"Bizim bəlli tamaşaçımız var" 

 

Mübariz Həmidov, Əməkdar artist: "Teatr üçün ən əsas repertuar siyasətidir"

 

Yenidən əsaslı təmir və bərpa olunmuş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 82-ci dəfə mövsümi fəaliyyətə başlayır. Kollektiv yeni mövsümünü noyabr ayının 12-də uşaq tamaşaları silsiləsi ilə açacaq. Bir sıra klassik səhnə əsərləri üzərində işləyən yaradıcı heyət teatrsevərləri yeni premyeralarla da sevindirəcək. Bununla yanaşı, teatr dekabr ayında özünün 80 illik yubileyini də təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidovla söhbətimiz də teatrın yeni mövsümdəki planları barədədir.

- Gənc Tamaşaçılar Teatrının yeni mövsümünə hansı əhval-ruhiyyə ilə başlayırsınız?

- Bu teatr mövsümü bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Uzun müddət səbirsizliklə gözlədiyimiz arzuya çatırıq. Bildiyiniz kimi, 2006-cı ildə ölkə başçısının müvafiq sərəncamı ilə respublikanın bir sıra aparıcı teatrları, o cümlədən Gənc Tamaşaçılar Teatrı əsaslı təmir və bərpa işləri üçün dayandırılmışdı. Biz fəaliyyətimizi müxtəlif məkanlarda - Səttarxan adına mədəniyyət və texnika sarayında, kinostudiyada davam etdirmişik. Bir sıra xarici ölkələrdə qastrol səfərlərində və festivallarda iştirak etmişik. Respublikamızın rayonlarını demək olar ki, qarış-qarış gəzmişik. Onu da deməliyəm ki, 18 il idi ki, bizim teatr rayonlara səfərə çıxmırdı. Nəhayət, həmin gün gəlib çatdı ki, teatrımızın bərpa və təmir işləri yüksək səviyyədə başa çatdı. Artıq 82-ci mövsümün açılışına və teatrın 80 illik yubileyinə çox ciddi hazırlaşırıq. Konkret olaraq noyabrın 12-dən 17-dək ümumtəhsil məktəblərinin tətil günlərini əhatə edən tamaşalar proqramı tərtib etmişik. Eyni zamanda, noyabrın 20-dən 29-dək yeni tamaşaların premyeralarını təşkil edəcəyik. Bu sırada Cəfər Cabbarlının "Aydın", Hüseyn Cavidin "Şeyx Sənan", Mirzə Fətəli Axundovun "Hekayəti xırs quldurbasan", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu", C.Məmmədquluzadənin "Məkkəyə gedən yol" əsərlərinin ilk tamaşaları teatrsevərlərin ixtiyarına veriləcək. Bütün bu tamaşalar klassik dramaturgiya nümunələridir. Biz həmin ərəfədə klassik tamaşalar həftəsi aksiyası keçirmək niyyətindəyik. Artıq bunun üçün son hazırlıq işləri gedir. Təbii ki, bütün teatr ictimaiyyəti bu tamaşalarda iştirak edəcək. Bundan əlavə, ilin sonunadək hazırlanacaq bir neçə tamaşamız, o cümlədən gerçəkləşdirmək istədiyimiz bir neçə beynəlxalq layihəmiz də var. Norveç səfirliyi ilə birgə məşhur Norveç yazıçısı, Nobel mükafatı laureatı Knut Hamsunun "Viktoriya" əsərini səhnələşdiririk. Bundan əlavə, Belarus Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Natalya Barşova ilə teatrımızın müqaviləsi var. O bizim teatrda Hofmanın "Şelkunçik" əsərinə quruluş verəcək. "Şelkunçik" ilk dəfə Azərbaycan dilində səhnələşdiriləcək. Bu layihələri ilin sonuna qədər həyata keçirəcəyik. Teatrın 80 illik yubileyinin keçirilməsi də nəzərdə tutulur. Çalışacağıq ki, ilin sonunadək yubileyi təntənəli surətdə qeyd edək. 2010-cu ilin repertuar planı hələ təsdiqlənməyib. Hər halda 8-10 əsərə quruluş veriləcək. Bundan əlavə, bilirsiniz ki, Dövlət Gənclər Teatrı və Bakı Kamera Teatrı Gənc Tamaşaçılar Teatrına birləşdirilib. Artıq bizim truppa xeyli böyüyüb. Sadaladığım tamaşaların hamısında bu üç kollektivin vahid truppası məşğul olacaq. İşimiz və arzularımız çoxdur. Məqsədimiz tamaşaçılara yalnız samballı, zövqlü tamaşalar təqdim etməkdir.

