Gürcüstan ermənilərin
"dərs"ini verir
Ermənistanla Gürcüstan arasında "casus qalmaqalı" güclənməkdədir. Cavaxetiyada separatizm yaymaqla məşğul olan ermənilərin həbslərinə Yerevanın reaksiya verməməsi erməni deputatlarını, radikal mətbuatı və müxtəlif QHT-ləri özündən çıxarıb. Onlar Ermənistan rəhbərliyini Gürcüstanın Cavaxetiyada "etnik zorakılıq" siyasəti aparmasına biganə yanaşdığını iddia edirlər. Elə dünən də erməniləri özündən çıxaran bir hadisə yaşanıb. Tbilisi məhkəməsi Cavaxetiyanın erməni icmasının fəalları - Qriqor Minasyan və Sergey Akopcanyan barəsində iki aylıq həbs qərarı çıxarıb. Onlar qanunsuz hərbi birləşmələr yaratmaqda və casusluqda günahkar biliniblər.
Ədalət məhkəməsi Ermənistanda və Cavaxetiyada fəaliyyət göstərən erməni təşkilatlarının, eləcə də Ermənistan parlamentinin bir sıra üzvlərinin sərt bəyanatlarına məhəl qoymamaq qərarına gəlib.
Xatırladaq ki, həbs olunanlar Gürcüstan Daxili İşlər Nazirliyinin Əks-kəşfiyyat Departamentinin əməkdaşları tərəfindən yanvarın 22-də saxlanılıblar. İstintaq onların qeyri-qanuni hərbi birləşmə yaratmaları və hazırlamaları, eləcə də casusluqla məşğul olduqlarını sübuta yetirib. Axalkalakidə fəaliyyət göstərən Erməni Gənclər Mərkəzinin binasında axtarış aparan polis mərkəzdən bəzi kompyüterləri götürüb. Tutulanların separatizmlə məşğul olduqları da müəyyən edilib. Q.Minasyan Axalkalakidəki Erməni Gənclər Mərkəzinin direktoru, Akopcanyan isə "Şarl Aznavur" xeyriyyə təşkilatının prezidentidir. Hər iki şəxsin evində və iş yerində də axtarışlar aparılıb və bəzi əşyalar müsadirə edilib.
Ermənilər məhkəmə qərarını öz çirkin maraqlarını həyata keçirmək üçün əlverişli fürsət kimi qarşılayıblar. Onlar bunu Gürcüstan hökumətinin digər xalqlara qarşı hücumu kimi qələmə veriblər. Beynəlxalq təşkilatlara müraciət edən erməni təşkilatları rəsmi Tbilisini beynəlxalq hüquq normalarını pozmaqda günahlandırıblar.
Yerevanın özündə də baş verən bu insidentə sərt reaksiya verilib. Yerli mətbuatda Cavaxetiya
ermənilərinə qarşı
repressiya siyasəti aparıldığı barədə
silsilə məqalələrin
ardı-arası kəsilmir.
Ermənistan parlamentinin deputatı
Şirak Torosyan isə ölkə rəhbərliyi qarşısında
Cavaxetiya ermənilərinin
problemini erməni-gürcü
münasibətlərində bir nömrəli məsələ kimi qoymağı tələb
edib. O, ötən
gün keçirdiyi mətbuat konfransında rəsmi Yerevanın məsələsini ən
yüksək səviyyədə
qaldırmasını istəyib.
"Mitk" (Fikir) analitik mərkəzinin eksperti Vale Sarkisyan "Nezavisimaya qazeta"ya bildirib ki, Minasyanın
yeganə günahı
həbsinə qədər
Tbilisidəki Surb Nşan kilsəsində uşaqlarını və
qohumlarını xaç
suyuna salması olub: "Həmin kilsəyə isə Gürcüstan hökuməti
iddia edir".
Gürcüstan Daxili İşlər Nazirliyindən
"NQ"nin əməkdaşına isə
bildirilib ki, Cavaxetiyada 50-yə yaxın
QHT fəaliyyət göstərir
və onların böyük bir qismi mütəmadi olaraq hakimiyyətin ünvanına yersiz ittihamlar səsləndirməklə
məşğuldur: "Onların
fəaliyyəti gürcü
torpaqlarının Rusiya
tərəfindən işğalına
yönəlib. Məhkəmə qərar çıxarıb
və onların cinayəti artıq sübuta yetirilib".
Erməni icmasının
nüfuzlu şəxslərindən
hesab edilən "Vrastan" (Gürcüstan)
qəzetinin baş redaktoru Van Bayburt hələ ki, gözləmə mövqeyində
durmağa üstünlük
verdiklərini vurğulayıb:
"Bizə dedilər
ki, həbs olunan şəxslərlə
bağlı xeyli sübut var. Telefon danışıqları ələ
keçirilib, eləcə
də hər iki şəxsin müəyyən hərəkətləri
təxribatçılıq xarakteri daşıyıb".
Onun sözlərinə görə,
regionda vəziyyət
həqiqətən də
ağırdır. "Xalq çox ağır vəziyyətdə
yaşayır və müəyyən qüvvələr
qayığı çalxalamaq
siyasəti aparır"
- deyə baş redaktor vurğulayıb.
Erməni icmasının nümayəndəsinin
sonrakı fikirləri
bu qüvvələrin
kimliyinə aydınlıq
gətirir. Onun qənaətincə,
Rusiya qoşunları buradan çıxandan sonra vilayət əhalisinin vəziyyəti
xeyli ağırlaşıb.
Rusiya qoşunları burada olanda isə əhalinin daimi dolanışıq yeri olub. Beləliklə, vilayətdə separatçı
əhval-ruhiyyənin genişlənməsində
Rusiyanın əli olduğu aydınlaşır.
Bayburtun ardınca, erməni icmasının liderlərindən olan
"Çoxmillətli Gürcüstan"
ümumvətəndaş hərəkatının
rəhbəri Arnold Stepanyan
da soydaşlarının
dövlət çevrilişi
cəhdi ilə həbs olunmasını
"qurama" adlandırıb.
Lakin Gürcüstan rəhbərliyi
həbslər üçün
çox ciddi əsas olduğunu bəyan edib. Bu ölkənin
reinteqrasiya məsələləri
üzrə naziri Temuri Yakobaşvili vurğulayıb ki, ittiham maddələri çox ciddidir: "O ki qaldı Ermənistan
tərəfindən səslənən
sərt bəyanatlara,
onlar ya Cavaxetiyada vəziyyəti anlamayan şəxslər kateqoriyasına aiddirlər,
ya da siyasi
avantüristlərdən başqa
bir şey deyillər. Ailədən mütləq bir
nankor çıxmalıdır.
Əminəm ki, Ermənistan
rəhbərliyi və
xalqına həbs olunan ermənilərin kimə işlədiyini başa düşmək üçün əql yetəcək".
Xatırladaq ki, dörd rayondan ibarət Samtsxe-Cavaxetiyada
240 min əhali yaşayır,
onların 50 faizinin ermənilərdən ibarət
olduğu bildirilir. Dörd rayondan ikisində isə ermənilər əhalinin 90 faizini təşkil edir. Ermənistana
birləşmək arzusu
ilə alışıb-yanan
ermənilər dəfələrlə
separatçı çıxışlar
ediblər.
Azər Nuriyev
Kaspi.- 2009.- 30 yanvar.- S. 5.