Narkomaniya - genefondumuzun bəlası
Bu bəladan qurtulmaq
üçün təkcə maarifləndirmə kifayət
etmir
Dünən
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (YQA) və
"Qazelli" natural kosmetika beynəlxalq MMC-nin təşkilatçılığı
ilə "Narkomaniyanın genefondumuza təsiri: xarici və
yerli təcrübələrin öyrənilməsi"
mövzusunda elmi-praktik konfrans keçirildi. Assosiasiyanın
prezidenti Sevil Yusifova narkomaniyaya qarşı mübarizədə
dövlət qurumları ilə bərabər, vətəndaş
cəmiyyətinin aktivliyinin də önəmli əhəmiyyət
daşıdığını vurğuladı: "Bu sahədə
vətəndaş cəmiyyətinin mübarizəsi olmadan biz
narkomansız Azərbaycana nail ola bilmərik. KİV-i izləsək,
son dövrlər ölkəmizdə narkomaniya ilə
mübarizədə istər Milli Təhlükəsizlik
Nazirliyi, istərsə də Daxili İşlər Nazirliyinin
çox böyük işlər gördüyünün
şahidi olarıq".
JQA prezidenti rəhbərlik etdiyi təşkilatın əsas vəzifəsinin cəmiyyəti bu mövzuda məlumatlandırmaq və gəncləri pis vərdişdən çəkindirməyə yardımçı olmaqdan ibarət olduğunu diqqətə çatdırdı.
JQA-nın hazırladığı sosial reklam çarxı yayımlandıqdan sonra söz çıxışçılara verildi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova norkomaniyanı qlobal iqlim dəyişikliklərindən də dəhşətli bir bəla kimi dəyərləndirdi. "Çox təəssüf ki, bu gün hər kəs bu bəlanın dərinliyini hiss etmir. Çox təəssüf ki, narkomaniyanın qarşısını almaq deyəndə daha çox gənclərlə işləmək nəzərdə tutulur. Amma bizim ən böyük işimiz ailələrlə olmalıdır. Çünki problemlərin mənbəyi ailədir. Təsəvvür edə bilmirəm ki, valideyn hiss etməsin ki, onun uşağı narkomandır". S.Qəhrəmanovanın sözlərinə görə, narkomaniyanın bəlaya çevrilməsinin əsas problemi onun yaxşı gəlir gətirməsi ilə əlaqədardır. "İnsanlar pul, var-dövlət əldə etməkdən ötrü gəncləri belə bir bəlaya düçar edirlər. Çox təəssüflər olsun ki, statistikaya baxsaq, biz bu siyahıda narkomaniya üzrə yeni şəhərlərin peyda olduğunu görərik. Bu gün Azərbaycanın bir çox regionunu artıq narkomaniya bürüyüb". S.Qəhrəmanovanın fikrincə, bu cür maarifləndirmə tədbirləri kütləvi xarakter almalıdır və KİV-in bu işdə ciddi mövqeyi olmalıdır".
Millət vəkili Gövhər Baxşəliyeva da narkomaniyaya qarşı mübarizədə bu cür tədbirlərin mütəmadi keçirilməsini dəstəklədi. Millət vəkili maarifləndirmənin həm ailə, həm məktəb, həm də institut səviyyəsində aparılmasına tərəfdar olduğunu vurğuladı. Onun fikrincə, gənclərin narkotik əldə etdiyi kanallarla əlaqəni kəsmək lazımdır. Millət vəkili bu bəlanı milli xəyanət və genefondumuza vurulan ən böyük zərbə adlandırdı: "İranda narkomaniyaya qarşı çox sərt reyim mövcuddur. Orada insanlar ən ciddi şəkildə cəzalandırılırlar. Bəlkə biz də düşünüb həmin insanlara qarşı çox sərt cəzalar tətbiq edək? Narkomaniyaya aludə olanlar bilməlidirlər ki, onlar təkcə özlərinin deyil, ailəni, bütöv nəsli məhv edirlər. Onlar bilməlidirlər ki, narkomaniyaya qurşananda onların QİÇS-ə yoluxma ehtimalı artır. Onların sabah dünyaya gətirdiyi uşaqlar da xəstə olur. Buna görə də çox geniş təbliğata ehtiyac var". G.Baxşəliyevanın sözlərinə görə, Azərbaycanda narkomanlığa qarşı mübarizə istiqamətində böyük işlər görülür. Bununla bağlı MM-də qanun qəbul olunub, Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub. "Ancaq təcrübələr göstərir ki, təkcə qanun qəbul etmək, narkotik vasitələrin dövriyyəsi ilə bağlı mübarizə idarəsi yaratmaq azdır. Bu, bütöv cəmiyyətin problemidir. Hamılıqla mübarizə aparmalıyıq və bu mübarizə geniş maarifləndirmədən başlamalıdır".
