Obama qara günlərə son qoyacaq

 

ABŞ-ın yeni prezidenti bütün dünyada acları doyuracaqlarına söz verdi

 

Birləşmiş Ştatlar tarixinə ilk qaradərili prezident kimi düşən 44-cü prezident Barak Obama yanvarın 20-də and içib. Kapitoliya təpəsində keçirilən tədbirdə Corc Buş, eləcə də Bill Klinton, Cimmi Karter və ata Corc Buş da iştirak edib. Bel əzələləri zədələnən vitse-prezident Riçard Çeyni isə həkimlərin tövsiyəsi ilə mərasimə əlil arabası ilə qatılıb. Əvvəlcə Delaver ştatının keçmiş senatoru Co Bayden vitse-prezident kimi and içib. Sonra ABŞ Ali Məhkəməsinin sədri Con Roberts Barak Obamanı and içməyə dəvət edib. O, 1861-ci ildə Avraam Linkolnun And içdiyi "Bibliya"ya and içib. Obama inauqurasiyadan sonra etdiyi çıxışında üzərinə düşən məsuliyyəti anladığını bəyan edib: "Mənə bəxş edilən bu vəzifənin böyüklüyünü və atalarımızın başlatdığı fədakarlıqları da tam dərk edirəm. İndiyə qədər 44 nəfər Amerika prezidenti olmaq üçün burada and içib. Sülh və müharibələr dövrünə təsadüf edilən andiçmələr qeydə alınıb. Bəzi andiçmələr buludların dolduğu və fırtınaların baş qaldırdığı vaxta təsadüf edib. Hazırda böhranlı günlər yaşayarıq. Xalqımız savaşdadır. Uzaq məkanlarda terrora və zorakılığa qarşı mübarizə aparırıq. İqtisadiyyatımız həqiqətən zəifləyib. Bəzilərinin acgözlüyü, hərisliyi nəticəsində geriləyən ölkəmizi və millətimizi yenidən hərəkətə gətirmək üçün çox ciddi qərarlar qəbul etmək məqamındayıq. İşlərini və evlərini itirən vətəndaşlarımız var. Səhiyyə xidmətləri faktiki çöküb".

Obama daha sonra vurğulayıb ki, ölkənin tarixində çox çətin bir mərhələ başlayır: "Buna baxmayaraq özümüzə olan inamı əsla itirməməliyik. Üzləşdiyimiz çətinliklər bir deyil, çoxdur. Asan olmasa da, qısa zamanda çətinlikləri üstələyəcəyimizə, amerikalıların bu problemləri həll edəcəyinə əminəm. Bu gün bir araya gəldik, çünki qorxunu üstələməliyik. Ümid üçün burdayıq. Savaş və çətinliklər zamanında birləşməyi lazım bilmişik. Gerçəkləşməyən, yanlış vədləri və ehkamları bir kənara qoymağı lazım bilmişik. Millət olaraq varlığımızı qoruyuruq. Uşaq-uşaq hərəkətləri bir qırağa qoymaq vaxtıdır. Yenidən ruh yüksəkliyi əldə edib taleyimizi dəyişmək zamanıdır. Bizə bəxş olunan, nəsildən-nəslə keçən, böyük Tanrının nemətini - hər kəsin bərabər olması, hər kəsin özünü sınamağa haqqı çatması kimi hüquqları yenidən dirçəltmək üçün bura toplaşmışıq. Millətimizi toparlamaq üçün bir araya gəlmişik. Böyüklük asan deyil. İrəliyə gedən yolumuz heç zaman hamar olmayıb. Zəiflər bu yolda ələniblər. Şöhrət dalınca qaçanlar uğur qazanmayıb. Risk edənlər, arzularını gerçəkləşdirənlər, adlarını bilmədiymiz kişi və qadınlar isə varlanmaq yolunda nəticə əldə etdilər. Atalarımız okeanları fəth edərək buralara gələndə heç nəyimiz yox idi. İndi onların bizə bəxş etdiyi bu ölkəni yenidən inkişafa aparmalıyıq. Kişi və qadınlarımız əlləri qanayana qədər çalışıblar ki, bizim həyatımız yaxşı olsun. Bu gerçəklər Amerikanı daha da böyüdüb. Amerikanın bu idealları bizim şəxsi mənfəətimizdən daha böyükdür".

