Erməni barmağı 

 

Rəcəb Tayyib Ərdoğanla Şimon Peresin mübahisə etdiyi tədbirin aparıcısı əslən Türkiyə ermənisidir

 

Davos forumunun keçirildiyi İsveçrədə görünməmiş gərginlik yaşanıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan forum gedişində təşkil edilən tədbir zamanı zalı nümayişkənarə şəkildə tərk edib. Buna səbəb onunla İsrail prezidenti Şimon Peres arasında yaşanan insident olub.

Belə ki, baş nazir "Qəzza: Yaxın Şərqdə sülh" adlı paneldə çıxışı zamanı yaşanan qətliama toxunub və Qəzzanı açıq hava həbsxanasına bənzədib: "Buradakı hər hansı sərhəd qapısından Fələstinə bir qutu pomidor belə daxil edilə bilmir. Mən İsrailə səfərə getdim. Oradan Fələstinə keçmək üçün Türkiyənin baş naziri olaraq yarım saat sərhəd qapısında gözlədim. Amma biz Türkiyə olaraq İsraildən gələn diplomatlarla belə davranmırıq. Çoxlu sayda fələstinli öldürüldü. Biz hələ bu əməliyyatlar başlamadan öncə bölgəyə humanitar yardım göndərməyə başlamışdıq. Mən antisemitizmi də, islamafobiyanı da bir insanlıq günahı olaraq görən baş nazirəm. Adamların müsəlman, xristian, yəhudi olması mənim üçün önəmli deyil. Amma göndərdiyimiz humanitar yardımlar 15 gün sərhəddə saxlanıldı. Peres bunları bilmirmi? Dekabrın 23-də İsrailin baş naziri Olmertlə görüşümüz oldu. Bizim vasitəçi missiyamız vardı. Görüşümüz Ankarada idi. O görüşdə Olmertə dedim ki, indi "Həmas"ın əlində əsir olan İsrail əsgərlərini azad etdirə bilərik. Amma ondan bir xahişim oldu ki, Fələstində İslahatlar və Dəyişiklik Partiyası seçkilərdə qələbə qazanıb. Bu nəticəni hörmətlə qarşılamaq zorundayıq. Ona dedim ki, bu seçkilərdə qələbə qazanmış millət vəkilləri, Məclis başqanı sizin əlinizdə əsirdir. Dedim ki, gəlin bir paket hazırlayıb əsirləri dəyişdirək. Mahmud Abbasa göstərdiyiniz yesti indi də göstərin. Olmert cavabında bildirdi ki, bunu eləsə, Abbas böhran keçirər. Bundan sonra isə Qəzzaya bombaların yağdığını gördük. Mülki əhalidən 1200 insan öldü. İsrailin əlində olan silahların biri belə Fələstinin əlində yox idi. BMT-nin qərarını İsrail tanımadı. Bir insanlıq faciəsi yaşandı. Bəs beynəlxalq aləm nə etdi? Susdu və seyr etdi. Eyni şeylər Gürcüstanda yaşananda isə susmadılar. Amma biz Gürcüstanın da yardımına ilk getdik. Bizim üçün din, irq fərqi yoxdu. Bu hesab çox ağır bir hesabdır. Bu olaylardan danışanda həmişə "Həmas" deyildi, amma Qəzza bir "Həmas"dan ibarət deyil. İsrailin bütün qapıları açması vacibdir. Deyirlər ki, həmin qapılardan silah daxil olmasın. Əgər bu tunellərin bir ucu Misirdədirsə, qoy Misir silah daxil edilməsinə imkan verməsin". Ərdoğan sonda deyib ki, dünyada sülh olması üçün Yaxın Şərqdə sülhün olması şərtdir.