"Neftçilər" xəstəxanasının ürək-damar cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri namizədi Rəşad Mahmudov narkomaniyaya qarşı mübarizənin təkcə dövlətin deyil, həm də ictimai təşkilatların borcu olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, narkomaniya təkcə hüquq pozuntusu deyil, həm də sosial mühitin insanlar üzərində yarada biləcəyi ruh pozğunluğudur: "Narkotik maddələrin qəbulu ilə bədənimizdə genetik səviyyədən başlayaraq dəyişikliklər əmələ gəlir. Bunun isə bir çox anadangəlmə qüsurların yaranmasında böyük rolu var. Həmçinin QİÇS, hepatit kimi xəstəliklərin yaranmasına da təkan verir. Əvvəllər narkomaniya imkanlı insanların qurşandığı bir səhv yol idisə, bu gün çox imkansız olan insanlar da bundan geniş şəkildə istifadə edirlər. Bu bəla gələcəkdə bütün ailələrə sirayət edə bilər".
R.Mahmudovun sözlərinə görə, bu mübarizədə kütləvi informasiya vasitələrinin rolu danılmazdır: "Mənim fikrimcə, narkomaniyaya qurşanan insanın bu yoldan çəkindirilməsi üçün mübarizə nə qədər vacibdirsə, ondan daha vacibi buna qurşanmamış insanların qarşısının alınması üçün təbliğatın aparılmasıdır. R.Mahmudovun fikrincə, hüquq-mühafizə orqanları, ictimaiyyətin ayrı-ayrı nümayəndələri və KİV nümayəndələri birlikdə mübarizə aparmalıdır ki, bu bəla böyüyüb bütün cəmiyyəti sarmasın.
"Narkomaniya pisdir!" və ya "Narkomaniyaya yox deyək!" şüarları ilə bu bəlaya qarşı mübarizə aparırıqsa, bununla özümüzü aldatmış oluruq" - deyə millət vəkili Qənirə Paşayeva bu cür mübarizə üsulu ilə yanlış yolda olduğumuzu bildirdi: "Biz narkomaniyaya qarşı mübarizəyə yox, müharibəyə keçməliyik. Çünki qarşımızdakılar böyük gücə malikdirlər. Bu insanlar narkomaniyaya ona görə qoşulmurlar ki, özlərini sevmirlər. Onlar sadəcə, peşəkarlıqla qurulan tələlərin qurbanlarına çevrilirlər. Biz gənclərə narkomafiyaların narkodilerlər vasitəsilə onları necə tora saldıqlarını öyrətməliyik. Artıq tora düşəndən sonra ona "Narkomaniya pisdir!" deməyin heç bir mənası yoxdur. Buna dünyada xroniki xəstəlik deyirlər. Onu müalicə etmək o qədər də asan deyil." Millət vəkilinin sözlərinə görə, bu gün dünyanın hər yerində olduğu kimi Azərbaycanda da narkomaniya cavanlaşır. Narkomaniya bizim universitetlərimizə, məktəblərimizə daxil olur. Q.Paşayevanın fikrincə, maarifləndirmə kampaniyasında reklam çarxları da bu istiqamətdə çəkilməlidir. "Biz mexanizmləri göstərməklə addımlar ata, onları vaxtında ayılda bilərik. Son 5 ildə narkomaniyanın Azərbaycanda nə qədər genişlənməsi ilə bağlı statistik göstəriclərə nəzər salsaq, görərik ki, bu bizim üçün bir SOS-dur. Biz narkomanlara qarşı mübarizədə baxışlarımızı dəyişməlik, mübarizə onlara qarşı deyil, onları bu yola təhrik edənlərə qarşı olmalıdır".
