Məcburi sosial sığorta haqlarının toplanması işləri daha da sərtləşdiriləcək 

 

DSMF öz xərclərini maliyyələşdirməyə hazırlaşır

 

Gələn il Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri 1 milyard 775 milyon 721 min 620 manat olacaq. Bu barədə Milli Məclisin dünən keçirilən iclasında Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verdi. O qeyd etdi ki, büdcənin xərclərinin və gəlirlərinin bu həddə olması proqnozlaşdırılır. Amma dünyadakı maliyyə böhranı fondun da büdcəsinə təsirsiz ötüşməyib. Nəticədə fondun büdcəsinə dövlət büdcəsindən transfertlərin həcmi artırılıb.

Komitə sədri dedi ki, ilk baxışda fondun büdcəsinin icmal rəqəmləri 2009-cu ilə nisbətən 18 milyon manat azalıb. Amma bəzi reallıqlar nəzərə alınsa, gələn il büdcənin artımla müşayiət olunacağı proqnozlaşdırıla bilər: "Hesablamalara görə, bu il Azərbaycanda inflyasiyanın həddi təxminən 1 faiz olacaq. Bu isə 2009-cu ildə pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi üçün nəzərdə tutulan 50 milyon manat vəsaitin istifadə olunmadan ehtiyat kimi fondun büdcəsində qalması deməkdir. Eyni zamanda, 2009-cu ildə fondun rabitə və aparatının saxlanma xərclərinə 2 milyon manata qədər qənaət edilib. Beləliklə, fondun büdcəsi gələn il 50 milyon manat artımla proqnozlaşdırıla bilər"

 H.Rəcəbli dedi ki, müsbət məqamlarla yanaşı, pensiya sistemində müəyyən problemlər də var. Belə ki, eyni sistemdə və eyni işdə çalışmış bəzi vətəndaşların aldıqları pensiyaların məbləğində fərqlər var. "Bu problemin həlli əlbəttə ki, maliyyə tutumludur. Amma hökumət bu problemi 2010-cu ildə həll etməyi düşünür" - deyə H.Rəcəbli vurğuladı.

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov qeyd etdi ki, Azərbaycanın pensiya-sığorta sistemi 2009-cu ildən etibarən yeni bir mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, ölkənin makroiqtisadi göstəriciləri birbaşa pensiya-sığorta sisteminə də təsir edib. 2010-cu ildə orta aylıq əmək haqqının 2009-cu ilə nisbətən 16,8 faiz artaraq 339,2 manata çatması, inflyasiyanın 3 faizlik səviyyəsi, iqtisadiyyatda məşğul olanların sayının 20 min nəfər artaraq 4 milyon 85 min nəfərə çatması, o cümlədən muzdla işləyənlərin 13 min nəfər artacağı proqnozlaşdırılıb. Bu ilin sonuna DSMF-nin gəlirlərinin proqnozlaşdırılan 1 milyard 775 milyon manata qarşı 1 milyard 540 milyon manat olması gözlənilir. O cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə proqnozun 296 milyon manat az icra olunması proqnozlaşdırılır. Bunun əsas səbəbi ölkə üzrə proqnozlaşdırılan inflyasiyanın xeyli az olması və orta aylıq əmək haqqının proqnozlaşdırılan 35 faizə qarşı 16,5 faiz artmasıdır. Eyni zamanda, fondun büdcə xərclərinin 2009-cu il üçün 1 milyard 695 milyon manat təşkil edəcəyi gözlənilir. Xərclər nəzərdə tutulandan təxminən 80 milyon manat az icra olunacaq. Bu vəsait inflyasiya olmadığından pensiyaların sığorta hissəsinin indeksasiyalaşdırılmamasından əldə ediləcək. S.Müslümov dedi ki, növbəti ildə Azərbaycanda doğulacaq uşaqların sayının 152 min nəfər olması gözlənilir. Doğulan uşaqlara görə verilən müavinət 50 faiz artırılaraq 50 manatdan 75 manata çatdırılacaq. Sığorta-pensiya sistemini müxtəlif səbəblərə görə tərk edəcək vətəndaşların sayının isə 43 min nəfər olacağı nəzərdə tutulur. Beləliklə, gələn il pensiyaçıların ümumi sayı 16 min nəfər artacaq.

