"Şeiri nəsrə qısqandım"
Firuzə Məmmədli hesab edir
ki, poeziyada həvəskarlıq ola bilməz
Müsahibim şairə Firuzə Məmmədli yaradıcılığa 60-cı illərdə gəlib. Müxtəlif illərdə 23 kitabı çap olunub. 4 monoqrafiyanın, 6 bədii tərcümə əsərinin, 130 elmi və publisistik məqalənin müəllifidir. Filologiya elmləri namizədi, Pedaqoyi Universitetin dosentidir. Əlişir Nəvai mükafatçısıdır. Bundan başqa, İ.İsmayılzadə adına, R.Rəsulzadə adına Beynəlxalq mükafatlara və N.Rəfibəyli mükafatlarına da layiq görülüb.
- Firuzə xanım, şeirdə qalmağınızın səbəbi nədir?
- Sualınızı "Nəsrə keçməməyinizin səbəbi nədir?", "Şeirdən getməməyinizin səbəbi nədir?", "Şeir yazmağınızın səbəbi nədir?" və s. kimi də başa düşmək olar. Söhbət nəsrə keçməməkdən gedirsə, mən elə şeir yazmağa başladığım dövrdən nəsr əsərləri də yazmışam. Hələ orta məktəbdə sərbəst inşaları xırda həcmli hekayələr şəklində yazırdım. 1958-ci ildə kəndimizdə baş vermiş bir oğurluq hadisəsini qələmə aldım. Yaxşı bir hekayə alındı, amma çap etdirə bilmədim. Səbəb bu oldu ki, bizim cəmiyyətdə belə iş ola bilməz. (Amma olmuşdu) Çox təkid elədim. Bir nəfər məsləhət gördü ki, əgər çap etdirmək istəyirəmsə, əsərdəki hadisələri keçirim Cənubi Azərbaycana. Guya bu hadisələr İranda baş verib. Çaşıb qaldım. Bu açıq riyakarlıq mənim gəncliyimin rastlaşdığı ilk ən böyük yalan idi. Hekayə eləcə də qaldı. 1963-cü ildə yaşadığım həyat haqqında bilgilərim bir qədər zənginləşəndə heç vaxt unutmadığım bu təklif mənə çox təbii, həm də göstərilən iltifat kimi göründü və mən onu cənub ab-havasına köklədim. Amma yenə də çap etdirmədim. Daha doğrusu, şeir yazmağı daha üstün tutdum; bir sözlə, qısqandım şeiri nəsrə. Hekayəni bir də 2004-cü ildə çap olunan "Ömrün axarı" adlı kitabımda çap etdirdim. Belə bir halla bir də 1982-ci ildə rastlaşdım - "Seçmək olmayır" şeirimi yazanda. Şeir dövrü mətbuatda getmədi. Təbii ki, gedə də bilməzdi. Şeiri 1983-cü ildə "Yazıçı" nəşriyyatına təqdim etdiyim "Yetkinlik" kitabına daxil elədim. Kitabın materialları düz yeddi il ildən-ilə keçirildi. Nəhayət, çapa hazırlananda yenə eyni bir təkliflə rastlaşdım. "Şeir yaxşı şeirdir. Amma elə et ki, guya bu hadisələr İranda baş verib". Yenə eyni çaşqınlıq. Axı aşkarlıq dövrü idi. Çıxış yolu tapıldı. Şeirin adı "Cənubdan məktub" qoyuldu. Problem aradan qalxdı. Təkcə şeirdəki "milis" sözü "polislə" əvəz olundu.
O ki qaldı sualın digər anlam tərzinə, açığını deyim ki, bu sualın mənası mənə çatmır. Necə yəni şairə deyəsən ki, niyə şeir yazırsınız və ya ömrü şeir yazmağa həsr olunan bir adama deyəsən ki, niyə şairsən? Bu ona bənzəyir ki, deyəsən - niyə yaşayırsan? Çünki ölmürəm. Niyə ölmürsən? Çünki yaşayıram.
Amma yenə cavab verəcəyəm. Özü də elə cavab yox ki, deyəm, yazmasam, yaşaya bilmərəm, məni yaşadan yazmaqdır. Xeyr. Yazmadan da yaşamaq olar. Çətin də olsa, mümkündür. Belə deyib, yazmadan yaşayanları çox görmüşük.