Q.Paşayeva narkomanların pulsuz müalicə olunmalarını da vurğuladı: "Hansı xəstələr bilir ki, müalicə pulludur, heç zaman müalicəyə gəlməyəcək. Bunun üçün kompleks tədbirlər həyata keçirilməlidir".
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz Əliquliyev də narkomaniyaya qarşı mübarizədə ictimaiyyətin yaxından iştirakının vacibliyini vurğuladı. Onun fikrincə, əsas məqsəd gənc və yeniyetmələrin bu xəstəliyə düçar olmasının qarşısının alınmasıdır. Maarifləndirmə işində qanun və dövlət yox, cəmiyyətin özü bilavasitə iştirak edir. A.Əliquliyev bildirdi ki, hər hansı bir insan narkotik istifadəçisi olmağa qədər uzun bir yol keçir. Həkimə müraciət edənə və rəsmi qeydiyyata düşənə qədər bəlkə də 10 il bu işlə məşğul olur: "Bu səbəbdəndir ki, Azərbaycanda narkomaniyanın səviyyəsi çox yüksəkdir. Ona görə də burada erkən aşkarlanmanın böyük əhəmiyyəti ola bilər. Bu gün bütün dünyada 200 milyondan çox narkotik istifadəçisi var. Bunun 160 milyonu marixuanadan istifadə edir. Azərbaycanda isə 23 minə yaxın narkoman qeydiyyatdadır. Onların 85 faizi heroin istifadəçiləridir. Bizim qurum bu sahədə araşdırmalar aparır. Görürük ki, məktəblərdə müəyyən layihələr çərçivəsində tədbirlər keçirilir. Kamil insanın yetişməsi, özünüdərk yönündə isə işlər getmir. Buna görə də bütün tədris ocaqlarında müəyyən proqramlar həyata keçirilməlidir. Uşaqlara təkcə narkotikin yox, bütün zərərli vərdişlərin qarşısının alınması yolları göstərilməlidir".
"Nur" uşaq və gənclər təşkilatının sədri Sevinc Muradova narkomaniyanı əsasən gənclərin problemi adlandırdı: "Bu, genefondumuzun, böyüyən nəslin problemidir. Problemlə mübarizənin vacibliyini hamımız qeyd edirik, ancaq çox vacibdir ki, bu istiqamətdə atdığımız addımları, göstərdiyimiz təşəbbüsləri qiymətləndirək. Gəncləri bu bəladan qurtarmaq üçün təkcə onları məlumatlandırmaq kifayət etmir. Onların asudə vaxtının səmərəli təşkili, keyfiyyətli təhsillə təmin edilmələri, öz təşəbbüslərini gerçəkləşdirə biləcəyi mühitin formalaşdırılması və onlara xidmət göstərə biləcək strukturların yaranması vacibdir. Bu işdə gənclər təşkilatlarının böyük rolu var. Bu sahədə fəaliyyət göstərmək istəyən QHT-lər də çoxdur. Amma o təşkilatların fəaliyyətinin səmərəliliyi böyük sual altındadır. Biz addım atarkən ən faydalı metodlardan istifadə etməliyik".
Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı narkomaniyanın inkişafında təhsilin mənfi rolu haqqında cəmiyyətdə yayılan fikirlərlə razılaşmadığını bildirdi: "Narkomaniya elə bir bəladır ki, buna qarşı bütün cəmiyyət mübarizə aparmalıdır. Düzdür, təhsil müəssisələri kütləvi yer olduğu üçün orada hər hansı bir maarifləndirmə işini aparmaq asandır. Ancaq məktəb neyləsin ki, valideyn 12-13 yaşlı uşağını siqaret almağa göndərir. Məktəb neyləsin ki, uşağa "niyə siqaret çəkirsən?" sualını verəndə "çünki atam çəkir" cavabını verir. Məktəb neyləsin ki, televiziyalar gecə-gündüz uşaqların inkişafına mənfi təsir göstərən şou-verilişlər yayımlayır. Məktəbin günahı nədir ki, efirdə bu istiqamətdə reklam çarxları yayımlanmır? Biz təhsil işçisi kimi çox gözəl başa düşürük ki, sağlam ruh sağlam bədəndə olur. Uşaq sağlam olmasa, ona heç bir fənni aşılamaq olmaz. Buna görə də biz məktəblərdə tez-tez maarifləndirici tədbirlər keçiririk."
