Çirkli pulların yuyulmasına qarşı tədbirlər müəyyənləşdirən
qanun hazırdır
Layihədəki fikir ayrılıqları aradan
qaldırılıb
Dünən Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri,
o cümlədən İqtisadi siyasət daimi
komissiyalarının birgə iclası keçirilib. İclasda
çirkli pulların yuyulmasını nəzərdə tutan
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında" qanun layihəsi
üçüncü oxunuşda müzakirəyə
çıxarılıb.
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirib ki, bu qanun layihəsindəki bəzi məsələlər bir sıra dövlət proqramlarında və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyada öz əksini tapıb: "Eyni zamanda, ölkəmiz 2003-cü ildə Avropa Şurasının müvafiq konvensiyasına da qoşulub və beləliklə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinə qarşı mübarizə haqqında xüsusi qanunun qəbul edilməsi bizim konvension öhdəliyimizdir". Layihənin ikinci oxunuş zamanı geniş müzakirə edildiyini deyən Ə.Hüseynovun sözlərinə görə, bu sənədlə bağlı həll ediləsi iki mühüm məsələ var. Birincisi, qanun tez bir zamanda üçüncü oxunuşda qəbul olunmalıdır. İkincisi, sənəd Avropa Şurasının müvafiq ekspert komitəsinin tövsiyələrinə uyğun qəbul edilməlidir.
Vitse-spiker Valeh Ələsgərov çıxışında bildirib ki, qanun layihəsində narazlıq doğuran bir sıra müddəa dəyişdirilib. Xüsusilə qanunun narahatlıq yaradan 7.1 maddəsi yeni redaksiyada verilib. Əvvəllər həmin maddədə göstərilirdi ki, "siyahısı müvafiq icra orqanı tərəfindən müəyyən edilmiş ümumi məbləği 20 min manatdan artıq olan pul vəsaitləri və ya digər əmlakla əməliyyat monitorinqi aparılır". Yeni redaksiyada isə həmin maddədə qeyd olunur ki, "siyahı və ümumi məbləğinin minimal həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair məlumatlar monitorinq iştirakçıları tərəfindən maliyyə monitorinq orqanına təqdim olunur". V.Ələsgərov bu dəyişikliyi təqdir edərək bildirib ki, bu yöndə xüsusi qanun həm ölkəmizin maraqlarına, həm də beynəlxalq qurumların, qoşulduğumuz konvensiyaların tələblərinə uyğun olmalıdır. Vitse-spiker əmin olduğunu deyib ki, bu sənəd Azərbaycanda həm bank sisteminin müvafiq qaydada səmərəli şəkildə işləməsinə imkan yaradacaq, həm də kiçik və orta biznes üçün əməliyyatlara mənfi təsir göstərməyəcək. "İkinci oxunuşda qəbul etdiyimiz qanun layihəsi beynəlxalq təşkilatların qarşımızda qoyduğu tələblərə cavab verməsinə baxmayaraq, bəzi incəlikləri əlavə etdik. Qanun tam şəkildə başqa dövlətlər tərəfindən qəbul edilmiş, beynəlxalq qurumlar tərəfindən tövsiyə edilmiş formada olmalıdır. Yəqin xəbəriniz var ki, Avropa Şurası müvafiq qərarı ilə layihəyə öz narazılığını bildirmişdi. Nəzərinizə çatdırım ki, burada qorxulu bir şey yoxdur. Əgər biz üçüncü oxunuşda qanunu qısa müddətdə qəbul etməsək, narahatlıq yarana bilər. Çünki müvafiq dövlətlərin maliyyə qurumlarına məsləhət görülüb ki, Azərbaycanla əlaqədar aparılan bank əməliyyatlarında diqqətli olsunlar. Bu da müəyyən problemlər yarada bilər. Çünki Azərbaycan şirkətləri, iş adamları beynəlxalq maliyyə sistemi vasitəsilə milyon dollarla əməliyyatlar aparırlar" - deyən V.Ələsgərov millət vəkillərini qanun layihəsini dəstəkləməyə çağırıb.
Parlamentin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə çıxışında bildirib ki, bu qanun korrupsiyaya qarşı mübarizənin daha da təkmilləşdirilməsinə və şəffaflığın təmin olunmasına kömək edəcək: "Bu qanunda söhbət yalnız və yalnız cinayət yolu ilə ilə əldə edilmiş pul vəsaitlərinə qarşı mübarizədən gedir".
Milləi vəkili Vahid Əhmədov bildirib ki, qanunun 7-ci maddəsində göstərilmiş 20 min manatlıq hədd yeni variantda çıxarılsa da, bəzi narahatlıqlar qalmaqdadır: "Çünki müvafiq icra hakimiyyəti orqanına səlahiyyət verilir ki, məbləği müəyyən etsin. Sabah elə şərait yaranmasın ki, biz bu qanunu qəbul edəndən sonra müvafiq icra hakimiyyəti götürüb 20 min manatı təsdiq etsin. Ona görə də biz bu məsələyə nəzarət etməliyik. Elə etməliyik ki, bu qanun qəbul ediləndən sonra qlobal maliyyə böhranı şəraitində ölkəmizdən istənilən miqdarda valyutanın çıxarılmasına şərait yaranmasın. Əks halda, bu, ölkədə pul qıtlığına gətirib çıxara bilər".
Müzakirələrin sonunda qanun layihəsi parlamentin yaz sessiyasının plenar iclasının üçüncü oxunuşuna tövsiyə olunub.
İ.Quliyev
Kaspi.- 2009.- 31yanvar-2 fevral.- S. 1.