Maliyyə böhranı Azərbaycan
iqtisadiyyatında azalmaya səbəb olmayıb
ÜDM-in artımı 10,8
faiz təşkil edib
"Dünyadakı maliyyə böhranı Azərbaycan iqtisadiyyatında kiçilməyə səbəb olmayıb. Mövcud vəziyyət yalnız ölkə iqtisadiyyatının inkişaf sürətini aşağı salıb". Bu barədə dünən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev məlumat verdi.
Onun sözlərinə
görə, ötən ilin ortalarında Azərbaycanda
Ümumi Daxili Məhsulun (ÜDM) artım tempi 20 faizdən
yuxarı olub. Amma ilin ikinci yarısında ÜDM-in artım
sürəti aşağı düşüb. İlin
yekunlarına görə, ölkədə ÜDM-in
artımı 10,8 faiz təşkil edib. Komitə sədrinin
sözlərinə görə, ÜDM-in artım tempinin
aşağı düşməsinə səbəb ötən
ilin avqustunda Bakı-Tbilisi-Ceyhan neft kəmərində baş
verən partlayış nəticəsində neft nəqlinin təxminən
15-20 gün dayandırılması, Gürcüstandakı
avqust hadisələri nəticəsində bu ölkə ərazisi
ilə yükdaşımaların azalması, neftin qiymətinin
aşağı düşməsi və s. olub. A.Vəliyev
dedi ki, hazırda Azərbaycan neft hasilatını artırmaqla
ÜDM-in artım sürətində irəliləyişə
nail ola bilər. Amma mövcud qiymətlər bunun səmərəsiz
olduğunu göstərir.
Komitə sədri son vaxtlar fəaliyyətini
dayandıran və işini məhdudlaşdıran müəssisə
və təşkilatlarda nə qədər insanın işsiz
qalmasının hesablanmadığını bildirdi. Onun
sözlərinə görə, artıq bu istiqamətdə
işə başlayıblar. Amma məsələ
burasındadır ki, fəaliyyətini məhdudlaşdıran
şirkətlər işçilərini haqqı ödənilməyən
məzuniyyətə göndərirlər. Belə olan halda isə
onlar işsiz hesab olunmurlar. Komitə yalnız rəsmən
ixtisara düşənlərin sayını hesablaya biləcək.
DSK sədri dedi ki, keçən
il istehsal olunan ÜDM-in 57,4 faizi sənayedə, 5,8 faizi kənd
təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında,
7,6 faizi tikintidə, 6 faizi ticarət və pullu xidmət sahələrində,
5,1 faizi nəqliyyatda, 1,9 faizi rabitədə əldə olunub.
İlkin məlumatlara görə, əlavə dəyərin
85 faizi qeyri-dövlət bölməsində yaradılıb.
Neft sektorunda ÜDM istehsalı 7 faiz, qeyri-neft sektorunda isə
15,7 faiz artıb. Ölkədə adambaşına 4439,9
manatlıq (5403,9 ABŞ dolları) əlavə dəyər
istehsal olunub ki, bu da 2007-ci illə müqayisədə 9,5 faiz
çoxdur.
Komitə sədri 2008-ci ilin
Azərbaycan sənayesi üçün uğurlu olduğunu
bildirdi. Onun sözlərinə görə, ötən il bu
sahədə 28 milyard manatlıq məhsul istehsal olunub. Bu da
2007-ci illə müqayisədə 6 faiz çoxdur. Emal
bölməsində istehsal olunmuş məhsul sənayenin
ümumi məhsulunun 18,7 faizini təşkil edib və 2007-ci
illə müqayisədə 7,4 faiz artıb. Bölməyə
daxil olan məhsullardan neft məhsulları istehsalı 8,4,
kimya sənayesi məhsulları 34,2, dəri və ayaqqabı
istehsalı 27,2, metallurgiya sənayesi və hazır metal məmulatları
istehsalı 23,3, qeyri-metal mineral maddələr istehsalı 0,5,
maşın və avadanlıqlar istehsalı 7,9 faiz artıb. Sənaye
məhsulunun 4,7 faizi elektrik eneryisi, qaz və suyun istehsalı və
bölüşdürülməsi bölməsində istehsal
olunub. Ötən illə müqayisədə bu bölmədə
artım 7,9 faiz təşkil edib. Keçən il Azərbaycanda
elektrik eneryisinin istehsalı aşağı düşüb.
