Atəşkəs Yaxın Şərqə yaraşmır 

 

İsrail-Fələstin münasibətləri yenidən kəskinləşib

 

Yaxın Şərqdə yenidən atəşkəs pozulub. Fələstin tərəfinin İsraillə sərhəddə törətdiyi partlayış nəticəsində bir İsrail əsgəri ölüb, üçü isə yaralanıb. Buna cavab olaraq İsrail Hərbi Hava qüvvələri atəşkəsdən 9 gün sonra Qəzza zolağında yerləşən Xan Yunis yaşayış məntəqəsini bombalayıb. Fələstin Müdafiə Nazirliyinin rəsmiləri isə bildiriblər ki, İsrail qoşunları sərhəd zolağında atəş açaraq 27 yaşlı bir kişini öldürüb daha 2 nəfəri yaralayıblar. Ölən şəxsin adi fermer olduğu bildirilib. Atəşin bombanın partladığı Kissufim yaşayış məntəqəsindən 10 km aralıqda atıldığı güman edilir. Bir İsrail əsgərinin ölümü ilə nəticələnən bomba partlayışından sonra müdafiə naziri Ehud Barak növbədənkənar iclas çağırıb. "Biz cavab verəcəyik, düşünüləsi bir şey yoxdur" - deyə müdafiə naziri hava hücumlarından əvvəl bildirib.

"Həmas"ın nümayəndəsi Müşhir Əl-Məsri isə İsrailin Qəzza zolağında atəşi davam etdirdiyi üçün cəzalanmalı olduğunu bildirib. Əl-Məsri birtərəfli atəşkəsdən bəri İsrailin təcavüzü bir an belə dayandırmadığını bildirib: "Sakitliyi seçmək o deməkdir ki, Fələstin əhalisinə qarşı təcavüz tam dayandırılsın, mühasirə götürülsün bütün sərhəd keçid məntəqələri, o cümlədən Rafah keçid məntəqəsi açılsın". İsrail həmçinin Qəzzaya humanitar yardım daşımaları üçün açdığı keçidləri bağlayıb. Rəsmi Təl-Əviv sərhəd keçidlərinin hücuma görə bağlandığını bildirib. Qeyd edək ki, yeni münaqişə Qəzzanın normal həyata qayıtmağa çalışdığı beynəlxalq donorların ərazinin yenidənqurulmasını müzakirə etdikləri bir vaxtda baş verib.

Xatırladaq ki, Qəzza zolağına dəymiş ziyanın məbləği 2 milyard dollar həcmində qiymətləndirilib. İsrail hava zərbələrindən sonra dağılmış binalar arasında Fələstin Qanunvericilik Şurasının binası, BMT-in bəzi ofisləri xəstəxanalar da var. Regionda sakitliyin yenidən pozulması Amerika Birləşmiş Ştatlarının Yaxın Şərq üzrə nümayəndəsi Corc Mitçelin bölgəyə səfəri ərəfəsinə təsadüf edib.

İngiltərədə isə Qəzza sektorunda baş verən dəhşətli hadisələrlə bağlı klip hazırlanıb. Klip ölkənin "4", "5" "İTV" kanallarında yayımlanandan sonra İngiltərədə qəzzalılara edilən yardım 1 milyon funt-sterlinqə çatıb. Qeyd edək ki, məşhur "BBC" "SKY" televiziya kanalları 13 humanitar təşkilatın sifarişi ilə hazırlanan 3 dəqiqəlik klip-filmi yayımlamaqdan imtina edib. Həmin kanalların bu hərəkəti ictimaiyyətin narazılığına səbəb olub. Bir qrup hətta televiziyaların binası qarşısında etiraz aksiyası da keçirib. 

 

 

Kaspi.- 2009.- 29 yanvar.- S. 7.