Dövlət Neft Fondunun valyuta ehtiyatları bu il azalmayacaq
Şahmar Mövsümov: "Hələ müəyyən
qədər artım gözləyirik"
2008-ci il ərzində
Dövlət Neft Fondunun büdcə gəlirləri 11 864,7
milyon manat, büdcə xərcləri isə 4 291,8 milyon manat
təşkil edib. Fondun 2008-ci il büdcəsinin gəlir hissəsi
117, xərc hissəsi isə 98 faiz yerinə yetirilib. Bu barədə
dünən Dövlət Neft Fondunda (DNF) ilin yekunları ilə
bağlı keçirilən mətbuat konfransında qurumun
icraçı direktoru Şahmar Mövsümov məlumat verib.
Fond rəhbəri 2008-ci il ərzində DNF-nın neft
sazişlərinin həyata keçirilməsi ilə
bağlı gəlirlərinin 11 633,5 milyon manat təşkil
etdiyini də bildirib. Onun sözlərinə görə, gəlirlər
mənfəət neftinin satışından 11 527,0 milyon
manat, akrhesabı ödənişlərdən 3,6 milyon manat,
bonus ödənişlərindən 2,8 milyon manat, xarici sərmayəçilər
tərəfindən təhvil verilmiş aktivlərdən 2,7
milyon manat olub. Bundan başqa, Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi
üzrə dividentlərdən 97,2 milyon manat, tranzit haqqı
isə 0,2 milyon manat təşkil edib. Ötən il ərzində
Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə
olunan gəlir isə 231,2 milyon manata bərabər olub.
Hesabat dövrü ərzində Neft Fondunun 2008-ci il büdcəsinin icrası çərçivəsində qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 145,0 milyon manat yönəlib. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə müvafiq olaraq 120,6 milyon manat və 211,8 milyon manat vəsait ayrılıb: "Texniki səbəblərdən bu layihənin ilkin dəyərində artımlar qeydə alınıb. Ancaq hal-hazırda dəqiqləşdirmələr aparılır. Fond vəsaitləri iqtisadi əsaslandırılmamış heç bir layihəyə əlavə vəsait ayırmayacaq". Bundan başqa, 3 800 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib, 5,3 milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilib.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə fonddan 2,3 milyon manat vəsait ayrılıb. İcraçı direktorun sözlərinə görə, 2008-ci il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri isə 6,8 milyon manat olub: "Fond 26 milyon manat məbləğində mənfəət vergisi və digər vergilər ödəyib. Fondun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı büdcədənkənar xərcləri 652,6 milyon manat təşkil edib". 2008-ci ildə DNF-nin vəsaitlərinin idarə edilməsi üzrə valyuta məzənnələrini nəzərə almadan orta çəkili gəlirlilik isə 3,79 faiz təşkil edib. Ş.Mövsümov qeyd edib ki, 2009-cu il yanvarın 1-nə fondun aktivləri 2008-ci ilin əvvəlinə nisbətən 4,3 dəfə artaraq 8 986,7 milyon manata (11 219,2 milyon ABŞ dolları) bərabər olub: "Hal-hazırda dünya biryalarının konyukturası diqqətlə izlənilir. Əgər neftin qiyməti yüksəlməsə və indiki həddən də aşağı düşərsə, onda dövlət büdcəsində neftin qiymətinə əlavə və dəyişikliklər ediləcək. Bu, yaxın aylarda deyil, cari ilin ortalarında və ya sonunda baş verə bilər". İcraçı direktorun sözlərinə görə, ümumilikdə fond dünya maliyyə böhranından böyük itkisiz ötüşə bilib: "Böhran gəlirlərimizə təsir etsə də, vəsaitlərin həcmində ümumi azalma qeydə alınmayıb. Əksinə, 2008-ci ildə fondun vəsaitlərinin idarəedilməsi üzrə orta çəkili gəlirliyi valyuta məzənnələrinin dəyişilməsi nəzərə alınmadan 3,79 faiz təşkil edib. Ümid edirik ki, bu il də valyuta ehtiyatlarımız azalmayacaq. Hələ müəyyən qədər artım gözləyirik". Fond rəhbəri əlavə edib ki, 70 dollar hesabı ilə 2009-cu ildə DNF-nin ümumi vəsaitlərinin həcmi 14 milyard dollar həcmində proqnozlaşdırılır: "Əlbəttə, bu hasilatın həcmindən və dünyadakı neftin qiymətindən asılı olaraq müəyyənləşəcək. 50 dollar hesabı ilə bu göstərici 9-10 milyard dollardan az proqnozlaşdırılmır". Ş.Mövsümov bildirib ki, bu il üçün fond vəsaitləri hesabına xərcləri təxminən 5,7 milyard dollar proqnozlaşdırılır: "Bu hasilatın hansı həə olacağından, ABƏŞ tərəfindən hansı layihələrin və nə qədər vəsait hesabına yerinə yetiriləcəyindən asılıdır".
DNF rəhbəri dövlət tərəfindən valyuta ehtiyatları hesabına kommersiya banklarına kredit ayrılması ilə bağlı verilən tapşırıqlar ətrafında hökumət səviyyəsində məsləhətləşmələr aparıldığını da vurğulayıb. Onun sözlərinə görə, bu rəqəm dəqiqləşdirildikdən sonra onların götürülməsində problem yaranmayacaq: "Çünki fondun vəsaitlərinin 93,079 faizi qiymətli kağızlar şəklində, çox cüzi hissəsi xarici maliyyə institutlarında depozit şəklində yerləşdirilib. Qiymətli kağızları da istənilən vaxt alıb-satmaq, geri götürmək mümkündür".
Dünya Bankı istisna olmaqla xarici menecerlərə verilən vəsaitlər üzrə gəlirliyin sıfır səviyyəsində olmasından da təəssüflənən Ş.Mövsümov bu istiqamətdə danışıqların aparıldığını söyləyib.
Həqiqət
Kaspi.- 2009.- 29 yanvar.-S. 1, 9.