"İlahi qüvvə
məni sınmağa
qoymadı"
Alim Qasımov:
"Xanəndə öncə
özü, daha sonra tamaşaçı üçün oxuduğunu
dərk etməlidir"
Səsi ilə xarüqələr yaratmaqda
davam edən Xalq artisti Alim
Qasımovun ilk dəfə
rok oxuması dinləyicilərində təəccüb
yaratdı. "İlahi"
mahnısı ilə səsindəki ilahi qüvvəni bu yanrda da göstərən
xanəndə əslində
çox əziyyət
çəkib. Dinləyicilərin
hazır məhsul kimi qəbul etdikləri kiçik dini əsər müəyyən tərəddüdən
sonra yaranıb. Rokun öhdəsindən gələ bilməyəcəyini
düşünən xanəndə
keçirdiyi narahatlığın
səsinə təsir
edəcəyindən ehtiyat
edib. Lakin heç birimizin görə bilmədiyi ilahi qüvvə bu dəfə də Alim Qasımovun
köməyinə çatıb.
Hətta onun "Azan"la başladığı
"İlahi" mahnısı
xanəndənin kiçik
gəzişmələri ilə
musiqili əsərə
çevrilib. Beləliklə,
o, rokla muğamın sintezini mükəmməl
şəkildə musiqi
tarixinə həkk edib. Xanəndə ilə söhbətimizdə
o, daha bir maraqlı xəbəri bizimlə bölüşdü.
Dedi ki, tezliklə mahnının efir versiyası hazırlanacaq. Klipin müqəddəs yerlərdən
birində çəkilməsi
gözlənilir:
- Mahnının müəllifləri Kamal müəllim və Baba Vəziroğlu, eyni zamanda çəkiliş heyəti bu qənaətə gəliblər ki, klip Naxçıvandakı Əshabü-Kəfdə ekranlaşdırılsın. Qeyd edim ki, "Azan"ı bu şəkildə səsləndirmək çoxdankı arzum olub. Dini mövzuda yazılmış mahnı ilə bunu reallığa çevirə bildim. Mahnını oxuyana qədər keçirdiyim hissləri indi çəkiliş ərəfəsində yaşayıram. Çünki "İlahi"nin adı ilə bağlı olan hər bir söz mənim ruhuma hopur və orada musiqiyə qovuşur. Mənim ifa etdiyim hər bir muğam və mahnıda ilahidən bir kəramət var. Mənim səsimi səslərdən ayıran güc budur.
- Alim Qasımovun səsindəki ilahi güc vergidir, yoxsa illərlə yığılan zəhmətin bəhrəsi?
- Bunların hər ikisi var. İllərlə sənətdə külüng vuran xanəndələr olub. Lakin onlardan çoxunun adı tarixdə qalmayıb. Tamaşaçının kiçik qəlbinə yol tapmaq böyük zəhmət tələb edir. Vaxtilə fəhlə işləyən, sürücülük edən bəndənizin bəxti gətirdi. Sükan arxasında özüm üçün yanğı ilə oxuduğum muğamlarımız bir gün dünya səhnələrində eşidildi, böyük kütlənin qəlbinə yol açdı. Bu, İlahidən gələn bir xoşbəxtlik nəğməsidir və hər gün gözəgörünməzin hüzurunda bunu zümzümə edirəm.
- Nə vaxtsa naşükürlük edib, sənətdən yorulduğunuzu özünüz üçün etiraf etmisiniz?
- Mən sənətdə çox yüksəkdə olanlara can atmışam. Amma etiraf etməliyəm ki, insanda naşükürlük hissi nə vaxtsa yaranır, bir növ biganələşirik. Lakin bu mənə o qədər də doğma hisslər deyil. Mənim yerdə oturmağım, Alimsayaq oxumağım tənqid hədəfinə çevriləndə, içimdəki Tanrı sevgisi ilə baş-başa qalmışdım. İlahi qüvvə məni sınmağa qoymadı. Yoxsa mən bu gün lent yazılarında dinlənirdim.
