Deputatlar silah qalmaqalı ilə bağlı spikerə müraciət etdilər 

 

Məsələnin parlamentdə müzakirəsi Dumaya müraciət göndərilməsi təklif olunur

 

Deputatlar Rusiyanın Ermənistana 800 milyon dollar dəyərində silah ötürməsi ilə bağlı məsələnin parlamentin yaz sessiyasında müzakirə edilməsi üçün Milli Məclisin sədri Oqtay Əsədova məktubla müraciət ediblər.

Müraciəti millət vəkilləri Elmira Axundova, Aydın Həsənov, Vahid Əhmədov, Lalə Abbasova, Asim Mollazadə, Yalə Əliyeva, Novruz Aslanov, Gültəkin Hacıbəyli, Hüseynbala Mirələmov, Cəmil Həsənli, Mirkazım Kazımov, Elton Məmmədov, Eyvaz Qurbanov, Əkrəm Abdullayev imzalayıblar. Müraciətdə problemlə bağlı Rusiya Dövlət Dumasına müraciət göndərilməsi məqsədəuyğun hesab edilib.

Müraciətdə qeyd olunur ki, son günlər mətbuatda Rusiya Federasiyasının Ermənistanda yerləşən hərbi hissələrindən Ermənistan ordusuna 800 milyon dollar həcmində hərbi silah-sursatın ötürülməsi ilə bağlı məlumatlar dərc edilir: "Bu xəbərlər Azərbaycan ictimaiyyətində çox böyük narahatlığa səbəb olub. Biz seçicilərimizdən bu məsələ ilə bağlı çoxsaylı müraciət alırıq. Seçicilərimiz birmənalı olaraq problemin dünya ictimaiyyətinə çatdırılmasını Rusiyanın qeyri-qanuni əməllərinə son qoyulmasını təkid edirlər. Biz çoxsaylı seçicilərimizə qoşularaq bütün bunları pisləyirik".

Müraciətdə vurğulanır ki, Minsk qrupunun həmsədri olan Rusiyanın belə əməlləri qrupun fəaliyyətini şübhə altına alır beynəlxalq hüquqa tamamilə ziddir.

Müraciəti imzalayan millət vəkili Vahid Əhmədov bildirib ki, Rusiya ikibaşlı siyasət aparır: "1997-ci ildə 1 milyard dollarlıq silahın Ermənistana ötürülməsi barədə çox yazıldı, amma xeyri olmadı. İndi 800 milyon dollarlıq silahın ötürülməsi haqda məlumatlar yayılır. Ortada siyahı da var. Biz məsələ qaldırırıq bilmək istəyirik görək bu silah ötürülməsi vaxtadək davam edəcək? Rusiya ikibaşlı oyun aparır. Qarabağ məsələsinin sülh yolu ilə həlli uzun çəkir. Biz istəyirik ki, bu məsələlərə aydınlıq gətirilsin Milli Məclis müəyyən bir qərar qəbul etsin. Ola bilər ki, həmin qərar Rusiya Dövlət Dumasına göndərilsin xüsusi komissiya yaradılsın".

Milli Məclisin yaz sessiyasının fevralın 2-dən başlanacağını xatırladan V.Əhmədov müzakirənin də elə həmin gündəliyə salınmasını məqsədəyuğun sayır.

Millət vəkili Elmira Axundova isə bildirib ki, silah məsələsinin parlamentdə müzakirəsinə bütün deputatların tərəfdar çıxacağına inanır: "Ona da inanıram ki, bizim spikerə müraciətimiz müsbət cavablandırılacaq".

 

 

İ.Quliyev         

 

Kaspi.- 2009.- 28 yanvar.- S. 3.