Yaz sessiyasının planına 5 məcəllə daxil edilib 

 

Parlamentə ünvanlanan şikayətlərin sayı azalır

 

Milli Məclisin yaz sessiyasının iş planına 23 qanunvericilik aktı daxil edilib. Bu barədə dünən parlamentdə keçirilən mətbuat konfransında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov məlumat verdi. O qeyd etdi ki, iş planına daxil edilən qanunvericilik aktlarından başqa, qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ olan subyektlər də sessiya ərzində parlamentə yeni qanun layihələri təqdim edə bilərlər. Yaz sessiyasının əsas əlamətdar xüsusiyyətlərindən biri iş planına birdən-birə 5 məcəllənin daxil edilməsidir. Bunlar Tikinti, Şəhərsalma, Mənzil, Rəqabət və İnzibati Prosessual məcəllələrdir. İş planına həmçinin ictimaiyyətin diqqət mərkəzində olan "Təhsil haqqında" qanun layihəsinin üçüncü oxunuş müzakirələri də daxil edilib. Parlamentin Elm və təhsil daimi komissiyası yaz sessiyasında təhsil sferası ilə bağlı daha bir qanunvericilik aktı - "Elm və dövlət elmi-texniki siyasəti haqqında" qanun layihəsini də müzakirəyə təqdim edəcək. Deputatlar sessiya çərçivəsində "Könüllülük fəaliyyəti haqqında", "Hərbi qulluqçuların intizam həbsi haqqında", "Həbs yerlərində saxlanılan şübhəli və təqsirləndirilən şəxslərin hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında", "Sülhyaratma əməliyyatlarında iştirak edən hərbi qulluqçuların hüquqlarının təmin olunması haqqında" qanun layihələrini də müzakirə edəcəklər. Sessiyada əvvəlki iclaslarda geniş müzakirələrə səbəb olan və qəbulu təxirə salınan iki qanun layihəsinin də müzakirəsi planlaşdırılır. Bunlar "Məişət zorakılığının qarşısının alınması haqqında" və "Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" qanun layihələridir.

Yaz sessiyasında çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirlərini ehtiva edən "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun layihəsinin müzakirəsi də planlaşdırılır. İqtisadi bölməyə aid olan qanun layihələri sırasında "Xüsusi iqtisadi zonalar haqqında" qanunvericilik aktı da var. Deputatlar "Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında", "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi reyimin tətbiqi haqqında", "Arıçılıq haqqında", "Pambıqçılıq haqqında" qanun layihələrini də müzakirəyə çıxaracaqlar.

Sessiya çərçivəsində respublikanın inzibati ərazi bölgüsünə qismən dəyişikliklərin edilməsi də nəzərdə tutulur. Deputatlar yerlərdən yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi və inzibati ərazi quruluşuna dəyişikliklər edilməsi ilə bağlı daxil olan təkliflərə münasibət bildirəcəklər.

Sessiya çərçivəsində "Bədən tərbiyəsi və idman haqqında" qanun layihəsinin müzakirəsi də planlaşdırılır. Deputatlar təqdim olunan bir sıra qanunlara əlavə və dəyişikliklərlə bağlı layihələrə münasibət bildirəcəklər.

A.Nəsirov dedi ki, fevralın 1-i bazar günü olduğundan Milli Məclisin yaz sessiyasının ilk iclası fevralın 2-də keçiriləcək. Artıq iclasın gündəliyi də təsdiqlənib. Deputatlar ilk iclasda yaz sessiyasının iş planını təsdiqləyəcəklər. Bundan əlavə, parlamentin İntizam komissiyasının yeni tərkibi formalaşdırılacaq. Gündəlikdə parlamentin daimi komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qanun layihəsi də var. Məlumatlara görə, ilk iclas günü Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının boş qalan sədr müavini postuna təyinat olacaq. Deputatlar zərgərlərin fəaliyyətinin tənzimlənməsində xüsusi rol oynayan "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanuna əlavə və dəyişikliklər edəcəklər. Bundan əlavə, "İmmiqrasiya haqqında" və "Dövlət rüsumu haqqında" qanunlara əlavə və dəyişikliklər olunacaq.

A.Nəsirov onu da bildirdi ki, Milli Məclisin yaz sessiyası çərçivəsində ilk iclasında Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah ötürməsi ilə bağlı məsələ də müzakirə olunacaq. Onun sözlərinə görə, bu, ölkənin və Qarabağın taleyi ilə bağlı məsələ olduğundan parlamentdəki müzakirələr qaçılmazdır. Üstəlik, Milli Məclisin 15 deputatı da məsələnin parlamentdə müzakirəsi üçün spiker Oqtay Əsədova müraciət ünvanlayıb. Mətbuat xidmətinin rəhbəri onu da əlavə etdi ki, müzakirələrin sonunda hansı qərarın qəbul ediləcəyi barədə məlumatı yoxdur. "Bu barədə qərar müzakirələrin nəticələrinə uyğun olaraq veriləcək" - deyə A.Nəsirov vurğuladı. O əlavə etdi ki, 2008-ci il ümumilikdə Milli Məclis üçün uğurlu olub. Ötən il parlamentin yaz sessiyası çərçivəsində 18 iclas keçirilib və ümumilikdə 145 qanun və qərar qəbul olunub. Bunların 22-si beynəlxalq konvensiya və hökumətlərarası müqavilə olub. Payız sessiyası çərçivəsində isə 13 iclas keçirən Milli Məclis 90 qanun və qərar qəbul edib. İclaslarda 30 beynəlxalq konvensiya və hökumətlərarası müqavilə təsdiqlənib.

Mətbuat konfransında iştirak edən Milli Məclisin mətbuat xidmətinin əməkdaşı Mehman Qayıbov parlament binasında aparılan yenidənqurma işləri barədə məlumat verdi. O qeyd etdi ki, bu işlər artıq yekunlaşmaq üzrədir. Parlamentin rəsmi saytının işi barədə danışan M.Qayıbov burada Milli Məclis rəhbərliyində təmsil olunan şəxslərin yeni qəbul qaydalarının yerləşdirildiyini bildirdi. Onun sözlərinə görə, indi vətəndaşlar internet vasitəsilə qəbula yazılıb parlament rəhbərliyi ilə görüşə bilirlər. Bundan əlavə, son vaxtlar Milli Məclis rəhbərliyinin qəbuluna düşmək istəyən vətəndaşların sayı xeyli azalıb. Buna deputat köməkçiləri institutunun yaradılması səbəb olub. M.Qayıbov onu da bildirdi ki, son vaxtlar parlamentə daxil olan ərizə və şikayətlərin sayı da azalmaqdadır. Onun sözlərinə görə, hazırda Milli Məclisin elektron kitabxanasının yaradılması istiqamətində də iş aparılır. Artıq müstəqillik illərində qəbul olunan bütün qanunvericilik aktları parlamentin saytında yerləşdirilib.

 

İlham Quliyev.

 

Kaspi.- 2009.- 29 yanvar.- S. 3.