Azərbaycanda hər 7-ci onkoloji xəstə süd vəzi xərçəngini
daşıyır
Qadınların
ictimai həyata, təhsilə çox vaxt sərf etməsi
üzündən xəstəliyin səviyyəsi yüksələcək
Oktyabr
ayı dünyada süd vəzisi xərçənginə
qarşı beynəlxalq mübarizə aylığı kimi
qeyd edilir. Cəmiyyəti maarifləndirməklə
yanaşı bu, həm də ictimaiyyətin diqqətini
adıçəkilən xəstəliyə yönəltmək
məqsədi daşıyır. Xəstəliyin
dünyada və Azərbaycanda yayılma səviyyəsi,
qorunma üsulları, səbəb və simptomları dünən
"Dünya qadınları qorusun ki, qadınlar da
dünyanı qorusun!" adlı seminarda mütəxəssislərin
gözü ilə bir daha nəzərdən keçirilib.
Seminar USAİD-in İlkin Səhiyyə Xidmətləri
Gücləndirilməsi Layihəsi, Milli Onkologiya Mərkəzi,
ATU-nun Onkoloji Klinikası, BMT və onun ayrı-ayrı qurumları,
Lider Qadınlar və Demokratik İnkişaf ictimai birlikləri
tərəfindən təşkil edilib.
Ana südü xərçəngə qarşı
"Lider Qadınlar" İB-nin sədri,
millət vəkili Məlahət Həsənovanın sözlərinə
görə, xərçəng qadınlar arasında ən
çox süd vəzi və uşaqlıq boynunda rast gəlinir:
"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına
görə, süd vəzisi xərçəngi dünyada
qadın ölümünün əsas səbəblərindən
biridir. Bu, sosial xəstəlikdir.
Qadının qorunması dünyanın, cəmiyyətin
qorunması deməkdir". Millət vəkili bildirib ki,
dünyanın inkişaf etmiş ölkələrində
ictimaiyyətin bütün təbəqələrinin nümayəndələri
xəstəliyə qarşı mübarizə aksiyalarında
çox fəal surətdə iştirak edir: "Heç kim
bu xəstəliyin azaldılmasında maddi və mənəvi
köməyini əsirgəmir. Azərbaycanda da maarifləndirmə
tədbirlərinin keçirilməsi müsbət amildir".
Azərbaycanda
uşaqlıq boynunun xərçəngi də
qadınların vaxtından əvvəl
ölümünün əsas səbəblərindən biri
sayılır. M.Həsənova bildirib ki, statistik göstəricilər
uşağına ana südü verən qadınlarda risk dərəcəsinin
xeyli az olduğunu təsdiqləyir. Bu baxımdan, Azərbaycanda
da qadınların sağlamlığının mühafizəsində
diqqət yetirməli amillərdən biri məhz ana
südü ilə qidalanmadır: "Bu il Milli Məclisin yaz
sessiyasında "Reproduktiv sağlamlıq haqqında"
qanun layihəsi müzakirə olunub. Payız sessiyasında da
bu, gündəlikdədir. Süd vəzisi və
uşaqlıq yolu xərçəngi məhz reproduktiv
sağlamlığın bir aspektidir. Parlamentdə belə bir
qanunun müzakirəsi dövlətin ailənin qorunmasına
diqqətini təcəssüm etdirir".
Xəstəliklə
bağlı dolaşan əsassız qorxu
Milli Onkologiya Mərkəzinin
elmi işlər üzrə direktor müavini Rasim Cəfərov
da süd vəzisi xərçənginin dünyada onkoloji xəstəliklərin
cəmində birinci yer tutduğunu bildirib. Onun sözlərinə görə,
dünyada hər il bu xəstəliyə bir milyona yaxın
qadın tutulur, yarım milyona qadın isə
dünyasını dəyişir: "Belə bir xəstəliyin
müalicəsinin effektivliyi xəstəliyin ilkin dövrdə
müayinə edilməsindən çox asılıdır.
Bütün dünyada süd vəzisi xərçənginin
və uşaqlıq yolu xərçənginin erkən
müayinəsini təşkil etmək üçün dövlət
əhəmiyyətli proqramlar hazırlanır. Bu istiqamətdə
bizdə də müasir səyyar diaqnostik mərkəz qurulub.