Millət vəkili Aynur Quliyeva narkomaniyaya qarşı mübarizədə ilk növbədə valideynlərin və təhsil işçilərinin üzərinə ciddi vəzifə düşdüyünü diqqətə çatdırdı: "Uşaqları yaxşı mənada təhsillə elə yükləmək lazımdır ki, onların boş vaxtı qalmasın və başqa əyləncə axtarmaq niyyətinə düşməsinlər. Təəssüf ki, narkomaniya bəlası təkcə paytaxtımızla məhdudlaşmır. Ən ucqar əyalətlərimizdə belə bu bəlanın əlamətləri var. İctimai təşkilatlar, mətbuat bu yönümdə çox böyük işlər görə bilər. Sosial reklamların sayı nə qədər çox olsa, hər kəs oradan özü üçün nəticə çıxara bilər".
"Xəzər"
televiziyasının "Xəbərlər" Departamentinin rəhbəri
İbrahim Ünlübostan bildirdi ki, narkomaniya "Quş
qripi"ndən, "Donuz qripi"ndən daha dəhşətli
xəstəlik olduğu halda onun haqqında ekranlarda ətraflı
danışılmır: "Xəstəliyin müalicəsində
yanlışlıqlar var. Dünyada milyonlarla, ölkəmizdə
də minlərlə insan bu xəstəlikdən mum kimi əriyib
gedir. Biz bu bəla haqqında topluma çatdırmaq
üçün əlimizdə çoxlu material olmalıdır.
Bu işdə bizə əlaqədar qurumlar yaxından kömək
etməlidirlər".
Daxili İşlər Nazirliyinin
Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis
müavini, polkovnik Adil Ələkbərov dövlətimizin
narkotik maddələrin qanunsuz dövriyyəsinə
qarşı heç də az iş görmədiyini diqqətə
çatdırdı. "Əgər dövriyyədən
külli miqdarda narkotik vasitələr çıxırsa, bu,
böyük işdir".
A.Ələkbərov bu gün
respublikamızda narkomanların sayı barədə statistik rəqəmi
diqqətə çatdırdı. Məlum oldu ki, hər il
1000 narkoman qeydiyyata düşür və hazırda ölkəmizdə
22674 narkoman rəsmi qeydiyyatdadır. Onların 70 faizi dispanser
uçotundadır. A.Ələkbərovun sözlərinə
görə, narkomanlara xəstə kimi yanaşmaq
lazımdır, onları cəmiyyətdən təcrid etmək
olmaz: "Bu gün Rusiyada 1 milyondan çox narkoman var.
Onları cəmiyyətdən təcrid edirlərmi?"
Ekspert Məzahir Əfəndiyev
narkomaniya ilə mübarizədə kompleks işlərin
görülməsini, Ombudsman Aparatının mətbuat xidmətinin
rəhbəri Zemfira Məhərrəmli narkomaniyaya
qarşı mübarizədə hüquqi maarifləndirmə
və profilaktik tədbirlərin genişləndirilməsini təklif
etdi.
Türkiyənin Azərbaycandakı
səfirliyinin əmniyyət müdiri, general-mayor
İsmayıl Çalışqan narkomaniyaya qarşı
mübarizədə xarici təcrübədən
danışdı və maarifləndirici video-çarxı
yayımladı.
Psixoloq Ülkər xanım isə
maarifləndirməni ilk növbədə stiqmaya qarşı
- utanc xəstəliyinə qarşı aparmağın tərəfdarı
olduğunu bildirdi.
46, 164, 32 saylı məktəblərin
11-ci sinif şagirdləri də təhsil aldıqları tədris
ocaqlarında narkomaniya mövzusunda keçirilən tədbirlərin
əhəmiyyətindən və bu mübarizəyə
hamılıqla qoşulmanın zəruriliyindən
danışdılar.
Konfransın sonunda müraciət qəbul olundu.
Məhərrəmova Təranə
Kaspi.-2009.-19 noyabr.-S.8-9.