- Siz üç teatrın birləşməsi məsələsinə toxundunuz. Teatrların birləşməsi haqqında əmr yeni veriləndə birmənalı qarşılanmadı. Bəs bir rəhbər olaraq ayrı-ayrı estetikalı və repertuar müxtəlifliyi olan üç kollektivin idarə olunması sizin üçün çətin olmayacaq ki?

- Təbii ki, başlanan hər yeni iş birmənalı qarşılanmır. Müəyyən söz-söhbət, narazılıqlar olur. Düzdür, hər bir teatrın öz janrı var. Ancaq söyləməzdim ki, kəskin şəkildə fərqlənən janrlardır. Bunların hər üçündə həm uşaqlar, həm də böyüklər üçün tamaşalar hazırlanır. Teatra Xalq artisti Cənnət Səlimova baş rejissor təyin olunub. Dəfələrlə birləşmiş truppa ilə söhbətlərimiz olub. Mənə elə gəlir ki, heç bir problem yoxdur. Cənnət xanımın peşəkarlığı bu truppaları vahid şəkildə birləşdirməyə imkan verir. Teatr üçün ən əsas repertuar siyasətidir. Əgər aktyorlar arasında rol bölgüsü düzgün aparılırsa, hesab etmirəm ki, sabah hansısa problem ortaya çıxsın. Müəyyən narazılıqlar, söz-söhbətlər haqqında məlumatım var. Ancaq hesab edirəm ki, bunlar müvəqqəti xarakter daşıyır. Hazırda bu gün teatrda iş o qədər qızğın gedir ki, nə aktyorların, nə də texniki işçilərin nədənsə gileylənməyə vaxtları var. Bizim teatra birləşən hər iki truppanın üzvlərini çox gözəl tanıyıram. Onların hansı potensiala malik olduğunu da yaxşı bilirəm. Mən 6 il müddətində Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsində çalışmışam. Buna görə də bütün teatrların yaradıcılığı mənə bəllidir. O baxımdan həmin teatrların kollektivini doğma hesab edirəm və burada heç bir problem də görmürəm. Artıq hamı bir-birinə qaynayıb-qarışıb.

- Siz repertuara toxundunuz. Cənnət xanım teatra baş rejissor təyin olunandan sonra verdiyi müsahibələrinin birində Gənc Tamaşaçılar Teatrı və Gənclər Teatrının repertuarının çox zəif olduğunu bildirib. Bu baxımdan da yeni repertuar formalaşdırdığını vurğulayıb. Onda belə çıxır ki, 80 illik tarixi olan bir teatr repertuar siyasətinə sıfırdan başlamalıdır?

- Mən də, teatrın bütün kollektivi də həmin qəzet materialı ilə tanışıq. Açığını deyim ki, bu bizdə birmənalı qarşılanmadı. Cənnət xanımla bu barədə söhbət oldu. O, əslində, bu fikirdən çox uzaqdır. Ola bilməz ki, Cənnət xanım bu fikri söyləsin. Əminəm ki, bu, texniki yanlışlıqdır. Ola bilməz ki, 80 illik tarixi olan bir teatrın repertuarının üstündən bir cümlə ilə xətt çəkilsin. Cənnət xanım qəti şəkildə belə bir fikir söyləmədiyini bildirdi. Bu gün bizim teatrın repertuarında olan tamaşalar 99 faiz yenə qüvvəsindədir. Cənnət xanım təyin olunandan bir həftə sonra bütün tamaşaları təşkil etdik və o, tanış olduqdan sonra hər bir tamaşa haqqında mənə məlumat verərək razı qaldığını bildirdi.

- Bəs teatrın adının dəyişdirilməsi ilə bağlı səslənən fikirlər nə qədər əsaslıdır? Müasir teatr, Yeni nəsil teatrı və s.

- Heç bir əsası yoxdur. Bu fikirlər bilmirəm haradan yaranır. 80 il bir adla fəaliyyət göstərən teatrın adı niyə dəyişməlidir ki? Dünyanın hər yerində, keçmiş sovet ölkələrində Gənc Tamaşaçılar Teatrı var və insanlar bu ada vərdiş ediblər. Öz tamaşaçılarımız bizi bu adla tanıyırlar. Teatrın adının dəyişdirilməsi ilə bağlı heç bir fikir ola bilməz.