Həmin mərkəz bütün laborator müayinələri,
rentgen, ultrasəs və mammoqrafik müayinəni və
qadınların reproduktiv funksiyasını müəyyən
etmək üçün aparatlarla təchiz olunub". Direktor
müavini xəstəlik dərəcəsinin aşağı
salınması üçün səyyar müayinələrin
keçirildiyini də bildirib: "Ucqar yerlərdə
yaşayan və gəlirləri az olan əhali təbəqəsini
bu müayinələrə cəlb etmək üçün
mütəmadi olaraq onkoloji mərkəzin əməkdaşları
həmin mərkəzlərə gedərək təmənnasız
olaraq qadınların süd vəzisinin müayinəsi
ilə məşğul olur. Ehtiyac yarandığı halda
onlar mərkəzə dəvət edilir və eyni qaydada
ödənişsiz olaraq müayinə və müalicə
olunur". Onun sözlərinə görə, bölgələrdə
hər gedişdə 20-30 min qadın bu aksiyalara cəlb olunur:
"Bu yaxınlarda əməkdaşlarımız
Qəbələ, Lənkəran, Quba və Bakının bir
sıra, o cümlədən Qaradağ, Əzizbəyov
rayonlarında olub. Əməkdaşlarımız tərəfindən
20-25 min nəfər qadın bu prosesə cəlb edilib və
onlar kompleks müayinədən keçib. Xəstəlik
aşkarlanan qadınlar mərkəzə dəvət olunub və
onlara lazımi müalicə tətbiq edilib". Belə
müayinələrin gələcəkdə də davam etdiriləcəyini
deyən R.Cəfərovun fikrincə, səyyar yoxlamalar
dövlət büdcəsinə də xeyir qazandırır:
"Vaxtında aparılan müayinələr əlilliyin
faizini azaldır ki, bu da dövlət üçün əhəmiyyətli
göstəricidir. Apardığımız müayinələr
sübut edir ki, belə səyyar gedişlər, xəstələrlə
aktiv əlaqə əhalinin maarifləndirilməsində
mühüm rol oynayır". R.Cəfərov xərçəng
xəstəliyinin sağalmaz olması ilə bağlı əhalidə
əsassız fikirlər yarandığını da
vurğulayıb: "Belə bir qorxu var ki, guya bu xəstəliyə
tutulanlar ölümə düçardır. Lakin xəstəlik
vaxtında aşkarlanarsa, onun tam müalicəsi
mümkündür. Bunun üçün isə ilk növbədə
əhali arasında, cəmiyyətdə maarifləndirmə
vacibdir".
2050-ci ildə onkoloji xəstəliklərdən ölüm 2,7 dəfə artacaq
Azərbaycan Tibb Universitetinin Onkoloji
Klinikasının baş həkimi Nəsimi Qasımov da xəstəliyin
müalicəsi üçün yaradılan şəraitdən
danışıb: "Klinikamızda 80 çarpayı var və
orada 8 min ambulator, 5 min stasionar xəstəyə kömək
göstərilir. Xəstələrin
də böyük əksəriyyəti qadınlardır".
Onun sözlərinə görə, hazırda dünyada hər
10-cu onkoloji xəstə qadın, hər min qadından isə
biri süd vəzi xərçəngindən əziyyət
çəkir. Amma Azərbaycanda bu rəqəmlər hətta
dünya statistikasını geridə qoyur: "Biz bu süd vəzi
xərçənginin yayılmasına görə
dünyanı qabaqlamışıq. Dünyada hər
10-cu onkoloji qadın süd vəzi xərçənginin
daşıyıcısı olduğu halda, Azərbaycanda hər
7-ci onkoloji xəstə süd vəzi xərçəngidir".
2000-ci ildə dünya əhalisinin 6,3 milyard olduğunu deyən
N.Qasımovun sözlərinə görə, 2010-cu ildə isə
dünya əhalisinin 9 milyad nəfərə
çatacağı proqnozlaşdırılır. Buna müvafiq olaraq xərçəng xəstəliyi
ilə xəstələnmə hallarının da yüksələcəyi
gözlənilir: "2000-ci ildə onkoloji xəstəliklərlə
xəstələnənlərin sayı ildə 10 milyon olubsa,
2050-ci ildə bu rəqəmin 24 milyon təşkil edəcəyi
gözlənilir. 2006-cı ildə onkoloji xəstəliklərdən
ölüm 6,3 milyon olubsa, 2050-ci ildə bu rəqəm 16
milyona çatacaq. Yəni dünya əhalisi 50 faiz
artdığı halda, onkoloji xəstəliklərin 240 faiz
artması gözlənilir. Onkoloji xəstəliklərdən
ölüm isə az qala 2,7 dəfə artacaq".
40 yaşdan sonra mammoqrafik müayinəyə
Baş həkimin sözlərinə
görə, statistika bu gün süd vəzisi xərçənginin
hər 20 ildə iki dəfə artdığını
göstərir. Bu isə
əsasən inkişaf etməkdə olan ölkə
qadınlarının hesabına baş verir: "Yəni 50-ci
ilə qədər 5 milyon insanın süd vəzisi xərçəngi
olma ehtimalı var. Uşaq doğumu,
uşağın ana südü ilə əmizdirilməməsi,
qadınların ictimai həyata, təhsilə sərf etdiyi
vaxt artdığından ölkədə süd vəzi xərçəngi
yüksəlməkdə davam edəcək. 2007-ci ildə Azərbaycanda
7 mindən yuxarı onkoloji xəstə qeydə alınıb
ki, onun da 1037 nəfəri süd vəzisi xərçəngidir".