- Repertuar üzərində çox işləyirsiniz deyə mükəmməl alınır, yoxsa, səhnədəki improvizələr repertuarı mükəmməlləşdirir?
- Mən böyük və kiçikliyindən asılı olmayaraq, səhnənin məsuliyyətini həmişə hiss etmişəm. Konsertim oldu-olmadı daima məni müşayiət edən qrupla məşq otağıma çəkilir, saatlarla oradan çıxmıram. Hərdən uşaqların işi olur və gedir, axşama kimi özümə qapılıb, yeni nəsə öyrənirəm. Əgər evdəkilərin müdaxiləsi olmasa, orada gecələyər və zamanın keçdiyindən xəbərsiz olaram. Hər bir ifada bir gözəllik var. Əgər pərdə arxasında oxuduqlarım lentə köçürülsəydi, daha mükəmməl ifalar üzə çıxardı.
- Niyə köçürmürsünüz?
- Bunu bilərəkdən etmirəm. Çünki o zaman mənə elə bir vəh gəlir ki, orada texnikanın və ya hansısa bir şeyin olması məni narahat edir.
- Bir az əvvəl qeyd etdiyiniz kimi, sizin muğam mizanlarını özünəməxsus tərzdə dəyişməniz, stuldan yerə düşməyiniz böyük kütlənin tənqid hədəfində idi. Səsinizdə Allah vergisinin olduğu şübhəsizdir. Bəs, stuldan yerə düşmək ideyası haradan yarandı?
- Əvvəla onu qeyd edim ki, əgər insanda istedad varsa, istəyir stulda, istəyir də yerdə, göydə otursun, lap dəlilik etsin, dəxli yoxdur, insanların qəlbində onun həmişə yeri olacaq. Mənə gəlincə, qastrollara təzə-təzə gedirdik. Lakin mən üçlüklə konsert verəndə, daima özümü narahat hiss edirdim. Açıq şəkildə söyləsəm, ifa zamanı yerimdə qurcalanır, sanki stuldan durub yerdə oturmaq istəyirdim. Bir gün Səmərqəndə konsertə getdik. Orada maraqlı səhnə quruluşu görmüşdüm. Qərara gəldim ki, mən də yerdə oturub oxuyum. Çox vaxt məşqlərimi yerdə bardaş quraraq edirdim. Lakin səhnədə bunun imkansız olduğunu bilirdim. Səmərqəndəki çıxışımızdan sonra qəti şəkildə çıxışlarımı bu şəkildə davam etdirəcəyimi söylədim. Əvəllər bu, musiqiçilər üçün çətin olsa da, sonradan alışdılar.
- Xanəndəni tamaşaçısı qarşısında köləlikdən çıxartdığını iddia edən Alim Qasımov bunu stuldan düşməyi ilə sübut etdi, yoxsa...
- Bunu sadəcə, ifamla göstərə bildim. Yəni xanəndə səhnədə öncə özü, daha sonra tamaşaçı üçün oxuduğunu dərk etməlidir. Repertuarı tez oxuyub qurtarıb, baş əyib getmək şərt deyil. Mən özümün həzm edə bildiyim ifanı onlara çatdırıram.
- Onda sizi sufi, dərviş kimi təqdim edənlər haqlıdırlar?
- Yox, mən nə sufiyəm, nə də dərviş. Bir az azadlığı sevən adamam. Bu xasiyyəti də hərə bir yerə yozur.
- 6 nəvəniz var, aralarında artıq bu sənətə can atanı varmı?
- Hərəsi üçün bir qaval almışam, ritmi tutub "çalırlar". Onu deyə bilərəm ki, məcburiyyət olmayacaq. Hansı ağlaya-ağlaya gəlib deyəcək ki, oxumaq istəyirəm, onu da dəstəkləyəcəm.
İbrahimova S.
Kaspi.-2009.-14-16 noyabr.-S.16.