Ağ evin rəhbəri ABŞ-ı dünyanın ən zəngin və ən güclü dövləti adlandırıb: "İtirdiyimiz bir şey yoxdur, gücümüz azalmayıb, eneryimiz yerindədir. Ancaq elə bir mərhələdən keçirik ki, özümüzü qorumaq məcburiyyətindəyik. Ona görə də çox ciddi qərarlar verməliyik. Artıq ayağa qalxmalı, özümüzü toparlamalı, üstümüzdən tozu çırpmalı və Amerikanı yenidən qurmalıyıq. Görüləcək çox var. Yenidən körpülər və avtomobil yolları inşa etməli, bizi daim irəli aparan texnologiyalarımızı modernləşdirməliyik. Torpağı əkib-becərməli, fabrikləri işlətməli, gənclərimizə təhsil verməliyik. Bəziləri artıq amerikalıların gücdən düşdüyünü deyir. Görünür, belələrinin yaddaşı zəifdir, onlar bu ölkənin hansı çətinliklərdən keçib uğur qazandığını unudublar. Siyasi toqquşmalardan uzaqlaşmalıyıq. Qarşımızda böyük hədəflər var. Büdcəmizi ağılla xərcləməliyik. Onda xalqın inamını qazanacağıq. Əlbəttə, zəngin olmaq böyük arzudur. Ancaq bu böhran bizə böyük dərs verdi. Sadəcə, varlıların yanında dayansaq, bazarlar yalnız varlıları qorusa, iqtisadiyyatı dirçəltmək mümkün olmaz. Hamıya imkan yaratmaq lazımdır. Bu sadəcə sədəqə paylamaq şəklində deyil, ortaq mənfəətlər əldə etmək şəklində olmalıdır. Müdafiəmizdən söz düşəndə təhlükəsizliyimizlə ideallarımız arasında seçim etməyəcəyik. İnsan haqlarını və atalarımızın bizlərə bəxş etdiyi ideallarımızı da kənara qoymayacağıq. Təhlükəsizliyimiz üçün ideallarımızdan vaz keçməyəcəyik. Amerika hamının dostudur. Çiynimizdə dünya lideri vəzifəsini daşıyırıq. Keçmiş nəsillər faşizm və kommunizmlə mübarizə apardılar. Onlara sadəcə tank və raketlə yox, haqlı olduğumuzdan, ədalətin yanında olduğumuzdan qalib gəldik. Gücümüz hüququ və insan haqlarını üstün tutmağımızdadır. Bu ənənənin müdafiəçiləri olmalıyıq. Bu yöndə hərəkətimizə davam etməklə yeni müvəffəqiyyətlərə nail olacağıq. Dünyadakı fərqlilikləri qucaqlayacağıq. Əfqanıstanda və dünyanın istənilən nöqtəsində dostlarımızla və keçmiş düşmənlərimizlə birgə nüvə və digər təhlükələri tamamilə aradan qaldırana qədər çalışmalarımızdan əsla əl çəkməyəcəik. Terroru məğlub edəcəyik. Bizim gücümüz rəngarəng mirasımızla bağlıdır. Amerika xristianların, müsəlmanların, yəhudilərin, hinduların, ateistlərin - bütün inancların qovuşduğu ölkədir. Hər nəsildən, hər dindən vətəndaşımız var. Biz bir yerdə olanda nifrətə qalib gəlməyi bacarırıq. Amerikanın öhədilikləri çox önəmlidir. Müsəlman dünyasına səslənirəm: sizinlə yeni bir yola baş vurmaq istəyirik, qarşılıqlı maraqlarımız var. Rüşvətlə bir şey əldə edəcəyini düşünənlər, siz səhv yoldasınız. Mənəviyyatımız güclü və sarsılmazdır. Sizi məğlub edəcəyik. Yumruqlarınızı açmasanız, sizə qarşı durmaqda davam edəcəyik. Yumruğunuzu açsanız, əlinizi sıxacaq və sizinlə birgə çalışacağıq. Dünyanın hər yerində xalqlar liderlərinə nə iş gördüklərinə görə qiymət verəcəklər. Kasıb ölkələrin vətəndaşları, sizinlə birgə çalışacaq, tarlalarınızı əkəcək, qarnınızı doyduracağıq. Dünyanın harasındasa kimsə yaşamaq uğrunda mübarizə aparırsa, deməli, biz sakit qala bilmərik. Dünya dəyişir. Və biz də bu dünya ilə dəyişmək məcburiyyətindəyik. Biz mütəşəkil qüvvəyik. Bizi bir araya gətirən cəsur insanlara - gecə-gündüz çalışan, iş yerlərini iflasdan qurtarmaq istəyənlərə səslənirəm: qarşımızda böyük çətinliklər var. Sizin əməyiniz sayəsində uğur qazanacağıq.

Hər bir amerikalı məsuliyyətini artırmalıdır. Biz bu məsuliyyətə hazırıq. Bu ağır mübarizəyə könüllü qoşuluruq.
Bu gün bütün irqlərin nümayəndələri bu meydandadır. 60 il öncə mənim kimilər restorana girə bilmirdi.

Bu meydan həmin mərhələnin bitdiyinə sübutdur. Kim olduğumuzu və nə qədər uzun bir yol qət etdiyimizi bir daha xatırlayaq.

