İşğal faktı qaldıqca Ermənistanla əməkdaşlıq
mümkün deyil
İlham Əliyev: "Biz nə isə fövqəladə
bir şey tələb etmirik"
Davosda 39-cu Dünya
İqtisadi Forumu davam edir. "AzərTAc" xəbər verir
ki, fevralın 1-də başa çatacaq forumda müasir
dövrün siyasi-iqtisadi problemləri, qlobal inkişafın əsas
problemlərinin müzakirəsi və həlli
üçün işgüzar tərəfdaşlığın
genişlənməsinə yardım məsələləri
diqqət mərkəzindədir.
Dünən Davosda Forumun
"Eneryi Outlook-2009" mövzusunda iclası keçirilib.
Böyük əhəmiyyətə malik bu iclasda Azərbaycan
prezidenti İlham Əliyev iştirak edib.
Ümumiyyətlə, ekspertlər
Davos Forumunun dünya iqtisadiyyatı üçün
mühüm rol oynayacağını, hazırda bütün
dünyanı bürüyən qlobal maliyyə
böhranından çıxış yollarının
axtarılması baxımından faydalı
olacağını bildirirlər. Builki forumda 100-dək ölkədən
2500-dən çox nümayəndə, o cümlədən 41
dövlət və hökumət başçısı,
tanınmış şirkətlərin təmsilçiləri,
iqtisadçılar, ekspertlər, beynəlxalq təşkilatların,
KİV-lərin rəhbərləri iştirak edir. Bir sözlə,
Davosda keçirilən indiki forum bütün tarixi ərzində
ən çox nümayəndənin iştirak etdiyi
görüş hesab olunur. Beş gün ərzində 300-dək
iclasın keçirilməsi nəzərdə tutulub.
İclaslar əsasən
"Böhran cəmiyyəti və liderlik", "Ətraf
mühitə nəzarət", "Maliyyə idarəçiliyinin
yeni sərhədləri", "Bütün qiymətlərin,
böhranların qarşısının alınması",
"Neft və qaz siyasəti - xəritə dəyişikliyi"
və "Böyük oyun təkrarlanır" bölmələri
üzrə təşkil olunur. Dünya iqtisadi və maliyyə
böhranının aradan qaldırılması, iqlim dəyişikliyi
problemlərinin nəzərdən keçirildiyi forum çərçivəsində
ətraf mühitin mühafizəsinə dair beynəlxalq
paktın əsas müddəalarını hazırlayan nazirlərin
görüşü də olacaq. Bu sahədə sənədin
cari ilin sonunda imzalanması nəzərdə tutulur.
Çıxışlarda
bildirilib ki, ən optimal varianta görə, maliyyə
böhranı 2010-cu ilin sonu - 2011-ci ilin əvvəlində
başa çatacaq ki, bu da onun 2009-cu ildə dünya ölkələrinin
iqtisadiyyatına təsir imkanlarını gücləndirir.
Forumun əsas tədbirlərindən
olan "Eneryi Outlook-2009" iclasını açan
"CNN-İnternational" televiziya kanalının
aparıcısı Con Defterios prezident İlham Əliyevə və
digər qonaqlara minnətdarlıq edib.
Tədbirdə
çıxış edən prezident İlham Əliyev ölkəmizin
iqtisadi inkişafı və potensialından, aparılan
islahatlardan və energetika sahəsində görülən
işlərdən danışıb.
Dövlət
başçısı eneryi layihələrindən də
söhbət açaraq deyib ki, Azərbaycan
aparılmış düzgün siyasət nəticəsində
və tərəfdaşların birgə səyi ilə beynəlxalq
əhəmiyyətli layihələr həyata keçirib. Azərbaycanın
bu sahədəki təcrübəsi digər ölkələr
üçün nümunə ola bilər.
Prezident İlham Əliyev
Avropanın gündəliyində olan "Nabukko" layihəsi
ilə bağlı fikirlərini də açıqlayıb,
ölkəmizin Avropanın eneryi təhlükəsizliyinə
öz töhfəsini verdiyini bildirib.
Sonra dövlət başçısı
aparıcının və iştirakçıların
suallarına cavab verib. Prezidentin çıxışı
"CNN Türk" telekanalının birbaşa efirində
yayımlanıb.
