Azərbaycandan "Nabukko"ya tam dəstək 

 

İlham Əliyev: "Enerji məsələlərindən siyasi alət və ya şantaj məqsədilə istifadə edilməməlidir"

 

Dünən Macarıstanın paytaxtı Budapeştdə "Nabukko" layihəsi üzrə Enerji Sammitinin açılışı olub. Parlament binasında başlayan sammitdə Azərbaycan prezidenti İlham Əliyev, Macarıstanın baş naziri Ferents Dyurçan, Çexiyanın baş naziri Mirek topolanek, Bolqarıstanın baş naziri Sergey Stanişev, Gürcüstanın baş nazirinin birinci müavini, maliyyə naziri Nika Giluari, Avropa Komissiyasının energetika məsələləri üzrə komissarı Andris Piebalqs, Avstriyanın iqtisadiyyat və əmək naziri Reynhold Mitterlehner, Rumıniyanın iqtisadiyyat naziri Adrian Videanu, Misirin neft naziri Amin Samih Fəhmi, Türkiyənin energetika və təbii sərvətlər naziri Hilmi Gülər, Türkmənistanın Karbohidrogen Ehtiyatlarının İdarəedilməsi və İstifadəsi üzrə Dövlət Agentliyinin direktoru Yaxşıgəldi Kakayev, habelə Almaniyanın, İraqın, ABŞ-ın nümayəndələri, Avropa İnvestisiya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentləri iştirak ediblər.

Xəzər hövzəsi və Mərkəzi Asiyadan, gələcəkdə isə Yaxın Şərqdən təbii qazın Avropaya nəqlini nəzərdə tutan "Nabukko" layihəsi ilə bağlı yaradılmış transmilli konsorsiuma Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulqarqaz", Rumıniyanın "Transqaz", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətləri daxildir. Fransanın "Qazdefrans" şirkəti də konsorsiuma qoşulmaq niyyətini bildirib.

Budapeşt sammitinin keçirilməsi təklifini Macarıstanın baş naziri Ferents Dyurçan ötən ilin iyulunda Azərbaycana və Türkmənistana səfəri zamanı bəyan edib. "Nabukko" layihəsinin operatoru qismində Avstriyanın OMV şirkəti çıxış edir. Konsorsium üzvləri layihə üzrə hökumətlərarası sazişi imzalamağı planlaşdırırlar ki, bu da kəmərin tikintisinin qanunverici bazasının yaradılması üçün zəruri hesab olunur.

Layihə dəyəri 8 milyard avro olan və ildə təqribən 26-32 milyard kubmetr qaz ötürəcək "Nabukko" layihəsinin inşası 2014-cü ilədək yekunlaşmalıdır. "Nabukko" boru kəməri ilə 2012-ci ildə Azərbaycan, sonra Qazaxıstan və Türkmənistan qazının nəqli nəzərdə tutulur. Növbəti mərhələdə, 2017-ci il üçün bu kəmərlə İran, İraq və Misir qazının nəqli də istisna olunmur.

"Nabukko" ilk qaz xəttidir ki, dünyanın bir çox regionu arasında əlaqə yaradacaq. Uzunluğu 3,3 min kilometr nəzərdə tutulan kəmərin marşrutunda əsas tranzit ölkə Türkiyə olacaq (2 min kilometr). Layihəyə görə, kəmərin 400 kilometri Bolqarıstan, 460 kilometri Rumıniya, 390 kilometri Macarıstan, 50 kilometrə qədəri isə Avstriyanın ərazisinə düşür.

