Büdcə kəsirinin örtülməsi üçün lazımi qədər qiymətli kağızlar yerləşdirmək mümkündür 

 

Rüfət Aslanlı: "Ən əlverişli faiz şərtləri ilə vəsaitlər cəlb etmək imkanına malikik"

 

Dünən YAP qərargahında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlının iştirakı ilə mətbuat konfransı keçirilib. Dünyada və Azərbaycanda baş verən qlobal iqtisadi proseslərə toxunan QKDK sədri bildirib ki, maliyyə böhranı ilin ikinci yarısından səngiməyə başlayıb: "Dünyanın ən böyük iqtisadiyyatlarından olan ABŞ iqtisadiyyatı üçüncü rübdən 3,5 faizlik artım nümayiş etdirib. Avropa iqtisadiyyatında dirçəlmə isə ilin ortalarından müşahidə olunub". Bütün bu dövr ərzində iqtisadi canlanmanın episentri olan Asiyaya gəlincə, orada iqtisadi canlanma ilin ikinci rübündən bir qədər də artıb.

 

İqtisadiyyatda daralma

 

Müşahidə olunan müsbət tendensiyalara baxmayaraq, 2009-cu il dünya iqtisadiyyatı üçün daralma ilə yekunlaşacaq. R.Aslanlının sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamaları bu daralmanın 1,1 faiz təşkil edəcəyini göstərir. 2010-cu ildə isə BVF qlobal iqtisadiyyatın 3,1 faiz artımını proqnozlaşdırır. Amma 2010-cu ildə gözlənilən iqtisadi artım da böhranın tamamlanmasını deməyə əsas vermir. Çünki qlobal iqtisadi artımın davamlı xarakter alması üçün bir sıra mühüm təhdid və risklər var. Belə ki, artımın müşahidə olunmasına baxmayaraq, qlobal səviyyədə işsizlik artmaqda davam edir: "İşsizliyin artması dünya səviyyəsində istehlak tələbinin bərpasını ləngidəcək". Digər təhdidə görə isə böhranın başlanmasının episentri olan maliyyə sisteminin itkiləri tam bərpa olunmayıb və bu itkilər müəyyən mənbələr hesabına ödənilməlidir. Bu da maliyyə sektorunun həm istehlakçılara, həm də biznesə kredit və sərmayələri yerləşdirməkdə çox ehtiyatlı olması ilə nəticələnir: "Maliyyələşmə, maliyyə resurslarına sərbəst çıxış isə dayanıqlı iqtisadi artımın ən mühüm elementlərindəndir". Digər risk isə maliyyə sisteminin tənzimlənməsinə dair tənzimləyicilərin qlobal səviyyədə konsensusa gəlməmələri ilə bağlıdır. Onların maliyyə bazarlarının gələcəkdə hansı formada idarə və nəzarət ediləcəyi barədə vahid mövqeyə gəlməmələri bu gün həm investorlarda, həm də bazara çıxacaq potensial iştirakçılarda qeyri-müəyyənlik yaradır. Bu da maliyyə bazarlarının cari reyimdə fəaliyyəti üçün əngəllər törədir.

 

Azərbaycana böhranın 3 təsir kanalı

 

R.Aslanlı bildirib ki, iqtisadi böhranın eksbansiya etdiyi ilk 7-8 ay ərzində əsas fond biryaları öz kapitallarının 2/3-ni itirib: "Bu, həddindən artıq böyük bir rəqəmdir. Böhranlar tarixində bazarların belə dərin itkiyə məruz qalması heç vaxt müşahidə olunmayıb. Qlobal maliyyə bazarlarında vəziyyət birmənalı deyil. İqtisadi böhranın Azərbaycanın maliyyə sektoruna təsirinə gəlincə, onun təsirsiz ötüşdüyünü düşünməyin özü də sadəlövhlük olardı. Bu böhran ölkə iqtisadiyyatına, maliyyə sektoruna ən azından üç kanal vasitəsi ilə təsirini göstərir". Belə ki, bu təsir qlobal səviyyədə istehlak tələbatının enməsi fonunda Azərbaycanın ixrac məhsullarının qiymətinin azalması ilə özünü büruzə verir. Digər tərəfdən, qlobal likvidlik çatışmazlığı şəraitində maliyyə sektoru, ölkə iqtisadiyyatının xarici borclanma imkanlarının azalması, mövcud olan borcların qaytarılması zərurəti vasitəsi ilə təsir edir. Üçüncü kanal isə əhəmiyyətinə görə heç də az olmayan psixoloyi təsir vasitəsidir: "Bu üç kanal bütövlükdə Azərbaycan iqtisadiyyatının qlobal maliyyə və iqtisadi böhrana dayanıqlığını sınayan vasitələrdir. Bununla belə, qabaqlayıcı və cəsarətli tədbirlər nəticəsində ölkə iqtisadiyyatı, maliyyə sektoru bu təsir kanallarına qarşı dayanıqlıq göstərib və bu, davam edir. BVF-nin proqnozlarına görə, Azərbaycan 2009-cu ili iqtisadi artımla başa vuran çox az ölkələrdən biri olacaq". Belə ki, Azərbaycan iqtisadiyyatında ÜDM cari il ərzində 6 faizdən çox artıb. Ölkədə investisiya qoyuluşlarının davam etdiyini deyən R.Aslanlı əlavə edib ki, 9 ay ərzində investisiya qoyuluşlarının məbləği 5,2 milyard manatdan çox olub: "İnvestisiya qoyuluşları dayanıqlığın və iqtisadi artımın əsas şərtidir. Sevindirici haldır ki, qoyulan investisiyaların 3/4-ü qeyri-neft sektorunun payına düşür. Bu isə ölkə iqtisadiyyatının şaxələnməsinə və iqtisadi dinamikanın qeyri-neft sektoru hesabına təmin olunmasına imkan verəcək".