Mən isə şeirə getmək üçün gəlməmişdim. Məni şeirə gətirən məni yaradan Tanrıdır. Mənə qədərlədiyi tale şair taleyidir. Taledən isə qaçmaq mümkün deyil. Məni şeirə Tanrı göndərib, Tanrı da şeirdən apara bilər. Şeirlərimdə bu barədə açıq, ya gizli işarələr çoxdur. Həmişə vird elədiyim isə "Allah, elə et ki, yazım Dilimin son sözünəcən" diləyidir.
- Kimin köməyindən faydalanmısınız?
- Heç vaxt heç kimdən fayda verən kömək görməmişəm. Əksinə, həmişə qarşıma sədd çəkməyə, mənə maneçilik törətməyə çalışanlardan zəhmətimin puç olması, əməyimin heçə çıxması uğrunda canfəşanlıq etmələrindən danışa bilərəm. 1980-ci ildə namizədlik dissertasiyası müdafiəmin ləğv olunması üçün Moskvaya Ali Attestasiya Komissiyasına olan müraciətlərin, yürüşlərin sayı-hesabı yox idi. Axırda işi Türkmənistana gizli opponent rəyinə göndərdilər. Oradan müsbət rəy gəldi. Əlacları kəsilib təsdiq etdilər. Doğrudur, ötən əsrin yetmişinci illərində nəşriyyat aləmində müəyyən vaxt üçün yaranan obyektiv atmosferdə şeirlərimin, ilk kitabımın işıq üzü görməsinə köməklik oldu. Ədəbi yurnalların qapısı üzümə açıq oldu. Bu da o sahədə fəaliyyət göstərən yaxşı insanların, yaradıcılığımı qiymətləndirən gözəl sənət adamlarımızın obyektiv münasibətinin nəticəsi idi.
Həmişə qulağıma çatan xoşagəlməz sözlər, adamı öz gözündən belə salmağa qadir olan şübhələr - kimsə kömək edir, onunçun kimsə yazır və s. - məni təhqir edib. Kifayət deyilmi? Yəni mənə kömək edib "mənim üçün yazan" adam özü üçün niyə belə şeir yaza bilmir? Özünə niyə bir gün ağlamır? Zənnimcə, indiki halda mənə ən böyük kömək 20 il mənzil növbəsində durduğum halda, hələ də mənzilə olan ehtiyacımın ödənilməməsinə laqeyd münasibətin ortadan qalxması olardı.
Yaradıcılığımda isə həmişə bir olan Allahın köməyinə arxalanmışam.
- Şeirinizin birində "Yenə it günündən boylanır ömür, illər yaşım üstə gəlmir yaş kimi" yazırsınız. Ömrün bu çağında necə, yenəmi yaş üstünə yaş gəlmir?
- Bu şeirin yazılma tarixi elə də uzaq deyil, 2005-ci ildə yazılıb. O iki misranın nəticəsi var. İllər yaşım üstdə bəs nə kimi gəlir? Orda açılır. "Yüklənib gedirəm ömrü daş kimi" Bəs daş kimi, niyə? Daş - ağırlıqdır, daş - sərtlikdir, daş - soyuqluqdur. Daşın ayağa dəyməsi (ayağına daş dəyməsin) başa düşməsi (başına daş düşsün), daşın daş bərkliyi, daş susması var (Daşa döndü bir kəlmə danışmadı). Əgər bir ömür mənə bu qədər daş atıbsa, onu yas kimi necə yaşamaq olar?! Elə indi də, dünən də, yəqin ki, sabah da belə olacaq - bu qismətdən qaçmaqmı olar?!