Ondan sonra çıxış edən İsrail prezidenti Şimon Peres isə deyib ki, demokratik bir ölkədə terror təşkilatına qarşı mübarizə aparmaq çox çətindir: "Kimsə bunu görmür. Nədənsə İsrailə bomba atılanda kimsə danışmır. Seçkiləri Abbas qazanmışdı. "Həmas" seçkilərə qatılmışdı, amma onların demokratiya ilə bağlı fərqli görüşləri var. Seçkilərə gedirlər, sonra isə öldürməyə başlayırlar. Mən bu nöqtədə danışanlara qatılmıram. "Həmas" bizi narahat edir. "Həmas"ın ortaya qoyduğu anlaşmada yazılıb ki, qiyamət günü müsəlmanlar yəhudiləri öldürənə qədər gerçəkləşməyəcək. Barış çabaları, anlaşmalar işə yaramayacaq. Siz hansı "Həmas"dan danışırsınız? İsrail bu terror hadisələri nəticəsində yüz minlərlə vətəndaşını itirdi. "Həmas" Qəzzaya gələndən bəri 500 min raket atıldı, 400 hava hücumu oldu. Bu hücumu biz başlamadıq. Bizim baş nazirimiz Türkiyədə sizinlə birlikdəykən (Ərdoğana xitab edir) biz hücuma qərar verməmişdik. Hisslərinizi anlayıram. Amma İsrail oradan tamamilə çəkildi, 15 min nəfər çəkildi və bunu biz istədik, heç kimin təsiri olmadan oradan çəkildik. Mən bunu anlamaq istəyirəm, bizə qarşı niyə raket hücumlarına başladılar. Bütün qapılar açıqdı, ora sərmayə qoyurduq, 20 milyon dollar göndərirdik. Təkcə bir nəfərin 5 milyon dollar göndərdiyini bilirəm. İsrail Qəzzaya gündəlik su, qaz nəql edirdi. İrandan raket gətirdilər və tunelləri açdılar. Bizə hər gün yüzdən artıq raket atıldı. Milyonlarla insan bomba altında qaldı. İnsanlar bizdən nə vaxt təhlükəsiz yaşayacaqlarını soruşurdular. Biz Misirlə, İordaniya ilə barışdıq. Fələstinlilərlə danışıqlara başladıq. Cənab Ərdoğan nə zaman gözlədiniz? O dönəmdə dinamitlər vardı. İnsanlar mənə "xain" deyib qışqırırdılar. İsrail 60 illik tarixi olan ölkədir, siz 60 il döyüşən bir ölkə gördünüzmü? Bütün bunlara baxmayaraq, biz gözlədik, Misir üçün, Fələstin Muxtariyyəti üçün gözlədik. Hüsnü Mübarək də, Abbas da vəziyyəti bilirlər. İran Yaxın Şərqdə hegamonluq arzusundadır və "Həmas"a silah verir. Nə etməyimizi gözləyirdiniz? İstanbula raket hücumu olsa, siz nə edərdiniz? Biz bunu istəmirdik, sülh istəyirdik".

Ş.Peresin çıxışına sərt reaksiya verən Ərdoğan "Peres məndən yaşlısan, amma səsin çox yüksək çıxır. Səsini yüksəltmən özü bir günahlılıq psixologiyasıdır" deyib. Ərdoğan daha sonra davam edib: "Öldürməyi siz daha yaxşı bilirsiniz. Ölkənizdə baş nazir olmuş şəxslərin sözləri var. "Tankların üzərində Fələstinə girdiyimizdə özümü xoşbəxt hiss edirəm" deyən baş nazirləriniz vardı. Bu zülmləri alqışlayanlara da ayıb olsun". Ərdoğan daha sonra Tövratdan misal çəkib.

Panel aparıcısının sözünü kəsməsindən sonra "Mənim üçün Davos bitdi" deyən baş nazir paneli yarımçıq tərk edib.

Onu da qeyd edək ki, Davos forumunda baş vermiş qalmaqalın səbəbkarı olan İsrail prezidenti yaranmış vəziyyətə görə üzr istəyib. "CNN Türk"ün məlumatına görə, Peres üzrxahlığını bildirmək üçün onunla mübahisə edərək salonu tərk etmiş Ərdoğanı axtarıb. O, Türkiyə ilə münasibətlərin pozulmasını istəmədiklərini də bildirib. Ş.Peres baş vermiş hadisənin iki ölkə arasında əlaqələrə təsir göstərməyəcəyini deyib.

Lakin az sonra Peresin nümayəndələri onun Türkiyənin baş nazirindən üzr istəməsi ilə bağlı yayılan xəbərləri təkzib ediblər.

Ərdoğanın Davos forumunu tərk etməsinə Türkiyə siyasilərinin münasibəti fərqli olub. Cümhuriyyət Xalq Partiyasını təmsil edən Onur Öymən Ərdoğanın bu davranışıyla Türkiyənin imicini zədələdiyini deyib: "Bir haqlı dava bu qədər pis şəkildə müdafiə oluna bilməz. Ərdoğan "Həmas"ın sözçüsü qismində çıxış edir, onun müdafiəsinə qalxır. Halbuki "Həmas" Avropa Birliyinin terror siyahısında PKK ilə birlikdə yer alıb". Öymən Davos forumu iştirakçıları və mədəni dünya üçün Ərdoğanın bitdiyini söyləyib: "İsrailin hücumları insanlıqdan kənardır. Amma "bunu qınayacağam" deyərkən bir terror təşkilatı sözçüsü kimi davranarsınızsa, dünyada beş qəpiklik etibarınız qalmaz. Diplomatiyada belə üsluba yer yoxdur. Türkiyə bundan sonra vasitəçi rolunu itirdi".