 

Gələn il üçün 12 milyardlıq profisit

 

QKDK sədri ölkədə makroiqtisadi vəziyyətin sabit olduğunu da vurğulayıb: "İnflyasiyanın səviyyəsi aşağıdır. Manatın məzənnəsi sabitdir. Böhran nəticəsində bank sektoru, qiymətli kağızlar, sığorta bazarlarında heç bir problem olmayıb. Kredit qoyuluşları davam etməkdədir. Tədiyyə balansı müsbət saldoya malikdir". Bu müddət ərzində əmanətlərin səviyyəsi də 12,2 faiz artıb: "BVF-nin proqnozlarına görə, ixrac qiymətlərinin aşağı düşməsi, bütövlükdə qlobal tələbatın azalması nəticəsində 2009-cu ildə ümumdünya ticarətinin 12 faizdən artıq azalması proqnozlaşdırılır. Belə bir şəraitdə Azərbaycanda cari hesabın profisiti bu il ərzində 8,3 milyard ABŞ dolları səviyyəsində gözlənilir. Gələn il üçün isə BVF bu profisiti 12 milyard dollar səviyyəsində proqnozlaşdırır. Cari hesabın profisiti 2009-cu ildə ÜDM-in 19,6 faizini, 2010-cu ildə 23,1 faizini təşkil edəcək. Bu da region ölkələri arasında ən yüksək səviyyədir". Rəsmi valyuta ehtiyatlarına gəlincə, bu göstərici ilin əvvəlindən 7,4 faiz artıb və 19 milyard ABŞ dollarına çatıb. Büdcənin bütün əsas istiqamətləri üzrə fiskal vəziyyət də normaldır.

Maliyyə sarsıntılarının qiymətli kağızlar bazarına təsirinə gəlincə, bu amil mənfi təsiri ilə yanaşı, adıçəkilən bazarın inkişafı üçün də müəyyən imkanlar açıb. Bu təsirlərdən söz açan R.Aslanlı bildirib ki, onların minimallaşdırılması üçün əvvəlcədən müəyyən hazırlıq işləri aparılıb: "Birincisi, Azərbaycanın maliyyə sistemi qlobal maliyyə sisteminə inteqrasiya olunsa da, bütün dövrlərdə balanslaşdırılmış xarici borclanma siyasəti həyata keçirib. Belə ki, ölkə iqtisadiyyatı 2005-ci ildən başlayaraq çox yüksək artım nümayiş etdirirdi. Belə bir şəraitdə xarici investorların Azərbaycan bazarına, iqtisadiyyatına, eləcə də ölkə bazarında həm dövlət, həm də korporativ, özəl sektorun qiymətli kağızlarına marağı yüksəlirdi". Bu marağın artmasına baxmayaraq, qiymətli kağızlar bazarında daim balanslaşdırılmış xarici borclanma siyasəti həyata keçirilib. Belə ki, dövlət qiymətli kağızları vasitəsi ilə borclanmada xarici investorların payı hətta ən pik səviyyəsində 35 faizə çatmayıb. Bu da çox balanslı və mühafizəkar yanaşmadır: "Nəticəsi odur ki, artıq 2008-ci ilin sonlarında dünya maliyyə bazarlarında kəskin likvidlik qıtlığı olarkən, həmin investorlar vəsaitlərini geri istəyəndə Azərbaycanda bu öhdəliyin icrası üçün heç bir problem olmadı. Bu proses də mərhələlərlə həyata keçirilib". Belə ki, 3 ay ərzində təxminən 100 milyon dollara yaxın xarici sərmayə ölkənin qiymətli kağızlar bazarından çıxarılıb. Bu amil bazardakı kağızların gəlirliyinə təsir göstərməməklə yanaşı, ödəmələrin icrasında da problem yaratmayıb. Özəl sektorun borclanmasına gəlincə, burada borclanmalar əsasən bank, maliyyə sektoru vasitəsi ilə həyata keçirilib: "Burada da pay ən pik borclanma səviyyəsində cəmi öhdəliklərin 25 faizinə çatmayıb".

