Prezidentlər görüşdülər
Həmsədrlər gələn ay yenidən regiona səfər edəcəklər
Dünən İsveçrənin Sürix şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Sery Sarkisyan arasında təkbətək görüş olub. "AzərTAc"ın məlumatına görə, prezidentlərin təkbətək görüşü sonradan ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam etdirilib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəri Azər Qasımov APA-ya açıqlamasında bildirib ki, prezidentlər əvvəl təkbətək görüşüblər, sonra danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya), ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anyey Kaspşik, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın iştirakı ilə davam etdirilib.Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər və gələcək addımlar müzakirə olunub.
Srağagün axşam isə Sürixdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlıq məqsədi daşıyıb. Danışıqların nəticələri barədə "TrendNews"a açıqlama verən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həlli ilə bağlı baza prinsiplərinin bir neçə əsas elementi üzrə qarşılıqlı anlaşmada irəliləyişə nail olublar: "Prezidentlərin görüşü müsbət və konstruktiv olub. Prezidentlər baza prinsiplərinin bir neçə əsas elementi üzrə qarşılıqlı anlaşmada irəliləyişə nail olub və digər məsələlərə dair mövqelərdəki ziddiyyətləri azaldıblar". M.Brayza onu da deyib ki, həmsədrlər "bu müsbət məqamı qorumaq üçün" gələn ay ərzində yenidən regiona səfər etməyi planlaşdırırlar.
Türkiyənin "Milliyet.com.tr" saytı prezidentlərin bu gün Davosda Mərkəzi Asiya və Qafqaz mövzusunda keçiriləcək bir toplantıda iştirak edəcəkləri barədə məlumat yayıb. Məlumatda bildirilir ki, toplantıda hər iki prezidentin nitq söyləyəcəyi gözlənilir.
Bu arada Türkiyənin xarici işlər naziri Əli Babacan Davosda yurnalistlərə müsahibəsində Azərbaycan və Ermənistanın dövlət başçılarının ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Sürixdə keçirilən görüşünün vacib olduğunu və rəsmi Ankaranın Dağlıq Qarabağ probleminin həllinə böyük əhəmiyyət verdiyini söyləyib.
İ.Quliyev
Kaspi.- 2009.- 29 yanvar.-
S.1-2.