"Nabukko"
reallaşmalıdır
Kəmər Avropa üçün
ölüm-dirim məsələsidir
Budapeştdə "Nabukko"
layihəsinin müzakirəsi
ilə bağlı keçirilən sammit bitsə də, onun yekunları hələ də müzakirə olunmaqdadır.
Əsas suallardan
biri də bu layihənin gerçəkləşməsi ilə bağlıdır.
Macarıstanın "Nabukko"
layihəsində səlahiyyətli
səfiri Mihali Bayer zirvə görüşünün
nəticələri ilə
bağlı bildirib ki, nəticələr hətta onların gözlədiyindən də
uğurlu olub. O, iştirakçıların dəstəyi
və öhdəliklərini
yüksək qiymətləndirdiklərini
və ən vacibi aydın konsensusun əldə edilməsini xüsusi vurğulayıb: "Birinci
və ən əsas addım hökumətlərarası sazişin
imzalanmasıdır. Bu, "Nabukko İnterneşnl"
və banklar, maliyyə partnyorları arasında mənalı danışıqlar üçün
əsasdır. Belə
sazişin şərtlərinə
görə, dövlətlər
maliyyə üçün
zəmanətlər verməklə,
öhdəlik götürürlər.
Biz ümid edirik ki, sazişin imzalanması istiqamətində
işlər nisbətən
tez bir zamanda
tamamlanacaq. Daha bir vəzifə maliyyə paketini tərtib etməkdən ibarətdir. Aydındır
ki, bu, sadəcə
bir iqtisadi layihə deyil. Müasir geosiyasi şərait onun Mərkəzi və Şərqi Avropanın, ümumilikdə Avropa İttifaqının eneryi
təhlükəsizliyi üçün
olduqca əhəmiyyətli
olduğunu göstərir.
Buna görə də,
İttifaq öz maliyyə imkanlarını
bu işə cəlb etməli, onun irəliyə getməsinə nail olmalıdır".
M.Bayerin qənaətincə,
"Nabukko" qazdan əlavə başqa bir imkan da
verir: "Bu bizə qazı idxal etmək üçün başqa imkanlar yaradacaq. Əgər bir mənbədən asılı deyilsənsə,
bu artıq sənə manevr imkanı verir. Bu, bizə sövdələşərkən,
daha güclü mövqedən çıxış
etmək imkanı verir. Qıtlıq və ya təcili
vəziyyətlərdə, məsələn, Rusiya-Ukrayna
arasındakı son mübahisə
zamanı kimi bu, bizim üçün
əlavə təchizat
mənbəyi olacaq. "Nabukko"nun əhəmiyyətli
cəhətlərindən biri
budur. Yəni ola bilər ki, nəql etmək
imkanları baxımından
"Nabukko"nun vacibliyi,
Şərqi Avropa ölkələri üçün
strateji əhəmiyyətindən
az sayılsın".
Macar diplomatı
Azərbaycanı enerji
sahəsində Avropa İttifaqının etibarlı
partnyoru adlandırıb:
"Aydındır ki,
Azərbaycan masa üzərində olan müxtəlif layihələrin
dəyərini başa
düşür. İlham
Əliyev bir daha Budapeştdə ölkəsinin "Nabukko"da
iştirak etmək əzmində olduğunu vurğuladı və biz hazırda Bakıdan bundan artıq bəyanat gözləmirik.
Belə bir fikir var ki,
türkmən qazını
Avropaya nəql etməyə başlamaq üçün Transxəzər
boru kəmərinin salınması heç də lazım deyil. Çünki Şahdəniz qaz yatağının yaxınlığında
Türkmənistanın da
dəniz qaz yataqları yerləşir.
Bu yataqları birləşdirmək
və qazı Aİ-yə ixrac etmək
üçün kiçik
bir kəmərin salınması bəs edər. Ona görə türkmən qazını dərhal nəql etmək üçün Transxəzər
qaz kəmərinin salınması o qədər
də vacib deyil. Rusiyanın mövqeyi, bəlkə də İranın mövqeyi sizin dediyiniz kimidir. Lakin Tehran sammitində Türkmənistan prezidenti
Berdıməhəmmədov Rusiyanın mövqeyinə
şərik çıxmadığını
bəyan etdi. O da hesab edir
ki, iki sahil
dövləti suyun altı ilə kəmər çəkmək
hüququna malikdirlər".
"Tranzit
ölkələr sizdə
narahatlıq yaradırmı?
Türklər bu yaxınlarda Avropa İttifaqı ilə üzvlük danışıqlarına
dair şərt qoymuşdular. Ondan əvvəl qazı daha da ucuz
qiymətlə almaq istəyirdilər. Gürcüstanın
da öz problemləri var. Türkiyə
və Gürcüstan
barədə düşünəndə,
sizi nə narahat edir" sualına cavabında Macarıstan rəsmisi avqust münaqişəsinin
Gürcüstanın tranzit
dövlət kimi sabitliyi barədə suallar ortaya çıxardığını söyləyib. Lakin onun qənaətincə, vəziyyət yaxşılaşıb:
"Mən hesab edirəm ki, bu ölkə ilə kəməri çəkmək mümkündür.
Avqust ayından bəri BTC və Bakı-Tbilisi-Ərzurum kəmərləri
normal fəaliyyət göstərirlər.
Türkiyənin özünün
beynəlxalq hüquqi
öhdəliklərinə əməl
etməyəcəyini isə
mən ağlıma belə gətirə bilmərəm. Ola bilsin ki, Avropa İttifaqı
ilə üzvlük danışıqları Türkiyə
baş nazirinin həmin bəyanatını
təsirləndirmiş olsun.
Mən deyərdim ki, Türkiyə belə hərəkətlərlə
həm də öz maraqlarını ödəməyə, Avropa
İttfaqına yaxın
olmaq istəyir. Bu, bizim də maraqlarımızdadır".
M.Bayer "Nabukko"ya
çox zaman siyasi bir layihə
kimi nəzərdən
keçirilməsi məsələsinə
də toxunub. O bildirib ki, son illərdə bütün
eneryi məsələləri
siyasiləşdirilib. Son böhranların
arxasında isə geosiyasi məsələlərin
durmasına şübhə
yoxdur: "Mən çox istərdim ki, bu, yalnız
kommersiya layihəsi olsun. Lakin maraqlar
çox mürəkkəbdir.
Onlar eneryi məsələləri ilə
sıx bağlıdır.
Bəzi ölkələrdə
yanacaq büdcənin əsas gəlir hissəsidir. Bazarlarda baş verənlər, yanacaq qiymətləri insanların yaşayış
standartlarına təsir
edir. Bizim üçün "Nabukko"
eneryi təhlükəsizliyi
məsələsidir. Macarıstanda
qaz daxili siyasətə birbaşa təsir edən məsələdir. Bu, bir
çox başqa ölkələrdə də
belədir".
Azər Nuriyev
Kaspi.- 2009.- 31 yanvar-2 fevral.- S. 3.