Sammitin açılışında Macarıstanın baş naziri Ferents Dyurçan çıxış edib. O, dostluq xarakteri daşıyan "Nabukko"nun hamını birləşdirən layihə olduğunu vurğulayıb. Son illər Avropa ölkələrinin eneryi problemləri ilə üzləşdiyini, onların iqtisadiyyatında geriləmə müşahidə olunduğunu deyən baş nazir Avropanın eneryi təhlükəsizliyinin, eləcə də ayrı-ayrı ölkələrin müstəqilliyinin möhkəmləndirilməsi baxımından yeni nativ layihəyə ehtiyac duyulduğunu söyləyib: "Bu məqsədlə də "Nabukko" layihəsinin reallaşdırılmasına qərar verilib. Bu işdə Azərbaycana və Türkmənistana ümid böyükdür. Bu layihənin maliyyələşdirmə mənbələrinin müəyyənləşdirilməsi və kreditlərin alınmasında problem yaranmayacaq".

Sonra sammitdə Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. Dövlət başçısı deyib ki, Azərbaycan Avropanın eneryi təhlükəsizliyi məsələsində mühüm rol oynayır. Azərbaycan etibarlı tərəfdaş ölkədir və öz təbii sərvətlərini Xəzər hövzəsindən Avropaya nəql edir. Azərbaycanın həyata keçirdiyi neft-qaz siyasəti xalqın mənafeyinə xidmət edir: "Biz bir çox istiqamətdə yeni boru xətləri çəkmişik. Biz boru xətlərinin çoxşaxəliliyinin tərəfdarıyıq. Bizim qaz ehtiyatlarımız zəngindir. 2-3 trilyon qaz ehtiyatı var ki, bu da onilliklər ərzində ehtiyacımızı ödəyəcək. Biz əlbəttə ki, müəyyən proqramlar üzərində işləməliyik və bütün bunlar bazardakı şərait nəzərə alınmaqla həyata keçirilməlidir. Bunun üçün tranzit və istehlakçı ölkələrlə əlaqələr yaratmaq lazımdır. Nə qədər çox qaz sata bilsək, bu bizim mənafeyimizə uyğundur. Bundan digər ölkələr də mənfəət qazana bilər". Prezident Azərbaycanın eneryi sahəsində siyasətinin həm ölkəmiz, həm də bütün region üçün son dərəcə vacib olduğunu vurğulayıb.

Azərbaycanın "Nabukko" layihəsini həmişə dəstəklədiyini bildirən prezident İlham Əliyev əlavə edib ki, bu dəstək gələcəkdə də davam edəcək. Bakıda keçirilən sammitdə Azərbaycan öz mövqeyini ortaya qoyub. Bu layihədə iştirak edən bütün tərəflər əməkdaşlığa hazırdırlar: "Hesab edirəm ki, bir araya gəlməyimizi nəzərə alaraq, ümumi maraqlarımızı tapmaq vaxtı gəlib çatıb. Biz eyni zamanda bir neçə məqsədi reallaşdırmalıyıq. Biz həm etibarlı təchizatçı, həm də hasilatçı olmalıyıq. Çünki hər hansı ölkəyə qazın nə üçün gedib çatmaması sadə istehlakçıları maraqlandırmır".

Prezident bildirib ki, "Nabukko" layihəsinin iştirakçıları bütün faktorları nəzərə almalıdır: "Nabukko" layihəsi ideyası ortaya atılan zaman Azərbaycan qaz ixrac edən ölkələr sırasında deyildi. Lakin bu gün artıq vəziyyət dəyişib və artıq Azərbaycanı yalnız tranzit ölkə kimi deyil, həmçinin potensial qaz yataqları olan bir ölkə kimi də dəyərləndirmək düzgün olardı".

