Əlini mənə, İran
Obama Tehrandan xoş jest
gözləntisindədir
"Amerikalılar müsəlmanlara düşmən deyil". Bu sözləri "Əl-Ərəbiyyə"yə müsahibəsində ABŞ-ın yeni prezidenti Barak Obama deyib. Onun sözlərinə görə, İran əlinin sıxılmasını istərsə, ABŞ da İrana öz dostluq əlini uzadacaq. B.Obama müsahibəsində Amerikanın bəzən səhvlərə yol verdiyini deyib və bildirib ki, onun adminstrasiyası daha açıq diplomatik yanaşma yolunu tutacaq: "Öz inaqurasiya çıxışımda qeyd etdiyim kimi, İran kimi ölkələr əllərinin sıxılmasını istəyərlərsə, onda bizim uzanmış dostluq əlimizi görəcəklər".
"Yaxın Şərqdə vəziyyətin normallaşdırılması ilə bağlı danışıqlar bərpa edilməlidir" - deyə ABŞ prezidenti vurğulayıb. Qeyd edək ki, bu, Obamanın prezident səlahiyyətlərinin icrasına başlamasından sonra xarici auidtoriyaya ilk müsahibəsidir. ABŞ prezidenti bəyan edib ki, artıq danışıqlar masası arxasına qayıtmağın vaxtı çatıb: "Mən əminəm ki, hər iki tərəf - israillilər və fələstinlilər tutduqları yolun onların xalqlarının çiçəklənməsinə, eləcə də təhlükəsizliyə gətirib çıxartmayacağını başa düşəcəklər". Obama müsahibəsində başçılıq etdiyi administrasiyanın müsəlman ölkələri ilə "yeni əməkdaşlıq təşəbbüsü" qaldırmağa hazır olduğunu da vurğulayıb. Bu zaman o, İsrailin ABŞ-ın "davamlı müttəfiqi" olduğunu da qeyd edib.
Yeni ABŞ prezidenti, həmçinin Rusiya ilə ölkəsi arasındakı gərgin münasibətləri yoluna qoymağa çalışacağını da deyib. Obama bunu Rusiya prezidenti Dmitri Medvedyevlə telefon danışığı zamanı söyləyib. Rusiya prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Medvedyev ABŞ prezidentinə zəng vurub, onu səlahiyyətlərinin icrasına başlaması ilə bağlı təbrik edib. Ölkə başçıları yaxın zamanda görüşməklə bağlı da razılığa gəliblər. Xatırladaq ki, Amerika ilə Rusiya arasındakı münasibətlər keçmiş prezident Corc Buşun dövründə Kremlin Ağ evin siyasətini tənqid etməsi və ötən il Rusiya ilə Gürcüstan arasındakı münaqişədən sonra gərginləşib.
Obamadan söz düşmüşkən, o, Ağ evdə elektron poçt ünvanı olan ilk Amerika prezidenti olacaq. Onun mətbuat katibi Robert Gibs yurnalistlərə bildirib ki, Obama öz Bləkberri telefonundan yüksək səviyyəli işçiləri və şəxsi dostları ilə əlaqə saxlamaq üçün istifadə edəcək: "Bu, Obama üçün yaxşı xəbərdir, çünki o, öz rahat Bləkberrisindən əl çəkmək istəmirdi. Seçki kampaniyası zamanı Barak Obamanın tez-tez elektron poçtunu yoxlamaq üçün bləkberridən istifadə etdiyi müşahidə olunurdu". "BBC" əməkdaşı Rayini Vaidyanatan Vaşinqtondan xəbər verir ki, Obama seçkilərdə qalib gələndən sonra bir neçə dəfə öz Bləkberrisindən ayrılmaq istəmədiyini söyləyib: "Mənim üzərində çalışacağım işlərdən biri də prezident ətrafında mövcud olan təcridi qırmaq, sabun köpüyünü partlatmaqdır. Prezidentin də Bləkberrisi ola bilər. Mən bundan Ağ evdə ofisimdə olan 10-12 nəfərlə və dostlarımla əlaqə saxlamaq üçün istifadə edəcəyəm".
Obamanın Bləkberridən istifadəyə davam etməsinə dair əsas narahatlıq təhlükəsizlik məsələsi və onun elektron poçtuna gələn məktubları başqalarının görə bilməsindən ehtiyatlanmalardır. "Prezidentin Qeydləri" qanununa əsasən, Ağ evdə "tam şəxsi" kimi təsnifatlandırılmış məktublardan savayı, bütün digər məktublar milli arxivlərdə saxlanır.
R.Gibs bu narahatlıqlara baxmayaraq, Obamanın Bləkberrini işlətməkdə davam edəcəyini söyləyib. Xatırladaq ki, Corc Buş Ağ evə ilk dəfə gələndə öz elektron poçtundan istifadəyə son qoymuşdu. Beləliklə, elektron poçtundan istifadə edəcək ilk prezident kimi Obama daha bir tarix yaradır.
Azər Nuriyev
Kaspi.- 2009.- 28 yanvar.-
S. 7.