Ukrayna ilə Rusiya razılaşdı

 

         Qaldı Yuşşenko ilə Timoşenko

 

Ukrayna ilə Rusiya arasında təxminən bir ay davam edən qaz savaşı başa çatıb. Tərəflərin əldə etdiyi razılaşmaya görə, Ukrayna qaza görə bazar qiymətini ödəməyə razı olub. Kiyevin Rusiya qazına görə verəcəyi qiymət ümumən qaz çəkişməsindən kimin qalib kimin məğlub çıxması ətrafında müxtəlif fikirlər səslənir. "Qazprom"dan "BBC"yə bildirilib ki, Avropa istiqamətində qaz ixracı bərpa olunub, hal-hazırda ixracın həcmi tələb olunan həcmin yarısına bərabərdir, sutka ərzində ixrac lazımi həcmə çatacaq. Bu isə gündə 423 milyon kubmetr təşkil edir. Qazın mənzil başına çatmasını artıq bəzi Avropa istehlakçıları da təsdiq ediblər. Bura Avstriya, Çexiya, Sloveniya, Xorvatiya, Serbiya, Bosniya Türkiyə, Macarıstan, Slovakiya Bolqarıstan daxildir.

Moskvada rusiyalı həmkarı Vladimir Putinlə birgə sazişə imza atan Ukraynanın baş naziri Yuliya Timoşenko qaz nəqlinə tranzitinə dair Rusiya ilə imzalanmış müqaviləni unikal sənəd adlandırıb: "İmzalanan sənədlərin mahiyyətini yaxşı anlayan adamların utanmaz-utanmaz guya Ukraynanın maraqlarının zərbə altına qoyulduğunu bəyan etməsi məni çox təəccübləndirir". Maraqlıdır ki, Ukrayna prezidenti Viktor Yuşşenko Rusiya ilə imzalanmış sazişi ciddi tənqid edib. O bildirib ki, bu sazişdən sonra Ukrayna Rusiya ilə apardığı qaz müharibəsində özünü uduzmuş saya bilər. Prezident 2009-cu ilin ilk rübündə Rusiyadan alınan qazın qiymətinin 360 dollar müəyyənləşməsini yolverilməz sayıb.

Avropa Birliyi isə bəyan edib ki, qalmaqal onun Rusiya Ukrayna ilə münasibətlərinə ziyan vurub. Avropa Komissiyasının rəhbəri Yoze Manuel Barrozu bildirib ki, Avropadakı qaz alıcılarının Rusiya Ukrayna arasındakı mübahisənin girovuna çevrilmələri qeyri-məqbul bir haldır.

 Xatırladaq ki, Ukrayna Rusiya arasındakı saziş 10 ilə nəzərdə tutulub. Lakin sazişdə açıqlanmayan şərtlər gələcəkdə yeni mübahisələrin çıxacağını istisna etmir.


         Kamran

 

Kaspi.- 2009.- 22 yanvar.- S. 4.