Bolqarıstan prezidenti Azərbaycanda işgüzar səfərdə olub

 

Georgi Pırvanovla İlham Əliyevin görüşündə əsasən enerji məsələləri müzakirə olunub

 

Dünən Bolqarıstan prezidenti Georgi Pırvanov Azərbaycanda işgüzar səfərdə olub. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılamadan sonra qonağın prezident İlham Əliyevlə təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi, qarşılıqlı əlaqələrin, o cümlədən iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanıb. Azərbaycan ilə Bolqarıstan arasında eneryi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib.

Beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığın əhəmiyyətini vurğulayan prezidentlər ikitərəfli münasibətlərin bundan sonra da genişləndiriləcəyinə əminliklərini ifadə ediblər.

Görüşdə daha sonra ikitərəfli münasibətlər, regional və beynəlxalq əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Ölkə prezidenti adından Bolqarıstan prezidenti Georgi Pırvanovun şərəfinə işgüzar nahar verilib.

Günün ikinci yarısında Bolqarıstan prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb. Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov və digər rəsmi şəxslər yola salıblar.

Xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Bolqarıstan və Azərbaycan prezidentlərinin görüşündə əsasən enerji məsələləri müzakirə olunub.

 

 

İ.Quliyev

 

Kaspi.- 2009.- 23 yanvar.- S. 2.