Pensiyaçı sığortaolunanlarla bağlı ümumi məlumat bazası yaradılacaq 

 

Baza 3 milyon şəxsi əhatə edəcək

 

Türkiyənin Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Hülusi Kılıc, səfirliyin sosial müdafiə məsələlər üzrə müşaviri Mustafa Gür ticarət müşaviri Qazi Bilgin ötən gün Dövlət Sosial Müdafiə Fondunda (DSMF) olublar. Fondun ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, onlara ilk olaraq qurumun şəraiti ilə bağlı ətraflı məlumat verilib. DSMF sədri Səlim Müslümov diplomatı fondun mərkəzləşdirilmiş idarəetmə, fərdi uçotun avtomatlaşdırılması sistemləri, tədris otağı, sosial sığorta şəhadətnamlərinin çapı mərkəzi ilə yaxından tanış edib. S.Müslümov müasir standartlara uyğun qurulmuş sığorta-pensiya sisteminin idarə olunmasını avtomatlaşdırmaq üçün 6 il ərzində fondun maddi-texniki bazasının tamamilə yenidən qurulduğunu bildirib: "60-dan yuxarı yerli şöbənin yeni inzibati binası istifadəyə verilib, hər bir şöbə üçün lokal şəbəkə qurulub, avtomatlaşdırılmış yerləri yaradılıb. Hər bir işçi kompyuterlə təmin olunub. Aparılmış islahatların nəticəsində ölkəmizdə aztəminatlı əhalinin sosial müdafiəsi sahəsində yeni bir sistem formalaşdırılıb". Sədr əlavə edib ki, 2003-2005-ci illərdə pilot hazırlıq tədbirləri başa çatdırılıb. 2006-cı ildən isə sığorta-pensiya sistemi ilə dövlət sosial yardım sistemlərinin bir-birindən ayrılması beynəlxalq standartlar əsasında fəaliyyət göstərməsi təmin edilib: "Köhnə pensiya sistemi ilə əhatə olunmuş şəxslərin pensiya təminatı yeni normalara uyğunlaşdırılıb onların yeni sistemin iştirakçısına çevrilməsi təmin edilib. Əvvəlki pensiya işləri mərkəzləşdirilmiş qaydada arxivləşdirilərək elektron uçotu qurulub. Sığorta-pensiya sistemində həyata keçirilən islahatların mühüm həlqəsi kimi 2004-cü ildən pensiya müavinətlərin ödənişinin avtomatlaşdırılması işinə başlanılıb". S.Müslümov bildirib ki, Azərbaycanda əmək pensiyalarının plastik kartlarla ödənilməsi prosesi də müvəffəqiyyətlə tətbiq olunmaqdadır: "Hazırda ödənişdə olan pensiyaların 93 faizi, yəni 1 milyon 30 min nəfərin pensiyasının ödənişi plastik kartlarla həyata keçirilir".

DSMF sədri qarşıda duran vəzifələrdən də danışıb. Belə ki, yaxın vaxtlarda pensiya təyinatının avtomatlaşdırılması, əhaliyə ödənişlərin avtomatlaşdırılmasının başa çatdırılması, fondun mərkəzi məlumat bazası ilə yerli şəbəkələrin birləşdirilməsi və korporativ idarəetmə sisteminin qurulması nəzərdə tutulur. Bundan başqa, fondda qeydiyyatda olan bütün pensiyaçı və sığortaolunanların özlərinə aid istənilən məlumatı internet sistemi vasitəsilə dərhal əldə edə bilməsi üçün 3 milyon şəxsi əhatə edəcək ümumi məlumat bazasının yaradılması planlaşdırılır. Prezident tərəfindən "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın təsdiq olunduğunu da nəzərə çatdıran S.Müslümov deyib ki, sənəd Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirir: "Dövlət Proqramı pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsini və tədricən yığım komponentinin tətbiqinə keçidi nəzərdə tutur. Bununla yanaşı, sənəd pensiya islahatlarının daha da dərinləşdirilməsini, aparılan islahatlar nəticəsində qurulmuş yeni sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunmasını, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsini özündə ehtiva edir".

Azərbaycanın sığorta-pensiya sistemində həyata keçirilən islahatları yüksək qiymətləndirən Türkiyə səfiri isə bu islahatların bir çox inkişaf etmiş ölkələr üçün belə örnək ola biləcəyini vurğulayıb.

Fonddan Azərbaycan və Türkiyə hökumətləri arasında pensiya təminatı sahəsində əməkdaşlığı nəzərdə tutan sazişin artıq mövcud olduğu da qeyd edilib.

 

 

Həqiqət 

 

Kaspi.- 2009.- 30 yanvar.- S. 4.