdi ki, ayda bir dəfə Azərbaycandan milli musiqilərin ifaçılarından bir nəfər musiqi heyəti ilə Türkiyəyə dəvət alacaq və verilişdə iştirak edəcək". 

 

 

İbrahimova S.

 

Kaspi.-2009.-7-9 noyabr.-S.16.