"İmmiqrasiya haqqında" qanun təkmilləşdirilir

 

"Dövlət rüsumu haqqında" qanunda da dəyişikliklər ediləcək.

 

Milli Məclisin qarşıdan gələn 2009-cu il yaz sessiyası çərçivəsində dünən parlamentin İnsan hüquqları daimi komissiyasının ilk iclası keçirilib. İclasda "İmmiqrasiya haqqında" və "Dövlət rüsumu haqqında" qanunlara əlavə və dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirə edilib. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova hər iki qanuna təklif olunan əlavə və dəyişikliklərin dövrün tələblərinə uyğun düzəlişlər olduğunu dilə gətirib. Bu gün dünyada bir ölkədən digər ölkəyə insan axınının, miqrasiya və immiqrasiya prosesinin baş verdiyini qeyd edən R.Aslanovanın sözlərinə görə, belə demək mümkünsə, müasir dünya insan köçünün yeni mərhələsini yaşamaqdadır.

Azərbaycanın da miqrasiya və immiqrasiya prosesindən kənarda qalmadığını bildirən komissiya sədri qeyd edib ki, son illər Azərbaycana gələn immiqrantların sayı artmaqdadır. Komissiya sədrinin qeyd etdiyinə görə, hazırda Azərbaycanda daimi qeydiyyatda olan 3786 miqrant var. Bundan başqa, ölkəmizdə bir aydan artıq icazəsi olan miqrantların sayı 54 192 nəfər təşkil edir. Dövlətin bu məsələni nəzarətdə saxladığını bildirən R.Aslanova digər ölkələrdə də bu prosesin daim nəzarət altında olduğunu söyləyib.

"İmmiqrasiya haqqında" qanunun qəbulundan 11 il ötdüyünü qeyd edən komissiya sədri sonra həmin qanuna 4-cü -"İmmiqrasiya haqqında vəsatət" maddəsinə təklif olunan əlavə barədə məlumat verib. Onun sözlərinə görə, sözügedən maddəyə 8-ci bəndin əlavə olunması təklif edilib. Təklif olunan variantda da qeyd edilir ki, azı 2 il Azərbaycanda qanuni əsaslarla yaşayan 18 yaşına çatmış, fəaliyyət qabiliyyəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda daimi yaşamaq üçün (immiqrant statusu almaq üçün) müvafiq icra hakimiyyəti orqanına vəsatət verə bilər. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər vəsatətlərində Azərbaycana immiqrasiyalarını əsaslandırmalıdırlar. Yəni, immiqrasiya haqqında vəsatətə notarial və ya ona bərabər tutulan qaydada təsdiq edilən sənədlər əlavə olunur. Bu sənədlər doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan başqa sənəd, ailə tərkibi haqqında arayış, nikah haqqında şəhadətnamənin surəti, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərlə immiqrasiya edən 14 yaşından 18 yaşınadək olan uşaqların immiqrasiyası haqqında yazılı razılığı, immiqrant statusu almaq istəyən şəxslərin sağlamlığı haqqında arayış daxildir. Vəsatətlə çıxış edən immiqrant əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin, onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaitin olması barədə sənəd də təqdim etməlidir. Azərbaycan vətəndaşı və ya bu ərazidə daimi yaşayan şəxs ölkədə qaldıqları vaxtda təminatı öz üzərinə götürdüyü hallar istisnadır. Tələb olunan sənədlər sırasına əcnəbilərin vətəndaşlığını, vətəndaşlığı olmayan şəxslərin isə vətəndaşsızlığını təsdiq edən sənəd, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin peşə ixtisasını təsdiq edən sənədlər, Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə də daxildir. Azərbaycanın immiqrasiya haqqında vəsatətin rədd edilməsi əsaslarının mövcudluğunun müəyyən edilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə sənədlər də tələb oluna bilər.

Təklif olunan əlavənin kifayət qədər vacib olduğunu qeyd edən R.Aslanova bildirib ki, bu, immiqrantların hüquqlarının qorunmasına, onların varlığının təmin olunmasına xidmət edəcək: "Biz hər dəfə ATƏT Parlament Assambleyasının iclaslarında olarkən miqrasiya və immiqrasiya problemi gündəmə gətirilir. Bu iclaslarda quruma üzv olan 56 ölkənin hər birində miqrantlara və immiqrantlara göstərilən münasibətdən narazılıq ifadə olunur, bu yöndə beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi tələbləri səslənir. Odur ki, bizdə də "İmmiqrasiya haqqında" qanuna təklif olunan bu əlavə məhz beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərə ölkəmizdə necə riayət edilmənin növbəti bir sübutu sayıla bilər".

"Müsavat" deputat qrupundan olan millət vəkili Arzu Səmədbəyli təklif olunan əlavənin yerində və lazımlı olduğunu bildirib. O qeyd edib ki, bu dəyişikliyin dili bir qədər səlistləşdirilməli, Azərbaycan dilinin norma və qaydalarına uyğunlaşdırılmalıdır.

Sözügedən komissiyanın digər üzvü, Ədalət Partiyasının sədri İlyas İsmayılov təklif olunan bəndin məhz təqdim olunan formada qalmasının məqsədəuyğunluğunu dilə gətirib: "Həmin bənd məhz o cür qalmalıdır. Çünki bu, hüquqdan gələn bir məsələdir, onu dəyişmək olmaz".

Daha sonra "Dövlət rüsumu haqqında" qanuna təklif olunan dəyişikliklər barədə məlumat verən R.Aslanova bildirib ki, burada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sənəd alarkən ödəyəcəkləri dövlət rüsumlarının miqdarı müəyyənləşdirilir. Məsələn, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazələrin verilməsinə, müddətin uzadılmasına, xarici pasportların, onu əvəz edən sənədlərin qeydə alınmasına və ya qeydə alınması müddətinin uzadılmasına görə 6 manat, Azərbaycanda 16 yaşına çatdıqdan sonra daimi yaşayan əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə qeydiyyat vəsiqəsinin verilməsinə görə 6 manat, həmçinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün itirilmiş icazələrin yenidən verilməsinə görə 3 manat rüsum ödənilməsi tələb  olunur.

Müzakirələrdən sonra qanun layihəsi bütövlükdə parlamentin 2009-cu il yaz sessiyasının plenar iclasına tövsiyə olunub.

 

 

İlham Qiliyev.

 

Kaspi.- 2009.- 23 yanvar.- S. 1.