“Vasitəçilər Ermənistanın imitasiya siyasətini ifşa etməlidir"
Asim Mollazadə: "Münaqişənin ATƏT
çərçivəsində həlli Azərbaycanın
maraqlarına daha uyğundur"
Ötən ilin
sonlarından etibarən Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması prosesi ilə bağlı optimist bəyanatlar səslənməkdədir.
İstər ATƏT-in Minsk qrupunun həmsədrləri, istər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, istər
Fransanın dövlət başçısı Nikola Sarkozi,
istərsə də digər beynəlxalq təşkilatların
təmsilçiləri tərəfindən nikbin proqnozlar səsləndirilib.
Bu bəyanatlarda münaqişənin sülh yolu ilə tənzinlənməsi
istiqamətində 2009-cu ilin həlledici olacağı
vurğulanır. Artıq bir aya yaxındır ki, yeni ilə qədəm
qoymuşuq. Amma hələlik münaqişənin həlli ilə
bağlı nikbin düşünməyə elə bir ciddi əsas
yoxdur. Üstəlik, vasitəçilik missiyasını
üzərinə götürən Rusiyanın Ermənistanı
silahlandırmaqda davam etdiyi məlum olub. Təbii ki, bu fakt
sülh danışıqlarının gələcəyinə
kölgə salır. Üstəlik, ABŞ-da da hakimiyyət dəyişikliyi
baş verib. Yeni administrasiyanın bölgədəki proseslərlə
bağlı tutacağı mövqe məlum deyil. Bütün
bu proseslərlə bağlı suallarımızı Demokratik
İslahatlar Partiyasının sədri, Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
daimi komissiyasının üzvü Asim Mollazadəyə
ünvanladıq.
- Asim müəllim, necə
hesab edirsiniz, 2009-cu il Ermənistan-Azərbaycan münaqişəsinin
sülh yolu ilə ədalətli tənzimlənməsində
dönüş ili olacaq, yoxsa...
- Mən Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı vasitəçilik missiyasını həyata keçirən şəxslərin bu yöndəki optimizminə hər hansı bir tutarlı əsasın olduğunu müşahidə etmirəm. Hər ildə bir neçə dəfə səsləndirilən bu cür optimist bəyanatlar, daha doğrusu, vasitəçilərin "öz fəaliyyətlərinin tədqiqatına" həsr etdikləri bu tipli açıqlamalar tamamilə əsassızdır. Çünki Ermənistan danışıqlar prosesində heç bir konstruktiv addım atmaq istəmir. Onlar əksinə, danışıqlar prosesinin imitasiyası ilə məşğuldurlar. Vasitəçilərin Ermənistanın bu siyasətini ifşa etməməsinə qədər danışıqlarda hansısa irəliləyişin olacağına inanmıram. Vasitəçilər beynəlxalq hüquq normalarına arxalanaraq Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı sərt qərarlar qəbul etməlidir. Digər beynəlxalq təşkilatlar da bu yöndə addımlar atmalıdırlar. Yalnız belə olarsa, münaqişənin həlli ilə bağlı nikbin bəyanatlar verməyə əsas yarana bilər.
- Sizə də məlum olduğu kimi, ötən ilin avqust ayında Gürcüstanda yaşanan hadisələrdən sonra Rusiya yenidən bu bölgədə, xüsusilə də Qarabağ məsələsində aktivləşməyə başladı. Hətta bu yöndə Rusiya prezidenti Dmitri Medvedyevin iştirakı ilə məlum Moskva Bəyannaməsi imzalandı. Bunun ardınca isə Rusiyanın yenidən Ermənistana növbəti dəfə, özü də külli-miqdarda silah-sursat satışı faktı meydana çıxdı...
- Bəli, Rusiya Gürcüstandakı məlum avqust hadisələrindən sonra dünyada öz imicini dəyişdirmək üçün diplomatik fəallığını artırmağa başladı. Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə növbəti görüş keçirildi. Danışıqlar Moskva Bəyannaməsinin imzalanması ilə başa çatdı. Amma buna paralel olaraq Rusiya yüz milyonlarla dollarlıq silahı təcavüzkara - Ermənistana verdi. Deməli, Rusiyanın əməlləri ilə mövqeyi bir-birinə zidiyyət təşkil edir. Sülhə nail olmağa çalışan rəsmi Moskvanın yenə də Ermənistanı silahlandırması buna əyani sübutdur. Bu, özü-özlüyündə Rusiyanın bu prosesdə tərəf olması, Ermənistanın hərbi təcavüzünün arxasında dayanması və buna dəstək verməsi siyasətini davam etdirməsinin növbəti nümayişidir. Eyni zamanda, onu da təəssüflə qeyd etməliyəm ki, bu ölkə Minsk qrupunun həmsədrlərindən biri olaraq təcavüzkara dəstəyini davam etdirməkdə və regionda imzaladığı Moskva Bəyannaməsinə zidd bir şəkildə fəaliyyət ortaya qoymaqdadır. Bu, ancaq təəssüf hissi doğurur...