Lakin daş təkcə mənfilik mücəssəməsi deyil. Daşın daş qiymətləri var - "Daşı daş görən yanıldı". Bəlkə yaşım üstdə yaş kimi yox, daş kimi yağan illər məni öz qiymətli daş-qaşı ilə - söz inciləri ilə mükafatlandırıb. Bəs onda niyə "İt günü?!" Əlbəttə cəfasız, əziyyətsiz, əzabsız heç nə əldə edilmir. Bəzən bu əzabları ayrı cür adlandıra da bilmirsən. Şeirlərimdə bu əzab-əziyyətin ifadəsi boldur. Yazmaq mənim üçün əziyyət deyil, çünki mətn mənə göylərdən hazır enir. Əzab yazmamaq, yazmağa vaxt tapmamaqdadır. Bəzən bədii yaradıcılıqdan uzaq işlərlə elə yüklənirsən ki, poeziyaya bir də qayıda biləcəyinə inanmırsan. Bax, belə günlər mənim üçün it günü kimi bir şeydir. Amma bu, hələ hamısı deyil. Axı mən həyatın iç üzünü araşdırıram. Orda gördüklərim, duyduqlarım mənim varlığımdan öz şəxsi ağrılarım kimi keçir. Xüsusən, haqsızlıq görəndə özümü ələ ala bilmirəm. Mənim içərimdə məni didib-parçalayan bir eneryi zəncir gəmirir. Bax, it günüm budur. Belə vaxtda doğulan şeirdə daha nədən danışmıram, nəyə üsyan etmirəm?! Həmin şeir də belə bir ovqatın nəticəsidir. Bəli, yenə də "İllər yaşım üstdə gəlmir yaş kimi". Əgər gələn sabah, gələn Yeni il sənə heç nə vəd etmirsə, bu, şübhəsiz ki, belə olacaq.
Əlbəttə, söhbət ancaq şəxsi işlərdən getmir. İşğal altında inləyən torpaqlar, atəşkəs dövründə oturduğu səngərdəcə düşmən gülləsinə hədəf olan fidan balalar, dünyanı ağzına alan zorakılıq, təbii fəlakətlər... Bunların hamısı mənim yaşadığım dövrün, zamanın ab-havasıdır, ovqatıdır. Şeir isə olanların poetik ifadəsidir. Şair özünü zamandan, məkandan təcrid edə bilməz.
- "Mələk dilli qılıqların fitnə-feli bal dadır" - Bu misra sizindir. Belə bir balın ürəyinizi yaralamasının dərin izi qalıbmı?
- Qılıqların üzündə ilahi bir niqab olur. Sadədil adamlar bu niqabın görünən tərəfinə düşür. Şəxsən mənim belə bir tələyə düşüb yaralandığım olmayıb. Əgər hansı bir tanışdansa, rəfiqədənsə ikiüzlülük görmüşəmsə belə, bu, mənə yara vurmayıb. Çünki mən belə məqamlarda onun yaxşı tərəfi haqqında fikirləşmişəm. Üstəlik, belə adamlarla münasibətimin mənə verdiyi mövzuları ən gözəl şeirlərimdən hesab edirəm. Bu mənada, insanlara inamını itirdikcə, itirdiyindən də bir poetik nümunə tapırsansa, yaşasın belə "fitnə-fel"! Bir də ki, Tanrı məni belə fitnə-fellərdən həmişə hifz edib.
- Söz şeirdən düşmüşkən, bir fikrinizi də misal çəkmək istərdim: "Dünyanın dostu qoyub yad oynadan dünya olması" fikri də sizindir. Belə bir hökmü vermək üçün gərək mənən dünyalarca qocala biləsən. Zahiri görnüşünüzdəki gənclik durumu ilə mənəvi qocalıq sizi xoflandırmır ki?
- Zənnimcə, dünyanın dosta-düşmənə münasibətini aşkarlamaq üçün mənən qocalmağa, özünü dünya ilə yaşıd hiss etməyə heç bir ehtiyac yoxdur. Əvvəla, onu deyim ki, mənim "zahiri gəncliyim" elə mənən qocalmamağımın nəticəsidir. "Mənəvi ölüm", "mənəvi qocalıq" - mən belə şeylər barəsində çox düşünürəm. Əslinə qalsa, mənəvi ölüm də, qocalıq da insanın öz iradəsindən, qurduğu münasibətlərdən, qəlbinin təmizliyindən, paxıllıq, xəbislik, riyakarlıq kimi hisslərə qarşı tutduğu mövqeyindən asılıdır. Dəfələrlə ümidimin puç olmasının, can atdığım, çalışdığım arzularımın baş tutmamasının ağrısını çəkməli olmuşam. Haqsız qınaqların, təqiblərin hədəfi olmuşam. Düşünmüşəm ki, bax, "mənəvi ölüm" budur. Lakin yox, bunlar məni nə öldürə bilib, nə "mənəvi qocalıq" bataqlığına sürükləyə bilib. Yenə deyirəm: məni, Allah belə təsirlərdən qoruyub. Hardansa qəlbimə bir irfani işıq dolub, sağaldıb məni, yaşadıb məni. İçimdəki ülvi hisslərin keşiyində durmuşam həmişə. Tanrıya sığınmışam. O da məni təzə bir şeirlə mükafatlandırıb. Qayıdıram - "Dünyanın dostu qoyub, yadı oynatmasına". Bu şeir 2008-ci ildə yazılıb. Məgər bu gün siyasət aləmində baş verənlər mənim ötən il dediklərimin təsdiqi deyilmi? Görürsünüzmü, yenə də Tanrı diktəsi...
