Rusiya səfiri
bəzi məsələləri anlamır
Vasili İstratov Ermənistana silah ötürülməsi
mövzusunun niyə davam etdiyini bilmir
"Rusiya ümid edir
ki, Ermənistana guya silah verilməsi barədə
narahatlığa Azərbaycan və Rusiya xarici işlər və
müdafiə nazirlərinin yaxın zamanlarda keçiriləcək
görüşündə son qoyulacaq". Bunu Rusiyanın Azərbaycandakı
səfiri Vasili İstratov dünən keçirdiyi mətbuat
konfransında bildirib.
O, 2008-ci ildə Ermənistana
800 mln. dollar məbləğində mövcud olmayan silah
satışı barədə yerli KİV-də davam edən
müzakirələri anlamaqda çətinlik çəkdiyini
də vurğulayıb: "Biz Azərbaycan tərəfinin
notasına Rusiya XİN-in cavabı ilə nöqtə qoymaq
istəyirdik. Lakin proses təəssüf ki, davam edir".
Onun sözlərinə
görə, Bakının Rusiya tərəfinin rəsmi cavabını
gözləmədən qətiyyətlə hərəkət
edərək nota ilə çıxış etməsi
çaşqınlıq törədir. "Mənə
aydın deyil ki, nə üçün 1996-cı ildə
Rusiya silahının Ermənistana satışının mənfi
təcrübəsi ilə son 6-8 ildə ölkələrimiz
arasında mövcud olan bütün müsbət irəliləyişlər
tamamilə ört-basdır edilməlidir" - deyə o
bildirib. Səfir silah satışına dair sənədi saxta
adlandırıb: "Mənim diqqətimi o fakt çəkir
ki, bu tip məlumatları dərhal göydə tutur və ən
mənfi formada yayırlar". Diplomat Rusiya tərəfinin
müfəssəl cavabına baxmayaraq, bu mövzunun müzakirəsinin
davam etməsilə bağlı təəssüfünü
bildirib və "bəzi hörmətli şəxslərin,
deputatların uzağa gedən xülasələr, bəzi səfirliklərin
diplomatların isə şərhlər
yağdırdıqlarını" qeyd edib.
Rusiyanın ölkəmizdəki
səfiri "Nabucco" ilə də bağlı məsələyə
yer ayırıb. Azərbaycanın "Nabucco"ya
qoşulacağı təqdirdə Rusiyanın Azərbaycana
qarşı siyasətində dəyişiklik olacağı ilə
bağlı sualı cavablandıran səfir bildirib ki, Rusiya rəhbərlərindən
heç kəs heç vaxt Azərbaycanın
"Nabucco"ya qoşulmasının ikitərəfli
münasibətlərə təsir edəcəyini söyləməyib.
Səfir bildirib ki, milyardlarla dollar sərmayə tələb
edən bu miqyasda kommersiya layihəsi üzrə strateyi qərar
verildikdə müəyyən siyasi təminatlar da nəzərə
alınmalıdır: "Belə strateyi qərar verildikdə,
bütün faktorlar nəzərdən keçirilməlidir. Faktorlar
isə çoxdur". Diplomat hesab edir ki, istənilən
ixracatçı ölkə səhvə yol verməməlidir.
O, prezident İlham Əliyevin Azərbaycanın
"Nabucco"ya qoşulmasının qaz üçün təklif
olunacaq qiymətdən asılı olacağı barədə
bəyanatını tamamilə düzgün adlandırıb. "Avropa
Azərbaycan qazı üçün "Qazprom"un təklif
etdiyi qiymətdən yüksək rəqəm təklif edərsə,
Rusiya tərəfi təklifinə yenidən baxacaqmı"
sualının cavabında səfir "Qazprom"un təklif
etdiyi qiymətdən xəbərsiz olduğunu, belə məsələlərin
təsərrüfat subyektləri arasında müzakirə
edildiyini vurğulayıb.
Səfir 26 Bakı
komissarının abidə kompleksinin sökülməsinə
də münasibət bildirib: "Rusiya Bakıda 26 Bakı
komissarının abidə kompleksinin sökülməsi və
orada olan qəbirdən çıxarılan sümüklərin
gələcək aqibəti ilə bağlı situasiyanı
izləyir". 26 Bakı komissarının varislərindən
Rusiyada yaşayanların olduğunu qeyd edən səfir onlar səfirliyə
müraciət edəcəkləri təqdirdə, bu məsələ
ilə daha yaxından məşğul olacaqlarını
söyləyib: "Mən şifahi olaraq qəbirdən
çıxarılan sümüklərin aqibəti ilə
maraqlanmışam, amma hələlik heç bir cavab
almamışam".
Azər Nuriyev
Kaspi.- 2009.- 28 yanvar.-
S. 4.