S.Müslümov dedi ki, DSMF-nin gələn il üçün nəzərdə tutulan büdcəsi 2009-cu ilin büdcəsinin faktiki icrasına nisbətən 62,2 milyon manat və ya 3,2 faiz çoxdur. Bu artımın 10,4 milyon manatının əmək pensiyalarının sayının artımına, 4,6 milyon manatının sosial sığorta haqları hesabına maliyyələşdiriləcək müavinətlərin artımına, 7 milyon manatının pensiyaların əhaliyə çatdırılması, sığorta-pensiya sisteminin inkişafı üzrə dövlət proqramında nəzərdə tutulan tədbirlərə, 40 milyon manatının isə pensiyaların baza hissəsinin artımına yönəldilməsi nəzərdə tutulur. S.Müslümov bildirdi ki, gələn il əhaliyə ödənişlərə 1 milyard 688,3 milyon manat və ya ümumi xərclərin 96,1 faizi, o cümlədən pensiya ödənişlərinə 1 milyard 634 milyon manat və ya bütün büdcə xərclərinin 93 faizi yönəldiləcək. Pensiya xərclərinin 1 milyard 139 milyon manatı və ya 69,7 faizi onların baza hissəsinin, 495 milyon manatı və ya 30,3 faizi sığorta hissəsinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Fond sədri dedi ki, 2009-cu ilin gözlənilən xərclərinə nisbətən gələn il pensiyaların strukturunda dəyişikliklər baş verəcək. Belə ki, sığorta hissəsinin xüsusi çəkisi 3,2 bənd artacaq. Bu da sığorta prinsiplərinin tədricən sistemdə daha böyük üstünlük qazanması ilə bağlıdır. Ümumilikdə gələn il pensiyaçıların orta illik sayının 1 milyon 307 min nəfər olacağı gözlənilir. Onlardan 850 min nəfəri yaşa görə (cari ilə nisbətən 4,6 min nəfər çox), 317 min nəfəri əlilliyə görə (cari ilə nisbətən 9,8 min nəfər çox), 140 min nəfəri isə ailə başçısını itirməyə görə (cari ilə nisbətən 1,5 min nəfər çox) pensiya alanlardır. Sosial sığorta haqları hesabına maliyyələşdiriləcək müavinətlərə xərclərin 54,4 milyon manatı və ya ümumi xərclərin 3,1 faizi nəzərdə tutulub. Bu vəsaitin 19,2 milyon manatı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 18,8 milyon manatı hamiləliyə və doğuma görə müavinətin, 2 milyon manatı uşağın anadan olmasına görə müavinətin, 9,9 milyon manatı dəfn müavinətinin, 4,3 milyon manatı isə 3 yaşına qədər olan uşağa qulluğa görə müavinətin maliyyələşdirilməsinə yönəldiləcək. DSMF-nin büdcəsindəki digər xərclər 69 milyon manat və ya bütün xərclərin 3,9 faizi qədər proqnozlaşdırılır ki, bu da cari ildə gözlənilən maliyyələşmədən 7 milyon manat və ya 10,1 faiz çoxdur. Bu xərclərin 19 milyon manatı DSMF aparatının saxlanması xərclərinə, 19 milyon manatı pensiya və müavinətlərin əhaliyə çatdırılması xərclərinə, 12,8 milyon manatı sığorta olunanların sağlamlaşdırılması tədbirlərinə, 10,7 milyon manatı məşğulluq, 3,7 milyon manatı isə əlillərin sosial müdafiəsi tədbirlərinə sərf olunacaq. Fondun saxlanılması xərcləri 2009-cu ilə nisbətən təqribən 2 milyon manat azaldılıb. Bu, əsasən fondun maddi-texniki bazasının qurulmasının başa çatdırılması ilə əlaqədardır.

S.Müslümov qeyd etdi ki, indi əsas məqsəd fondun büdcəsində nəzərdə tutulan gəlirlərin toplanmasına nail olmaqdır. Bu məqsədlə gələn il məcburi sosial sığorta haqlarının toplanması işləri daha da sərtləşdiriləcək. Gələn il builki daxilolmadan 179 milyon manat çox məcburi sosial-sığorta haqqının toplanması nəzərdə tutulur. S.Müslümov bildirdi ki, hazırda sosial sığorta gəlirləri fondun ümumi gəlirlərinin 69,5 faizini təşkil edir. Ümumilikdə büdcə təşkilatlarında çalışanlar üzrə sosial sığorta haqları 525 milyon manat proqnozlaşdırılır ki, bu da cari ildə gözləniləndən 75 milyon manat və ya təxminən 10 faiz çoxdur. Qeyri-büdcə sferası üzrə daxilolmalar isə 696 milyon manat və ya bu ilin gözlənilən icrasına nisbətən 104 milyon manat və ya 17,6 faiz faiz çox nəzərdə tutulur. Bütün sığorta haqlarının 57 faizi məhz qeyri-büdcə sferasından gələn daxilolmaların payına düşür. Bu da 2009-cu ilin səviyyəsindən 0,2 bənd yuxarıdır.