- Yaxın günlərdə sənət dostumuz Sərvaz Hüseynoğlu ilə sizin yaradıcılığınız barədə söhbət edirdik. O, sizin şeirlərinizin vətəndaş çəkisi barəsində danışdı və görüb-götürmüşlük ifadəçisi olmasını söylədi. Oxucuların bu cür fikri sizin üçün maraqlıdırmı?
- Mənə qalanda, oxucuların fikri mənim üçün həmişə maraqlı olub. Çox vaxt şeir yazanda məndə belə bir hiss olur ki, kimsə qapının arxasında durub, məhz bu şeirin yazılıb qurtarmasını gözləyir ki, oxusun. Amma şeir çap olunmayınca mən onu heç kimə oxumuram. Çox nadir hallarda, qəlbimdə bir sıxıntı duyanda, ya da şeir oxumaq istəyəndə ən axırıncı şeirimdən başlayıram.
Bəzən ən yaxşı oxucularım da sətiraltı mənalara çata bilmirlər. Şeir onlara anlaşılmaz görünür. Mərhum akademik Afaq Qurbanov deyirdi ki, Firuzə xanımın şeirləri adamı məcbur edir ki, onu təkrar-təkrar oxuyasan. Hər dəfə də yeni bir yöndən dərk edəsən. Yaxşı oxucularım oxuyur, öz fəhmləri ilə dərk edir, mən oxuyub təhlil verəndə onlara daha maraqlı və tapıntılarla zəngin görünür.
Bir də ki, Sərvaz yaxşı şairdir və sözə, sənətə qiymət verməyi də bacarır. Sənətin isə özünəməxsus terminologiyası var. Vətəndaş mövqeyindən danışanda deyiləsi sözlər də çoxdur...
- Poeziyada görmədikləriniz və görmək istədikləriniz?
- Çətin sualdır. O qədər şeir yazan var ki, vaxt yetirib hamısı ilə tanış ola bilmirsən. Bəzilərinə isə heç vaxt sərf etmək istəmirsən.
Bilirsinizmi, əvvəllər, yəni ötən əsrin ortalarında hər on illik özünün super istedadlarını yetişdirib ədəbi aləmə təqdim edirdi. Mövcud poeziya müstəvisində birdən bir qaynama, bu qaynamada səthdən yuxarı qabarmalar görürdün. Yəni durğunluq olmurdu. 60-cı illərdə - Əli Kərim, Məmməd Araz, Fikrət Qoca, Fikrət Sadıq, İsa İsmayılzadə, Ələkbər Salahzadə, 70-ci illərə yaxın Ramiz Rövşən, Nüsrət Kəsəmənli, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, 70-80-ci illər arasında Vaqif Bəhmənli, Vaqif Cəbrayılzadə, Zəlimxan Yaqub, daha sonralar Ramiz Qusarçaylı, Nisəbəyim, Salam Sarvan və s. poeziya aləmində bir ulduz kimi parıldadılar.
Hazırda mövcud poetik aləmin Rəsul Rzası, Əli Kərimi, Məmməd Arazı yoxdur. Xüsusən gerçəkliyin poetik ifadəsində Rəsul Rza ədəbi nüfuzu çatışmır.
Poeziyamızda üslub rəngarəngliyi var. Poetik deyim tərzində axtarışlar da yaxşı təsir bağışlayır. Amma parnoqrafik poeziyanı qəbul edə bilmirəm. Sensasiya, piar, təbliğat və s. naminə sənət arenasının zibillənməsinə haqq qazandırmaq olmur. Ən parlaq şan-şöhrətin özü də müəllifin özü ilə bərabər ölüb gedəndir. Qalan ancaq sənətdir, şairsənsə, sənin poeziyan var və əsil şan-şöhrəti də sənə o gətirəcək, ola bilsin ki, səndən əlli il sonra, yüz il sonra...
- Yaradıcılığa başlarkən şeirlərinizi kimin üçün yazmısınız? Kimə ünvanlamısınız?