Ana Vətən Partiyasının sədr müavini Salih Uzun Ərdoğanı müdafiə edib, baş nazirə qarşı davranışı isə qəbuledilməz həqarət kimi dəyərləndirib. O, Ərdoğanın insani təpki verdiyini deyib: "Bu davranışdan islam ölkələrinin dərs çıxarması lazımdır".

Türkiyəyə qayıdan baş naziri isə qəhrəman kimi qarşılayıblar. Təxminən 5 min insan hava limanının qarşısına toplaşaraq hökumət başçısını alqışlayıb. Nümayişçilər baş naziri Davosun qalibi adlandırıblar. İndi maraqlıdır ki, adətən səhnə arxasında həlledici vasitəçi olan Türkiyənin İsraillə münasibətləri necə inkişaf edəcək. Bu hadisə həm də onu göstərib ki, hətta Davos forumu kimi incə bir tədbir də Qəzzadakı zorakılıqlara dair dərin ziddiyyətləri gizlədə bilməyib.

Qeyd edək ki, Ərdoğanın Davosda İsrail prezidentinin və onun ölkəsinin ünvanına sərt ifadələr işlətməsi dünya yəhudi təşkilatlarının sərt etirazına səbəb olub. ABŞ-ın əsas yəhudi təşkilatlarından olan Amerika Yəhudi Konqresi Ərdoğanın çıxışını "İsrail və yəhudilərə qarşı yeni təpkilər doğura biləcək nadanlıq" adlandırıb. Yəhudilərin yaydığı açıqlamada Ərdoğanın Peresə sözlə hücum etdiyi vurğulanıb. Konqres rəhbəri David Harris yazılı açıqlamasında "Ərdoğanın qəzəb "tutma"sı yəhudi əleyhdarlığını artırır" deyib: "Ərdoğanın bu haqsız sözləri və İsrail prezidentinə sayğısızlığı İsraili tənqid etmənin tədricən öldürücü hala gəldiyinin bir göstəricisidir. Türkiyə ilə İsrail arasındakı əlaqələr həyati önəm daşıyır və Amerika yəhudiləri bunu hər zaman dəstəkləyir. Amma Türkiyədə yəhudi əleyhdarlığının artdığı bir dönəmdə İsrailə qarşı bu cür səhv davranışlar qarşısında səssiz qala bilmərik". Maraqlıdır ki, məhz bu yəhudi təşkilatı 2004-cü ildə Ərdoğana "Cəsarət"medalı verib. Ərdoğan bu medalı yəhudilərdən alan ilk müsəlmandır.

"Həmas" isə Ərdoğanın sözlərindən məmnundur. Qruplaşmanın sözçüsü Fevzi Berhum "uşaqlarımıza və qadınlarımıza yönəlik sionist hücumun qurbanlarını müdafiə edən Türkiyə baş nazirinin cəsur davranışını sayğıyla salamlayırıq" deyib. O, Ərdoğanın Davos forumunu tərk etməsini "sionistlərin həyata keçirdiyi soyqırımın qurbanlarına dəstəyin ifadəsi" kimi dəyərləndirdiklərini vurğulayıb. Dünən Qəzzada Ərdoğanın müdafiəsi ilə bağlı aksiya da keçirilib.

Dünən "Qəzza: Orta Şərqdə sülh modeli" adlı panelin aparıcısının milliyyətcə erməni olduğu müəyyənləşib. "Habertürk"ün məlumatına görə, toplantının aparıcısı, ABŞ-ın "The Washington Post" qəzetinin yazarı David İqnatius əslən türkiyəli olan Amerika ermənisidir. O, Türkiyənin Elazığ vilayətinin Harput rayonundan ABŞ-a köç etmiş ailənin övladıdır. Saxta "erməni soyqırımı"nı dəstəkləyən D.İqnatius əslən türkiyəli erməni olmasının gündəmə gətirilməsini istəmir. Çünki bu halda obyektivliyinə kölgə düşməsindən və tərəfli olduğuna dair rəy yaranmasından ehtiyatlanır.

 

 

Azər Nuriyev 

 

Kaspi.- 2009.- 31 yanvar-2 fevral.- S. 6.