Diplomatik Akademiyanın binasının
tikintisinə başlanıb
Hafiz Paşayev Azərbaycanda yeni tipli təhsil
ocağının yaradılacağını vurğulayır
Dünən Azərbaycan
Diplomatik Akademiyasının binasının və Dədə
Qorqud Parkı layihəsinin təqdimat mərasimi
keçirildi. Akademiyanın rəhbəri, xarici işlər
nazirinin müavini Hafiz Paşayev vurğuladı ki, məqsəd
Azərbaycanda yeni tipli təhsil ocağı yaratmaqdır:
"Akademiyanın binasının və burada tətbiq olunacaq
proqramların layihələrinin hazırlanması uzun vaxt
çəkdi. Lakin artıq layihələr tamamlanıb və
biz akademiya binasının tikintisinə
başlamışıq. Bu layihənin hazırlanmasında
ABŞ-ın Arxitektura Şirkətinin və dünyanın
aparıcı universitetlərinin təcrübəsinin
böyük rolu olub".
H.Paşayev onu da
vurğuladı ki, artıq akademiyada qısa və orta müddətli
tədrislər kursları keçirilir. Bu, əsasən
XİN-ə yeni qəbul olunan işçilər
üçün nəzərdə tutulub. Tədris
proqramlarının hazırlanmasında da Kembric, Con Hopkins, MDBƏİ,
Corc Taun kimi məşhur məktəblərin təcrübələrindən
istifadə edilib. Artıq builki test imtanından sonra uğur
qazanaraq XİN-ə götürülən 26 nəfərə
də altı aylıq kursların keçirilməsinə
başlanılıb.
Akademiyanın rəhbəri
onu da vurğuladı ki, hazırda təhsil müəssisəsində
magistr proqramı işlənib hazırlanıb. Bu proqramda əsas
iki istiqamət - beynəlxalq münasibətlər və eneryi
və ətraf mühitin idarə olunması müəyyənləşdirilib.
Bu il üçün hələlik magistr pilləsinə 25 tələbənin
qəbulu nəzərdə tutulub.
H.Paşayev Diplomatik
Akademiyanın Dədə Qorqud Parkı ərazisində yerləşdiyini
də dedi. Onun sözlərinə görə, akademiyanın
binası parkın 40 hektarlıq ərazisinin yalnız 3-4
hektarını əhatə edəcək.
Nazir müavini təhsil müəssisəsinə
qəbul qaydalarından
da danışdı. O vurğuladı
ki, Diplomatik Akademiyaya qəbul test üsulu ilə olacaq. Akademiyada diplomatiya, beynəlxalq
münasibətlərlə bağlı Azərbaycan dilində kitabların nəşri də planlaşdırılır. Həmçinin Azərbaycan,
ingilis və rus dillərində diplomatik lüğətin
hazırlanması da nəzərdə tutulub:
"Keçmiş SSRİ dövlətlərinin xarici
ölkələrdə səfirliklər
açması da çox mühüm tarixi hadisələrdəndir.
Biz planlaşdırırıq ki, hər bir
ölkənin müxtəlif
dövlətlərdəki ilk səfirləri özlərinin
iş təcrübəsi
ilə bağlı sanballı əsərlər
yazsınlar və bu əsərlər kitab şəklində Azərbaycan Diplomatik Akademiyasının xətti
ilə nəşr edilsin. Digər tərəfdən,
hər ilin sonunda təhsil müəssisəmizdə
aparılan tədqiqat işlərinin də kitab şəklində
nəşrini düşünürük". Burada böyük diplomatik kitabxana da fəaliyyət
göstərəcək və orada dünyanın beynəlxalq
münasibətlərə dair ən sanballı kitabları
yerləşdiriləcək. Bu kitabxana
ictimaiyyət üçün də açıq olacaq.
H.Paşayev akademiyada təhsilin pullu olacağını dedi. Onun sözlərinə görə, təhsil
haqqı 4750 manat olacaq. Lakin akademiyada fəaliyyət
göstərəcək fond istedadlı tələbələr
üçün müvafiq güzəştlər də nəzərdə
tutub: "Heç bir təhsil müəssisəsi tamamilə
dövlət büdcəsi hesabına fəaliyyət göstərə
bilməz. Ona görə də hər
tanınmış təhsil ocağı özünün
maliyyə fondunu yaratmağa çalışır. Biz bu yaxınlarda ərəb dövlətlərində
olduq və onların bu istiqamətdəki təcrübələri
ilə maraqlandıq. Fonda maliyyə vəsaitinin
toplanması istiqamətində işlərə artıq
başlanılıb. Azərbaycanda
varlı insanlar və maliyyə imkanları geniş olan
şirkətlər çoxdur. Bu məsələdə
onların da imkanlarından yararlanmaq mümkündür".
İ.Quliyev
Kaspi.- 2009.- 29 yanvar.- S. 5.