- İlk şeirimi anamın vəfatına yazmışam (1952-ci ildə). İkinci şeirim 1953-cü ildə Stalinin ölümünə həsr olunub. 13 bəndlik bir şeir idi. İkicə misra qalıb yadımda. O vaxt uşaq idik və rəhbəri hamıdan ucada görməyi öyrətmişdilər bizə.
Müəllimlərimə, sənət adamlarına, yaxınlarıma həsr etdiyim şeirlər "Seçilmiş əsərləri"min 2-ci cildində "Ulularım, əzizlərim, yaxınlarım" bölməsində verilib. Lakin bunlar yaradıcılığımın kiçik bir hissəsini təşkil edir. Bu mövzu müxtəlif istiqamətlərdə işlənə bilər. Lakin insan, onun problemləri, ətrafında baş verənlər və s. məni daha çox cəlb edir. Yaradıcılığımın baş qəhrəmanı böyük hərflərlə insandır.
- Mənim fikrimcə, həvəskar şair, həvəskar bəstəkar ifadələri olduğu kimi, həvəskar tənqidçi ifadəsi də mövcuddur. Yəni ədəbiyyatşünaslıqdan xəbəri belə olmayan bəzi insanlar əlinə qələm alıb, tənqid yazmaq fikrinə düşür və sensasiya yaradır. Ədəbi tənqid barədə fikrinizi bilmək istərdim. Hansı tənqidi oriyinal hesab edirsiniz? Bəlkə tənqidi heç qəbul etmirsiniz?
- Mən bu fikirdə deyiləm ki, həvəskar şair, həvəskar tənqidçi ola bilər. Həvəskarlıq əl işidir. Peşə ilə bağlı məsələdir. Peşəkar ola bilməyən həvəskar mərhələsində ilişib qalır. Təfəkkür süzgəcindən keçib gələn sənətdə peşəkarlıq olar, həvəskarlıq yox. Peşəkarlığın özünü də mən poeziya üçün təhlükəli hesab edirəm. Çünki poeziya daim axtarış tələb edir. Peşəkarlıqda isə qələm, dəst-xətt öyrəncəliliyi var. Üslub başqa şeydir. Peşəkarlıq düzxətli hərəkətdir, hamar gedişdir. Asan qavranılsa da, tez həzm olunsa da, yenilik qığılcımının işığı çox zəif olur. Şairin axtarışları onu daim çətin manevrlərə çəkir. Bəzən ekspermentə üz tutursan. Elə buna görə də, beyin mərkəzləri ilə sıx əlaqədə olursan. Şair ya var, ya yoxdur. Şeirdə, poeziyada həvəskarlıq ola bilməz. Amma zəif yazanlar o qədərdir ki, buna ayrı ad da vermək olmur. Qafiyələndirmə, ritmə uyma, fikirlərin birini bu dağdan, birini o dağdan götürüb bəndə salma hələ şeir olmadığı kimi, onu yazan da heç cür şair adlana bilməz, lap həvəskar səviyyəsində belə.
Eləcə də tənqid. Tənqiddə birinci növbədə tənqidçi təfəkkürü formalaşmalıdır. Tənqidçi materialı oxucu fikri səviyyəsində qiymətləndirib canını qurtarmağa çalışırsa, bu, daha tənqid deyil, oxucu fikridir.
Oxucu fikirlərinin yazılmasına isə müsbət baxıram. Əvvəla, savadlı oxucuya malik olmaq müasir poeziyamızın problemlərindəndir. Oxucu oxuduğu materialı qiymətləndirə bilirsə, heç olmasa, buna səy edirsə, bunun nəyi pisdir ki?! O ki qaldı tənqidi qəbul etməyimə, bəli, tənqidi qəbul edirəm. Qərəzsiz, təmənnasız, obyektiv tənqidi.
- Yenə sizin şeirinizə üz tutaq: "Hər gün ölüm ayağıdır" qənaətinə gəlincə çoxmu götür-qoy etmisiniz?
- Qətiyyən. Məncə, həyatı müşahidə etmək kifayətdir. 1990-cı ildən üzübəri baş verənlər diktə etdi mənə bu fikri: insanlar kütləvi qırğınlarla üzləşib. Bəs hər an ürcah ola biləcəyin terror aktları... Evdən çıxırsan, bilmirsən salamat qayıda biləcəksənmi? Ölüm daha qocaya, cavana fərq qoymur. Qabağına kim çıxdı, qamarlayır.