Prezident İlham Əliyev
dünən "Morasani Şveizerhov" mehmanxanasında Davos
Forumunun "Neft-qaz siyasəti - xəritə dəyişikliyi"
mövzusunda xüsusi iclasında da iştirak edib.
Qazaxıstan prezidenti Nursultan
Nazarbayevin, Avropa İttifaqının və dünyanın
aparıcı ENİ, Total, Ekson/Mobil, Statoil-Hydro şirkətlərinin
nümayəndələrinin iştirak etdiyi iclasda neft
hasilatının tənzimlənməsi, neft-qaz şirkətlərinin
Rusiya və Yaxın Şərqdə artan maraqları, OPEK və
qaz üçlüyünün maraqları, yaxın gələcəkdə
eneryi sahəsində nə kimi dəyişikliklərin baş
verə biləcəyi məsələləri diqqət mərkəzində
olub.
İclasda təbii qaz təchizatının
təhlükəsizliyinin təmin olunması, bu sahəyə
sərmayə qoyuluşunun perspektivləri, özəl beynəlxalq
şirkətlərin dövlət şirkətləri ilə
münasibətlərində yeni formaların tapılması məsələləri
də müzakirə edilib.
İclasda
çıxış edən ABŞ-ın, Belçikanın,
Almaniyanın, Böyük Britaniyanın, Fransanın,
Norveçin, İtaliyanın, Avstriyanın, Meksikanın, Cənubi
Afrika Respublikasının nümayəndələri, əsasən
neft və qaz ölkəsi kimi tanınan dövlətlərdə
iqtisadi inkişafdan, eləcə də qlobal maliyyə
böhranının yaratdığı çətinliklərdən
söhbət açıblar.
Çıxışlarda
eneryi sahəsində əməkdaşlıqda Azərbaycanın
tutduğu mövqe yüksək dəyərləndirilib,
ölkəmizin neft və qaz marşrutlarının
çoxşaxəliliyinə tərəfdar olması və
Avropanın eneryi təhlükəsizliyində və yeni layihələrin
meydana gəlməsində rolu və əhəmiyyəti xüsusi
vurğulanıb.
Diskussiya xarakterli bu
görüşdə gələcəkdə Mərkəzi
Asiya ölkələrinin, o cümlədən
Qazaxıstanın karbohidrogen ehtiyatlarının Xəzər dənizi
vasitəsilə də Qərbə
çatdırılmasının böyük önəm
daşıdığı bildirilib.
Prezident İlham Əliyev
çıxışında müzakirə olunan məsələlərə
münasibətini bildirib, beynəlxalq eneryi əməkdaşlığının
əhəmiyyətindən, Azərbaycanın eneryi sahəsində
qazandığı nailiyyətlərdən və dünyada
artan rolundan danışıb.
Prezident İlham Əliyev
Davosda Qafqaz regionu ölkələrinin - Azərbaycan, Ermənistan,
Türkiyə və İranın yüksək səviyyəli
nümayəndələrinin debatında isə bəyan edib
ki, Ermənistan Azərbaycan ərazilərinin
işğalını davam etdirdiyi dövrdə bu ölkə
ilə hər hansı eneryi və nəqliyyat layihələrində
birgə iştirak mümkün deyil. Qeyd edək ki, əvvəlcədən
elan edilsə də, Ermənistan prezidenti Sery Sarkisyan
görüşə gəlməyib.
Ermənistanı debatda xarici
işlər naziri Eduard Nalbandyan təmsil edib. O isə ölkəsinin
regiondakı əksər eneryi və nəqliyyat layihələrindən
kənarda qalmasına diqqət çəkib: "Bizim
mövqeyimiz ondan ibarətdir ki, regionun heç bir ölkəsi
eneryi, nəqliyyat infrastrukturlarından kənarda
qalmamalıdır. Bunu hamı bilir ki, bir çox eneryi və
nəqliyyat yolları Ermənistanla daha qısa və ucuz
başa gəlir. Hazırda Ermənistan bəzi dəmiryolu, nəqliyyat
layihələrindən kənarda qalıb. Bu dəmiryolu layihələri
bütün regionun faydası üçün qurulmalı və
ya bərpa edilməlidir".
