"26 Bakı
komissarı" ilə
bağlı tarixi materiallar yenidən qaldırılacaq
Yaqub Mahmudov:
"Tarix saxtalaşdırılıb"
"Sahil" bağında tapılan sümüklərin
26 nəfərə deyil,
23 nəfərə məxsus
olması artıq onu göstərir ki, bu məsələdə
saxtalaşdırma faktı
var". Bu açıqlamanı
APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix
İnstitutunun direktoru
Yaqub Mahmudov bildirib. O, üç gün ərzində
"Sahil" bağında aparılan araşdırmaların
nəticəsi ilə bağlı Bakı Şəhər
İcra Hakimiyyətinin verdiyi məlumatı tam təsdiqləyib:
"Məzarlıq 7,1 metr eni, 7,6 metr
uzunluğu və yanları 1,67 metr olan altı beton qutunun
içərisində idi. Məzarlığın
üstü isə 20 santimetrdən qalın betonla
bağlanmışdı. Orada 23 tabut
aşkar olundu. 23 cəsədin hər
birinin yaş qrupları müəyyənləşdirilib.
Cəsədlərin qalıqları içərisi ipəklə
döşənmiş tabutlarda və din xadimlərinin
iştirakı ilə yüksək səviyyədə dəfn
olundu".
Y.Mahmudov məzarlıqdan
yalnız 23 nəfərin cəsədinin
qalıqlarının aşkarlanması ilə bağlı mətbuatda
gedən müzakirələri izlədiyini bildirib: "Mətbuatda
gedən məlumatları mən də izləyirəm. Zaman keçdikcə, ekspertiza işləri
yekunlaşdıqca və tarix sahəsində
araşdırmalar aparıldıqca hər birinizə ətraflı
məlumat veriləcək. Bu gün üçün isə
əsas nəticə bundan ibarətdir - məzarlıqda 26 yox,
23 cəsəd aşkar olunub və bu 23 nəfərin iki
növ silahdan açılan atəş nəticəsində
öldürüldüyü sübuta yetirilib. Onların
hamısının dizdən yuxarı və kəllə nahiyəsinə
atəş açılıb. Bu cəsədlərin
qalıqlarının güllələnmiş 26 Bakı
komissarına aid olması heç bir şübhə
doğurmur. 23 nəfər orada dəfn
olunub, 3 nəfərin cəsədi isə yoxdur. Belə
hiss olunur ki, həmin üç nəfər güllələnənlər
arasında olmayıb".
Y.Mahmudovun sözlərinə
görə, bu fakt 26 Bakı komissarı ilə bağlı
bütün tarixi məlumatların və arxivlərin yenidən
qaldırılmasını zəruri edir: "Bu sübut edir
ki, Sovet hakimiyyəti illərində bizim tariximizin çox məsələləri
qəsdən, bilərəkdən
saxtalaşdırılıb. Tarix İnstitutu
artıq bununla bağlı ciddi araşdırmalara
başlayıb. Məhkəmə
ekspertizası öz işini görür və yeni məlumatlar
olduqca mətbuata veriləcək. Hazırda
mətbuatda verilən açıqlamalar elmi əsaslara malik
olmayan mülahizələrdir. Onların
bir çoxu bu hadisədən, bu faktdan insanların diqqətinin
yayındırmağa xidmət edir. Bəziləri
xaricdən verilən məlumatları təsdiq etmək istəyirlər.
Lakin mən Tarix İnstitutunun direktoru olaraq
üç sutka ərzində bu araşdırmalarda iştirak
etmişəm və təsdiq edirəm ki, orada ancaq 23 cəsəd
basdırılıb".
Cəsədləri
tapılmayan şəxslərin kimliyi ilə bağlı
mülahizələrə gəlincə, Yaqub Mahmudov hazırda
bununla bağlı həm tarixi araşdırma
aparıldığını, həm də ekspertiza getdiyini
xatırladıb: "Müxtəlif fotolarla birlikdə
qalıqların analizi aparılacaq. Tarixi və
ekspertiza araşdırmaları dərinləşdikcə nəticələr
bəlli olacaq. Biz hələlik ancaq onu təsdiq
edirik ki, orada 23 cəsəd aşkarlanıb və onlar
zorakılıqla güllələnmiş 26 Bakı
komissarlarıdır. Qalan məlumatlar isə
elmə əsaslanmır. Bu işlə
Bakı Şəhər İcra Hakimiyyəti məşğul
olur. Vaxtaşırı icra hakimiyyətinin
xətti ilə bütün məlumatlar veriləcək.
Tarix İnstitutu da apardığı
araşdırmalarla bağlı vaxtaşırı mətbuata
məlumat verəcək. Orada 23 nəfərin
olması onu göstərir ki, tarix
saxtalaşdırılıb".
Y.Mahmudovun sözlərinə
görə, artıq Tarix İnstitutu AMEA-nın Rəyasət
Heyətində araşdırmaların daha da ciddiləşdirilməsi
ilə bağlı məsələ qaldırıb: "Biz bu
məsələ ilə bağlı keçmiş Sovet
İttifaqının müxtəlif şəhərlərinə
ezamiyyətlər etməliyik. Xarici ölkələrə
də ezamiyyətlər olmalıdır. Arxiv
sənədləri ilə ekspertizanın nəticələri
də tutuşdurulmalıdır".
Kaspi.- 2009.- 29 yanvar.- S. 2.