Azərbaycanda içməli su problemi: dövlət nəzarəti və ictimai məsuliyyət 

 

2010-cu il Azərbaycanda Ekologiya ilidir

 

Bu gün bütün dünyada müzakirə olunan ən aktual və bir neçə qlobal məsələdən biri də ekoloji durum və ətraf mühitin mühafizəsidir. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev tərəfindən 2010-cu il Azərbaycanda Ekologiya ili elan olunub. İçməli su amili isə ekologiyanın ən başlıca komponentlərindən biridir.

Dünya əhalisinin yüksək artım tempi, ətraf mühitin çirkləndirilməsi və suyun qeyri-səmərəli istifadəsi nəticəsində mövcud ehtiyatlar sürətlə tükənmək üzrədir. Ümumi su balansı sabit saxlanıldığı halda son 50 ildə məişətdə su sərfi 31, sənayedə 39, kənd təsərrüfatında isə 28 dəfə artıb. Beynəlxalq təşkilatların hesablamalarına görə, su ilə bağlı xəstəliklər hər 8 saniyədə 1 uşağın ölümünə səbəb olur. İnkişaf etməkdə olan ölkələrdə 80% xəstəliklər və ölüm hadisələri məhz içməli su ilə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya əhalisinin 80%-i keyfiyyətsiz sudan istifadə edir.

 

Cənubi Qafqazın ümumi su ehtiyatının 10%-i Azərbaycanın payına düşür

 

İçməli su problemi bütün dünyada olduğu kimi ölkəmizdə də mövcuddur. Araşdırmalara görə, bizim yerüstü su ehtiyatımız orta illik 32,3 mlrd. kubmetrdir. Quraqlıq illərdə (az sulu illərdə) isə bu göstərici 23 mlrd. kubmetrə qədər azalır. Ölkədə adambaşına orta illik 3800 kubmetr su düşür. Yeraltı içməli su mənbələrində isə 23 764,28 mln. kubmetr/gün su ehtiyatı var. Azərbaycan ərazinin hər kv.km-nə və əhalinin hər nəfərinə düşən yerüstü su ehtiyatları göstəricisinə görə Cənubi Qafqaz dövlətləri və Rusiyadan geridə qalır. Cənubi Qafqazın ümumi su ehtiyatının (310 mlrd.kubmetr) 62%-i Gürcüstanın, 28%-i Ermənistanın, yalnız 10%-i Azərbaycanın payına düşür.

Su çatışmazlığı həmçinin mövcud su ehtiyatlarından rasional istifadə edilməməsi ilə də izah edilir. Bakının su təsərrüfatı, infrastrukturu 1,3-1,7 mln. insan üçün nəzərdə tutulsa da, hazırda paytaxt sakinlərinin sayı 2 dəfə artıb.

Su çatışmazlığının digər səbəbi isə su anbarlarının az olmasıdır.

 

Azərbaycan ətraf mühitin mühafizəsi üzrə 17 beynəlxalq konvensiyanın iştirakçısıdır

 

Bu gün respublika ərazisinin 3/4-ü Kür çayı hövzəsinə düşür və bu çay ölkə əhalisi üçün əsas içməli su mənbələrindən biri olaraq qalır. Azərbaycana bu çay vasitəsilə daxil olan suların çox hissəsi Gürcüstan və Ermənistan ərazisində formalaşır və hər iki dövlətin şəhərlərinin təmizlənməmiş tullantı sularının Kür çayına axıdılması onun hidrokimyəvi reyiminə və suyun keyfiyyətinə güclü təsir edir. Şirin su ehtiyatlarımızın daha bir qismi Araz çayı hesabınadır ki, bu çay da İran və Ermənistan ərazisində çirklənməyə məruz qalır. Şimaldan - Rusiyanın Dağıstan ərazisindən gələn Samurda da vəziyyətin yaxşı olduğunu söyləmək mümkün deyil.

Maraqlı və bizim üçün təhlükəlisi budur ki, nə Ermənistan, nə də Gürcüstan ətraf mühitin mühafizəsi üzrə heç bir beynəlxalq konvensiyaya qoşulmayıb. Halbuki Azərbaycan bu sahədə 17 müxtəlif beynəlxalq konvensiyanın, o cümlədən transsərhəd suların mühafizəsi üzrə Konvensiyanın iştirakçısıdır. Məhz transsərhəd çirklənmənin səviyyəsinə nəzarət üçün Qazax (Kür çayı) və Beyləqan (Araz çayı) rayonlarında regional laboratoriyalar-monitorinq mərkəzləri yaradılıb. Sərhədlərarası su hövzələrinin problemlərinin regional səviyyədə beynəlxalq normalar çərçivəsində həlli üçün Azərbaycan "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə" Helsinki Konvesiyasını ratifikasiya etmişdir. Lakin digər qonşu dövlətlərin bu konvensiyaya qoşulmaması problemin həllini çətinləşdirir.