- İş, ailə, qadın. Bunları bir araya necə sığışdırırsınız? Hələ üstəlik, Azərbaycan Yazıçılar Birliyi Həmkarlar İttifaqı Komitəsinin işləri.
- Kim desə ki, üçünü də tənzimləyirəm, inanmayın. Mütləq birini irəli aparmaq istəsən, o biri geri qalacaq. Mənim üçün poeziya, iş həmişə öndə olub. Ona görə də, məni yaxşı şair, yaxşı müəllim, yaxşı təşkilatçı hesab edən varsa, tam səmimiyyətlə deyirəm - ailə, ev, qadın məsələsini ikinci anda görsünlər. Qadın məsələsi, onun problemləri bəşəriyyətin tarixi ilə yaşıddır. İnanmayın ki, kimsə öz simasında bu problemin həllinə nail olunduğunu deyib. Bu üçbucaq şəxsən məni olmazın mərhumiyyətlərə məruz qoyub.
- Müəllimlikdən heç danışmadıq...
- Nə deyim, mənim də müəllimlərim olub. Nümunəvi tələbə olduğumdan xətrimi istəyiblər. Mən də elə. Yaxşı tələbələrim olub, yenə də var. Nazir olanı da var, akademik olanı da var, şair olanı da, adi müəllim olanı da. Elələri də var ki, evdar qadındır, ailəsinə xidmət edir. Axı bizim universitetdə daha çox qızlar oxuyur.
Yaxşı oxuyan tələbələrimi mən də qiymətləndirirəm, əziz tuturam, unutmuram. Tələbələrimə şeirlərim də var:
Bu yaxın keçmişin dəcəli qızlar,
Hərə bir ocağı isidir indi.
Bir zaman qubalı, gəncəli qızlar,
Məndən ünvanınız gizlidir indi.
Səkkiz bəndlik şeirdir. Xoşbəxt olsunlar, Tanrı onlardan ailə və qadınlıq sevincini əsirgəməsin.
- Bu qədər fəaliyyətlə səssiz-küysüz adamsınız.
- Ötən əsrin 80-ci illərində fəaliyyətimlə bağlı səs-küy qaldırmaq istədim. Mənim inandığım, arxa, dayaq, ümid yeri sandığım partiyaya rəhbərlik edən kiçik məmurlardan biri dedi ki, neyləyək ki, şairsən, alimsən, evin yoxdur. Yazırsan, pulunu alıb cibinə qoyursan, gətirib bizə vermirsən ki. Amma and içirəm ki, o vaxt bizə (gənc hesab olunanlara) ən aşağı məbləğdə qonorar hesablayır, on ildə iki balaca kitabımızı çap edirdilər. Haqdan, ədalətdən, bərabərlikdən, xoşbəxtlikdən dəm vuran bir cəmiyyətin məmurundan eşitdiyim bu sözlər mənə dərs oldu.
- Firuzə xanımın görünməyən tərəfi.
- Tündməcaz, hövsələsiz, çox vaxt nə istədiyini özü də bilməyən, çox vaxt özünə qapanıb qalan bir insan. Ən böyük çətinliyim qəlbimdəki insaf, mürvət, ədalət hisslərinə qalib gələ bilməməyimdir. Həmişə öz-özümlə mübarizə aparan, narahat bir adamam...
- Firuzə xanımın məşğuliyyəti.
- Əvvəllər boş vaxtım olurdu. Onda mən plastilindən, parafindən quş, heyvan fiqurları hazırlayıb uşaqları sevindirirdim. Belə fiqurlar oyuncaq bazarında kifayət qədər olsa da, nədənsə uşaqlar mənim düzəltdiyim fiqurları xoşlayırdı. Şəkillər çəkirdim, mənzərə, portret, ən çox da quş şəkilləri. Uşaqlara öyrədirdim. Balaca rəssam yetirmələrim də olurdu.
Son vaxtlar bir saat belə nəsə əlavə bir işlə məşğul olmağa vaxt tapmıram.
- Özünüzə hansı sualı verərdiniz?
- Artıq özümə heç bir sualım yoxdur. Suallarım bəşəriyyətədir, dünyayadır, insanlaradır: hara gedirsiniz bu nəfslə, bu insafsızlıqla, bu "mənəm-mənəmliklə"?
Ə.Zeynəb
Kaspi.-2009.-7-9 noyabr.-S.14.