Belə ki, il ərzində 20,2 milyard kv.saat elektrik eneryisi
istehsal olunub ki, bu da 2007-ci illə müqayisədə 2 faiz
azdır.
Kənd təsərrüfatında
istehsal artıb
DSK sədri keçən il
kənd təsərrüfatında da istehsalın
artdığını bildirdi. Onun sözlərinə görə,
bu sektorda artım ümumilikdə 6,1 faiz təşkil edib.
Bitkiçilik məhsullarının istehsalı 7,2 faiz,
heyvandarlıq məhsullarının istehsalı isə 4,1 faiz
artıb. Keçən il ölkədə buğda
istehsalı 26 faiz, kartof istehsalı 3,8 faiz artıb. Bununla
yanaşı, pambıq istehsalı 44,7 faiz, bostan məhsullarının
istehsalı 2,4 faiz, tütün istehsalı 14,7 faiz,
yaşıl çay yarpağı istehsalı 33,2 faiz
azalıb. Komitə sədri azalmanı adıçəkilən
məhsulların əkin sahələrinin azalması ilə
izah etdi.
Tikinti kompleksində
böyükhəcmli işlər görülüb
A.Vəliyev keçən il
Azərbaycanda tikinti kompleksində böyükhəcmli işlərin
görüldüyünü də bildirdi. Onun sözlərinə
görə, keçən il müxtəlif maliyyə mənbələrindən
inşaat işlərinə 9 milyard 73 milyon manat məbləğində
investisiya yönəldilib. Bu da 2007-ci illə müqayisədə
34,3 faiz çoxdur. İl ərzində aparılan
tikinti-quraşdırma işlərinin həcmi də 56,7 faiz
artaraq 5 milyard 620 milyon manata çatıb. Bu sektora qoyulan
investisiyanın 6 milyard 519 milyon manatı və yaxud 71,8 faizi
istehsal təyinatlı obyektlərin inşasına sərf
olunub. Tikinti işlərinin 75,5 faizi daxili investisiyalar vasitəsilə
aparılıb. Keçən il daxili investisiyalar 67,2 faiz
artıb, xarici investisiyalar isə 16,3 faiz azalıb.
Rekord sayda minik avtomobili
gətirilib
Yanvar-noyabr ayları ərzindəki
xarici ticarət dövriyyəsi barədə məlumat verən
A.Vəliyev bu göstəricinin 53,5 milyard dollar təşkil
etdiyini bildirdi. Onun sözlərinə görə, keçən
il Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi
çox böyük həə - 5,1 dəfə artıb.
Dövriyyənin 87,9 faizini ölkədən ixrac olunmuş
mallar, 12,1 faizini isə idxal təşkil edib. Beləliklə,
xarici ticarət dövriyyəsində 40,5 milyard dollar məbləğində
müsbət saldo yaranıb. Əmtəə mübadiləsinin
93,1 faizi uzaq xarici ölkələrlə, 6,9 faizi MDB dövlətləri
ilə aparılıb. Uzaq xarici ölkələrlə ticarət
dövriyyəsi 6,4 dəfə, MDB üzvü olan dövlətlərlə
isə 37,2 faiz artıb. Keçən il ölkəyə idxal
olunan məhsulların həcmi də 29,7 faiz artıb. Məhsulların
66,9 faizi uzaq xarici dövlətlərdən, 33,1 faizi isə
MDB ölkələrindən daxil olub. Uzaq xaricdən idxal 30,2,
MDB dövlətlərindən isə 28,5 faiz artıb. DSK sədri
qeyd etdi ki, ölkədə ərzaq məhsullarının
istehsalı artdığından bu məhsulların idxalı
getdikcə azalır. Məsələn, keçən il Azərbaycana
kərə yağı, yumurta, şəkər, meyvə, tərəvəz
şirələri, araq, tütün idxalı azalıb. Bununla
belə, ölkəyə idxal olunan buğdanın,
düyünün, bitki yağlarının, mineral gübrələrin
idxalı artıb. Xarici ticarət əməliyyatlarının
42,6 faizi, o cümlədən idxalın 78,8 faizi və
ixracın 37,6 faizi sərbəst dönərli valyuta ilə
aparılıb. Azərbaycanın apardığı xarici ticarətin
ümumi həcminin 35,7 faizi İtaliya, 11,4 faizi ABŞ, 6,7
faizi İsrail, 4,7 faizi Hindistan, 4,6 faizi Fransa, 3,3 faizi Rusiya, 2,8
faizi İspaniya, 2,7 faizi Niderland, 2,6 faizi İndoneziya, 2,5 faizi
Türkiyə, 2,4 faizi Birləşmiş Krallıq dövlətlərinin
payına düşür. Keçən ilin 11 ayı ərzində
Azərbaycana 31,4 milyon dollarlıq humanitar və texniki
yardım daxil olub. Komitə sədri bildirdi ki, keçən
il Azərbaycana rekord sayda - 80 mindən çox minik avtomobili gətirilib.