 

Azərbaycanın yeraltı su ehtiyatları antropogen təsirlərə məruz qalır

 

Bu gün Azərbaycanın 11-12 yeraltı içməli su ehtiyatı mənbəyi var. Bunların cəmi ehtiyatları təqribən 24 mln. kubmetr/sutka təşkil edir. Elmlər Akademiyasının Geologiya İnstitutunun Hidrogeologiya və mühəndis-geologiya şöbəsinin rəhbəri elmlər doktoru Yusif İsrafilovun fikrincə, yeraltı su yataqları səmərəli istifadə edildikdə uzun illər boyu mövcud ola bilir. Lakin bu su yataqlarından səmərəli və düzgün istifadə edilmədikdə suların parametrləri və tərkibi dəyişir. Azərbaycanın yeraltı su ehtiyatları yataqlarının proqnozlaşdırılmış vaxtı bitib. Artıq bu ehtiyatları yenidən hesablamaq vaxtıdır. Y.İsrafilovun sözlərinə görə, bu gün yeraltı sular antropogen təsirlərə məruz qalır ki, bu da içməli su ehtiyatlarının tərkibinin dəyişməsinə gətirib çıxarır. Məsələn, hazırda Abşeronun içməli su ehtiyat mənbələrinin çox sürətlə çirklənmə prosesi gedir. Bu gün Abşerona 30 kubmetr/saniyə içməli su gəlir ki, bunun da 20 kubmetr/saniyəsi Bakı şəhərinin payına düşür. Rəsmi məlumatlara görə, Bakı və Sumqayıt şəhərlərinin yeraltı su kəmərləri sistemi köhnə olduğundan bura daxil olan suyun yarısı tam itkiyə gedir. Hazırda Bakı şəhərinin içməli su tələbatının Ceyranbatan gölü vasitəsilə 55-60%-i təmin edilir. Yeni anbar istifadəyə verildikdən sonra paytaxta su verilişi 2 dəfə artırılacaq.

 

Azərbaycanın yeraltı su ehtiyatları ilə bağlı baş planı hazırlanır

 

Paytaxtın içməli suya olan tələbatını ödəmək üçün Oğuz-Qəbələdən gələcək su şəhər üçün ən əlverişli su mənbəyi sayılır. Y.İsrafilov yeraltı suyun tərkibində yod-bromun həmişə normadan aşağı olduğunu bildirir. O, bu kəmər vasitəsilə paytaxta gələn suyun tərkibində də yod-bromun normativdən aşağı olmasını istisna etmir: "Lakin bu gün bütün dünyada şəhərlərə verilən içməli suyun tərkibində yod az olduqda, süni yolla yod əlavə olunur".

Alimin fikrincə, yeraltı su mənbələrindən istifadə həmin ərazinin torpaq sahəsinə çox böyük mənfi təsir edəcək. Belə ki, Oğuz-Qəbələdən su kəməri çəkildikdən sonra həmin ərazidəki yeraltı suların səviyyəsi 50-60 metr aşağı düşəcək. Bu zaman oradakı qurunt sularının səviyyəsi aşağı enəcək ki, bu da yerüstü bitki örtüyünə mənfi təsir göstərəcək. Bunun ərazidə yerləşən çaylara da təsiri mümkündür. Buna görə də hazırda bu sahədə fəaliyyət göstərən mütəxəssislər bunu nəzərə almalıdırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin kompleks hidrogeologiya və mühəndis geologiyası ekspedisiyasının baş hidrogeoloqu Paşa Kərimov isə bütün bu halların nəzərə alındığını və həmin ərazidə heç bir mənfi fəsadların olmayacağını bildirir.

Qeyd edək ki, sovet dövründə yeraltı su ehtiyatlarının baş planı olub ki, hazırda mütəxəssislər tərəfindən Azərbaycanın belə bir planının hazırlanması üzərində işlənilir.

Hazırda ölkə ərazisində (Bakı şəhərində 6) məişət-tullantı sularının təmizlənməsi məqsədi ilə 21 ədəd mexaniki və bioloji təmizləyici qurğu fəaliyyət göstərir. Mövcud qurğuların isə hamısı işlək vəziyyətdə deyil. Təmizləyici qurğuların gücünün formalaşan axınlardan az olması respublikada su hövzələrinə antropogen təsirin başlıca faktoruna çevrilib.

Lakin "Azərsu" ASC-nin şöbə rəisi Aqşin Rüstəmov qeyd edir ki, sovet dövründə 1 litr içməli suyun tərkibində 5 min milliqram bulanlıq olanda təmizləyici qurğuların fəaliyyəti dayandırılırdı. Hazırda isə bu qurğularda aparılan yenidənqurma işlərindən sonra 1 litr suda 15 min milliqramm bulanlıq olduqda belə, qurğuların fəaliyyəti dayandırılmır.

