“Mən xanəndəni köləlikdən çıxarmaq istədim”

 

Öz-özünə deyirsən ki, ta bəsdir, yoruldum!" - deyən Xalq artisti Alim Qasımovun fıkrincə, insan həmişə əlçatmaz olana can atır: "Bir Allah şahiddir ki, mən də sənətdə çox yüksəkdə olanlara can atmışam. Arzusu yerinə yetəndən sonra insanda bir naşükürlük hissi yaranır, bir növ biganələşir. Çalışıram ki, məndə bu naşükürlük hissi yaranmasın. Həm də çox vaxt adama elə gəlir ki, bu mahnını özü oxuyub. Bu, səhv düşüncədir, çünki biz öz xoşuna doğulmadığımız kimi, heç bir işi də öz xoşumuzla etmirik. Mən öz xoşuna bu boyda yükün, məsuliyyətin altına girməzdim. Bu, Allahın işidir, mən də hələlik o qayanın altındayam. Bunun əzabı da var, ləzzəti də".

Qeyd edək ki, Alim Qasımovun klassik muğam mizanlarını özünəməxsus tərzdə dəyişdirməsi vaxtilə birmənalı qarşılanmadı. Bu yeniliklər, ona həm hörmət gətirdi, həm də barəsində bəzi xoşagəlməz fikirlərə yol açdı. Amma onun dediyinə görə, sənətkarda bir damcı Allah vergisi, istedad varsa, dəxli yoxdur, insanların qəlbində onun yeri var: "Əvvəl mən stolda otururdum, dədə-baba yolu ilə öyrəndiyim muğamları oxuyurdum. Səmərqənddə, Amerikada çıxış etdik, hamısında da bizi bəyəndilər. Onda dədə-baba qaydası ilə oxuyurdum, amma tamaşaçının xoşuna gəlməklə yanaşı, çalışırdım elə edək ki, biz özümüz də yaşayaq. Bir var tamaşaçı üçün oxuyasan, ancaq ona qulluq edəsən, bir də var ki, səhnədə özün də yaşamaq istəyəsən. Həm də hər insanın bir xasiyyəti var. Bu xasiyyətin də adamın sənətinə təsiri var. Mən xanəndəni tamaşaçı qarşısında köləlikdən çıxarmaq istədim. Yəni xanəndənin oturan tamaşaçı qarşısında çıxış etməsi, sonra da baş əyib səhnədən çıxması adi haldır. Mən xanəndənin tamaşaçı üçün yox, ilk növbədə özü üçün oxumasını istədim. Yəni yerdə oturub oxuyuram, kimin xoşu gəlirsə, kənardan qulaq assın. Bizim çox ifaçımız var ki, ömür boyu tamaşaçıların köləsi olublar, yalnız onlar üçün oxuyub gediblər. Bu ifalar da sənətdə qalıb. Amma tamaşaçı görəndə ki, bir xanəndə köləlikdən çıxdı, ona da qəribə gəldi ki, bu necə ola bilər?! Niyə olmur ki?! Bəyəm mən ömür boyu tamaşaçıdan asılı, bir növ zəncirli onun qarşısına çıxmalıyam?! Bu fikirlər həm də xasiyyətimdən irəli gəlir, başqalarına baxanda mənim xasiyyətimdə nəsə çatışmır axı. Bir var özündən belə bir obraz yaradasan, o, çox qondarma alınar. Sənə kənardan baxanların nəsə yaratması təbiidir. İllər keçdikcə xalqın qənaəti bir az da böyüyürsə, ondan heç nə əskilmirsə, deməli, həqiqətdir".

"Onda sizi sufi, dərviş kimi təqdim edənlər haqlıdırlar?" sualına cavab verən həmsöhbətim dedi ki, "mən nə sufiyəm, nə də dərviş. Bir az azadlığı sevən adamam. Bu xasiyyəti də hərə bir cür qəbul edir. Mən özümdən nə düzüb-qoşsam, 5-10 gündən sonra uçub dağılacaq. Xalq mənə necə istəyir, elə də qiymət versin".

 

 

İbrahimova S.

 

Kaspi.-2009.-14 yanvar.-S.16.