- 80 illik tarixi olan bir teatrda zaman-zaman fədailər çalışıb və onlar artıq öz missiyalarını başa vuraraq yerlərini gənc nəslə veriblər. Ancaq sizə elə gəlmirmi ki, bu gün həmin gənclərin bəxti bir az gətirib. O mənada ki, onların sırasından nə Sidqi Ruhulla, nə Ələsgər Ələkbərov çıxır.

- Bu gün bizdə çox istedadlı gənclər çalışır. Ancaq deyərdim ki, onların bəxti gətirib. Müasir, bütün şəraiti olan binada onlara yalnız məsuliyyətlə işləmək qalır. Bu məsuliyyəti dərk edən gənclər bizdə çoxdur. Amma gələcəkdə onlardan Sidqi Ruhulla və ya Ələsgər Ələkbərov çıxıb-çıxmayacağını zaman göstərəcək.

- Teatrın müasir, yüksək şəraitli olması çox gözəldir. Ancaq əminsinizmi, bu gün hazırlanacaq tamaşalarla teatrdan bir qədər perik düşən tamaşaçını geri qaytarmaq olacaq?

- Güman edirəm ki, bu, mümkün olacaq. Biz bu gün bu məsələ üzərində işləyirik. Tamaşaların bədii keyfiyyəti, sambalı öz yerində, ancaq tamaşalar yüksək zövqlə reklam olunmalıdır. Bu mənada bizə televiziya kanalları dəstək olurlar və mən onlara öz təşəkkürümü bildirirəm! Hesab edirəm ki, tamaşaçının cəlb olunmasında reklamın çox böyük rolu var. Hazırda reklam çarxları hazırlanır və kanallara təqdim olunacaq. Onu da bilirsiniz ki, bu gün Bakıda fəaliyyət göstərən bütün teatr və konsert müəssisələrinin bilet satışı mərkəzləşdirilmiş kassa sistemi ilə həyata keçirilir. Şəhərin bir neçə nöqtəsində xüsusi köşklər quraşdırılıb ki, oradan istənilən teatra və ya konsert müəssisəsinə bilet əldə etmək mümkündür. Bu bir növ tamaşaçıların rahatlığı üçündür. Bizim bəlli tamaşçımız var. Daimi tamaşaçılarımız tərəfindən bizə çoxlu müraciət olur. Mən çox nikbinəm, ümidvaram ki, perik düşən tamaşaçı yenidən teatra qayıdacaq.

- Tamaşaçıları maraqlandıran bir sual verim: biletlərin qiymətində dəyişiklik olmayacaq ki?

- Bütün şəraiti, tamaşalara xərclənən vəsaiti nəzərdən keçirib belə bir qərara gəlindi ki, gündüz tamaşaları 3, axşam tamaşaları 5 manat civarında olsun. Hesab edirəm ki, normal məbləğdir. Bu gün teatrın saxlanılması çox böyük vəsait tələb edir. Biz dövlətdən yalnız əməkhaqqı qismində dotasiya alırıq, qalan bütün xərcləri teatr özü ödəməlidir. Teatr yeni tamaşaları da qazandığı vəsait hesabına hazırlamalıdır. Ancaq bizim binamız istismara yeni buraxıldığına görə Mədəniyyət və Turizm Nazirliyi bizə 4-5 tamaşaya dövlət sifarişi verərək vəsait ayırıb. Qalan xərcləri isə özümüz çəkməliyik.

- Siz respublikanın Əməkdar artistisiniz. Bu fəxri ada görə səhnəyə, yoxsa məmurluğunuza minnətdarsınız?

- Təbii ki, səhnəyə. Mən bu fəxri adı səhnə fəaliyyətimə görə almışam. 20 il teatrda aktyor kimi fəaliyyət göstərmişəm. Mədəniyyət və Turizm Nazirliyində çalışmağa gedəndə artıq bu fəxri adı daşıyırdım.

- Bəs bu gün səhnə üçün darıxmırsınız?

- Təbii ki, ürəkdə qalır. Allah qoysa, işləri yoluna qoyum, gələcəkdə rejissorlarımız hansı rolu məsləhət bilsələr, ifa etməyə çalışacağam. 

 

 

Məhərrəmova Təranə

 

Kaspi.-2009.-10 noyabr.-S.11.