Dövlət başçısının sözlərinə görə, xarici tərəfdaşlarla işbirliyini daha da yaxşılaşdırmaq üçün bütün səylər ortaya qoyulmalıdır: "Nabukko" ilə əlaqələrə gəldikdə, biz bu əməkdaşlıqda iştirak etmək istərdik. Biz əminik ki, Avropa İttifaqı ilə eneryi sahəsində birgə layihələr bizim tərəfdaşlıq əlaqələrimizi daha da möhkəmləndirəcək. Biz bu sahədə əməkdaşlıq etməliyik, çünki bu kimi layihələr, həmçinin ölkələrin yaxınlaşması üçün bir vasitədir. Eneryi məsələlərindən siyasi alət və ya şantay məqsədilə istifadə edilməməlidir. Bizim ölkənin təcrübəsi göstərir ki, tərəfdaşlığa yönəlmiş siyasət tez bir zamanda gəlir eldə etməkdən daha yaxşı nəticələr verir. Sonda bir daha təkrar edirəm ki, biz bu layihənin tərəfdarıyıq və bu sahədə Avropa İttifaqı və transatlantik strukturlarla daha da sıx əməkdaşlıq etməyə hazırıq. İstəyirik ki, bu layihə irəli getsin".

Sammitdə çıxış edən ABŞ dövlət katibi müavinin köməkçisi Metyu Brayza isə bildirib ki, rəsmi Vaşinqton "Nabukko" qaz kəməri layihəsi üzrə beynəlxalq koordinasiya orqanının yaradılması ideyasını dəstəkləyir: "Makroiqtisadi şərtlər gələcəkdə həlledici rol oynasa, "Nabukko"nu uğur gözləyir. Bu boru kəməri İraqdan və Misirdən 40-50 faiz ucuz qaz nəql etmək imkanı yaradacaq. Azərbaycan isə "Nabukko"nun ehtiyat bazasını təmin etməyə qadirdir. Bakı etibarlı tərəfdaş olduğunu artıq nümayiş etdirib".

M.Brayza həmçinin bəyan edib ki, "Nabukko"nu strateyi əhəmiyyətli investisiya layihəsi kimi dəyərləndirmək lazımdır. O, maraqlı tərəfləri layihəni dəstəkləməyə çağırıb və xəbərdarlıq edib ki, əks halda tarixi məqam əldən verilə bilər.

Çexiyanın baş naziri Mirek topolanek isə bu günlərdə başa çatmış qaz böhranına toxunub: "Bir neçə həftə davam etmiş məlum qaz böhranı zamanı Avropa ölkələrinə 2-3 milyard dollar məbləğində zərər dəyib qarşıda duran əsas vəzifə "Nabukko" kəmərinin nəzərdə tutulan vaxtda tikintisinə başlamaqdır. Bu istiqamətdə bütün səylər birləşdirilməlidir əminik ki, biz məqsədimizə çatacağıq". Baş nazir əlavə edib ki, Avropa qaz asılılığından qurtarmalıdır bu böhranın aradan qaldırılması üçün məhz "Nabukko"nun reallaşdırılması zəruridir. Avropa İttifaqı ölkələrinin həmrəyliyinin yaradılması baxımından "Nabukko" layihəsinin böyük önəmi var.

Günün ikinci yarısında "Nabukko" sammitinin əsas iclası başa çatıb. İştirakçılar iclasın yekunlarına dair Bəyannamə qəbul ediblər. Bəyannaməni sammitdə iştirak edən dövlətlərin təmsilçiləri imzalayıblar.

Dünən prezident İlham Əliyev Budapeştdə bir sıra ikitərəfli görüşlər keçirib. Avropa Komissiyasının energetika məsələləri üzrə komissarı Andris Piebalqslə görüşdə "Nabukko" layihəsinə dair sammitin əhəmiyyəti vurğulanıb, Azərbaycan ilə Avropa İttifaqı arasında eneryi təhlükəsizliyi sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub. Söhbət zamanı qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Dünən prezident İlham Əliyevlə Macarıstanın dövlət başçısı Laslo Şoyomun da görüşü olub. Görüşdə iki ölkə arasında münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub, yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrin inkişafına töhfə verdiyi, habelə müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib.

Günün sonunda prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb. Azərbaycan prezidentini Budapeştin "Ferihegy-2" beynəlxalq hava limanında Macarıstanın yüksək vəzifəli dövlət hökumət nümayəndələri yola salıblar.

 

 

İ.Quliyev

 

Kaspi.- 2009.- 28 yanvar.- S. 1-2.