- Rusiya yenidən təcavüzkar Ermənistanı silahlandırmaqla, onu yeni münaqişəyə stimullaşdırmaqla məşğuldur. ATƏT-in Minsk qrupuna həmsədrlik edən digər dövlətlər - ABŞ və Fransa tərəfindən də Ermənistana qarşı hansısa sərt addımların seçilməməsi göz qabağındadır. Belə olan şəraitdə bu formatdan imtina etmək və yaxud bu formatı genişləndirmək, o cümlədən münaqişənin həllinin BMT Təhlükəsizlik Şurasına həvalə etmək variantının seçilməsi mümkündürmü?
- Proseslər göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son dövrlərdəki bir qədər balanslaşmış siyasətinə yenidən son qoyub. Belə görünür ki, təcavüzkarı hücum silahları ilə təmin edən Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində köklü addımlar atmağa hələ də hazır deyil. Biz çox istərdik ki, ATƏT-in Minsk qrupunun üzvü olan digər ölkələrin də bu istiqamətdə fəaliyyəti artsın. Çünki həmsədrlər vasitəçiliyi bir növ öz monopoliyalarına keçiriblər. Biz bu prosesdə onların siyasi triumfdan başqa hansısa ciddi bir təsirini görmürük. Minsk qrupunda digər ölkələr də var ki, fikrimizcə, məhz onların bu prosesdə fəaliyyətinin güclənməsinə ehtiyac var. Bəlkə də həmsədrlər institutunun formatının dəyişdirilərək digər ölkələrin rotasiya qaydasında bu formata cəlb edilməsi bizim üçün əlavə bir imkan olardı. Bu, həm də beynəlxalq ictimaiyyətin münaqişə ilə bağlı düzgün və dolğun məlumatlandırılmasına kömək edərdi. Yəni beynəlxalq aləm, dünya ictimaiyyəti bilərdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi prosesində inkişaf, irəliləyiş yoxdur, Ermənistana dəstək verən, silah-sursat satan ölkələr bu prosesin qarşısını almaq istəyirlər, başqa sözlə, sülh prosesinə təkan vermək istəmirlər. O ki qaldı BMT-yə, Minsk qrupuna mövcud mandatı elə bu təşkilat verib. Bu baxımdan düşünürəm ki, münaqişənin ATƏT çərçivəsində həlli Azərbaycanın maraqlarına daha uyğundur. Ona görə ki, Azərbaycan ATƏT-in üzvüdür və burada veto hüququna malik olan bir ölkədir. BMT Təhlükəsizlik Şurasına gəlincə isə Azərbaycan bu formatda təmsil olunmur və o zaman bu məsələ Azərbaycanın özünün iştirakı olmadan həll oluna bilər. Odur ki, indiki məqamda məlum Minsk qrupu formatı bizim üçün daha əlverişlidir.
- Ümumiyyətlə, siz münaqişənin tənzimlənməsi istiqamətində proseslərin gedişatını, inkişafını necə təsəvvür edirsiniz? Yaxın illər ərzində bu münaqişənin ədalətli, Azərbaycanın xeyrinə həlli görünür?
- Mən təəssüflə qeyd etməliyəm ki, bu prosesdə heç bir inkişaf yoxdur. Bu baxımdan da hələlik bu məsələdə nikbin deyiləm.
- Yeri gəlmişkən, bu yaxınlarda ABŞ-da yeni dövlət başçısı Barak Obamanın prezidentlik dövrü başlanıb. Sizcə Obama hakimiyyəti Qarabağ probleminin həllinə hansısa müsbət bir töhfə verə bilərmi?
- Qeyd edim ki, Amerikanın özünün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı maraqları var. Çünki ABŞ-ın Cənubi Qafqazda ciddi milli təhlükəsizlik maraqları mövcuddur. Buna görə də rəsmi Vaşinqton bölgədə sülhün bərqərar edilməsində maraqlıdır. Çox güman ki, Obama administrasiyası bu yöndəki fəaliyyəti davam etdirəcək. Amma bununla düşünmürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın qarşısında duran hədəflər içərisində ən önəmlisi olsun.
- Belə fikirlər də səslənməkdədir ki, respublikaçılardan - kiçik Buş hakimiyyətindən fərqli olaraq demokratlar - Obama hakimiyyəti növbəti illərdə daha çox daxili məsələlərin çözümünə önəm verəcək və Rusiya ilə sərt konfrontasiya mövqeyinə keçməyəcək...
- Mən gözləmirəm ki, Obamanın prezidentliyində ABŞ-ın xarici siyasətində, xsusilə də Cənubi Qafqaz siyasətində hansısa köklü dəyişikliklər baş versin. Çox güman ki, Obama dövründə də məlum ABŞ siyasət tərzi davam etdiriləcək. Sadəcə, ola bilsin, bu siyasətin formaları daha çox diplomatik addımlara, daha yumşaq gücdən istifadə etmək amilinə meyilləndiriləcək.
- Necə fikirləşirsiniz, Obama-Klinton hakimiyyəti bütövlükdə dünya düzəninə nə vəd edir?
- Ümid edirəm ki, ABŞ məlum maliyyə böhranından uğurla qurtulacaq və Obama-Klinton cütlüyü dövründə bu ölkə öz nüfuzunu yenidən bərpa etməyə nail olacaq. Eyni zamanda, bu ölkə Azərbaycanla da strateyi müttəfiqdir. Bu baxımdan, gələcəkdə - növbəti illərdə bir sıra sahələrdə əməkdaşlıq daha da genişlənəcək.
İ.Quliyev
Kaspi.- 2009.- 28 yanvar.- S. 5.