Amerikanın təhlükələrlə mübarizə apardığı bu qış günündə bu sözləri bir daha xatırlayaq: Bizlərə və gələcək nəsillərə verilən müstəqilliyə sığınaraq irəliləməyə davam edək".

Onu da qeyd edək ki, B.Obama vəzifəsinin icrasına başlayandan bir neçə saat sonra Quantanamodakı hərbi məhkəmədə cinayət işləri üzrə prosesləri təxirə salınmasını istəyib. Yeni prezidentin tapşırığı ilə həmin cinayət işlərinə baxılması 120 gün təxirə salınıb. Hərbi prokurorlar prezidentin tapşırığının icrasına bu gündən başlayacaqlar. Bu qərarla 2001-ci il sentyabrın 11-də 3 min insanın ölümünə səbəb olan hücumları planlamaqda təqsirləndirilən 5 nəfərin məhkəməsi dayandırılacaq. Həmin 5 nəfərin edam olunması istənilir. Ümumiyyətlə isə, 21 cinayət işi üzrə məhkəmə dayandırıla bilər. Qeyd edək ki, Kubadakı Quantanamo bazasında yerləşən həbsxanada hazırda 245 nəfər cəza çəkir.

B.Obamanın administrasiyası, həmçinin eks-prezident Corc Buşun dövründə qəbul edilən qərarların qüvvəyə minməsi prosesini də dondurub. "France Presse" agentliyinin yaydığı məlumata görə, bu barədə yeni prezidentin andiçmə mərasimindən dərhal sonra onun aparatının rəhbəri Ram Emanuel göstəriş imzalayıb. Nazirliklərin və idarələrin işi ilə bağlı olan və indiyə qədər qüvvəyə minməyən əvvəlki qərarların hamısı ölkənin yeni rəhbərliyi tərəfindən yenidən nəzərdən keçiriləcək. Qeyd edək ki, bu, Obamanın Buşa xüsusi mənfi münasibəti deyil. ABŞ-da səlahiyyətlərin yeni administrasiyaya verilməsi zamanı qərarların dondurulması adi qaydadır.

Ağ evi Obamaya təhvil verən Corc Buş isə vətəni Texasa dönüb. Sabiq prezident və xanımını ştatın kiçik Midlend şəhərində 25 min adam qarşılayıb. Buş ailəsi 8 il əvvəl məhz buradan Vaşinqtona yola salınıb. Ailə bundan sonra ştatın paytaxtı Ostin şəhərindəki evdə və rançoda yaşayacaq. Keçmiş prezident Dallas Universitetində prezident kitabxanası və muzey açmaq fikrindədir. Artıq eksponatlar iki təyyarə və bir neçə yük avtomobili ilə Texasa gətirilib. C.Buş prezidentlik dövrü ilə bağlı kitab da yazmaq niyyətindədir.

ABŞ Senatı isə Hillari Klintonun dövlət katibi vəzifəsinə təsdiqlənməsini təxirə salıb. Buna respublikaçı senatorlardan birinin Hillarinin həyat yoldaşı, ABŞ-ın keçmiş prezidenti Bill Klintontun hazırda rəhbərlik etdiyi fonda xaricdən ayrılan maliyyə yardımı ilə bağlı məsələnin müzakirəsini tələb etməsi səbəb olub. H.Klinton dövlət katibi vəzifəsinə bu müzakirə bitəndən sonra təsdiqlənə biləcək. Obamanın maliyyə naziri təyin etdiyi Timoti Qaytnerin məsələsi isə daha qəlizdir. O, Senatın maliyyə komitəsinə hesabat verməlidir. Komitə T.Qaytnerin Beynəlxalq Valyuta Fondunda işlədiyi vaxt gəlir vergisinin ilk ödəməsini edə bilməməsinin səbəbi ilə maraqlanır. Keçən həftə Obama demişdi ki, Qaytnerin vergi məsələsi onun nazir təyin edilməsi üçün ciddi maneədir, indi isə prezident ilk ödəməni edə bilməməsini Qaytnerin "məsum bir səhvi" adlandırır.

Obamanın daha iki təyinatı problem yaradıb: Erik Holderin baş prokuror, Tom Daşın səhiyyə naziri vəzifəsinə təsdiqlənməsi təxirə salınıb. Senat Holderin vaxtilə (B.Klintonun prezidentliyi dövründə) vergi yoxlamasından yayınmış milyonçu Mark Riçin bağışlanması ilə nəticələnən işdə əli olub-olmadığını bilməyə çalışır. Daşın isə vergi qeydlərinin araşdırılması tələbi qoyulub. ABŞ qanunvericiliyinə görə, prezidentin təyinatları Senatda təsdiqlənəndən sonra qüvvəyə minir. Senat Obamanın komandasında yer tutan adamlardan çoxunu artıq təsdiqləyib.

 

 

        Kaspi.- 2009.- 22yanvar.- S.7.