S.Müslümov onu da bildirdi ki, hazırda fondda qeydiyyatda olan sığortaolunanların sayı 1 milyon 850,5 min nəfərdir ki, bunun da 1 milyon 394,2 min nəfəri muzdla işləyənlər, 456,3 min nəfəri isə özü məşğul əhalidir: "Məlumat üçün bildirmək istəyirəm ki, 2003-cü ildə 1 milyon 302,4 min nəfər sığortaolunan qeydiyyatda olub. Son 6 ildə isə artım 548 min nəfər təşkil edib. Bu da yeni açılmış 589,4 min daimi iş yerinin hesabına təmin olunub. Növbəti ildə qeydiyyata alınan sığortaolunanların sayının 1 milyon 906 min nəfərə çatdırılması nəzərdə tutulur ki, bunun da 1 milyon 420 min nəfərini muzdla işləyənlər təşkil edəcək. Göründüyü kimi, qeydiyyata alınan muzdla işləyənlərin sayının artması hesabına 20 milyon manat, özü məşğul olanların sayının artmasına görə isə 2 milyon manat, əmək haqlarının artımı hesabına isə 157 milyon manat sosial sığorta haqqının artımı təmin ediləcək".

Fond sədri dedi ki, xərclərin 533,7 milyon manatı dövlət büdcəsindən transfert hesabına maliyyələşdiriləcək. Bu, transfertin cari ildə gözlənilən məbləğindən təqribən 19 milyon manat az olacağı deməkdir. S.Müslümov bildirdi ki, DSMF öz xərclərinin hamısının məcburi sosial sığorta haqları hesabına maliyyələşdirilməsi üçün tədbirlər həyata keçirir. Lakin nəzərə almaq lazımdır ki, hazırda 1 milyon 305 min nəfər pensiyaçının 236,5 min nəfəri 1992-ci ilə qədər pensiyaya çıxanlar olub. Sovet dövründə isə məcburi sosial sığorta sistemi olmayıb. Eyni zamanda, hazırkı pensiyaçıların 220,2 min nəfəri "Sosial sığorta haqqında" qanunun qəbul olunduğu 1997-ci ilə qədər pensiyaya çıxanlardır. Bu şəxslərin 1 illik pensiya xərcləri 570 milyon manat təşkil edir ki, bunun da əsas hissəsi büdcədən verilən transfertlə örtülür.

Layihə ətrafında çıxış edən millət vəkili Nazim Məmmədov respublikada ciddi bankomat çatışmazlığı yaşandığını bildirdi. O, fond sədrindən soruşdu ki, gələcəkdə pensiyaların ödənilməsinin təkcə Beynəlxalq Bank vasitəsilə deyil, digər banklarla da verilməsi nəzərdə tutulurmu.

Millət vəkili Elmira Axundova qanunvericiliyə müvafiq olaraq 2009-cu ildə pensiyaların baza hissəsinin ən azı 1 dəfə artırılmalı olduğunu bildirdi. Millət vəkili ilin axırına qədər bunun reallaşıb-reallaşmayacağını soruşdu.

Millət vəkili Pənah Hüseyn DSMF-nin saxlanılması xərclərinə 19 milyon manatın nəzərdə tutulmasının çox olduğunu dedi.

Millət vəkili Mübariz Qurbanlı bu fikirlə razılaşmadı. Onun sözlərinə görə, son illər fondun büdcəsinin mütəmadi olaraq artması nəzərə alınarsa, DSMF-nin saxlanması xərcləri o qədər də çox deyil. Azərbaycanda DSMF-də çalışanlar pensiyaçıların adambaşına düşən sayına görə MDB ölkələri arasında ən azdır. Son bir neçə ildə fondun əməkdaşlarının sayı da artmır.

Millət vəkili Rafael Cəbrayılov bir sıra özəl müəssisələrdə işəgötürülənlərin sənədləşdirilməsində problemlər olduğunu dedi. Onun sözlərinə görə, bu məsələ gələcəkdə pensiya sistemi üçün problemlər yaradacaq.

Müzakirələrdən sonra DSMF-nin 2010-cu il üçün büdcəsi qəbul edildi.

 

 

Quliyev İlham

 

Kaspi.-2009.-14-16 noyabr. -S.4.