Artım göstəricisinə təsir göstərən
amillərdən biri də xəstəliyin erkən mərhələdə
aşkarlanmamasıdır: "ABŞ-da süd vəzi xərçənginin
1-2-ci dərəcədə aşkar olunması 80 faizdən
yuxarıdır. Bizdə isə bu xəstəlik 1-ci mərhələdə
15 faiz, 2-ci mərhələdə 45 faiz aşkar olunur. Səbəb
qadınların süd vəzi xərçənginə
görə vaxtı-vaxtında müayinədən keçməməsidir.
Biz bu xəstəliyi 4-5 mərhələdə müəyyən
edirik ki, artıq onda da xəstənin ömrünü uzatmaq
çətin olur. Hazırda xəstələr kimyəvi dərman
preparatlarını pulsuz ala bilir və xəstəliyin
diaqnostikası üçün hər bir aparat var".
Baş həkimin fikrincə, 5 il süd vəzisi cərrahı
kimi çalışan hər bir onkoloq bu əməliyyatı
aparmağa qadirdir: "Biz bu gün
çalışmalıyıq ki, süd vəzi xərçəgini
erkən aşkar edək. Bunun üçün də ya bizdə
təcili sığorta təbabəti tətbiq
olunmalıdır, yaxud da 40 yaşı keçmiş hər
bir qadın ildə bir dəfə süd vəzilərini
mammoqrafik müayinədən keçirməlidir".
N.Qasımov əksər ölkələrdə səyyar
avtomobillərdə quraşdırılmış
mammoqrafların olduğunu da deyib: "Həmin mamoqraflar vasitəsilə
kəndbəkənd dolaşaraq 40 yaşı keçmiş
qadınları ödənişsiz süd vəzisini
mammoqrafiya edirlər. Xəstəliyin erkən əlamətləri
aşkarlanan qadınlar siyahıya alınaraq onların
müalicəyə cəlb edirlər. Çox təəssüf
ki, bu, bizdə yoxdur".
Vaxtaşırı müayinə ilə bağlı maarifləndirməyə ehtiyac var
N.Qasımov süd vəzisi
mastit və mastopatiya olmuş qadınların mammoqrafik
müayinədən keçməsinin daha vacib olduğunu
xatırladıb. Çünki
belə qadınlar arasında süd vəzisi xərçənginə
tutulma riski daha böyükdür. Hazırda
ölkədə xərçəng xəstəliyinin əsas
iki növünün yayıldığını da
vurğulayan baş həkimin sözlərinə görə,
bunlar ağciyər xərçəngi və süd vəzi xərçəngidir:
"Ən çox yayılan xərçəng növü
ağciyər xərçəngidir ki, buna da 70 faizə
qədər kişilər tutulur. Mədə xərçəngində
isə hər üç kişi xəstəsinə iki
qadın xəstəsi düşür".
Milli
Onkologiya Mərkəzinin baş həkimi İdrak Qasımov da
vəziyyətin hələ ürəkaçan
olmadığını bildirib: "Süd vəzisi xərçənginin
ilkin mərhələdə aşkar olunması arzusundayıq.
Çünki erkən halda nə nədər çox xəstə
aşkar olunarsa, ölüm faizini də bir o qədər də
aşağı salmaq mümkün olar. Xəstənin
ömrünün artması birbaşa bu xəstəliyin
vaxtında aşkar olunmasından asılıdır. Təəssüf
ki, bizdə bu rəqəmlər acınacaqlı haldadır.
Ona görə də biz 3-4-cü mərhələdə
müraciət edən xəstələrin sayını
azaltmaq yönündə çalışmalıyıq".
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisinin qeyri-infeksion xəstəliklər üzrə mütəxəssisi Sevil Əsədova isə bildirib ki, qurum apardığı statistikanı region səviyyəsində qurur: "Azərbaycan da Avropa qrupuna aid edilir. Avropa ölkələrində hər 16 qadından biri süd vəzisi xərçəngindən əziyyət çəkir". Onun sözlərinə görə, Şərqi Avropa ölkələrində süd vəzisi xərçənginin daşıyıcılarının sayı, Qərbi Avropa ölkələrindəkindən daha çoxdur. Bunun da səbəbi Qərbi Avropa ölkələrində sağlam həyat tərzinin təbliği, adıçəkilən xəstəliyin erkən müəyyən olunaraq vaxtında müalicə edilməsidir: "Belə ki, mobil mammoqrafiya ilə yanaşı, 40 yaşdan yuxarı hər bir qadının ildə bir dəfə müayinədən keçməyi tövsiyə olunur". ÜST təmsilçisi Azərbaycanda skrininqlərə, yəni əhalinin vaxtaşırı müayinədən keçirilməsi üçün maarifləndirmə işlərinə ehtiyac olduğunu da vurğulayıb.
HƏQİQƏT
Kaspi.-2009.-22 oktyabr.-S.6.