11 ayın nəticələrinə görə, Azərbaycana
gətirilən avtomobillərin dəqiq sayı 81230 olub. Bu da
2007-ci illə müqayisədə 27,8 faiz çoxdur.
Əhalinin gəlirləri
çoxalıb
Əhalinin gəlirləri
barədə məlumat verən komitə sədri ümumi gəlirlərin
əvvəlki illərlə müqayisədə 37,8 faiz artaraq
20,1 milyard manata, adambaşına düşən məbləğin
isə 36,2 faiz artaraq 2343 manata çatdığını
bildirdi. Onun sözlərinə görə, əhali gəlirlərinin
66,1 faizini istehlaka, 10,2 faizini vergilər, sosial sığorta və
könüllü üzvlük haqlarının ödənilməsinə,
23,7 faizini isə əmanətlərinin və
kapitalının artırılmasına sərf edib. Keçən
il ölkədə orta aylıq əməkhaqqı da
artıb. Belə ki, iqtisadi və sosial sahələrdə
muzdla işləyənlərin orta aylıq əməkhaqqı
2007-ci illə müqayisədə 24,2 faiz çoxalaraq 268
manat təşkil edib. İlin 11 ayının nəticələrinə
görə, orta aylıq əməkhaqqı sənaye müəssisələrində
işləyənlərdə 426 manat, tikintidə işləyənlərdə
406 manat, nəqliyyat işçilərində 304 manat, rabitə
işçilərində 373 manat olub. Əhalinin
banklardakı əmanətlərinin həcmi də 2007-ci ilin
11 ayının göstəriciləri ilə müqayisədə
32,2 faiz artıb. İndi Azərbaycan vətəndaşlarının
banklarda 1,8 milyard manat əmanəti var. Əmanətlərin
967,5 milyon manatı və ya 53,5 faizi milli valyuta, 840,5
manatını isə xarici valyuta təşkil edib. Əhalinin
əmanətlərinin 1,3 milyard manatı özəl
banklardadır. Keçən il əmanətlərin milli
valyuta ilə qoyulmuş həcmi 67,1 faiz, xarici valyuta ilə
qoyulmuş həcmi isə 6,5 faiz artıb.
Qiymətlər
ucuzlaşır
A.Vəliyev keçən
ilin inflyasiya göstəriciləri barədə də məlumat
verdi. Onun sözlərinə görə, keçən il Azərbaycanda
20,8 faiz illik inflyasiya qeydə alınıb. Ərzaq məhsulları
28,6 faiz, qeyri-ərzaq məhsulları 11,5 faiz, xidmət tarifləri
11,4 faiz bahalaşıb. Amma ilin sonlarına doğru inflyasiya
tempi aşağı düşüb. Dekabr ayında isə
ölkədə 0,4 faiz ucuzlaşma qeydə alınıb. Ərzaq
məhsulları 1 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsullarının
qiyməti isə əvvəlki səviyyədə qalıb.