Prezident İlham Əliyev isə
Ermənistanın kənarda qalmasının səbəbinin
onun Azərbaycan ərazilərini işğalda saxlaması
olduğunu deyib. O bildirib ki, Yerevanla Bakının münasibətləri
yalnız Ermənistanın hərbi qüvvələrini Azərbaycan
ərazilərindən çıxarandan, sülh əldə
ediləndən sonra mümkündür: "Hazırda
danışıqlar aparılır. Son 17 ildə bu
danışıqlar münaqişənin həllinə,
sülh razılaşmasına, Azərbaycanın beynəlxalq
təşkilatlar tərəfindən tanınan ərazilərinin
geri qaytarılmasına gətirib çıxarmayıb. Belə
bir şəraitdə biz eneryi, nəqliyyat və ya hər
hansı əməkdaşlıqdan danışa bilmərik. Əlbəttə,
xəritəyə baxanda Azərbaycanın karbohidrogen
ehtiyatlarının nəqlində ən qısa yolun Ermənistan
ərazisi ilə keçdiyini görmək olar. Amma bu,
yalnız xəritəyə baxanda belədir. Siz məsələyə
yerində baxsanız, görərsiniz ki, bu, əslində ən
uzun yoldur".
Prezident bir daha deyib ki, Ermənistan
Azərbaycan ərazilərini işğalda
saxladığı müddətdə belə bir əməkdaşlıq
mümkün deyil: "Məncə, bizim bu mövqeyimiz
başadüşüləndir. Biz nə isə fövqəladə
bir şey tələb etmirik. Biz sadəcə olaraq, Ermənistanın
beynəlxalq aləmdə tanınmış hüquq
normalarına əməl etməsini, BMT Təhlükəsizlik
Şurasının qətnamələrini yerinə yetirməsini
və öz hərbi qüvvələrini Azərbaycan
torpaqlarından çıxarmasını tələb
edirik".
Dövlət
başçısı Davosda ABŞ-ın məşhur
"Uoll strit cornel" qəzetinə müsahibə verib.
Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı gedən
danışıqlar, Azərbaycanın eneryi potensialı,
"Nabukko" layihəsi, ölkəmizin Avropanın eneryi təhlükəsizliyində
rolu, Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri və
regional məsələlərlə bağlı suallara cavab
verib.
Prezident Davosda ABŞ-ın
CNBS (Si-en-bi-es) televiziya kanalının da suallarını
cavablandırıb. O, ölkəmizdə gedən iqtisadi
inkişaf prosesləri, Azərbaycanın Avropanın eneryi təhlükəsizliyində
önəmli rolu, beynəlxalq əlaqələr sistemində
artan nüfuzu, informasiya texnologiyaları sahəsindəki
nailiyyətlər, energetika sahəsində sürətli
inkişaf və digər məsələlər barədə
danışıb.
Prezident İlham Əliyev
Davosda ikitərəfli danışıqları da davam etdirir.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla
görüşdə Azərbaycanla Türkiyə arasında
dostluq və qardaşlıq münasibətlərinin
bütün sahələrdə uğurla inkişaf etdiyindən
məmnunluq ifadə olunub. Ölkələrimizin iqtisadi cəhətdən
inkişafının xalqlarımızın rifah halının
daha da yüksəlməsi işinə xidmət etdiyi, ikitərəfli
münasibətlərin həm də regional əməkdaşlığa
töhfə verdiyi bildirilib. Söhbət zamanı ikitərəfli
əlaqələrin daha da möhkəmlənməsi və
genişlənməsi baxımından yüksək səviyyədə
mütəmadi görüşlərin əhəmiyyəti
vurğulanıb, qarşılıqlı münasibətlərin
bundan sonra da genişlənəcəyinə əminlik ifadə
olunub.
Dövlət
başçısı Davosda Polşa Nazirlər
Şurasının sədri Donald Tusk, "Statoil-Hydro"
şirkətinin baş icraçı direktoru Helge Lund,
Böyük Britaniyanın hersoqu Endryu ilə də
görüşüb.
İ.Quliyev
Kaspi.- 2009.- 30 yanvar.- S. 1-2.