Qiymətli kağızlar bazarının dayanıqlığını təmin edən ikinci məsələ isə Azərbaycan bazarında mürəkkəb, riskləri çətin anlaşılan maliyyə alətlərinin tətbiq olunmamasıdır. Nəticədə bu amillər bazarın inkişafını təmin edib: "9 ayda ölkə bazarında korporativ qiymətli kağızlar 11,2 faiz artaraq 345 milyon manata çatıb. Səhmlərin ilkin yerləşdirilməsi 3,1 faiz, təkrar bazarda əməliyyatlar 54 dəfə artıb. Dövr ərzində Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqarzlarının həcmi 61 faiz artaraq 520 milyon manata çatıb. Bu da fiskal sabitlik baxımından təhlükəli hədd deyil". 9 ay ərzində qeyri-investisiya qiymətli kağızlarla - mənzil sertifikatları, veksel, ipoteka kağızları ilə ticarətin səviyyəsi də artıb: "İpoteka kağızlarının dinamikası 17 faiz təşkil edib. Bunun da əsas səbəbi Azərbaycan İpoteka Fondu tərəfindən yenidən maliyyələşdirilən kreditlərin ilin ikinci yarısından bərpa olunmasıdır. Gözləyirik ki, gələn il bu dinamika daha da yüksək olacaq".

 

Büdcə kəsiri ÜDM-in 3,9 faizini təşkil edir

 

2010-cu ildə dövlət büdcəsinin kəsirinə də toxunan komitə rəhbəri onun örtülməsi üçün dünya bazarlarında Azərbaycanın qiymətli kağızlarının yerləşdirilməsinə də münasibət bildirib: "Demək olmaz ki, maliyyə bazarları tam durğun vəziyyətdədir. Bu müddət ərzində Amerika, Avropa, Asiya ölkələri dövlət borclanmaları ilə maliyyə bazarlarına çıxırlar. Bu gün daha çox korporativ səhm və istiqrazlarda risklər gördüyündən investorlar vəsaitlərini əsasən dövlət borclanma alətlərinə yatırırlar. Hazırda maliyyə bazarlarında qlobal səviyyədə gəlirlik çox aşağı səviyyədə olduğundan bu anda bazara çıxmaq daha ucuz resursların əldə edilməsinə imkan verə bilər". Azərbaycana gəlincə, fiskal parametrlər, iqtisadiyyatının ölçüsünə görə respublika ilə müqayisə olunacaq ölkələr üzrə QKDK-nın apardığı tədqiqatlar ölkənin çoxlu rəqabət üstünlükləri olduğunu göstərir. Makroiqtisadi sabitlik, ölkənin xarici mövqeyinin stabil olması, iqtisadi dinamikanın davam etməsi bu amillərdəndir. Digər tərəfdən, agentliklər tərəfindən bu dövrdə həmin ölkələrin reytinqləri neqativ istiqamətdə dəyişdirilsə də, Azərbaycanın reytinqi sabit qalıb. Bu üstünlüklər isə ölkənin beynəlxalq bazarlardan borclanma imkanlarını təmin edir: "Faizlər barədə danışmaq istəməzdim. Çünki qlobal maliyyə bazarlarında bu gün faizləri, həcmləri proqnozlaşdırmaq o qədər də düzgün deyil. Hansı anda bazara çıxmağımızdan asılı olmayaraq, hesab edirəm ki, bizimlə rəqabət edə biləcək ölkələrlə müqayisədə ən əlverişli faiz şərtləri ilə vəsaitlər cəlb etmək imkanına malikik. Bu məsələlər Maliyyə Nazirliyi ilə müzakirə olunmalıdır. Büdcə kəsiri bəllidir və onun örtülməsi üçün nə qədər lazım olarsa qiymətli kağızlar yerləşdirə bilərik". Bir neçə il əvvəl Azərbaycanın bazara çıxışının müzakirəsini xatırladan R.Aslanlının sözlərinə görə, orada 250-500 milyon kimi müxtəlif rəqəmlər səsləndirilib: "Zərurət olarsa, bundan daha yuxarı məbləğlər də nəzərdən keçirilə bilər. Amma büdcə bu il çox mühafizəkar formada tərtib olunub və ümid edirəm ki, belə yüksək səviyyədə xarici borclanmaya səbəb olmayacaq. Amma hətta bu lazım olsa belə, büdcənin kəsiri ÜDM-in cəmi 3,9 faizini təşkil edir. Bu da heç də böyük bir rəqəm deyil".

Növbəti il üçün komitənin hədəflərindən də söz açan R.Aslanlı bildirib ki, ticarət infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı işlər aparılır. Hazırda qurum qiymətli kağızlar ticarət sisteminin milli ödəniş sistemi ilə inteqrasiyası proqramı üzərində çalışır: "Gələn ilin ortalarına qədər qiymətli kağızlarla ticarətin avtomatlaşdırılmasını yekunlaşdırmağa çalışırıq. Növbəti ildə bazarın peşəkar iştirakçılarının peşə səviyyəsini və onların tənzimlənməsi çərçivəsini bazarın tələbləri səviyyəsinə çatdıracağıq. Bunun üçün xüsusi proqramlar tətbiq etməyi planlaşdırırıq".

 

 

Həqiqət

 

Kaspi.-2009.-14-16 noyabr.-S.11.