 

Su infrastrukturuna yatırılan investisiyalar

 

Taxta Körpü su anbarının tikintisi üçün nəzərdə tutulan 365,9 mln. manatın cari il oktyabrın əvvəlinə ümumilikdə 182,9 mln. manatı istifadə olunub. Bunlarla yanaşı, DNF "Ceyranbatan kanalı obyektinin tikintisi" üzrə işlərin görülməsi üçün 260 mln. manat məbləğində vəsait ayırıb. Bunun da ümumilikdə oktyabrın əvvəlinə 92,8 mln. manatı istifadə olunub. "Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi" layihəsinə DNF ümumilikdə 489,4 mln. manat vəsait ayırıb.

Qeyd edək ki, Ağdaş, Göyçay və Naxçıvan şəhərlərinin su təchizatı sisteminin yenidənqurulması və yaradılması məqsədilə Asiya İnkişaf Bankı ölkəmizə kredit ayırıb.

"Azərsu" ASC-nin beynəlxalq münasibətlər şöbəsinin rəisi İlqar Tağıyev bildirib ki, bu gün Azərbaycan Hökuməti ilə yanaşı, Dünya Bankı (DB), Asiya İnkişaf Bankı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı tərəfindən "Azərbaycan Respublikasının kiçik şəhərlərində su təchizatı layihəsi", "Ümummilli Su təchizatı və kanalizasiya sistemlərinin bərpası layihə"si maliyyələşdirilir. Bu layihələr çərçivəsində Azərbaycanın 43 rayon və şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına dair layihələrin reallaşması istiqamətində işlər uğurla davam edir.

"Hazırda DB ilə Hövsanda dənizin çirkab sularından təmizlənməsi üçün xəttin çəkilişini nəzərdə tutan Bakı kanalizasiya sisteminin yaxşılaşdırılması üzrə layihənin reallaşmasına dair danışıqlar aparılır" - deyə İ.Tağıyev bildirib.

Qeyd edək ki, Almaniyanın KfW bankı Gəncə və Şəkidə içməli su probleminin həlli ilə bağlı layihəni maliyyələşdirməyi də öz öhdəliyinə götürüb.

 

Ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə tədbirlər həyata keçirilir

 

Ölkədə əhaliyə verilən içməli suyun təmizlənməsi məqsədilə Almaniyanın bu sahədə aparıcı şirkətləri ən son texnologiyaları tətbiq etmək təklifi ilə çıxış ediblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mütəllim Əbdülhəsənov su vasitəsilə keçən xəstəliklərin qarşısının alınması istiqamətində ölkədə bir sıra tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib. O, həmçinin 224 min əhalisi olan 12 rayonun 122 kəndində içməli su üçün nəzərdə tutulan təmizləyici qurğular - Modul Tipli Stansiyaların quraşdırıldığını, bu qurğuların sayının və əhatə dairəsinin gələcəkdə artırılacağını deyir.

ARDNŞ-nin Ekologiya İdarəsinin rəisi Azər Əliyev bildirir ki, ARDNŞ Abşeronda və Xəzər dənizində ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə tədbirlər kompleksini həyata keçirir. Bura təmizləyici qurğuların inşası, neftlə çirklənmiş torpaqların təmizlənməsi və rekultivasiyası, karbon qazının utilizasiyası daxildir. O, 205 hektar mədən ərazisinin neft tullantılarından təmizlənməsi istiqamətində işlərin aparıldığını da qeyd edir.

AR Ekologiya Standartlarının Monitorinqi Fondunun prezidenti professor Rauf Sultanov dünyada su qıtlığı probleminin kəskinləşdiyini deyib. Professor içməli suyun ağır metallar, detergentlər, karbohidrogentlər, radiaktiv maddələrlə çirkləndirilməsinin insan sağlamlığı üçün çox böyük təhlükə olduğunu vurğulayır.

Azərbaycanın Su Məcəlləsinə görə, şirin yeraltı sulardan birinci növbədə içmək və məişətdə işlətmək üçün istifadə olunmalıdır.

Ekoloji tarazlığın qorunmasında hər bir ölkə vətəndaşının üzərinə böyük məsuliyyət və cavabdehlik düşür. İnsanlar əsrlər böyü bizə gəlib çatmış bu neməti dəyərləndirməli və gələcək nəsillər üçün qoruyub saxlamalıdılar. Bu gün təbii nemətlərin qorunması və balanslaşdırılmış istifadəsi üçün güclü ictimai nəzarətə ehtiyac duyulur.

Lakin respublikada istismarda olan yeraltı suların 70-75% suvarma üçün istifadə edilir. Ümumiyyətlə, yeraltı suların çirklənməsi torpaq qatının və aerasiya zonası süxurlarının çirklənməsinin vəziyyəti ilə sıx bağlıdır.

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və bir sıra iri şəhər və qəsəbələrdə içməli su ilə avtomobil yuyulur. İlk növbədə müvafiq qurumlar buna nəzər salmalıdırlar.

Ərazimizdə su ehtiyatının məhdud şəraitində bu ehtiyatlardan səmərəli istifadə, əldə olunan suyun bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ölkəmizin hər bir sakini üçün ciddi əhəmiyyət kəsb etməlidir.

 

 

Məmmədov İlham

 

Kaspi.-2009.-20 noyabr.-S.8.