Komitə sədri dedi ki, yanvar ayının geridə qalan
günlərində də bahalaşma qeydə
alınmayıb. Ekspertlər bu ay da Azərbaycanda
inflyasiyanın qeydə alınacağını
proqnozlaşdırırlar. Son vaxtlar ucuzlaşan ət və ət
məhsulları, qənd, çörək, yağ, bal,
şokolad, konservlər olub. Ucuzlaşma inşaat
materiallarında da qeydə alınıb. Avtomobillərin qiyməti
isə 0,7 faiz, məişət cihazları 0,1 faiz, zərgərlik
məmulatları 0,3 faiz ucuzlaşıb. Geyimdə və
ayaqqabıda da 0,3 və 0,6 faizlik ucuzlaşma qeydə
alınıb.
A.Vəliyev 2009-cu il üçün inflyasiya proqnozu verməyin
çox çətin olduğunu bildirdi. Onun sözlərinə
görə, buna səbəb dünyadakı qlobal
böhrandır. "Əgər vəziyyət belə davam edərsə,
nəinki birrəqəmli inflyasiya səviyyəsinə nail
olacağıq, hətta defilyasiya da qeydə alına bilər"
- deyə A.Vəliyev bildirdi.
Büdcədə
1,1 milyard manat profisit yaranıb
Komitə sədri onu da
bildirdi ki, 2008-ci ildə Azərbaycanın dövlət
büdcəsində 1,1 milyard manat məbləğində
profisit qeydə alınıb. Bu, istehsal olunmuş ÜDM-in 3,2
faizini təşkil edir. A.Vəliyevin sözlərinə
görə, Maliyyə Nazirliyinin ilkin məlumatlarına
görə, 2008-ci ilin yanvar-noyabr aylarında dövlət
büdcəsinə 9,4 milyard manat və yaxud 2007-ci illə
müqayisədə 67,7 faiz çox vəsait daxil olub.
Keçən il bütün vergi növləri üzrə
daxilolmalar artıb. Hesabat dövründə büdcədən
8,3 milyard manatlıq və ya 2007-ci illə müqayisədə
71 faiz çox vəsait xərclənib. Büdcə xərclərinin
48,3 faizi iqtisadiyyatın inkişafına, 9,6 faizi təhsilə,
9 faizi sosial müdafiəyə yönəldilib.
A.Vəliyev bildirdi ki,
keçən il aztəminatlı ailələrə verilən
ünvanlı dövlət yardımlarının həcmi
artırılıb. Bu yardımlar 163,4 min ailəyə verilib.
Bu ailələrdə yaşayanların sayı 750 min nəfər
olub. Ailələrdə hər bir nəfərə düşən
ünvanlı sosial yardımın miqdarı 22 manat təşkil
edib.
Siyahıyaalma ilə
bağlı işlər yekunlaşmaq üzrədir
Komitə sədri onu da
bildirdi ki, əhalinin siyahıyaalınması ilə
bağlı işlər yekunlaşmaq üzrədir.
Siyahıyaalma aprelin 13-dən 22-nə kimi davam edəcək.
Hazırda siyahıyaalınmada iştirak edəcək
kadrların seçilməsi və maarifləndirilməsi işi
aparılır. Bunun üçün təxminən 25 minə
yaxın kadr seçilməlidir. Kadrlar təsdiqləndikdən
sonra onların öyrədilməsi işi aparılacaq.
Öyrədilmə işi fevral-mart aylarına təsadüf
edəcək. "Bu il Azərbaycanda əhalinin
siyahıyaalınmasının aparılmasına heç bir
şübhə ola bilməz" - deyə komitə sədri
vurğuladı. O qeyd etdi ki, artıq
siyahıyaalınmanın aparılması üçün
lazımi maliyyə ayrılıb və müvafiq texnika
alınıb. Siyahıyalınmanın həyata keçirilməsi
üçün dəqiq nə qədər vəsaitin xərclənməsi
siyahıya alınan əhalinin sayından asılı olacaq.
İlham Quliyev
Kaspi.- 2009.- 24-26 yanvar.- S. 1, 4.